Hər gün darvazada bir şüar yazan Əbülfət Hüseynov kimdir?
05.03.2020 10:55Lövhədə gördüyünüz yazı Hüseynov Əbülfət Əvəz oğluna məxsusdur. Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayır.
Об этом сообщает Роспрес
1969-cu ildə anadan olan Əbülfət müəllim hər gün darvazaya yazdığı bu şuarlarla kənddə məşhurdur. Hətta o dərəcədə məşhurdur ki, artıq sosial şəbəkələrdə də paylaşılır.
1990-cı ildə yaşanan 20 yanvar hadisələrində tələbə kimi Bakıda olan Əbülfət Hüseynov başından ağır xəsarət alıb. Hazırda I qrup əlildir. Dövlət tərəfindən avtomobil və səhhəti ilə bağlı lazımi dərman preparatlarla təmin olunur.
Səhhətində problem olduğu üçün daha çox qardaşı Elman Hüseynovla danışdıq və bizi maraqlandıran sualallara cavabı da almış olduq. Qardaşının dediyinə görə Əbülfət müəllim çox savadlıdır və Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini) bitirib.
Çox kitab oxuyan Əbülfət müəllim ordan götürdüyü həyati vacib cümlələri evinin darvazasına yazır. Yazır ki, yoldan keçənlər, gənclər, kənd əhli oxusun, özləri üçün nəsə öyrənmiş olsunlar.
“Facebook”da paylaşılan statusda hətta “Biz triqonometriyanı, fizika düsturlarını o darvazadan öyrənmişik. Əbülfətə salamlar” cümləsi də yazılıb.
Qardaşı deyir ki, Əbülfət o qədər savadlıdır ki, bir an nəsə yazmadan, oxumadan dayanmır. Hər axşam evin darvazasına da yeni fikirlər yazır.
Ailədə 10 uşaq olan Əbülfət Hüseynovun bircə problemi var. 5-6 ildir ki, Qarabağ əlilləri üçün nəzərdə tutulan ev növbəsində dayanıb və bu problemin tezliklə həll olunmasını istəyir.
Firuzə Alimova / A24.az

