“Qarabağ” klanı ÇÖKÜR: Orduya məcburi ianə yığılır – TƏHLİL
05.03.2020 11:50Hərbi-siyasi icmalçı Nəriman Qarayev
Об этом сообщает Руспрес
Tarix təkrar olunur deyənlər yanılmayıblar. Keçən il aprel ayında “Birinci xanım ünvanı uğrunda savaşda ölən erməni əsgərləri və yaxud aprel tezisləri” adlı bir məqalə yazmışdım. Məqalə Ermənistan siyasi həyatında baş verən və gələcəkdə baş verəcək hadisələrlə əlaqədar idi. Məqalədə qeyd olunan məsələlər yazıldığı kimi də reallaşdı. Tarixin çarxı bir il sonra yenə aprel ayında “aprel tezisləri”ni bu dəfə fərqli mövzuda təkrarlamağa imkan yaratdı. Bu dəfəki “Aprel Tezisləri” 21-23 aprel tarixlərində Ermənistanda hərbi təhsil və maarifləndirmə məsələlərinin həlli istiqamətində keçirilmiş “Millət-Ordu 2017” ümummilli forumunun mahiyyəti və onun mümkün nəticələri haqda olacaq.
Əvvəla sırf statistik baxımdan bəzi məlumatların qeyd edilməsini vacib hesab edirəm. Belə ki, forum Ermənistan Müdafiə Nazirliyi ilə Ermənistan Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi tədbir idi. Forumu 2016-cı ilin payızından Ermənistanda ortaya atılmış yeni “Millət – Ordu” milli konsepsiyasının təqdim etmə mərasimi kimi də dəyərləndirmək mümkündür. Forum iştirakçılarına konsepsiya çərçivəsində iki layihə təqdim olunub. Bunlardan biri ali təhsil alan gənclərə hədəflənmiş “Şərəf Duyuram” (erm. “Pativ Unem”, rus. “Çest İmeyu”) layihəsidir. Digəri isə, müddətli hərbi xidmətə çağırılacaq gənclərə hədəflənmiş “Mənəm” (erm. “Yes em”, rus. “Ya”) layihəsidir. Bu ilin payızında konsepsiya tam hazırlanmış mahiyyəti ilə təsdiq edilməsi üçün Ermənistan parlamentinə təqdim olunacaq. Konsepsiyanın hələlik tam hazır olmayan layihə variantı əsasən aşağıdakı istiqamətləri əhatə edir:
1. Gənclərdə orduda xidmət etmə həvəsinin, istəyinin artırılması.
2. Keçmiş döyüşçü komandirlərin hərbi işlərdə iştirakının təmin edilməsi.
3. Ordu ilə bağlantısı olan şəxslərin və onların ailə üzvlərinin dövlət səviyyəsində ehtiyaclarının qarşılanması.
4. Rəsmi aylıq maaş alan vətəndaşların məcburi qaydada orduya ianələrinin təmin edilməsi.
İlk baxışda qeyd olunan istiqamətlər Ermənistan cəmiyyəti tərəfindən alqışlanacaq istiqamət və mövzulardır, lakin nədənsə Ermənistan cəmiyyətinin alqış səsləri eşidilmir, eşidilənlər isə imitasiyadan başqa bir şey deyil. Gəlin yuxarıda qeyd olunan istiqamətlərin mahiyyətini bir-bir açıqlayaraq bunların niyə alqışlanmadığını anlayaq.
Birincisi, gənclərin orduda xidmət etmə həvəsinin, istəyinin artırılması üçün yaxın günlərdə keçirilmiş forumda tədbir iştirakçılarına iki layihə, “Şərəf Duyuram” və “Mənəm” layihələrinin məğzini açıqlamağa çalışaq. “Şərəf Duyuram” layihəsi ali təhsil alan gənclərə istiqamətlənmiş bir layihədir. Layihədə qeyd olunur ki, ali təhsil alan gənc könüllü müraciət əsasında, müəyyən olunmuş psixoloji və digər testlərdən keçdikdən sonra 2-ci kursdan 4-cü kursa qədər həftənin şənbə günləri Vazgen Sarkisyan adına Hərbi İnstitutda kurs keçdikdən sonra leytenant rütbəsi alır. Rütbə aldıqdan sonra 3 il orduda zabit kimi xidmət edir. Xidməti boyunca ordudan maaş alır və xidməti bitdikdən sonra maliyyə bonusu alır. Radioelektron mübarizə bölmələrində xidmət edənlər isə 5 il zabit kimi xidmət etməlidir. Bu layihənin könüllülük prinsipinə dayanan formasından əlavə bir də məcburiyyət prinsipinə əsaslanan forması var. Məcburiyyət prinsipinə əsaslanan forma xarici ölkələrdə dövlət hesabına ali təhsil alan gənclərin təhsillərini başa vurduqdan sonra orduda məcburi qaydada xidmətə cəlb edilmələri olacaq. Bu gənclər də məcburi olaraq 10 il orduda xidmət etməlidir. 10 illik xidmət bu şəxslərə imkan verəcək ki, hərbi xidmətdən mülki xidmətə maneəsiz keçsin, yəni bir növ tramplin rolu oynayacaq. Qeyd etmək istərdim ki, İsraildə bu model tətbiq edilir. Layihənin məqsədi Ermənistan müdafiə nazirinin qeyd etdiyi kimi ciddi zabit ehtiyyatının hazırlanması məqsədini daşıyır.
Hərbi və siyasi ekspertlərin şərhlərini ümumiləşdirsək belə bir mənzərə ilə qarşılaşırıq. 1991-ci ildən ildən etibarən Ermənistanda ordu quruculuğu sahəsində görülmüş işlər və xüsusən zabit kadrların hazırlanması istiqamətində sərf olunmuş əməyin faydalı iş əmsalı demək olar ki, sıfıra bərabər olub, yəni bu sahədə ya ümumiyyətlə iş aparılmayıb və yaxud aparılan iş yarıtmaz şəkildədir. 2016-cı ilin aprelində “4 günlük müharibə” (ifadə ermənilərə aiddir) zamanı erməni xalqı şahid oldu ki, separatçı erməni hərbi birləşmələri ilə Azərbaycan Ordusunun hərbi qoşunlarının təmas xəttində “xidmət” edən “zabit” heyəti yararsız və bacarıqsız vəziyyətdədir. 2016-cı ilin aprel ayında təmas xəttinin Ağdərə istiqamətində işğalçı erməni hərbi birləşmələrinin komandanlığını keçmiş döyüşçü, ehtiyyatda olan general Vitali Balasanyanın öz üzərinə götürməsi faktı da onu sübut etdi ki, mövcud “hərbi komandanlıq” öz funksiyasını yerinə yetirəcək qabiliyyətdə deyil. Analitiklər hazırlanmış konsepsiyanın həyata keçirilməsi nəticəsində qeyd olunan problemin aradan qalxacağına inanmırlar, üstəlik vəziyyətin daha da pisləşəcəyini konkret arqumentlərlə əsaslandırırlar. Belə ki, mövcud klanın (Qarabağ ermənilərinin klanı) hakimiyyətində dövründə bu konsepsiyanın tətbiqi hakim klanın ömrünü daha da uzadacağını və daha sağlam kök salacağını qeyd edən ekspertlərin izahı budur ki, onsuz da ali təhsil alan gənclər təhsil müddətlərini başa vurduqdan sonra bir illik hərbi təhsil almaq imkanları var və hərbi təhsildən sonra minimum 3 illik müqavilə bağlayaraq zabit kimi orduda xidmət edə bilirlər. Beləliklə təqdim olunan konsepsiya bu istiqamətdə yeni nəsə təklif etmir. Layihədəki yenilik xarici ölkədə dövlət hesabına təhsil alan və təhsili başa vurduqdan sonra məcburi qaydada silahlı qüvvələrdə 10 illik xidmət etmədir. Statistik məlumatlar onu göstərir ki, xaricdə dövlət hesabına təhsil alan tələbələrin böyük əksəriyyəti hakim klanda təmsil olunan məmurların övladları və yaxın qohumlarıdır. Mövcud vəziyyətdə dövlət hesabına xaricdə təhsilini başa vurmuş hakim klanın övladları və yaxınları 10 illik hərbi xidmətdən sonra istədikləri mülki vəzifəyə rahatlıqla yerdəyişmə edə biləcəklər. Bugünkü İsrail dövlətinin siyasi elitasına nəzər yetirsək əksəriyyətinin keçmiş ordu mənsubu şəxslərin olduğunu görərik. Ermənistan hakimiyyəti bütün sahələrdə olduğu kimi bu sahədə də yəhudi əməllərini kopyalamaq yolu ilə gedir. Lakin yəhudilərdən fərqli olaraq Ermənistan hakimiyyəti bu cür imkanı hərbi məktəb bitirmiş kadrlı zabitlərə tanımayıb. Bu cür imkanı kadrlı zabitlərə tanımamasının səbəbi isə odur ki, hərbi məktəbləri bitirən zabitlər hakim klana mənsub olmayan sadə emənilərdir. O ki, qaldı ölkədə savadlı zabit rezervinin yaradılması fikrinə bu da xəyaldan başqa bir şey deyil. Çünki ehtiyyatda olan zabitlərin 90%-i Ermənistandan kənarda yaşayır və heç bir halda ölkəyə qayıtmaq fikirləri yoxdur. 2016-cı ilin aprel döyüşləri zamanı xaricdə yaşayan erməni zabitlərinin demək olar ki, heç biri silahdaşlarına yardıma gəlmədi.
“Millət-Ordu” konsepsiyası çərcivəsində “Mənəm” layihəsi də Ermənistan cəmiyyəti üçün yenilik deyil. Layihəyə görə həqiqi hərbi xidmətə cəlb edilən çağrışçı könüllü şəkildə 3 illik müqavilə bağlayaraq ön xəttə xidmət edir. 5 aylıq hərbi təlimdən sonra döyüş növbətçiliyinə başlayan müddətli müqaviləli əsgər 1+1+2 formatı ilə xidmətə başlayır. Hər ayın 1 həftəsini evdə məzuniyyətdə, 1 həftəsini hərbi hissədə, 2 həftəsini ön xəttə döyüş növbətçiliyində keçirir. Burda təklif olunan formatla hal-hazırda Ermənistan ordusunda mövcud olan format arasında nəticə etibarilə heç bir fərq yoxdur. Mövcud format 15 gün məzuniyyət, 15 gün ön xətt növbətçiliyi şəklindədir. Məsələyə maliyyə baxımından yanaşsaq burda da hər hansı artım nəzərdə tutulmayıb. Hər iki formatda aylıq maaş 300 ABŞ dolları məbləğindədir. Köhnə formatda 2 il xidmət edib 24 ay qeyd olunan maaş, yeni formatda 3 il xidmət edib 36 ay aylıq 300 ABŞ dolları məbləğində maaş ödəniləcək. “Mənəm” layihəsində 2 yenilik var, bunlardan biri odur ki, hərbi qulluqçunun ailəsi hərbi hospitallarda pulsuz müayinə və müalicə xidmətindən istifadə edə biləcək. Digər yenilik isə odur ki, hərbi qulluqçular bankdan kredit götürərkən zaminə ehtiyac olmayacaq. Ermənistandakı hərbi hospitallardakı vəziyyət ölkə mediasında hər gün də olmasa hər həftə tənqid hədəfidir. Nəticə etibarilə hərbi hospitallardan pulsuz müayinə və müalicə xidmətə alacaq hərbi qulluqçuların ailələri keyfiyyətli xidmət görməyəcək. O ki, qaldı hərbi qulluqçuların zaminsiz kredit almaq məsələsinə bu heç də asan reallaşacaq məsələ deyil, çünki Ermənistandakı bankların əksəriyyəti yerli kapital hesabına formalaşmayıb. Reallaşsa belə bu hal müddətli müqaviləli hərbi qulluqçuların xeyrinə deyil. Göründüyü kimi bu layihədə hər hansı bir cəlbedici yenilik yoxdur.
İkinci istiqamət keçmiş döyüşçü komandirlərin hərbi işlərdə iştirakının təmin edilməsidir. İlk baxışda bu istiqamət əhəmiyyətli görünə bilər, lakin bu heç də belə deyil. Təsəvvür edin hal-hazırda Ermənistanda hakimiyyətdə olan və geniş imkanlı səlahiyyət sahibləri olan şəxslər kimlərdir? Təbii ki, keçmiş döyüşçülər. Belə olan halda hakimiyyət keçmiş döyüşçülərin orduya müdaxiləsinə yaşıl işıq yandırılmış olur və bunu orduya ictimai nəzarət formasında təqdim edir. Məsələ burasındadır ki, hakim klan bu məsələdə heç də göründüyü kimi səmimi deyil, əgər bu belə olsaydı ictimai nəzarət məhz keçmiş döyüşçü komandirlər üçün deyil, eyni zamanda bu ictimai nəzarətin olması üçün illərdir mübarizə aparan QHT-lər üçün də məqbul olardı. Bundan başqa layihədə keçmiş döyüşçü komandirlərə əməliyyat şəraitində ehtiyac yaranarsa, komandanlığı öz üzərlərinə götürə bilmə ixtiyarı da veriləcək. XX əsrin əvvəllərindən etibarən erməni könüllü döyüşçülərin erməni milləti qarşısındakı xidmətləri, müxtəlif tarixlərdə erməni ideyaları uğrunda terror törədən ermənilərin erməni milləti qarşısındakı xidmətləri, Qarabağ müharibəsində könüllü erməni döyüşçülərinin erməni milləti qarşısındakı xidmətləri nəzərə alınaraq bu istiqamət “Millət-Ordu” konsepsiyasına salınıb. Ayrıca, bu istiqaməti konsepsiyaya salanların arqumentlərindən biri odur ki, 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, nizami erməni ordusu qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək qabiliyyətində deyil. Düzdür müxtəlif dövrlərdə sadalanan erməni milləti üçün reallaşdırılan davranışlar ermənilərə məqsədlərinə çatmağa kömək etmişdir, lakin bu düşüncə dövlətçilik düşüncəsi ilə uzlaşmır. Dövləti dövlət edən başlıca faktor nizami ordudur. Ermənistan hakimiyyəti kadrlı nizami ordu əvəzinə “nizami fidai ordusu” yaratmaq xəttini tutub. Əslində Sarkisyan Qarabağ cəbhəsində Ermənistan əleyhinə baş verəcək mümkün dəyişiklik zamanı məsuliyyəti təkbaşına daşımamaq üçün xalqın rəğbət bəslədiyi “nizami fidai ordusu”nu orduya sərbəst müdaxiləsini təmin etmək istəyir.
Üçüncü istiqamət ordu ilə bağlantısı olan şəxslərin və onların ailə üzvlərinin dövlət səviyyəsində ehtiyaclarının qarşılanmasıdır. Daha əvvəl qeyd etdiyim kimi ordu mənsublarının ailə üzvlərinin dövlət səviyyəsində ehtiyaclarının qarşılanması dedikdə bütün ordu mənsubları nəzərə alınmır. Burda yalnız müddətli müqaviləli hərbi qulluqçulardan söhbət gedir. Layihə parlamentə təqdim olunduqdan sonra bu istiqamətdə hər hansı əlavələrin olub olmayacağı bu sahədə vəziyyətin kardinal şəkildə dəyişəcəyi anlamına gəlmir. Bura hərbi qulluqçulara pulsuz və ya aşağı faiz ipoteka ilə evlərin verilməsi bəndləri əlavə oluna bilər. Bu Ermənistan cəmiyyəti üçün yenilik deyil, çünki onsuz da hərbi qulluqçulara pulsuz evlər paylanır.
Dördüncü istiqamət rəsmi aylıq maaş alan vətəndaşların məcburi qaydada orduya ianələrinin təmin edilməsidir. Konsepsiyada nəzərdə tutulub ki, rəsmi maaş alan hər bir erməni vətəndaşı aylıq maaşından 1000 dram (təxminən 2 avro) orduya məcburi ianə ödəməlidir. Guya bu simvolik məbləğlə vətəndaşda orduya qarşı məsuliyyət yaratmaq istəyirlər. Burada qəribə bir paradoks yaranır yardım məcburidirsə bu vergi sayılır, yardım könüllülük prinsipinə dayanan davranışdır. Ermənistan vətəndaşı ordusuna yardım etmək düşüncəsində olsaydı bunu könüllü şəkildə edərdi. Ayrıca, Ermənistan vətəndaşı diaspordan gələn maliyyə ilə mövcudluğunu sürdürür, 2 avro olsa belə onun ianə ödəyəcək nə halı, nə imkanı nə də düşüncəsi var.
Son olaraq onu qeyd etmək istərdim ki, “Millət-Ordu” konsepsiyası konkret olaraq Ermənistanda hakimiyyətdə olan “Qarabağ Klanının” hakimiyyətinin gücləndirilməsinə xidmət edir. Ermənistan vətəndaşı separatçı erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsində ölmək istəmir. Ermənistan vətəndaşı illərdir ona yedirilən “məğlubedilməz erməni ordusu” tipli şüarlarının mifdən başqa bir şey olmadığını 2016-cı ilin aprel ayında dəstə-dəstə qapılarını döyəcləyən sink tabutlarda gördü. Bu günə qədər Ermənistan müdafiə nazirliyi aprel döyüşləri zamanı ölən hərbçiləri haqda dəqiq məlumat açıqlamayıb. Hərbi məsələlərlə məşğul olan erməni QHT-ləri 300-dən yuxarı hərbi qulluqçunun öldüyünü qeydə aldıqlarına baxmayaraq Ermənistan rəhbərliyi susur.

