Problemli dərman satışdan qaldırılıb – “AzərFarm”dan AÇIQLAMA
05.03.2020 11:47Məlum olduğu kimi, Səhiyyə Nazirliyi (SN) “AzərFarm” Ltd şirkətinin istehsalı olan “Kalsium xlorid” 5%-li 100 ml məhlul dərman preparatının satışına qadağa qoyub. SN-nin məlumatına görə, artıq həmin dərman əczaçılıq şəbəkəsindən yığılıb. Bu barədə ötən gün verilən rəsmi açıqlamada problemin səbəbi kimi bu dərmanın istehsalı zamanı texniki səhvə yol verildiyi göstərilir. Odur ki, bu barədə detallı məlumat verilmədiyi üçün cəmiyyətdə narahatlıq yaranıb.
Об этом сообщает Руспрес
Digər tərəfdən, məsələ burasındadır ki, həmin dərmanların satış şəbəkələrindən yığışdırılması prosesi az vaxt apara bilməz və böyük ehtimalla bu müddətdə insanlar sözügedən preparatdan istifadə ediblər. Bəs bu preparatın insanların səhhətində yarada biləcəyi mümkün fəsadların məsuliyyətini kim daşıyır?
Saytımız cəmiyyət üçün aktual olan və narahatlıq yaradan məsələ ilə bağlı “AzərFarm” Ltd-dən münasibət öyrənib.
Soyadını və vəzifəsini deməyən (dəfələrlə təkid etməyimizə rəğmən, soyadını və vəzifəsini demədi, adını isə kiminləsə məsləhətləşdikdən sonra səsləndirdi) və özünü şirkətin rəsmisi kimi təqdim edən Tünzalə xanım deyir ki, “Kalsium xlorid” 5%-li 100 ml məhlul satışdan qaldırılıb və heç bir narahatçılığa əsas yoxdur. Onun sözlərinə görə, söhbət yalnız 5%-lik “Kalsium xlorid” preparatından gedir.
“Azərbaycan bazarında satılan “Kalsium xlorid” dərmanı yalnız “AzərFarm” Ltd şirkətinin istehsalıdır, yoxsa xaricdən idxal olunan da var” sualımıza gəlincə, şirkət rəsmisi bu barədə dəqiq məlumata malik olmadığını söyləyib: “Bu barədə heç nə deyə bilmərəm. Biz yalnız öz istehsalımıza cavabdehik. Bizim istehsaldan başqa, digər ölkələrdən də alınıb-alınmadığı barədə məlumatım yoxdur. Bir daha deyirəm ki, sadəcə, dərmanın istehsalı zamanı texniki problem olub, başqa nəsə yoxdur”.
“Bəs nə qədər dərman geri çağrılıb”sualına cavab olaraq şirkət rəsmisi deyib ki, elə bir kütləvi proses olmayıb: “Yəni, 3-5 min -nə olubsa, hamısı geri qaytarılıb”.
“Görünür, problem çoxdan olub, baxmayaraq ki, rəsmi məlumat dünən yayılıb. Çünki dərmanların bütün satış şəbəkələrindən yığışdırılması prosesi az vaxt apara bilməz. O vaxta kimi də çox güman ki, cəmiyyət həmin dərmandan istifadə edib. Yeri gəlmişkən, sosial mediada həmin dərmandan zəhərlənmə barədə məlumat da verilmişdi” fikrindən sonra Tünzalə xanım deyib ki, “Kalsium xlorid” dərmanından zəhərlənmə barədə yayılan məlumatların heç bir əsası yoxdur.
O ki qaldı dərmanların yığışdırılması ilə bağlı prosesin nə vaxta kimi aparılmasına, şirkət rəsmisinin sözlərinə görə, prosesin aparıldığı vaxt bəllidir və bunu Səhiyyə Nazirliyinə ünvanladıqları rəsmi məktubda qeyd ediblər: “Dərman satışa buraxılan kimi problem aşkarlanıb və dərhal satış məntəqələrindən yığışdırılıb. Narahat olmayın, problemin qarşısı alınıb. Heç bir narahatçılığa əsas yoxdur”.
Qeyd edək ki, ötən gün Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli deyib ki, “AzərFarm” Ltd şirkəti tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə məktub daxil olub. Məktubda şirkətin istehsal etdiyi 036 seriyalı, istifadə müddəti 01.2017-ci ilədək olan “Kalsium xlorid” 5% 100 ml məhlul dərman vasitəsinin istehsalı zamanı bəzi texniki problemlərin olması ilə bağlı həmin seriyanın satışının dayandırılması və 036 seriyalı “Kalsium xlorid” 5% 100 ml məhlul dərman vasitəsinin aptek şəbəkəsindən geri qaytarılmasına köməklik göstərilməsi xahiş edilib: “Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olmuş məlumat əsasında müvafiq sərəncamla “AzərFarm” Ltd şirkətinin istehsal etdiyi adı çəkilən dərman vasitəsinin satışına və istifadəsinə müvafiq araşdırma aparılana qədər qadağa qoyulub və əczaçılıq şəbəkəsindən yığılması tam təmin edilib”.
Xatırladaq ki, sosial şəbəkələrdə Azərbaycanda “Pereqidrol” (30%) və “Kalsium xlorid” dərmanlarına etiketlərinin səhv vurulması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, bu səhv nəticəsində artıq 2 uşaq ölümü qeydə alınıb.
Atif Sarıxanlı

