“Qəlyan çəkib beyni dumanlandırmaqdansa…” – Deputat sərt DANIŞDI
05.03.2020 11:53“Etiraf edək ki, köhnə kitabxanaların əksəriyyəti bərbad vəziyyətdədir və yenidən qurulmasına ehtiyac var”.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ötən gün Bakıxanov qəsəbəsində yenidən təmir olunmuş kitabxana açılışı ilə bağlı çıxışında deyib.
Deputat bildirir ki, martın 28-də Bakıxanov qəsəbəsində Sülh küçəsində beşmərtəbəli binanın ilk mərtəbəsində yenidən təmir olunmuş bir kitabxana açıldı:
“Əvvəllər Mədəniyyət Nazirliyinin balansında olan bu kitabxana yeni pilot layihə əsasında köklü şəkildə həm görünüşü, həm də mahiyyəti dəyişilərək əhalinin istifadəsinə verildi. Bəlkə də son vaxtlar dəvət olunduğum ən ürəyimə yatan tədbir oldu. Tədbirdə həmçinin Mədəniyyət və Turizm naziri, Sabunçu rayon icra başçısı da iştirak edirdi. Çıxışımda qeyd etdim ki, bu artıq sovet kitabxana modelindən modern kitabxana modelinə keçid hadisəsidir. Kitabxananın içində kafe, tədris otaqları, rəqs dərnəyi, rəssamlıq və məktəbəqədər hazırlıq kursları üçün yerlər də nəzərdə tutulub. Bu model Türkiyə və Avropa ölkələrində çox yayğındır. Etiraf edək ki, köhnə kitabxanaların əksəriyyəti bərbad vəziyyətdədir və yenidən qurulmasına ehtiyac var”.
Millət vəkili həmçinin vurğulayıb ki, ölkəmizdə oxucu qıtlığı da bir gerçəkdir:
“Mövcud təhsil sistemimiz daha çox mütailəli deyil, əzbərçi şagird və ya tələbə hazırlamaq profilli olduğundan kitabxanalara üz tutan, yaxud da evdə və ictimai nəqliyyatda, yaxud iş yerərində oxumağa həvəsli insanların yerini mobil telefonlarla qurdalanmağa meyilli mütləq əksəriyyət tutub. Fikrimcə mütailə hobbisi olanların sayının azalmasının başqa bir ciddi səbəbi də var. Öz doğma dilində ədəbiyyatın maraq arealı xeyli dardır və tərcümə sektoru ürəkaçan vəziyyətdə olmadığından yetərli sayda zəruri ədəbiyyatı tərcümə etmək mümkün olmur. Digər dillərdə ədəbiyyatın oxunması ilə bağlı problem isə bir qədər fərqlidir. Son vaxtlar ingiliscə, rusca və Anadolu türkcəsində çapdan çıxan ədəbiyyatların az alınmasının və oxunmasının səbəbi əksəriyyətin yalnız danışıq dilini öyrənməsi və ədəbi dilə ciddi maraq göstərməməsi ilə bağlıdır. Hər halda sevinirəm ki, birinci belə bir kitabxana məhz deputatı olduğum Bakıxanov qəsəbəsində açıldı. Qəlyan çəkib beyni dumanlandırmaqdansa, oxuyub beyni nurlandırmaq daha faydalıdır. Ümid edirəm ki, burası gənclərimizn sevdiyi yerlərdən birinə çevriləcəkdir” – deyə F.Mustafa əlavə edib.
Orxan Aslanlı

