“İlan mələyən” Kürdəmirin turizmindən milyonlar qazana bilərik
05.03.2020 11:00Azərbaycanda turizm deyəndə sözsüz ki, dağı, daşı, çayı, sərin havası, tarixi məkanları olan türklərin təbirincə desək, dörd dördlük zonalar ağlımıza gəlir.Düşünürük ki, bütün bunlar olmadan həmin ərazilərə əsla turist axın edə bilməz. Amma əsl hünər hazıra nazir olmaq deyil, yoxdan nəsə qura bilməkdir.
Об этом сообщает Роспрес
Çox uzatmadan keçək mətləbə… Məsələ burasındadır ki, indi Quba, Qəbələ, İsmayıllı, Xaçmaz kimi zonaları turizm marşrutlarına daxil edib, təbliğatı üçün tonlarla pul xərcləyirik amma aran zonalarını unutmuşuq.
Düşünürük ki, bu ərazilər ilan mələyən, istisi dözülməz, heç bir turizm potensialı olmayan, lazımsız ərazilərdir və bura turist gəlməz. Araşdırmamışıq ki, bu bölgələrdən turizm məkanı kimi istifadə edə bilərik, ya yox.
Amma ərəblər səhralarını turizm cənnətinə çevirən kimi biz də aran rayonlarımızdan sözün yaxşı mənasında istifadə edə bilərik.
Bəs görəsən adıçəkilən bölgələrimiz hansı turizm növlərinə daha uyğun gəlir?
Turizm üzrə eskpert Ramin Zamanovun sözlərinə görə, aran zonası ovçuluq turizmi üçün çox əlverişlidir və böyük ehtimalla yaxın gələcəkdə bura çox sayda turist qəbul edə biləcək.
Ekspertin fikrincə, bunun üçün qərb marşrutu inkişaf etməli və sahibkarlar bu zonalara bir qədər pul xərcləməlidirlər. Amma tək problem yatırım deyil.
“Bilirsiniz, turistlər hər hansı ölkəyə səfər edəndə mütləq həmin ölkə və onun təhlükəsizliyi barədə informasiya toplayır. Bu gün Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır. Diqqətlə fikir versəniz, Azərbaycanın qərb üzrə turizm marşrutu az inkişaf edib və bu ərazilərə iş adamları az yatırım qoyublar. Buna səbəb informasiyalardır. Dünyanın yüzlərlə informasiya saytlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yazılır. Ermənistanın qərb tərəfdən Azərbaycana qonşu olduğu dilə gətirilir. Bu səbəbdən turistlər Azərbaycanın qərb hissəsinə intensiv səfər etməkdən çəkinirlər. Aran zonaları da qərb istiqaməti üzrə turizm marşrutunun üzərində olduğundan inkişaf edə bilməyib”.
Ramin Zamanov onu da əlavə edib ki, Azərbaycanın tarixi torpaqları geri qayıtdıqdan sonra bu bölgələr düşündüyümüzdən də artıq inkişaf edəcək.
Mövzuya qayıdacağıq…
Nərmin Kərim, A24.Az

