Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yay tətillərini “Haramı”da keçirirdik – Şəhid polkovnikin ailəsi ilə REPORTAJ

05.03.2020 10:58

Azərbaycan Silahlı Qüvvələrinin şanlı zəfər tarixi adlanan aprel döyüşlərindən bir il ötür. Aprel qələbəsini bu yolda canlarından keçən şəhidlərimizə borcluyuq.
Bu səbəbdən A24.Az-ın müxbiri aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan polkovnik-leytenant Raqub Orucovun ailəsi ilə həmsöhbət olub. Xatırladaq ki, Raqub Orucov aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, aprelin 5-də Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub.

Об этом сообщает Футляр от виолончели

“Raqubsuz bu bir il keçmək bilmirdi…”

Şəhid polkovnik-leytenantın xanımı Sevinc Orucova deyir ki, Raqub özü olmasada, sanki kənardan bizi qoyurur:

“Özü yoxdu, amma ailəsini qoruyur (ağlayır). Çalışdıq bu bir il keçsin. Amma Raqubsuz bu bir il keçmək bilmirdi. Biz onun yoxluğunu qəbul etmədik. Elə onun haqqında xatirələri danışa – danışa onun yoxluğunu qəbul edə bilmirik. Ən çətini isə bayram günləridir. Çünki hər bayram evdə olardı. Birinci o təbrik edərdi. Raqubsuz bu günümüzə məcburiyyət qarşısında yaşamaq deyərdim. Onsuz bu bir il heç cür keçmədi”.

Aprel şəhidinin xanımı bildirir ki, Raqub olmadan onun yoxluğunu qəbul etməmək üçün bəzi layihələr təşkil ediblər:

“Görün başımızı nə ilə qatırıq: Onun xatirəsi ilə bağlı kitab nəşr etməklə, onunla bağlı nəsə bir iş görməklə, onu daha çox insana tanıtmaqla, onun həyatını, gördüyü işləri təqdim etməklə təskinlik tapırıq. Raqubla bağlı kitabı nəşr edəndən sonra biraz təskinlik tapdıq ki, onunla bağlı, haqqında nəsə var. Bir yerə gedəndə stola qoymağa, üzə çıxartmaq üçün bu bir il ərzində kitabı nəşr etməklə məşğul olduq. Öz dostlarının sayəsində qısa film çəkilişi oldu. Biz bu işlərin təklifini irəli sürdük, sağ olsun dostları, bu işin reallaşdırılmasını həyata keçirdirlər. Arxamızda durdular ki , bu işləri edək. İnanın bu işlərlə bağlı elə yerlərə dedik ki, inanılmaz idi. Bəlkə də başqası desəydi, alınmazdı. Biz təklifmizi deyən kimi, aldığımız cavablar bunlar oldu: “Baş üstə”, “şərəfdir”, “canla-başla edərik”. Yəni düzgün insanlara müraciət etdik. Demək ki, Raqub bu həyatda dostlarını da düzgün seçibmiş. Həmin dostları da bizim əhatəmizdə qoyub, getdi. Yəni görəcəyimiz işlərlə bağlı yox kəlməsini eşitmədik ki, onunla bağlı işlərimizdə nəsə bizə maneə yaradar”.

“Raqubdan sonra axşamlar bu evdə sükut olur”

Sevinc xanım əlavə edir ki, böyük oğlu Aqşin artıq həyatı dərk edir:

“Axşamlar bu evdə sükut olur. Sanki bu vəziyyəti bir birmizidən gizlədirik. Hərə öz otağında olur. Balacanın öz otağı, mən burda (zalda) oluram, böyük oğlum da mətbəxdə dərs oxuyur. Bir bizimizlə demək olar ünsiyyət qurmağı belə unuduruq. Aqşinin yaşı ilə müqayisə etsəm, 17 il ərzində toplam bir il atasının üzünü görüb”.

“Uşaqlarımın həyatı “Haramı” düzündən, “Murov” dağından başlayıb. Hansı məmur və ya vəzifəlinin uşaqlarının həyatı ordan başlayar?”

Aprel savaşı qəhrəmanının xanımı sonda vurğulayır ki, bu yaxınlarda şəhid balalarını Füzuli rayonunun Cocuq Mərcanlı kəndi aparaq istədilər.

“Dedim yox, mənim uşaqlarımın o ekskursiyaya ehtiyacı yoxdur. Uşaqlarımın həyatı “Haramı” düzündən, “Murov” dağından başlayıb. Hansı məmur və ya vəzifəlinin uşaqlarının həyatı ordan başlayar? Heç kəsin. Ora elə uşaqları aparmaq lazımdır ki, onlar elə yeri tanımasınlar, bilməsinlər. Camaat yay tətilini “Bodrum”da, “Antalay”da keçirəndə, mənim uşaqlarım atalarının yanında olub. Yay tətillərini “Haramı”da, “Murov”da keçirirdik. Bizim uşaqlar elə böyüyüb, onlara vətən sevgisini aşılamağa ehtiyac yoxdu. Bu sevgini başqa təbəqələr aşılamaq lazımdır, şəhid balaların onsuzda qanında bu sevgi hissi var. Təbliğat üçün düzgün istiqamət seçmək lazımdı. Raqub komandir Şirin Mirzəyevi görmüşdü, Raqub Allahverdi Bağırovla birgə vuruşmuşdu, Raqub “Qatır Məmməd”lə döyüşmüşdü. Raqub Ağdamın yetişdirdiyi bir igid idi”.

“Raqubun ölümünü qəbul edə bilmirik” – Zabil Orucov

Şəhid qəhrəmanımız Raqub Orucovun qardaşı Zabil Orucov deyir ki, Raqubsuz keçən bir il çox çətin olub:

“Elə bilirəm hadisə dünən olub. Çünki bizim evdə onun itkisini heç kəs qəbul edə bilmir. Bu günə qədər baş sağlığına gələnlər var. Allah rəhmət eləsin, deyirlər, amma biz hələ bunu qəbul edə bilmirik. Raqub hələ bizim üçün ölməyib, yaşayır. Müəyyən insanlar var ki, onlar elə fikirləşir ki, ölən insanın adını çəkməli deyilsən. Ailəsi adını eşidib, onu xatırlayıb pis olar. Bizdə əsla belə deyil. Raqubun varlığında necə idisə, indi də elədir. Yəni Raqub bizim üçün var (gözləri dolur). Dostlar deyir ki, “Raqubgilə gedirik””

Şəhidin qardaşı bildirir ki, Raqub dünyasını dəyişdikdən sonra, sanki bu evdə ikinci bir Raqub doğuldu:

“Bu Raqubun həyat yoldaşı Sevinc xanım idi. Biz Raqubun təsəllisini Sevinc xanımdan alırıq. Bu gün şəhid olan qəhrəmanlarımızın xanımları müasir dövrümüzün “Nigar”ları, “Həcər”ləridir. Biz o boşluğu, şəraiti yaratmamışıq ki, Raqub yoxdu deyilsin. Raqubla bağlı şüarlar, deyənlər var: “Ölməz komandir”, “Murov qartalı” və s. Raqub sanki “Ölməz komandir” kimi dünyaya gəlmişdi. Biz nə qədər ki, həyatda varıq, yaşayırıq, çalışacağıq ki, Raqubun yoxluğun heç vaxt hiss elətdirməyək”.

“Raqubun kiçik oğlu Nihat atasının ölümü ilə heç cür razılaşa bilmir”

Zabil Orucov əlavə edir ki, bu bir il ərzində Nihatı cəmi 2-3 dəfə hansısa tədbirlərdə atasının qəbri üstünə aparmışıq:

“Ölümünü heç vaxt qəbul etmir. Raqubun nəşini evə gətirəndə bütün Sumqayıt bildi ki, biz onu sonuncu dəfə mənzilinə gətiririk. Onu tanıyanlar çox idi, bildilər ki, Raqub dünyasını dəyişib, hamısı ordan burdan eşidib gəlmişdi. Bu qədər səs-küy, millət olmasına baxmayaraq Nihat o otaqdan çıxıb gəlmədi. Həmin gecə o qulaqlarını əlləri ilə tutmuşdu ki, sanki yatıb. Səhəri gün onu bir təhər otaqdan çıxarıb, Azərbaycan bayrağına sarılmış atasının nəşini göstərdim. Dedim uşaqdı, böyüyəndə heç vaxt bu günü unutmasın. Nihata dedim ki, burada yatan sənin atandı, o torpağımız uğrunda döyüşərək şəhid olub. O mənə israrla dedi ki, (o sözlər heç vaxt yadımdan çıxmaz) atam burda uzanıb, yata bilməz. Çünki hələ müharibə gedir, Ağdam hələ işğal altındadı (ağlayır)”.

Şəhidin qardaşı Raqub üçün Məkkədən sonra ikinci yer Ağdam idi:

“Müsəlmanlar üçün dünyada ən müqəddəs yer Məkkədir. Raqub üçün Məkkədən sonra ikinci yer Ağdam idi. Ağdamı o qədər sevir, o qədər torpağa bağlı idi ki, hətta bizdə də vətənpərvərlik hissini ən yüksək səviyyəyə çatdırmışdı. Bugünkü gün bir qardaş olaraq Raqubun itkisini qəbul etmirəm. Mən Rabuqu tək qardaş kimi yox,  həm ata, həm dost, həm də gözəl bir hərbiçi kimi qəbul edirdim. Bütün mətbuat və Azərbaycan xalqı bilir ki, Raqub kəşfiyyatın onurğa sütunu idi. 88-ci ildən müharibə gedir. 26 il xidmət edib, sonda şəhid olan yeganə adam. İndiyə qədər Azərbaycan düşmən arxasına keçib, 3 gün orda qalıb, video kamera ilə ilk dəfə belə çətin şəraitdə çəkiliş edib, düşmənin straeji mövqelərin, onların texnikalarının yerləşdiyi, hətta onların hərbi hissəsində əsgərlərin and içməsini çəkən 25 yaşlı baş leytenant rütbəli Raqub Orucov olub. Yəni ona görə biz onu heç vaxt unutmarıq. Raqubun unudulmayan əməliyyatlarından biri 1995-ci ildə olub. Əsgərlərimiz azaraq Kəlbəcər rayonunda Murov silsiləsindən düşmən tərəfə keçmişdilər.  Aydın məsələ idi ki, o əsgərləri dəyişmək üçün canlı qüvvə lazım idi. Bugünkü günümüzdə müasir texniklarımız, silahlarımız var. Düşməni bu texnikalarla məhv etmək mümkündür. Ancaq həmin ildə, düşməni sağ gətirmək və ya bizim əsgərlərlə dəyişdirmək çox çətin məsələ idi. Raqub həmin əməliyyatda 11 gün düşmən içərisində qalaraq, ümumi 120 km yol qət edərək, erməni əsgərləri ilə bizim əsgərlərimizi eləcə də, həmin vaxt orda döyüşüb şəhid olmuş qardaşlarımızın cəsədlərini gətirmişdi.  Yəni bunların hamısı olmuş əməliyyatlardır. Elə insanlar var onlar haqqında deyilənləri şişirdirlər, ancaq sadalalan əməliyyatlarda Raqubun özü şəxsən iştirak etmişdi. Bunların hamısı real faktdır. Bu kimi neçə-neçə əməliyyatlar da olub. Ancaq o gördüyü işi heç vaxt danışmağı xoşlamazdı”.

 “Ancaq Əsgər toylarına gedərdi”

Z.Orucov xüsusi vurğulayır ki, qardaşı ancaq əsgər toylarına gedərmiş:

“Hərbiçilərdə  səhra şəraiti üçün və parad üçün formalar olur. Müəyyən dövlət tədbirlərində bu formanı geyməlidirlər. Raqub ömür boyu o formanı geyinəndə utanırdı. Ona görə ki, onu özünə yaraşdırmırdı. Həmişə deyirdi ki, mənim səhra formamı verin. O səhra post komandiri idi. Ağdam camaatı ona böyük hörmət qoyurdu. Toya ən axırda (posta olduğuna görə, gec gəlirdi) gəlsə belə, millət ona görə yenidən yığılırdı. Yadımdadı, bir dəfə onunla Ağdamda toyda bir yerdə idik. Yenə gec gəlmişdi. Üstü başı toz içində idi. Sakitcə qulağına yaxınlaşıb dedim, “komandir, üst başın niyə belə toz içindədir, sənə yaraşdırmıram, sən hərbi hissə komandirisən. Sənin tabeliyində o qədər əsgər var”. Özü də heç vaxt ona Raqub və ya qardaş deməzdim,  aramızda sərhəd var idi. Elə Ağdam camaatının özü də ona komandir deyə müraciət edirdi. Bu sualımdan sonra o təbəssüm etdi. Heç vaxt qəh-qəhə çəkib, möhkəm gülməklə arası yox idi. Güləndə gözləri biraz qıyırlırdı. Dedi ki, “Zabil, mən post komandiriyəm, bu dəqiqə səngərdən gəlmişəm. Səngər qazmaqdan gəlirəm. Botinkalarım toz ola bilər, qoy buna görə mənə gülsünlər”. Özü də toyda çox oturmazdı. Getdiyi toylarda ancaq əsgər toyları idi. Deyirdi onlar atalarından çox məni gözləyirlər”.

Raqubun bir arzusu yarımçıq qaldı.

Şəhid qardaşının sözlərinə görə , Raqubun ən böyük arzusu Ağdamın işğaldan azad olunması idi:

“Deyirdi, Ağdamı işğaldan özüm azad edəcəm. Özüm də qabaqda gedəcəm. Ağdamı işğaldan azad edib, ordakı məscidi ziyarət edib,  bayrağımızı rayona özüm asacam. Təəssüflər olsun ki, o günü Raqub görmədi. Qismət olmadı. Biz inanırıq ki, savaşıb torpaqları geri qaytaracayıq. Sülh yolu ilə yox, çünki bizim şəhid qardaşlarımız orda canı, qanı bahasına döyüşüblər. Orda döyüşüb torpaqları geri azad edəcəyik. Raqub əsgərlərinin öz balaları kimi çox istiyirdi. Onlara görə ən ucqar əl çatmaz postlara belə su çəkdirirdi ki, onlar səhər tezdən əl üzlərini yuya bilsinlər”.

Hazırladı: Orxan Aslanlı