Axund və imam nə qədər maaş alır?
04.03.2020 11:28Sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idi. İndi isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi məlumatına görə, ölkədə 1800 məscid var. Bunların da 200-ə yaxını son 10 ildə istifadəyə verilib. Bu yerdə isə haqlı və maraqlı sual doğur: bu qədər iri təsisat necə idarə olunur? Bu idarəçiliyin başında kim durur? Ümumiyyətlə, kimlər bu məsələdə hansı mövqedə qərarlaşıb?
Об этом сообщает Роспрес
Məlumat üçün bildirək ki, məscidlərin idarə olunması axund (şiə) və imamlara (sünni) tapşırılır. Bəs məscidlərdə axund və imamların işi nədən ibarətdir? Səlahiyyətləri və vəzifələri nədir?
Yeri gəlmişkən, 2013-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ön sözü ilə “Axund və imamlar üçün xütbə nümunələri” kitabı çap olunub. Həmin kitabda axund və imamların vəzifələrindən tutmuş, vətəndaşlıq və dövlətçilik mövqeyi, məzhəblər arasında vəhdətin əldə olunması kimi məsələlər qeyd olunur.
Məscidlərdən birinin axundu Samid Quliyev bildirib ki, Azərbaycanda əsasən İslam dininin iki məzhəbinin nümayəndələri çoxluq təşkil edir. Məscidlərə axund və imamları Qafqaz Müsəlmanları İdarəsi təyin edir.
Digər tərəfdən, məscidlərin axundları həmin məscidlərə imam da təyin edə bilər.
Samid Quliyevin sözlərinə görə, axund çalışdığı yer üzrə dini ayinlərin icrasına rəhbərlik edir (bura dini bayram və matəm mərasimləri daxildir).
İnsanlarla dini söhbətlər edir.
İmam da camaat namazında öndə namaz qılan, digərlərinin isə ona iqtida edərək namaz qıldığı şəxsdir. İstər cümə günləri, istərsə də digər günlərdə namaz qılmağa rəhbərlik edir və insanlar da ona bağlanaraq caamat namazını icra edirlər.
Qafqaz Müsəlmanları İdarəsi axund və ya imam təyin etdiyi üçün yalnız bu şəxslərə əməkhaqqı ayırır. Məbləğə gəldikdə isə, S.Quliyev bildirir ki, axund və imamların maaşı 200 manatdır.
Bununla belə, axund və imam vəzifəsi ictimai vəzifə sayılır. Bu üzdən də əvvəllər axundlar bu vəzifədə maaşsız çalışırmış.
Axund və ya imam yas və kəbin mərasimlərində də iştirak edir. Bunun müqabilində isə müəyyən məbləğdə zəhməthaqqı alırlar.
P.S. Son günlər Bakıda daha bir möhtəşəm məscidin -“Heydər” məscidinin açılışı fonunda, daha doğrusu, yeni məscidə axund təyinatı ilə bağlı fərqli informasiyalar yayılması fonunda bu məsələ daha aktualdı.Biz də bunu nəzərə alaraq, QMİ sədrinin müavini hacı Fuad Nurullayevlə əlaqə saxladıq. Hacı Fuad Nurullayev isə onun açıqlama verməsi üçün QMİ-nin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşovadan icazə almalı olduğumuzu bildirdi. Rəhimə xanım isə, son bir neçə gündə vaxtaşırı etdiyimiz zənglərə cavab vermədi. Bu üzdən, oxucularımıza daha dolğun məlumat verə bilmədiyimiz üçün üzgünük.