Politoloq komitə sədrinin fikri ilə razılaşmadı: “ÜAK-ı durduq yerə ləğv etmirlər ki”
05.03.2020 11:44Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Milli Məclisin Rusiya Dövlət Duması ilə dostluq qrupunun rəhbəri Əli Hüseynli bu gün parlamentdə çıxışı zamanı Ümumrusiya Azərbaycan Konqresinin bağlanması məsələsinə toxunub.
Об этом сообщает Роспрес
O bildirib ki, bu ilin mart ayında Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın ləğvi tələbi ilə Ali Məhkəməyə müraciət edib:
“Mən bir hüquqşünas kimi qeyd etməliyəm ki, Rusiya qanunvericiliyində sənədlərin düzgün olmaması ilə bağlı 3 addım nəzərdə tutulur. Bunlardan biri xəbərdarlıq, ikincisi cərimə və yalnız sonuncusu ləğvetmədir. Amma çox maraqlıdır ki, sonuncu addımı ilk addım kimi atmaq barədə qərar verilir. Çox istərdim ki, bu məsələyə siyasi yox, hüquqi cəhətdən yanaşaq. Mən ad çəkmək istəmirəm, amma Azərbaycandakı rus icmasının sənədlərində də çatışmazlıqlar var. Buna baxmayaraq, bizim tərəfdən heç vaxt ləğvetmə ilə bağlı məsələ qaldırılmayıb. Çünki bu, hüquqi sistemdə ən sonuncu addımdır”.
Problemli məsələ ilə bağlı A24.Az-a açıqlama verən siyasi şərhçi Zərdüşt Əlizadə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) durduq yerə ləğv olunmadığını deyib:
“ÜAK-ın ləğv edilməsi məsələsi artıq bir neçə gündür ki gündəmdədir. Hətta iş o yerdədir ki, Ali Məhkəmə bu məsələyə baxacaq. Durduq yerə bu məsələ ləğv etməyə qədər gəlib çıxmayıb ki?. Vaxtında sənədləri hazırlayıb, işlərini düzgün qururardılar, indi də bu proses baş verməzdi. Yenə də vurğulayıram ki, bu cəmiyyət ləğv olunsa belə, iki ölkə arasındakı münasibətlərə heç bir təsir göstərməyəcək”.
Politoloq xüsusi vurğuladı ki, diasporumuzun uğursuz fəaliyyət ÜAK-ın belə asanlıqla ləğv edilməsinə gətirib çıxarır:
“Bizim orda fəaliyyət göstərən diasporlarımız çox acınacaqlı vəziyyətdədir. Diasporlarla iş üzrə Dövlət Komitəsinin işi-gücü dövlətimizi orda dəstəkləyən ən yaltaq adamları seçib, diaspor rəhbəri təyin etməkdir. Onları maraqlandırmır ki, həmin icma nə iş görür. Misal üçün Rusiyadakı azərbaycanlıları müdafiə etmirlər, ordakı azərbaycanlıları təşkilatlandırmırlar, orda yaşayan azərbaycanlılara hər hansı bir dəstək göstərmirlər. Diaspora orda heç bir iş görmür”.
Z.Əlizadə hesab edir ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr cəmiyyətlərdən asılı deyil:
“İki ölkə arasındakı əlaqələr əsla belə cəmiyyətlərdən asılı vəziyyətdə olmur. Nə burda olan, nə də Rusiyada olan cəmiyyət hökumətlər üçün heç bir rol oynamır. Azərbaycan cəmiyyəti dövlət üçün hansısa bir rol oynayırmı? – Yox. Konkret olaraq Rusiya-Azərbaycan əlaqələri hər iki hökumətin özündən asılıdır. Bu cəmiyyətlərin gördükləri işlər yalnız gözdən pərdən asmaqdır, görüntü xatirinədir”.
Qeyd edək ki, mətbuatda yayılan informasiyalara görə, Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı məsələsinə aprelin 11-də baxacağı və müvafiq qərar çıxaracağı gözlənilir.
Orxan Aslanlı, A24.Az

