Orxan Fikrətoğlu: “Azərbaycan kinosu yaranmadı” – MÜSAHİBƏ
05.03.2020 11:40Bir neçə gün öncə – martın 21-i əməkdar incəsənət xadimi, rejissor, yazıçı Orxan Fikrətoğlunun 51 yaşı tamam oldu.
A24.Az yazıçı ilə söhbəti ikinci hissəsini təqdim edir. (Söhbətin birinci hissəsi ilə burada tanış ola bilərsniz)
Об этом сообщает Футляр от виолончели
Orxan müəllim, bir yapon filmi var: “Narayama əfsanəsi”. Şohey İmamuranın filmidir, səhv etmirsəmsə 1983-cü ildə Tarkovski və digər nüfuzlu rejissorların filmini geridə qoyaraq Kann festivalının qalibi olub. Film Yaponiyanın kəndində mövcud olmuş qədim bir adət haqqındadır. Hansı ki, bu adətə görə artıq yaşları ötmüş, əli iş tutmayan qocalar Narayama dağına gedər və burada ölümlərini gözləyərlərmiş.
Digər bir nümunə isə Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş” əsəridir. Çingiz Aytmatovun qayıqdakı bütün yaşlıları qurban verərək kiçik Kiriski sağ saxlaması köhnəliyin yeniliyə könüllü qurban getməsinə nümunə saymaq olar. Sözünüzə qüvvət şərqli ata bütün bu yönləri ilə fərqlidir.
Şərqdə oğul atanın davamıdır. Yaxşı oğul yaxşı atanın, pis oğul pis atanın davamıdır. Burda inqilablar olmur. Çingiz Aytmatovu xatırladın, yapon təfəkkürlü insanların bioloji qatda təbiətdə yaxın olmalarından irəli gələn məqamı qabartdın. Çünki fillər də, şirlər də qocalanda tənha ölürlər. Bu daha çox biloji təfəkkürdür, nəinki intellektual təfəkkür.
Mən yeri gəlmişkən bir məqama da toxunmaq istəyirəm. Qocalıq cəmiyyətin utancıdır. Bir cəmiyyətin qocası həqiqətən tənhalaşırsa, o cəmiyyət normal deyil. Bu günkü test və sosial şəbəkə əxlaqı belə bir rəqabət mühiti formalaşdırıb ki, burada 40 yaşı ötən insanlar gərəksiz görünə bilir. Əslində yeni, sürətli təfəkkür modeli öz kontekstində köhnəsindən heç nə ilə fərqlənmir. Sadəcə bir az sürətlidir, bəsitdir, daha şaxəlidir, amma kvintessensiyası, ideyası yoxdur. Biz zamandan fərqliyik. Mən Orxan Fikrətoğlu, sən və bizim kimi insanlar elə təfəkkürdə doğulur ki, artıq müqayisə içimizdədir. Mən gedişatın bu yerə gəlib çıxacağını uzun illər əvvəldən bilirdim. Və 60-70 yaşımda da biləcəm ki, 10 il sonra nə olacaq və 10 il qabaq nə idi. Bu müqayisələri etmək qabiliyyətindəyəm. Bu texnoloji baxımdan daha inkişaf etmiş gəncliyin bir cəhətini çox bəyənirəm: özünə lazım olanı, öz inkişafına gərəkli olanı tapıb, seçib yaxınlarına məhəl qoymadan – bəlkə də bu dəyərlərin bəsit olmasını anlamadan bu dəyərlərə inanmasıdır. Bəzən görürəm ki, bir gənc səhv düşünür, yazdığı da səhvdir – dünyanın qəbul etdiyi bir ədəbi kanon var – o bunu bilmir və mənim deməyimi də qəbul etmir, çünki rəqabət mühiti buna imkan vermir. Deyir, sən özünü ağıllı bilməlisən. Karnegini və başqa xəstələrin kitablarını oxuyub, bu qənaətə gəlirlər.
Amma bu eyni zamanda gətirib çıxarır yaşlısına, müdrikinə qiymət verməməyə. Tənhalaşan müdriklik cəmiyyətin krizidir. Bu gün ədəbiyyatda kriz var? Məncə var. Biz tutaq ki, Mövlud Süleymanlının “Şeytan” əsəri boyda heçnə yaza bimirik. Avropalı olmaq üçün Şərqi unudub ortada qalan bir toplumuq. Kinodan danışmağa heç dəyməz. Məncə Həsən Seyidbəylidən sonra Azərbaycanda kino yoxdur. Yaranmadı. Olur da, belə də olur. Elə ölkələr var ki, kino yarada bilmir. Biz də yarada bilmədik. Teatr da həmçinin. Teatr bugün deməkdir. Hansı teatr truppasında bugün var. Real olaraq; məsələn, aptekdən dərman alan bir xəstə olsun o tamaşada. Ola bilsin bir balaca publisistika janrı yadda qala. Müdrikinə hörmət etməyənin axırı belə olur.
(Zamanın fərqinə varmaqdan danışarkən Orxan Fikrətoğlunun Göygöldə bir qayaya baxaraq, “Görün biz, insanlar nə qədər zəif varlıqlar ki, bu qısa ömrümüzlə gündə bir iddiaya düşürük. Halbuki o qara daş qədər qalıcı deyilik bu dünyada”, deməsi düşür)
Orxan müəllim, səhv eləmirəmsə “Müjdə” povestinizdə belə bir ifadə var; “Elə yaşa ki, həyatın özünə ləzzət eləsin”. Düşünürəm ki, yaşamın fəsləfəsi bu “qədeş” tərzində deyilmiş ifadədə gizlənib.
Sivilizasiyanın yarandığı zamandan gəlinmiş bir qənaət var; insan bu dünyadan heçnə apara bilmir. Niyə görə bunu hamı bildiyi halda insanlar rahat həyatlarını yaşamır? Bu dünyaya bunca bağlılıq var və bu günü gündən daha da artır?
Natamamlıqdan. İnsan natamamdır. Dünyanı anlayıb, onun yalan olduğunu bilib, yen də səhv dəyərlərlə yaşamaq yalnız natamamlığın göstəricisidir. Təsəvvür edin ki, bu varlıq nə qədər natamamdır ki, bu fani yerdə özü üçün saraylar tikdirir, 5-3 il ömrü qalsa da, 50 ilinə yetəcək maddiyat toplayır. Son zamanlar bu natamamlıq daha qabarıq görünür. Çünki Yunisi, Nəsimisi, ideoloqları yoxdur bugünkü insanın. Ciddi idealist insanlar gözə dəymir. Gözünüzü yumub təsəvvür edin: bu gün televiziyalardan bizə bəsit sosial gerçəkliklər axıdılır. Rastlaşdığın insanlar yalnız şikayət edir, problemlərdən danışır. Sən nədən ilhamlanasan ki, əbədi dəyərlərə arxalana biləsən. Çox çətindir bu natamamlıqla yaşamaq.
Qədim hindu əfsanəsi var, bir gün insan heyvanların yanına gəlib acizliyindən şikayət edir. Bunu görən pələng insana cəsarətindən, qartal iti baxışından, ilan torpağın sirrlərindən, tısbağa səbrindən verir. İnsan bu məziyyətləri alıb uzaqlaşarkən heyvanlardan biri deyir ki, insan artıq çox keyfiyyətlər qazandı. O ideal varlıq olacaq. Bayquş isə cavab verir: “insanda elə bir şey var ki, heç vaxt onu rahat qoymayacaq, narahat edəcək, dünyanın nemətlərindən doymayacaq; bu onun iddiaları, nəfsidir. Təbiət dil açıb “artıq sənə verəcəyim heçnə qalmadı” deyənə qədər nəfsinin əlində qurban olacaq”.
Mən nəfsinə qalib gələ bilən çox az adam görmüşəm. Pritçalarla danışdın, bir sufi pritçası deyim: Bir gün padşah yolla keçərkən görür yolun kənarında sufi əyləşib. Padşah ötüb keçərkən sufi ayağa qalxmır. Bu padşahı qəzəbləndirir. Deyir, “ayağa niyə qalxmırsan?”. Sufi cavab verir ki, “mən qullarımı görəndə ayağa qalxmıram”. Padşah deyir, “o nə deməkdir?” Sufi cavab verir: “Mən nəfsin ağasıyam, sənsə nəfsin qulusan. Demək sən qulumun qulusan”.
Nəfsin qulu olmaq, buna görə şəxsiyyəti itirmək Adəmdən üzü bu yana dəfələrlə pislənib. Amma insan bu reallıqların sərgiləndiyi sarayda, yəni dünyada milyard dəfə təkrarlanmış, “iki vur iki” qədər aydın həqiqətdən yararlana bilmir. Yer üzündə insan qədər zəif ikinci məxluq yoxdur. İnsan bir ağac qədər də güclü deyil. Anlamsız bir şeydir: insanı yaradan deyir ki, bu şeyləri eləmə. Ancaq o, eləyir. Allah da buna dözür. Yəqin elə bu dünya Allahın səbridir.
Həyatında çox ciddi müsbət dəyişiklik edən, aydınlanan insanların dönüş nöqtəsinə baxdıqda orada bir sarsıntı görmək olur. Bəzən sarsıntılar insan həyatını dəyişir. Çox ciddi bir istiqamətə yön verir. Sarsıntıların məhsulu olan böyük əsərlər var.
İnsanın bir dərketmə məqamı var. Məsələn, Buddizmdə görə həqiqət insana birdən-birə aşkar olur. Sənin ağlına gəlmədiyi bir vaxtda… Bu agaholmadan sonra ağıllı insan nəticə çıxarır, digəri isə əvvəlki axarıyla davam edir. Dediyiniz sarsıntı məqamı olduqca ciddi məqamdır. Məsələn, sarsıntı Dostoyevskini yaratdı. Kobo Abeni yaratdı. Sarsıntı inqilabi dəyişikliklər edə bilir insanda. İnsan durulur, arılır. Sarsıntı ağıllı adamı duruluğa, zəif adamı çarəsizliyə gətirib çıxarır. Sarsıntını yaşamaq insanın intellekt səviyyəsindən asıllıdır. Yəqin ki, sarsıntını da Allah hər adama vermir.
Mən çalışıram heç vaxt sarsılmayım. Hər şeyə hazır olmuşam. Praqmatik düşünmüşəm; itkilərim olacaq, çətinliklərim olacaq. Çünki elə insanların içindəyik ki, onlar hələ də formalaşmaqdadırlar. Formalaşmaqda olan insanların arasında ciddi dəyərlərlə yaşamaq çox çətindir. Mən bu məsələ barədə çox yazmışam. “Əmim” hekayəsi var, çox hündür obrazdır, göydən yerə hava gətirir. “Qar” hekayəsi… Mən bu hekayələrdəki adamlardanam. Çoxunun anlamadığı, çoxunun dərk etməyə çəkindiyi biri olmuşam.
Sarsıntı mühümdür və hər kəsə sarsıntı arzulayıram.
Xarici müəlliflərin müxtəlif kitabları “bestseler”, “ilin ən çox satılan kitabı” və s. adlar altında ölkəmizə gəlir və əksər oxucular onları üzərindəki bu yazılara görə oxuyur. Sizin roman, povest, hekayələrinizin orijinal olduğu halda bu gün layiqli sayda oxucusunu tapmamasının izahını verə bilmirəm.
İnan, zövqsüz oxucunun kitablarımı oxumasını belə arzulamıram. Mənə təsir edən zövqlü insanların mətnlərimi oxuyub reaksiya verməməsidir. “Tək”, “Ölü mətn”, “Alternativ kino” kitablarımı kimə vermişəmsə, çox yüksək qiymətləndirib. Türkiyədə yazılıb kitablarım haqda. Azərbaycanda da müəyyən şərhlər var.
İndi deyəcəklərimin giley, təvazökarlıqdan uzaq fikirlər kimi anlaşmasını istəməzdim. Məni narahat edən reallıq budur ki, niyə mədəniyyət, ədəbiyyat qurumları məsələn, “Tək” romanını müzakirə müstəvisinə qaldırmır, şərh etmir. Böyük səslənməsin, halbuki bu roman orta məktəb və universitetlərdə tədris oluna bilər. Mənim onlarla gənc vətəndaşım Suriyada yalan ideologiyaya qurban gedir. Sonunu belə bilmirik. Bunun qarşısını ala biləcək detallardandır bu kitab. Axı qurumlar bu məsələdə maraqlı olmalıdır. Azərbaycanda dini komitə var, onlar bu işi görə bilərlər, bunu təbliğ edə bilərlər, axı bu təbliğat müəllifdən çox onların işinə yarayar. Heç mənim adım çəkilməsin, versinlər o Suriyaya gedən uşaqlara, onlar oxusun. Rusiyada bu proses dövlət səviyyəsində proqram üzrə həyata keçirilir. Biz çox şeyi ruslardan götürürük, pis, yaxşı… Heç olmasa, bunu da götürək də. Əksər kitabları, dərslikləri rus dilindən çevirirlər, bu nümunəni də götürsünlər də. Gürcüstanda bu nümunə var.
Təsəvvür edin ki, mən yazıçı, bir kənarda oturub heç kəsin sifarişi, maddi dəstəki olmadan bunu istehsal etmişəm. Kitabları özümdədi. İndi bəlkə də düşünəcəklər ki, bunu satışa görə deyirəm. İnanın, pula görə demirəm, heç satışdan gələn pul da mənə lazım deyil. Mən istəyirəm ki, millətim bunu oxusun. İnanın, bizim vətəndaşımızın gedib oralara düşməsi məndən öncə təbii ki, ölkəmizin problemidir. Ona görə də belə kitabların təbliğatı mütləq aparılmalıdır.
“Ölü mətn” Azərbaycan ədəbiyyatında yeganə mətndir ki “1937-ci il” məsələsi qoyulur, şərh edilir, qənaətə gəlinir, repressiyanın səbəbləri açıqlanır. Bu mövzu “Ölü mətn”dən öncə müasir mexanizmdə işlənməyib. Ona görə cəmiyyətin belə mətnlərdən yan keçməsi düzgün deyil. Çox qəribədir ki, oxuyanlar da lazımı yerlərdə reaksiya vermir. Çünki heç bir dəstədən deyiləm. Bir atamdır, bir özüməm.
Nə sağçı, nə solçu, nə ortaçı, nə də qıraqçı olmuşuq. Biz özümüz olmuşuq. Kağızla vuruşmuşuq.
Məni burdan qovsan, gedib başqa yerdə yazacam. Çünki işim budur. Kino da çəkəcəm, kitab da yazacam. Artıq bu yazıların təbliğat zamanıdır. Ona görə də biz ART studiya açmaq üzrəyik. Dünyəvi təfəkkürlü, işıqlı, istedadlı insanları ətrafımıza toplamaq istəyirik. Və tamam ayrı kino və ədəbiyatla dünyaya çıxmaq niyyətindəyik.
Orxan müəllim, bir neçə gün öncə Türkiyədən döndünüz. Səhv etmirəmsə ssenari müəllifləri üçün seminar təşkil olunmuşdu.
Martın 8-dən 15-dək Türkiyədə türk sinema yazarları seminarı keçirildi. Çox ciddi prodüserlər və kino adamları iştirak edirdi orda. Azərbaycandan mən dəvətli idim.
Mən kitablarımı da ora aparmışdım. Qoy düşünməsinlər ki, Azərbaycan kinosu bu gün onların gördüklərindən ibarətdir. Əslində Azərbaycanda çox ciddi kino düşünərləri var.
Çox təəssüf ki, bu gün – Orxan Fikrətoğlu kimi deyirəm – Azərbaycan kinosu yaranmadı. Həsən Seyidbəylidən sonra biz yolumuzu tamam dəyişdik. Həsən Seyidbəyli heç olmasa kinomuzun mozaykasını yaradırdı. Filmlərdə bir Bakı var idi, üzümüz sezilirdi. İndiki filmlərdə isə bilinmir ki, qəhrəmanlar haralıdır, bunlar nə danışır, nə dərdi var? Bizim seriallarda türk, ingilis həyatı çəkilir. Hər gün kimsə birini öldürür, atışma, vuruşma… Bunlar harada baş verir, realda niyə görmürük bu hadisələri? Yaxud son vaxtlar kinoteatrları zəbt etmiş komediyalar olsun… Söyüş, təhqir… Dramaturgiya yox… Rejissor işi sıfır… Aktyor oyunu yox… Heçnə yoxdur. Zövq korlanıb, hamı bilet alıb belə şeylərə baxır. Sabah ciddi bir avropa kino analitiki gəlib Azərbaycanda son vaxtlar baxılan filmləri analiz etsə, dəhşətə gələr. Deyər bu tamaşaçılar hansı dəyərlərlə böyüyüb, bunlara kim dərs keçib. Və bu cəmiyyətdə biz də yaşayırıq. Sabah vəziyyətə cavabdeh adamlardan sayılacayıq. Deyəcəklər ki, siz bunlara heçnə deməmisiz? Mən bilmirəm bunlar kimlərdir? Bu insanların kinodan ümumiyyətlə məlumatları varmı?
Bu filmlər uşaqların, yeniyetmələrin, gənclərin zövqünü korlayır. Təəssüf ki, bu məsələdə cəmiyyət uduzmaqdadır.
Türkiyə səfərinə qayıdaq; Antalyada yerləşən “Şimal sənət” teatrında “İtki” povestim tamaşaya qoyulacaq.“Yetik” adlı tamaşanı rejissor Osman Utkuatış səhnələşdirir. Tamaşanın premyerası aprelin sonu, mayın əvəllərində Antalyada keçiriləcək. Tamaşanın Stokholm festivalına təqdim olunması, daha sonra Bakıda da nümayişi gözlənilir.
Söhbətləşdi: Sərdar Amin

