Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

O, Tolstoyla məktublaşır, Qandini alqışlayırdı – “NOBELÇİLƏR” SİLSİLƏSİ

05.03.2020 11:38

A24.Az “Nobelçilər” silsiləsindən ədəbiyyat üzrə 1914-cü il Nobel laureatını təqdim edir. Tərcüməçi, yazıçı Əyyub Qiyasın tərcüməsində: “Ədəbiyyat üzrə Nobelçi: Romen ROLLAN”
Ədəbiyyat üzrə öncəki Nobelçilər haqqında yazılarla ilə bu linkdə tanış ola bilərsiniz.

Об этом сообщает Футляр от виолончели

Fransız yazıçısı, ictimai xadimi və musiqişünası Romen Rollan 29 yanvar 1866-cı ildə Burqundiyanın (Fransa) Klamsi şəhərində, notarius ailəsində anadan olub. 1881-ci ildə Rollan ailəsi Parijə köçüb və gələcək yazıçı orada təhsil alıb. Birinci Dünya müharibəsi illərində atkiv şəkildə müharibə əleyhinə fəaliyyət göstərən siyasi təşkilatlarla əməkdaşlıq edib. Romen Rollan dövrünün rus yazarları ilə sıx əlaqədə olub, tez-tez L.Tolstoyla məktublaşıb. Fevral inqilabını və 1917-ci il Oktyabr inqilabnı alqışlayıb. Mahatma Qandinin zorakılığa qarşı fikirləri ona xoş təsir bağışlayıb.
Çoxsaylı əsərləri ilə dünya oxucusunun diqqətini çəkən R.Rollan müxtəlif illərdə “Orsino”, “Empedokl”, “Baloni”, “Kaliqula”, “Mantuinin mühasirəsi” və s. pyeslərin, “Jan Xristofer” və “Məftunedici ürək” roman-epopeyalarının, “Kola Bryünon”, “Lilyuli”, “Pyer və Lyüs”, “Klerambo”, “Mahatma Qandi”, “Ramaqrişnanın həyatı”, “Vivekanandın həyatı”, “Bethoven”, “Bethoven və Höte”, “Peqi” və s. kimi romanların və ədəbi xatirələrin və çoxsaylı kitabların müəllifidir.
1914-cü ildə ədəbiyyat üzrə on beşinci Nobel mükafatına layiq görülən Romen Rollana bu mükafat “bədii əsərlərindəki yüksək idealizmə, həqiqətə sayğı və sevgi ilə yanaşaraq müxtəlif insan obrazlarına bədii həyat bəxş etdiyi üçün” verilib. Romen Rollan 1944-cü ildə Vezledə (Fransa) vəfat edib.
Oxuculara müəllifin 1929-cu ildə qələmə aldığı “Ramaqrişnanın həyatı” kitabından bir hissəni kiçik ixtisarla təqdim edirik.

Romen ROLLAN
1866-1944

II. KALİ-ANA
Kali məbədinin gənc kahininin iyirmi yaşı vardı. Artıq, necə qəddar bir xanıma xidmət edəcəyindən xəbərdar idi. O, sakit dişi pələng kimi mırıltı ilə qurbanına baxmış, on ilə qədər bir müddətdə demək olar ki, onunla oynamaqdan yorulmamışdı. On il ərzində ovsunlanaraq yaşamaq, iki atəş saçan baxışın təsiri altında olmaq dəhşətdir! O, məbəddə onunla baş-başa, başgicəlləndirən burulğanın tən ortasında yaşayırdı, qəzəbli nəfəsini məbəd eyvanlarından atəş saçan musson küləklərinin qaldırdığı toz dumanı kimi onun üzünə çırpırdı. Sayı bilinməyən zəvvarlar, rahiblər, sadhalar, dərvişlər, hinduslar və müsəlmanlar – Tanrının bütün aşiqləri axışıb bura gəlirdi.
Məbədin beş şiş uclu günbəzi vardı. Qanq üzərindəki açıqlıqdan ora aydın görünürdü, bu açıqlıq tanrı Şivanın məbədinin on iki kiçik, bir böyük günbəzinə doğru uzanırdı. Nəhəng, dördbucaq şəkilli həyətdən üzü Kaliyə doğru digər böyük məbəd – Qrişna və Radha məbədləri yerləşirdi. Yer ilə səmanı ayıran arkadan daxil olan kimi rəmzlərdən ibarət böyük bir aləmə: ana – təbiətin üçlük vəhdətinə (Kali), Şivanın mütləqliyinə (Şiva) və eşq dünyasına (Radhaqanta: Qrişna ilə Radha) – düşmək olurdu. Amma bur yerlərin sahibəsi Kali idi. O bazaltdan oyulmuşdu, aləmlərin və tanrıların məlikəsinin əynində qalın parçasından paltar vardı. Ayaqlarını Şivanın yerə yıxılımış cəsədi üstə qoymuşdu. Çoxsaylı əllərində – sol tərəfdə qılınc və kəsilmiş baş, sağ əlləri ilə isə şəfqət gösərir, “Qorxma, gəl!” – deyirdi. O, təbiətin özü – onu dağıdan və quran idi.
Amma iyirmi yaşlı gənc kahin dolayı yolla olsa belə ağlın nüvəsində əriyib itən reallaqlara nüfuz etməyi düşünmürdü. Onun ağlına batan yeganə reallıq – bəşəri, ya da ilahi reallıq olsun – görmək, eşitmək və duymaq qüdrəti idi. Bu xüsusiyyətlərinə görə o, əksər həmtayfalarından – dini anlayışlarındakı qeyri-adi konkretliklə Avropanın əksər möminlərinə zərbə vuran (katoliklərdən də çox protestantlara) Hindistan möminlərindən bir o qədər də seçilmirdi. Ramaqrişna özündən kifayət qədər gənc Vivekananddan soruşdu: “Siz tanrını görürsünüzmü?” Cavab verdi: “Mən onu səni gördüyüm kimi yox, səni gördüyümdən də aydın görürəm”. Bir qədər dəqiqləşdirmək üçün əlavə etdi: “Vedantik mənada demirəm…” (Yəni simasız və mücərrəd yox, canlı və ona doğru gedən biri kimi.) Və bu qətiyyən müxtəlif imanlı adamların üstünlüyü deyil. Nə qədər ki, yaradıcılıq gücü bu qədər zəngin və təzədir tanrıya qəlbən inanan hər bir hindus buna asanlıqla nail olur. Rəfiqələrimizdən biri məbəddə gənc, son dərəcə gözəl, ağıllı və savadlı Nepallı şahzadə qızı müşayət edirdi. Gənc qadın ətir qoxulu, bircə lampa ilə işıqlanan alaqarnlıq məbəddə uzun-uzadı dua etdi, məbəddən çıxarkən isə: “Mən Ramunu gördüm” – dedi.
“Tutqun göy simalı ananı” – Ramaqrişnanı necə görməmək olardı? Onun qadın simasında təbiət obarızının gücü təcəssüm olunur; insanlara təsir edən ilahi güc, onun, Kalinin gücü… Məbədi ətrilə doyurmuşdu, ətirli sarmağıqlar onun qollarına, saçlarına dolaşmışdı. O, qətiyyən təbəssümü üzündə donan, yeknəsək dualarla bitən mücərrəd bir fiqur deyildi. O, yaşayırdı, nəfəs alırdı, yataqdan qalxır, gəzir, yenidən yatağa uzanırdı. Məbədin bütün xidmətkarları özlərini onun gündəlik həyat tərzinin ritminə kökləmişdilər. Hər sabah kiçik zınqırovlar səs salır, işıqlar bərq vururdu. Ney musiqi zalında ilahi melodiya ilə həzin-həzin inləyir, Ana təbil və zing səsi altında oyanırdı. Bağçada çələng hörmək üçün ətirli yasəmənlər, qızılgüllər yığırdılar. Saat doqquz olanda musiqi sədaları ibadət vaxtını bildirirdi və Ana ibadətə gəlirdi, günorta, saatın isti çağıarında isə Ana yenə ilahi musiqi səadları altında gümüş taxtında istirahət etməyə çəkilirdi. Axşam, saat altıda musiqi onu qarşılamaq üçün yenidən səslənir və Ana yenidən peyda olurdu. Musiqi sədası bir daha ətrafa yayılırdı, təbillər guruldayır, zınqrovlar durmadan çingildəyir, məşəllərin işığı ilə gecə mərasimi başlayırdı. Və nəhayət, axşam saat doqquzda musiqi sədaları Ananı yatmaq üçün yola salırdı. Ana yatırdı.
Kahin onun həyatının bütün intim məqamlarıda iştirak etmişdi. Kahin onu soyundurub geyindirir, yedirib içirdir, ona çiçəklər bağışlayırdı. O, məlikəsnin mürgüsünə, yuxuya getməsinə şahidlik edirdi. Necə ola bilərdi ki, onun əlləri, gözləri, onun qəlbi bu ilahi varlıqdan qidalanmasın? Hələ ilk toxunuşunda – ona xidmət edəcəyinə qərar vermədiyi vaxtlarda, barmaqları ilə rəssam əlindən cana gələn paltarının qırışlarını düzəldəndə – ruhu ona bağlanmışdı, titrək barmaqları ona sarılmışdı. Barmaqlarında ilahə Kaliyə toxunuşun tikan sancmasına bənzər ağrısı qalmışdı. Bu lal ilahəyə olan məhəbbəti onu yavaş-yavaş eşq atəşində yandırıb-yaxırdı. İlahəsinə qovuşmaq, onu qucaqlamaq, varlığında kiçik bir həyat əlmaəti hiss etmək onun üçün həyat amalına çevrlimişdi. O, bağçanın cəngəlliyi xatırladan gözdən-könüldən uzaq bir guşəsində naz-nemət içində yaşamırdı, bir brahmana soyunulması qadağan olan paltarını soyunanda, müqəddəs ipi açanda qəlbini göz yaşarına və xəyallara təslim edirdi. Lakin Anaya olan məhəbbət onu ilk növbədə hər cür mövhumatdan xilas etmişdi. Sanki, çaşıb ortalıqda qalan bir uşaq idi və göz yaşları içində Ana ilə qovuşmağı arzulayırdı. Bihudə ötən hər gün ağlını başından alırdı. Öz üzərində nəzarəti tamamilə itirmişdi. Ümidsizlik içində məbədə glənlərin qarşısında yıxılıb qalırdı; o, qəzəb, istehza və mərhəmət hədəfi olmuşdu. Amma bunun nə mənası var idi ki? Vacib olan bir şey idi: o ən uca ilahi səadət mərtəbəsinə qalxmş, amma qarşısını bir divar kəsirdi, yolunu kəsən bir divar. İdarə edə bilmədiyi hisslərini, dini ekstaz elminin sirrlərini bilmədən – Hindistanın dini inanclarında bu elm min illər boyunca işlənmiş, sınqdan keçirilmişdi və vasvasılıqla, iki elmdən – tibb və ilahiyyat elmindən şaxələnmişdi – ağına-bozuna baxmadan çox irəli getmiş, ağılsız tələbləri ilə gözlərini kor etmişdi.
Ayıldı. Divar uçdu… Danışmaq üçün ona söz veririrəm. Onun səsi bizim Avropanın “tanrı aşiqləri”nin, böyük ilahiyyatçıların intonasiyasını xatırladır:
“Bir dəfə özümü dözülməz kədərin ağuşunda hiss etdim. Sanki kimsə yaş dəsmal sıxırmış kimi qəlbimi sıxırdı… İşgəcələr mənə əzab verirdi. Tanrı lütfünə layiq olmadığmı düşünəndə içimi dəhşətli qəzəb bürüyürdü. Fikirləşirdim: “Əgər hər şey belə olmalıdırsa, onda bu həyat mənlik deyil”. Kali ziyarətgahında iri bir qılınc asılmışdı. Gözlərim ona sataşdı və ağlımdan keçən fikirlər məni ildırım kimi vurdu: “Budur. O qılınc hər şeyə son qoymağıma yardım edəcək”. Əl atıb dəli kimi qılıncı sıyırdım… Qəfildən… Qapılı, pəncərəli otaq, məbəd – qeyb oldu. Qarşımda nəhayətsiz, sahilsiz, göz qamaşdıran ruh dənizi açılmışdı. Hara baxırdımsa, hansı səmtə üz tuturdumsa bu dənizin bərq vuran dalğalarını görürdüm. Dalğalar qəzəblə, azğın harayla üstümə şığıyır, məni udmaq istəyirdi. Bir an irəli atıldılar, üstümə atılıb yaxaladılar. Onların qoynunda boğulurdum. Huşumu itirib yıxılıdım… O günün, ondan sonrakı günün necə ötüb keçdiyi barədə təsəvvürüm yoxdur. İçimə ağlagəlməz bir sevinc dənizi dolmuşdu. Və ruhumun ən dərin qatlarında belə müqəddəs Ananın varlığını duyurdum.”
Hiss etdinizmi, bu qəribə hekayətin sonunu çıxmaq şərti ilə “müəqddəs Ana”dan söhbət getmir, o nur dənizinə qərq olub. Onun sözlərini ehtiramla dinləyən şagirdlər özlərinə sual veririlər: “Görəsən doğrudanmı ilahi simanı görə bilib?” O, bu barədə danışmır, amma ekstazdan ayıldıqdan sonra pıçıltı ilə ancaq: “Ana… Ana…” – deyirdi.
Mənə qalsa (yəqin bu arxayınlığıma görə günahımdan keçərlər) əminəm ki, onu görməyib, amma nə isə onun varlığını ona hiss etdirə bilib. O, dənizi onun adı ilə adlandırdı. Bu vəziyyət bizə tanışdır (amma bir qədər yumşaq şəkildə), yuxuda, idrakımız mütləq gerçəkliklə ruhumzda iz buraxan, ya da sevgimizdə yer alan bu və ya digər bir obraza nüfuz etdikdə, bütün zahiri formalar onun təsvirinə xidmət edir… Və Ramaqrişnanın ətrafında cövlan edən həmin dənizin sahilində, gözlərim önündə bizim Avilalı Tereza – əvvəldə özünü sonsuzlğa qərq olmuş kimi hiss edən, xristian vicdan əzabında inləyən, dini rəhbərlərin tələbkar nəsihətlərindən çaşıb qalan, ona göz qoyan, istəyinə qarşı çıxmağa sövq etmədən ruhunda canlandırdığı tanrının insan-tanrı obrazına çevrilməyini gözləyən Tereza canlanır.
Amma aşiq Ramaqrişna qəlbinin hökmünə qarşı çıxmağa ehtiyac duymadı. Əksinə, hissləri onun cansız aşiqini şəkilləndirirdi. O, elə bunu arzulayırdı. Və onu gördükdən, bir anlıq ona sahib olduqdan sonra, daha onsuz yaşaya bilmirdi. O gündən sonra o çılğın ehtitasla atəş saçan xəyaləti səsləyirdi. Onsuz kainat ölüyüdü, diri olan nə varsa gözünə ekrandakı cansız kölgələr kimi görünürdü. Lakin sonsuzluğa cəzasız yetişmək mümkün deyildi. İlk görüşün zərbəsi o qədər güclü olmuşdu ki, bütün varlığı uzun müddət tir-tir əsmişdi. Daha gözlərinə, bədəninə, düşüncələrinə sahib ola bilmirdi; onları kənar bir qüvvə idarə edirdi və o bunun nə olduğunu dərk etməkdə aciz idi. Yalvararaq Ananı köməyə çağırırdı.
Və qəfildən anladı… Onları Ana idarə edirdi. Bunu dərk edəndən sonra müqavimət göstərməkdən imtina etdi. Ana onun qəlbinə hakim kəsildi. Və ilahə tədricən, duman pərdəsi arxasından, hissə-hissə axıb onun varlığına qarışdı… Qəfil sayrışan qolu, sonra nəfəsi, səsi – nəhayət, ilahə bütünlüklə onun ruhuna doldu. Şairin yüzlərlə məftunedici vəsfləri ilə birlikdə…
Axşam idi. Gündüz ayini tamamilə başa çatmışdı. Ananın dincəldiyini güman etmk olardı. O, məbəddən kənarda, Qanq üzərindəki otağına çəkildi. Amma yuxulaya bilmədi. Dinləyirdi… Qəfildən onun yerindən durduğunu, cavan bir qız kimi sevincək məbədin üst mərtəbəsinə qalxdığını eşitdi. Ayağındakı halqalar pillələrdə çingildəyirdi. Görən bu yuxu deyil ki? – özündən xəbər aldı. Qəlbinin şiddətli döyüntüləri altında həyətə çıxdı, başını qaldıranda onu gördü: gecənin əsrarəngiz mənzərəsinin şahidliyi ilə saçlarını yana tökərək, ikinci mərtəbənin eyvanında dayanıb Qaqnqın şırıltısını dinləyir, Kəlküttənin uzaq işıqlarına baxırdı… O vaxtdan bəri onun gecəsi də, gündüzü də sevgilisi ilə münasibətdə keçdi. Bu məbədin yaxınlığından axan çay kimi uzun, fasiləsiz söhbət idi. Nəhayət, ilahə bütünlüklə qaynayıb ona qarışdı. Daxilindəki ruh da tədricən ondan uzaqlaşdı. Gənc kahiniə baxan kənar adamlar onun necə olduğunu görürdülər: onun daxilini – tanrılardakı kimi şüşə tək şəffaf daxilini.
O, daha məbəddəki vəzifəsini icra etməyə də qadir deyildi. Ayin zamanı qəfildən huşunu itirir, ruh düşgünlüyünə düşürdü. Əzələləri daşa dönür, sanki heykəlin daş bədəninin bir parçasına çevrilirdi. Ya da qəfildən özü ilə ilahəsinə ağlagəlməz azadlıq bəxş edirdi.
Heç bir vəzifədən söhbət gedə bilməzdi. O bir anlıq yuxuya da həsrət qalmışdı. İştahdan kəsilmişdi. Yanında onun elementar ehtiyaclarına yardım edən qohumu olmasaydı, ölərdi. Onun bu halı bizim qərb ilahiyyatçılarımıza tanış olan iztirab nümunələri idi. Dərisin altındakı ən xırda qan damarları da görünürdü. Beyni atəş saçırdı və o atəşdən qopan hər dilimdə bir tanrı var idi. Uzun müddətdən sonra, bu və ya digər adamda tanrı siması görməyə başalayanda (küçə qadınında Situnu, ayaqlarını aşırıb ağacın yanında duran gənc ingilisin simasında Krişnanı), onun özünün də tanırya çevrilmə məqamı gəlib çatdı. Beləliklə o gah Kali, gah Rama, gah Krişnaya aşiq olan Radxa, gah Situ, gah da böyük meymun görkəmli Xanuman oldu. Susmaq istəmirəm (detallar üzərində qalmıram), amma bu azğın ağılsızlığa sığınan, ruhla idarə olunmayan, ac canavar kimi qarınqululuqdan xəsis tanrılara qədər gedən yolda (elə onlar da özlərinə görə ondan intiqam alır və imkan düşən kimi onu didib parçalayırdılar) özünü bütünlüklə ehtirasın çılğın dalğalarına təslim edən o idi. Mən qərb oxucusunu aldatmaq fikrində deyiləm və ona tanrının bu ağılsız adamına sadəcə çılğın bir sərəsəri kimi baxmaq imkanı (özümə verdiyim kimi) verirəm. Bunun üçün əlimizdə kifayət qədər əsas var, çünki Hindistanın din adamalrı da onu görəndə elə bizim kimi fikirləşirdilər. Elə özü də həkim müalicəsindən, onların sonsuz məsləhətlərindən sonra azacıq özünə gələndə, bir anlıq geri boylananda və xəyalən qurtulmaq istədiyi bataqlığa baxanda, ora necə düşdüyünü özü də anlaya bilmirdi. Amma bizim üçün maraqlı və vacib olan yeganə məsələ onun ölməməyi, əksinə, həmin hallüsinasiya dönəmininin vacib mərhələsi kimi bəlkə də düşdüyü fırtınanı ötüb keçə bilməyi idi. Hansı ki, həmin mərhələdən sonra onun sevinc və harmoniya ilə bərkiyən ruhu böyük mistik varlığa qədər ucala bilmiş, bütün bəşəriyyət üçün maraq doğurmuşdu. İnsan bədənini və ruhunu öyrənən ən böyük təbiblər belə onun varlığını öyrənməyə maraq göstərməyə bilməzdilər. Məsələ heç də onun psixikasını bütünlüklə zədələyən və parçalayan elementlərin tərkib hissəsini öyrənməkdə deyildi. Məsələ, onların yenidən necə bərpa olunmasında, sintez halında, daha yüksək orqanik vüsətlə birləşməsində idi. Uçub dağılış bir bina yenidən necə bərpa ola bilərdi, özü də əvvəlkinə nisbətdə daha geniş və onun şəxsi iradəsi altında? Bu barədə sonradan Ramaqrişna da deyirdi – öz səsrsəmliyinin və ağlının mütləq hakimi olaraq, tanrıların və insanların hakimi olaraq, gah ruhunun dərinliklərinə gedən yolun qapısını açmaqla, gah da şagirdləri ilə zərif, aydın söhbətlər etməklə, mütləq ironik müdriklik və sağlam bəsirət gözü ilə yeni bir Sokrat timsalı yenidən dünyaya gəlmək olardımı?
Lakin 1858-ci ildə, haqqında söz açacağım hadisəyə uyğun olaraq Ramaqrişna hələ ki, özünə hakim kəsilə bilmək mərtəbəsinə yüksəlməmişdi. Hələ o mərtəbəyə yüksəlməyinə çox qalırdı. Əgər mən hadisələri qabaqlayaraq onun sonrakı həyatına müəyyən aydınlıq gətirmişəmsə, burada məqsəd yalnız oxcunu onun, bir çox məqamlarda elə mənim özümün də taleyimdən xəbərdar etmək olub. Səbr… İnsan ruhunun yolları bəzən qaranlıq olur… Vaxtı çatanda müəyyən nəticələrlə sona vara bilərik. Və həqiqətən də tanrı sərsərisi bələdçisiz gəzən kor kimi gözlərini yumaraq irəliləliyrdi. Düz yolla getmək əvəzinə o, tikanlı hasarlara doğru dartınır, dərəyə aşırdı. Buna baxmayaraq irəliləyirdi. Çünki hər dəfə yxılandan sonra yenidən qalxır və yoluna davam edirdi. Təkəbbürlü və tərs oduğunu ağlınızdan da keçirməyin. Ondan da məzlum bir insanı təsəvvür etmək mümkün deyil. Halını görəndə bəlkə də xəstə olduğunu fikiləşərsiz. Nə olar, dərman verin. O, sağalmaqdan imtina etmir ki…
Onu bir müddət evə – Kamarpukura göndərdilər. Anası onu hakimiyyəti altına düşdüyü ilahi sirrdən qurtarmaq üçün evləndirmək istədi. Etiraz etmədi və hətta buna qəlbən sevindi də… Bu nigah çox qəribə idi, bir yandan baxanda ilahə ilə izdivaca girmək qədər son dərəcə real, mənəvi yanaşdıqda isə qətiyyən real olmayan bir ivdivac. Onun (1859-cu ildə) qadın olaraq qəbul etdiyi beş yaşlı bir uşaq idi. Bu sətirləri oxuyarkən qərb oxucusunun necə karıxacağını təsəvvür edirəm, çünki ona rəhm etmək fikrim yoxdur. Hindistanın digər adətlərinə nisbətdə uşaqlarala izdivaca girmək Avropada və Amerikada birmənalı qarşılanmamışdı. Xoşməramlı xanım Mayo hələ lap bu yaxınlarda bunu bayraq edib yellədirdi, düzdür, bir qədə inamsız şəkildə yellədirdi. Artıq, neçə müddət idi ki, Hindistanın Taqor, Qandi kimi yüksək ruh adamları – brahmasamadşinası – reallıqdan daha çox formal xarakter daşıyan bu institutu tənqid edirdilər, çünki uşaq nigahı əsasən dini əhd-peymanla bağlı olurdu və bizim adaxlamnaq adətimzə oxşayırdı, yalnız uşaqlar həddi-buluğa çatandan sonra qanuniləşirdi. Ramaqrişna məsələsi də hansısa miss Mayonun nəzərində biabırçılıq kimi təqdim edilmiş, nigah beş yaşlı qızla iyirmi üç yaşlı oğlanın izdivacı kimi qəbul olunmuşdu. Qoy təhqir edilmiş ruhlar rahatlıq tapsın. Bu yalnız dini izdivac idi və heç bir fikziki məna daşımırdı. Və bu xristian nigahına – ilkin xristianlıqdakı nigahları nəzərdə tuturam, hansı ki, sonralar ona gözəl donlar geyindirilməyə başlamışdılar – bənzəyirdi. Ağac verdiyi bara görə ittiham olunur. Burada bar verən tanrı idi, cismani sevgidən uzaq saf bar. Balaca Şaradamani böyük qardaşın ismətli bacısı oldu. O, bu qızın nəzərində inancla bağlı bütün sınaqlardan və fədakarlıqlardan ləyaqlə çıxan, saf və möhkəm iradəli bir insana çevrildi. Nəticədə Ramaqrişnanın şagirdləri onun müqəddəslik haləsini ətrafa və qızın üzərinə çilədilər və qızı Müqəddəs Ana adlandırılar. Hələ ki qız, adətə görə nigah mərasimindən sonra ərini yenidən görmək üçün yeddi səkiz il gözləmək şərti ilə valideynlərinin evinə döndü. Ər isə anasının bəxş etdiyi təskinlikdən ruhlanaraq yenidən məbədə qayıtdı.
Kali onu gözləyirdi. Lakin məbədin kandarından içəri ayaq basan kimi ilahi sərsəmlik onu əvvəlkindən də güclü şəkildə ağuşuna aldı. Kentavr Nessin atəş saran köynəyini geyinən Herakl kimi o da canlı bir məşələ çevrildi. Tanrı ordusu başına ildırım yağdırırdı. Sanki şaqqalanmışdı. Onun “məni” haçalanır, dağılır; bədinindən çıxan həm iblisvari, həm də ilahi varlıqları görürdü: əvvəlcə günah təcəssümü olan qaranlıq varlıqlar peyda olur, sonra maddi həyatdan imtina edən mələk timsalı simalar çıxıb təməli günahla qoyulan ilkinliyə ağır zərbələr endirirdi…
Hindistandamı, yoxsa min il əvvəlki xristian Qərbinin monastırındamıyıq?
Ramaqrişna hərəkətsiz qalıb, yalnız heyrət dolu baxışları ilə onu tərk edən varlıqlara baxır. Dəhşətdən bütün əzaları bərkiyir. Uzun aylardan sonra gözlərinə yenə yuxu getmir. Sərsəmliyin yaxılıqda olduğunu hiss edir. Dəhşət içində dua edərək Anaya üz tutur. Kalini seyr etmək – yeganə xilas yolu budur.
Ruhi azğınlığın və ümidsizliyin üstündən iki il də ötüb keçdi və nəhayət kömək gəldi.

Tərcümə: Əyyub Qiyas