Qobustanlı İsrail boşadığı arvadını evə salıb, qapını qıfılladı, hülqumunu kəsdi – Sonra da hamamda yuyunub… – Bakıda şok məhkəmə
05.03.2020 11:56Bakıda keçmiş arvadını amansızlıqla öldürən Qobustan rayon sakini İsrail Cəlilovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Об этом сообщает Руспрес
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
İttihama görə, bu il martın 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan İsrail Cəlilov mübahisə zəminində keçmiş həyat yoldaşı Aysel Cəlilovanın boğazını bıçaqla kəsib. Aysel Cəlilova qan itirməsindən ölüb.
Məlum olub ki, qətlə yetirilən Aysel Cəlilova hadisədən iki ay əvvəl həyat yoldaşı İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Biləcəri qəsəbəsində atasının evində yaşayıb.
Son bir ayda İsrail Cəlilov ailəsini bərpa etmək niyyətinə düşüb. O, daha sonra qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi ilə oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İsrail Cəlilovu evə buraxıblar.
Hadisə baş verən günü, axşam saat 23:00 radələrində keçmiş ərinin yanında olarkən Aysel Cəlilovanın mobil telefonuna zəng gəlib. İsrail Cəlilov zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə qadın ona dəqiq söz deməyib.
Bundan əsəbiləşən keçmiş ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb. Qapını arxadan bağlayıb və mətbəxdən götürdüyü bıçaqla qadının boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı mərhumun atası və qardaşı evdə olub.
Həyat yoldaşını qətlə yetirən İsrail Cəlilov hamamda yuyunaraq evdən çıxıb, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedərək təslim olub.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsrail Cəlilov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın daha yüngül cəza ilə əvəz edilməsini istəyib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

