“Pioner qalstuklarını qolumuza, dizimizə bağlayıb…” – SORĞU
05.03.2020 11:4320 yanvar faciəsi hadisəsinin canlı şahidlərinin yaddaşında tamam ayrı cür iz qoyub. Faciənin təqdim olunmasında, olayın mahiyyətinin növbəti illərə ötürülməsində önəmli pay sahibi olan sənət adamları isə bu faciəyə bir az da həssas yanaşan və onların çatdırılmasında daha effektiv rol oynaya bilən şəxslərdir.
A24.Az sənət adamlarına “20 faciəsi baş verəndə harada idiniz və bu hadisə yaradıcılığında necə iz qoydu?” sualı ilə müraciət edib. Sənətin müxtəlif sahələrinə aid şəxslərin verdiyi cavabları təqdim edirik.
Об этом сообщает Футляр от виолончели
Cavid Təvəkkül (Rejissor):
20 yanvar günü təssüf ki, Bakıda deyildim. Yaradıcılığımda isə bu mövzuya böyük miqyaslı bir əsərlə toxunmaq qismət olmayıb, amma Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasının əvvəl radio versiyasını, sonra da TV variantını kompazisiya şəklində hazırlayıb ekranlaşdırmışam. Yadıma gəlir TV-lərdə hamı yeni il şənlikləri çəkəndə mən “Şəhidlər abidəsi” adlı qəmgin poetik kompazisiya çəkirdim.
Əyyub Qiyas (Yazıçı, tərcüməçi):
Tələbəliyimin son iliydi. Saat 4-ə qədər 20 yanvar və Salyan kazarması tərəfdə olmuşam. Barrikadalar quruduq. Özünümüdafiə dəstələri vardı, onlara kömək edirdik. Saat 4-dən sonra Sumqayıta qayıdası oldum. Yollar bağlıydı, təxminən 10 km yolu piyada getdim. Sonra bir “RAF”a minib Sumqayita çatdım. Evdə qonaqlar vardı. Oğlumun dünyaya gəlməyinin 40 günü tamam olurdu o gecə. Evə çatanda dedilər ki, televizor işləmir. Nəsə baş verdiyini o andaca düşündüm. Amma bir inam da vardı içimdə, ola bilməz… Fikirləşirdim ki, televiziya xalqın əlinə keçib, bir qədər sonra kimsə rəsmi bəyanat verəcək və s. Amma belə olmadı. Səhər saat 5 olardı… Sumqayit zavodaların, maşınların səsilə ağlayırdı. Tez aşağı düşdüm… və… mən sağ idim… Bəlkə də 40 günlük oğlum məni ölümdən xilas etmişdi… Çünki o gecə başqa bir səbəb olmasaydi evə gəlməyəcəkdim…
Bu mövzuda “Yarımçıq” adlı hekayəm var, bu xətt var orda… Bu çox ağrılı bir şeydi… Mən şəxsən tanıdığım adamları itirdim o gün. Tələbə dostum şəhid oldu… Dəfndən qayıdanda bizim maşını atəşə tutdular Biləcəridə. Yadigar Məmmədlinin, mənim üst-başimiz qan içindəydi.
Bilirsiz nədir? Çox qəribə bir hiss vardı adamda… Heç kəs ölümdən qorxmurdu, güllələr yox, adamalar gülləyə şığıyırdı.
Xanəmir Telmanoğlu (Yazıçı-şair):
Mən 1989-91-ci illərdə Latviyanın Tukmski rayonunda, Baltik dənizinin tam sahilində, məşum rus ordusu sıralarında, raket qoşunlarında əsgəri görəvdə bütün çılğınlıqlarımı dəliqanlıca yaşamışam. 19-dan 20-nə keçən gecə, yadımdadır, gözümə uyğu getmədiyindən, gizli şəkildə “Lenin otağına” girib televizoru açımışdım. Sabaha yaxın belə bir qanlı hadisədən xəbər tutanda qafamda iki yol vardı: ya qaçıb Azərbaycana gəlmək, ya da bir şəkildə etiraz etmək. O günkü şərtlər içində sabah “divizyon” sıraya düzlənmək əmrini aldığında, mən bütün zabit və əsgəri heyətin qarşısında əmrə tabe olmadım və kazarmaya çəkildim. Bütün cəhdlər və əmrlərə baxmayaraq bu hadisəyə öz hərəkətimlə etirazımı bildirdim. Sabah yeməyi üçün sıraya düzlənən bütün heyəti 1 saatdan artıq gözlətdim. (söylədiklərimə o zaman mənimlə xidmət edən azərbaycanlı 3 əsgərin də şahid olduğunu deyə bilərəm) Sonda komandir məni öz otağına çağırıb bunun ağır bir nəticəsi olduğunu yaxşı bildiyimi xatırlatsa da, yenə öz bildyimdən əl çəkmədim. Yaxşı bilirdim ki, komandir 6 aylıq bir əsgəri bəzi hərəkətlərinə görə sevməsə də, ancaq idmana gözəl münasibət bəslədiyidən və əsgərdə olduğum dönəmdə bütün öhdəlikləri, normativləri hər kəsədən üstün, birinci yerinə yetirdiyimə görə, mənə qarşı gizli bir rəğbəti vardı. Komandirlə aramızda belə bir danışıq keçdi:
– Niyə əmrə tabe olmursan? Bunun bədəlinin ağır olduğunu sənə xatırladıram.
– Yoldaş komandir, Bakıya yeridilən, dinc əhalinin üzərinə göndərilən əlisılahlı əsgərlərin içində mən də ola bilərdimmi?
– Ola bilərdin.
– O zaman, atam, anam, qardaşım, sevdiyim qız qarşıma çıxsaydı, o ordunun içində mən də alınan əmrə uyğun olaraq onları əzib keçməliydim ya yox? – bu sualımdan sonra komandir mənə alayı-dolayı bir yığın nağıl danışsa da, öz fikrimdə qaldım və məni üst-üstə 18 gün “qaupvaxta” göndərməklə məsələni həll etdilər.
Əsgər getməmişdən 1 ay qabaq Azərbaycan SSRİ-nin o zamankı müdafiə nazirliyinə təxmini olaraq bu məzmunda bir məktub yazmışdım: “Mən rus imperiyasına xidmət etmək istəmirəm. Xahiş edirəm məni Azərbaycanda əsgəri xidmətdə neçə il istəsəniz, saxlayın. Yola salınma sabahı – Qurban Yaquboğlu da şahiddir – yüzlərlə çağrışçının və valideynlərinin, qohum əqrəbalarının içində o vaxtkı “26-lar” rayonun rusdilli polkovnik rütbəli hərbi kommisarı ( Bakıya gələndə bu ərazidə qeydiyyata düşmüşdüm) üzərimə çığıra –çığıra bu sözləri dedi:
– O nədir yazmısan? Səni bu saat həbs etdirərəcəm. Sənmi yazmısan o məktubu?
Çağrışçıların içindən qabağa çıxıb o məktubun müəllifi mən olduğumu demişdim.
20 Yanvar hadisə ilə bağlı bir neçə yazı və televiziyada işlədiyim müddətdə çəkdiyim 2 sənədli film var.
20 Yanvar hadisəsi həm də mənim yaddaşımda 20 Yanvar şəhidimiz Ülvi Bünyadzadənin həyatda heç vaxt bir-birimizi görmədən, rastlamadan, tanımadan mənə yazdığı məktubla da qalıb. O məktub mənim üçün olduqca dəyərlidir.
Cəvahir Qaraqızı (şair):
Həmin gün Gürcüstanda idim. Hər an televiziyanı izləyrdik. Bakıdakı qohumlarımızla telefonla əlaqə saxlayırdıq. Sonra televiziyanı da bağladılar. Çox həyəcanlı idik.
Bu barədə şeirim var.
Anar Nağılbaz (repçi):
20 yanvar günü səhərdən günorta saat 2-3-ə qədər Salyan kazarması tərəfdə yekə maşınların saxlanıb meydana gətirilməsi üçün kömək edirdik. Çünki eşitmişdik ara qarışıqlığı olacaq. Pioner qalstuklarını qolumuza, dizimizə bağlayıb kömək göstərirdik.Yaradıcılığımda o zamanlar “Şəhidlər uvertürası” və bir çox şeirlər, hekayələr, məqalələr olub.
Elman Rəfiyev (Aktyor):
20 yanvar yaddaşıma həmişəlik həkk olub. 1990-cı il, 19 yanvar günü Mədəniyyət və İncəsənət Universitetində semestr imtahanımız idi. Məndən kiçik 2 qardaşım tamaşama baxmağa gəlmişdilər. İmtahanı verdim, yəni tamaşanı oynadım və geri qayıdanda artıq bu hadisələrin başlanğıcı idi. Sumqayıta getməyə nəqliyyat tapa bilmirdik. Yollarda barrikadalar qurulmuşdu. Ailəmiz bizdən çox narahat idi. Hər ayın 19-u bütün qohumlarımız bizə yığışırdı. Çünki bu gün mənim doğum günümdür. Birtəhər evə çatdıq.
Sabahkı gün, 20 yanvar günü Sumqayıt avtovağzalına gəldim ki, növbəti imtahanı verməkdən ötrü Bakıya gəlim, amma Sumqayıt avtovağzalından hamımızı geri qaytardılar. Dedilər ki, həmin gecə bu hadisə baş verib. Təbii ki, bu hadisə çox sarsıdıcıdır. Ağrılı yerimizdir.
Yaradıcılığıma gəlincə, Azərbaycanın başına gələn bu hadisələrlə bağlı “Unutmayaq” tamaşası hazırlamışıq. Tamaşda mən də oynayıram. Və o ağrını, dəhşəti tamaşaçılara təqdim etməyə çalışıram.
Və ondan sonra hər dəfə 19 yanvarda atamgil ad günümlə bağlı Bakıya, bizə qonaq gələndə, bir az oturandan sonra mütləq Şəhidlərimizi yad etməyə gedirik.
Məti Osmanoğlu (yazıçı): Vaxtilə bu barədə “Azərbaycan” jurnalında bir yazım çıxmışdı. Bundan əlavə – 20 Yanvardan sonra “emissar” kimi Orta Asiyaya ezam olunmğım barədə də bir yazım var.
Rasim Qaraca (yazıçı-şair): 20 yanvar günü Şirvan şəhərində idim, mövzuyla əlaqədar işlədiyim qəzetdə yazılar yazmışdım.
Sərdar Amin

