İçmək üçün aldığımız suların təhlükələri – Ölüm saçan plastik qablar – Araşdırma
05.03.2020 10:59İçməli suyun xlorlu və bulanıq olması orqanizm üçün çox böyük təhlükə törədir. Ona görə də çay və yemək bişirmək üçün təmiz, saflaşdırılmış sulardan istifadə edilir. Həmin suların əhaliyə çatdırılması ilə müəyyən su şirkətləri məşğul olur. Bəs plastik qablarda insanlara çatdırılan suların zərərləri haqqında xəbəriniz varmı?
Об этом сообщает Футляр от виолончели
Şirkətlər dəfələrlə bu qablardan istifadə edirlər. Mütəxəssislərin araşdımalarına görə, ümumiyyətlə plastik qablar ölüm saçır, sağlamlıq üçün birbaşa təhlükə törədir. Bunu su qablarına da aid etmək olar. Biz irihəcmli plastik su qablarından danışacağıq. Sağlamlığımızı fikirləşərək saf su almaq üçün bu şirkətlərə müraciət edirik. Sən demə yağışdan çıxıb yağmura düşürük.
Qeyd edək ki, su qablarının istifadə müddəti 65 dəfədən artıq deyil, yəni 65 dəfə istifadə edildikdən sonra bu qabların istismar müddəti sona çatır və tərkibində olan kimyəvi maddələri suya keçirməyə başlayır. Üstəlik plastik su qablarında su 15 saatdan artıq saxlanılmamalıdır. Dərhal şüşə və ya emal qablara boşaldılmalıdır. Qablar günəş şüası düşməyən sərin yerlərdə saxlanılmalıdır. Nəzərə alsaq ki, mağazalarda 5-20 litrlik tutumu olan plastik qablar günlərlə günəş altında saxlanılır. Bu halda sağlamlığımız üçün təhlükə saçan bu suların nə qədər münasib olduğunu düşünməyə dəyər.
Dünya ölkələri plastikadan istifadəyə artıq qadağa qoymağa başlayıb. 2017-ci ilin başlanğıcında Fransa plastik məhsulların tamamilə qadağan edilməsi haqqında qanun qəbul edib və cəmi 1 il vaxt qoyub ki, bu məhsullar piştaxtalardan yığışdırılsın.
Qablaşdırılması ucuz və asan olduğu üçün sağlamlığı qurban vermək istəməyən ölkələr artıq müəyyən addımlar atmağa başlayıblar. Azərbaycanda isə plastik qablardan dəfələrlə istifadə edilir.
A24.Az saytı olaraq plastik su qablarında çatdırılma xidməti göstərən şirkətlərlə əlaqə saxladıq və su qablarından neçə dəfə istifadə edildiyini öyrəndik.
Əlaqə saxladığımız şirkətlərdən fərqli cavablar aldıq.
İpək Su şirkətindən bildirdilər ki, 19 litrlik su qablarının tərkibində polikarbonat olduğu üçün onların istifadə müddəti 1 ildir.
Şirin su şirkətindən isə suların saxlanma müddətinin 21 gün, qabların isə uzunmüddətli istifadə üçün yararlı olduğunu açıqladılar.
Buzlaq Su-dan isə qeyd etdilər ki, qablar deşilməyənə qədər istifadə edilir. İstifadədən sonra qablar dezinfeksiya edilir və təkrar su ilə doldurulur.
Saf su-dan da eyni cavabı aldıq. Şirkətdən bildirdilər ki, qablar çatlayana, deşilənə və zədələnənə qədər istifadə edilir.
Bu siyahını uzatmaq olar. Məqsədimiz şirkətlərin uzun-uzadı adlarını yazmaq deyil. Burada əsas məsələ su satan şirkətlərin sağlamlıq haqqında yetərli bilgilərə sahib olmamasındadır.
Şirkətlərin hamısı qeyd edir ki, bütün tibbi və hüquqi sənədləri var və qanuni fəaliyyət göstərirlər. Qabların istifadə müddətinə isə heç kəs nəzarət etmir.
Ekoloq Telman Zeynalov A24.Az-a açıqlamasında bildirdi ki, plastik qablar ikinci dəfə istifadə edilməməlidir. “Bunlar birdəfəlik istifadə üçündür. Onların mütəmadi və ya birdəfəlik istifadə üçün yararlı olmasına diqqət edilməlidir. Plastik qablardan mütəmadi istifadə etmək qəti qadağandır. Mikrobiologiya institutu qabların istifadəyə yararlı olub-olmadığını yoxlayır. Dünya standartları deyiriksə, onda təhlükəli məhsulların idxalına qadağa qoyulmalıdır. Ucuz olduğuna görə insanlar dəfələrlə ondan istifadə edir. Birdəfəlik ölkəyə gətirilməsi qadağan edilsə, gətirilməz”.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, plastik qablarda qablaşdırılmış istənilən qidalar təhlükəlidir, o cümlədən də su qabları. “Onların uzun müddətli dəyişilməz qalması istehlakçıların sağlamlığı üçün böyük təhlükə yaradır. Bu sahədə standartlarda da müəyyən problemlər var. Dövlət qurumlarının yoxlama funksiyasının tamamilə alınması və sahibkarların bu vəziyyətlərdən sui istifadə etməsi kütləvi zəhərlənmələrə gətirib çıxardır. Su qabları ilə bağlı dövlət qurumları, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz iradını bildirməlidir. Hər bir qab standarta uyğun olmalıdır. Biz o qabların tərkibi barədə xəbərsizik, məlumat verilmir”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxladıq. O, bizə həmin su qablarının tərkibi haqqında məlumat veriləcəyini bildirsə də sonradan zənglərimiz cavabsız qaldı.
Eyyub Hüseynovun bildirdiyinə görə, Azərbaycanda istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunda boşluqlar var. “Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında sərəncam imzalandı. 2018-ci ildən fəaliyyətə başlayacaq. Düşünürəm ki, bütün problemlər bundan sonra həllini tapacaq”.
Müvafiq standartlara uyğun olmayan plastik qablardakı sudan istifadə ishal, diabet, ürək, xərçəng xəstəlikləri kimi bir çox problemlərə yol açır. Ona görə də plastik qablarda su alarkən mütləq qabın üzərindəki işarələrə diqqət edin. Çünki hər bir plastik qabın üzərində onun tərkibi və istifadə sahələrinə aid göstərişlər var. Həm də su aldığınız qabın gigiyenasına fikir verən şirkətlərdən məhsul alın. Qablardakı su sizə çatdırıldıqdan dərhal sonra şüşə və ya emal qablara boşaldın.
Plastik qablar ümumilikdə zərərlidir. Çünki onların saxlanma şəraitinə heç də hər yerdə əməl edilmir. Elə plastik qablar var ki, 14 dərəcə istilikdə kimyəvi maddələri qidaya keçirir. Nəzərə alsaq ki, Azərbaycanda yay aylarında istilik 30 dərəcədən yüksək olur, məsələnin ciddiyyəti ortaya çıxır. Nə qədər də qeyd edilsə ki, tərkibində insan sağlamlığına zərərli olmayan maddələr var, bu tam şəkildə doğru deyil. Sadəcə olaraq zərərli və az zərərli olanları var.
Plastik qabların üzərində olan işarələrin mənalarını təqdim edirik:
- PET və ya PETE
Birdəfəlik istifadə üçün nəzərdə tutulan butulkalardır və içərisində insanın hormonal balansını pozan ağır materiallar və maddələr var. Bunlar da asanlıqla suya keçə bilir.
- HDP və ya HDPE
Bu çox yaxşı plastikdir və demək olar ki, heç bir zərərli maddə yaymır. Mütəxəssislər əgər mümkündürsə, suyu məhz belə butulkalarda almağı məsləhət görürlər. Çünki həm təhlükəsizdir, həm ekologiya üçün faydalıdır, belə ki, demək olar bütün plastik emal olunur.
- PVC və ya V
Bu materialdan olan əşyalardan ən az iki təhlükəli kimyəvi maddə ayrılır və hər iki maddə orqanizmin hormonal balansına mənfi təsir göstərir.
- LDPE
Bu plastik həm butulkaların, həm də plastik paketlərin hazırlanmasında istifadə olunur. Bu materialdan tərkibindəki kimyəvi maddələr ayrılmır. Ancaq o, yalnız su konteynerləri üçün təhlükəsizdir. Ərzaq mağazasında ondan hazırlanan paketləri almaq məsləhət görülmür. Belə ki, bu paketlərdə alınan məhsullarla yanaşı həm də bu materialdan ayrılan, ürək üçün olduqca təhlükəli kimyəvi maddələri qəbul etmiş olursuz.
- PP
Bu plastik ağ və ya yarımşəffaf rəngdə olur. Siropların və yoqurtların qablaşdırılması üçün istifadə olunur.
Polipropilen termik stabilliyinə görə qiymətləndirilir. İsidilən zaman ərimir. Demək olar ki, təhlükəsizdir.
- PS
Adətən kofe stəkanları və fast-food məhsullarının konteynerlərinin hazırlanması üçün istifadə olunur. İsidildikdə ondan təhlükəli kimyəvi birləşmələr ayrılır.
- PC və ya xüsusi işarələri olmayan plastiklər
Bu, plastikin ən təhlükəli növüdür. Su butulkalarının və qida konteynerlərinin istehsalı üçün istifadə olunur. Polikarbonatdan olan qab və ya konteynerlərdə qida və suyun saxlanılması qətiyyən olmaz. Bu materialdan Bisfenol A – orqanizmin endokrin sistemini məhv edən maddə ayrılır və həmçinin estrogen adlanan hormonun ifrazına mane olur.
Sonda bir şeyi qeyd edim ki, hər bir məhsulu alanda sağlamlığınızı fikirləşin. Çünki məhsulu satanlar sadəcə pul qazanmağı fikirləşir.
Vüsalə Əlövsətqızı

