Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Quran yunan fəlsəfəsinin təsirindən bəhrələnib – Ziya Balıyevlə MÜSAHİBƏ

05.03.2020 11:57

Saytımız sosial şəbəkələrdə kifayət qədər  izlənilən və ateizm tərəfdarı kimi gənc nəsil arasında qəbul edilən, fikirləri tirajlanan  Ziya Balıyevlə dinlər, İslam, Quran mövzusunda müsahibə edib. Həmin müsahibəni təqdim edirik:

Об этом сообщает Футляр от виолончели

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Ziya Baliyev Bakı Biznes Universitetini bitirib və hazırda “Tom dayının daxması” kitab mağazasını işlədir.

-Sizin üçün ateizm nə deməkdir?

-Ateizm, ümumiyyətlə, bir tanrını, heç bir ilahi varlığı qəbul etməməkdir. Ateizm mənim üçün sadəcə elmin dediyi şeyləri qəbul etmək, kənar bir şeyləri isə qəbul etməməkdir. Lakin bəzi fərziyyələr də var ki, elmin məntiqinə uyğun gəlirsə, o qəbul oluna bilər. Mən sadəcə elmlə getməyi xoşlayıram, elmdən kənar başqa bir şeyləri qəbul eləmirəm.

-Sizcə, dinə beynində yaranan suallara cavab tapa bilməyənlər inanır?

-Fərq etməz… Ateistlər arasında sualına cavab tapanlar da var, tapmayanlar da … Din sırf inanc məsələsidir. Yəni bir növ elm və fəlsəfə ilə uyğunlaşdırmaq olmur, din daxildən gələn bir şeydir. Lakin araşdırma aparan insan da dini qəbul edə bilər, araşdırmalardan uzaq olan insan da. Elə insanlar var ki, məsələn; fizika üzrə Nobel mükafatı alan Abdus Salam. -Bəs siz nə zamandan bu yolu tutmusunuz?

-Düzü, mən araşdırıb ateist olmamışam, ateist olub araşdırmışam. Hardasa 18 yaşımda beynimdə bir çox suallar yaranmışdı, ondan sonra bəzi məqamları araşdırmağa başladım. Dinlər mənə məntiqsiz gəldi, düzü yaşım da az idi. Heç nə oxumamışdım, heç nə bilmirdim. Həzrəti Əli peyğəmbərdir, yoxsa imam, bunu belə bilmirdim. Ondan sonra başladım bəzi araşdırmalarıma. Lakin araşdırdıqca daha çox qopmalar oldu. Yəni təkamül nəzəriyyəsi, “Big Bang”, elmi nəzəriyyələr, fəlsəfi cərəyanları oxuduqca xeyli qopmalar oldu. Onu da deyim ki, ailəmizdə ibadət edən kimsə olmasa da, ailəmiz əhli-sünnədir.

-Təkamül nəzəriyyəsinin, “BigBang” kimi elmi nəzəriyyələrin adlarını çəkdiniz. Amma dünyada alimlərinin əksəriyyəti nəsə bir kəşf etdiyi zaman, din xadimləri buyurur ki, buyurun sizin kəşfiniz Quranda çoxdan var.

-Ümumiyyətlə, ərəb dili elə bir dildir ki, plastilin kimi hər tərəfə əymək olur. Ona görə də bunun kimi fikirlər çıxa bilər. Məsələn; Zəriyət surəsinin səhv etmirəmsə, 37 və ya 47-ci ayələrində “Biz kainatı yaratdıq və onu genişləndiririk” yazılıb. Araşdırdım, 60-cı illərdən əvvəl, yəni “BigBang”in irəli sürüldüyü illərdən əvvəl bütün tərcümələrdə “Biz güc-qüdrətə malikik” kimi tərcümə olunur. Yəni heç birində genişləndiririk kimi getmir. Amma “BigBang” ortaya atılandan sonra bu ayə məhz “genişləndiririk” kimi tərcümə olunur. Yəni, bu sırf ərəb dilinin zənginliyi ilə bağlıdır, buna elmi ad verə bilmərik. Düzdür, istərdim, ərəb dilini öyrənib Quranda yazılanları təfsirlərdən deyil, məhz kitabı oxuyaraq anlayım. Amma bildiyim qədəri ilə ərəb dili çox çətin bir dildir və təqribən 26 ləhcəsi var. Əgər təfsiri oxuya bilirsənsə, məncə ərəb dilini bilməyə o qədər də ehtiyac yoxdur.

Azərbaycanda da Quranı sırf hədislərdən tərcümə ediblər deyə, bir çox problemlər çıxır. Sizə misal çəkim: Ayə var ki, ərəb dilində “o gün pərdələrin açıldığı zaman…”ərəb dilindən tərcüməsi belədir. Lakin Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsində “baldır göründüyü zaman” deyə qeyd olunub. Bu isə Buxarinin hədislərindən gəlmə bir tərcümədir ki, “tanrı axirətdə öz baldırını göstərəcək” kimi ifadə edilir. Yəni tərcüməni sırf hədislərə əsasən eləyiblər.  Bu gün düzdür, hər kəs iddia edir ki, mən Quranı daha yaxşı tərcümə edəcəm. Amma məlumdur ki, tərcümə heç vaxt ideal olmur, təfsirlərə baxmaq lazımdır. Ümumiyyətlə, quranilərin Quran tərcüməsi daha təhlükəlidir. Çünki onlar hədislərə baxmadan, öz məntiqlərinə uyğun Quranı tərcümə edirlər. O da çox problem yaradır. Məsələn, Quranda belə bir şey var ki, oğrunun əli kəsilməlidir. Quranilər deyir ki, oğrunun əli etdiyi əməldən kəsilməlidir. Yəni bunun praktikasına baxanda görürük ki, adamlar ciddi-ciddi oğruların əllərini kəsiblər.  Yəni biz bunu bu cür tərcümə edə bilmərik. Quran Hz. Muhamməd Peyğəmbərə gəlibsə və özü bunu tətbiq edibsə, biz indi bunu necə deyə bilərik ki, bunun tərcüməsi oğurluqdan əlini kəsmək kimidir?!

-Bizim bir fəlsəfə müəllimimiz vardı, Ağalar Məmmədov. Onu bizə ateist kimi tanıtmışdılar, amma dərsində oturandan sonra gördük ki, bu insan Qurandan daha çox danışır. Qurandakı təhriflərdən danışırdı və iddia edirdi ki, Quranın əsl tərcüməsi insanlara çatdırılmır.

-Ağalar Məmmədovu tanıyıram. Hamı o iddianı irəli sürür ki, Quranda təhriflər var, mən Quranı daha yaxşı tərcümə eləyəcəm filan. Və Ağalar Məmmədovun ərəb dilini nə dərəcədə bildiyini bilmirəm. Bildiyim qədəri ilə alman dilini bilir. Amma yenə də qeyd edirəm, tərcümə heç vaxt ideal olmur. Bildiyim qədəri ilə Elşad Miri quranidir və quranilərin tərcüməsi daha təhlükəlidir. Çünki hədislərə baxmadan, öz məntiqlərinə uyğun tərcümə edirlər.

-Sizcə, islamın humanist bir peyğəmbəri olan Məhəmməd peyğəmbərimiz oğruların əlini kəsə bilər?

-Təbii! Bütün bunlar hədislərdə var. O dövr üçün bu humanist idi. Ümumiyyətlə, Qurana bəşəri baxmaq olmaz, dövrü baxmaq lazımdır. Bu gün biz Avropaya baxanda onlara radikal deyirik, amma dövrə nəzər yetirəndə ərəb bütpərəstlərinə görə çox humanist idi. Əlbəttə ki, bu günün gözü ilə baxanda təbii ki, radikal görünür. Biz bütün dinlərə dövrünə görə baxmasaq ortaya çoxlu problemlər çıxır. Məsələn; Talaq surəsi, 4-cü ayədə boşanma müddətindən danışır. Yəni qadınlar boşanma müddətindən sonra nə qədər gözləməlidir? Burda heyzdən kəsilmiş və hələ heyz olmamış qadınlar deyə söz keçir. Yəni hələ heyz olmamış qadın, yaşı həddən artıq az olan qadın deməkdir. Bəziləri bildirir ki, tibbi məsələlərə görə heyz olmamış qeyd edilib. Amma qətiyyən belə deyil. O dövrdə bütün səhabələr azyaşlı qızlarla – 8-9 yaşında evləniblər.

-Sizin danışdıqlarınızdan belə başa düşürəm ki, oxuduqlarınız sizin dini inancınıza təsir edib.

-Xeyir! Mənim ateist olmağıma səbəb qətiyyən Quran deyil. Mənim nə Quranla, nə İncillə, nə Tövratla, nə gittalarla problemim yoxdur. Mənim problemim sırf tanrı məsələsidir ki, elmi və fəlsəfi olaraq bunu qəbul eləyə bilmirəm. Düzdür, Quranda problemli gördüyüm məsələlər var.

-Quranda sizin üçün problemli gələn məsələ nədir?

-Qəlb! Bu günləri bəziləri bu mövzunu plastilin kimi əyib dəyişməyə çalışır, amma həqiqətən Qurani-Kərimdə çox problemli məsələdir ki, qəlb düşünmə orqanı kimi göstərilib. Bu da Aristotel fəlsəfəsindən keçmə bir şeydir. “Politika” əsərində Aristotel qəlbi iki yerə bölür: yarısı düşüncə, yarısı da hiss funksiyasını yerinə yetirir. Bütün din kitablarında Tövratda, İncildə də Aristotel fəlsəfəsindən keçən bu nəzəriyyəni görə bilərik. Bu, Quranda da var. Yəni qəlb sırf düşünmə orqanıdır. “Onlar düşünə bilmir, onların qəlbi möhürlənib”. Bircə Platon düşünmə orqanı kimi insan başını götürüb. Ümumiyyətlə, Aristotelin dinlərə böyük təsiri var.

-Düşünmürsünüz ki, oxuduğunuz kitablar da sizin təkcə düşüncə tərzinizə deyil, dini inancınıza təsir edir. Çünki kitabların əksəriyyətində din əleyhinə fikirlər səsləndirilib.

-Təbii ki, bizim fikirlərimizi müəyyənləşdirən oxuduğumuz kitablar, gördüyümüz nələrdirsə. Özümüzdən özümüzə təsir ola bilməz.

-Bəs həyatda baş verənlərə inanırsınız? İnanırsıznız ki, edilən hər hansı pis əməl insanın qarşısına çıxa bilər?

-Bumeranq?! Belə yanaşaq da bumeranqa…Deyək ki, mən pis adamam, islami dillə desək haram işlərlə məşğulam. Belə olan halda mənim ətrafımda olan dostlar, oturub-durduğum insanlar kimlər olacaq? Əlbəttə ki, mənim kimi haram işlər görənlər olacaq. Və sabah mənə bir şey eləyən də mənim ətrafımda olan insanlar olacaq. Əgər bu cür insanlarla oturub dururamsa, mənim xarakterim budursa, mənə pislik eləyən insanlar elə tanıdıqlarım olacaq. Amma istisnalar da ola bilər.

-Heç vicdanınız sizinlə danışır?

-Vicdanının nə olduğuna, necə yarandığına baxmaq lazımdır ki, bizdə olan vicdan hissinin nədən ibarət olduğunu başa düşək. Vicdan – yaxşı ilə pisi müəyyənləşdirən əxlaq müəllimidir. Burdan bir sual da yaranır: əxlaq nədir? Əxlaq da yaxşı ilə pisi ayıran bir hissdir. Mənə görə əxlaqsızlıq deyə bir şey yoxdur. Sadəcə yaxşı əxlaq var, pis əlxaq var. Əxlaqı da bizdə yaradan nədir? Bizdə bəzi fəlsəfi və dini iddialar var ki, tanrı bizim daxilimizə bir əxlaq hissi qoydu. Məsələn; Kantı ən çox aqnostiklikdən dinə sürükləyən əxlaq məsələsidir. Kant deyir ki, bütün arqumentlərə baxdıqda bilmək olmur tanrı var, yoxsa yoxdur. Yeganə məsələ əxlaqdır ki, mən ona baxanda tanrının varlığını düşünürəm. Amma bu gün Riçard Dokkins kimi bioloqlar əxlaq anlayışının genlə gəldiyini iddia edirlər. Yəni bunu bir tanrı məsələsi yox, təbii təkamül prosesi kimi gəldiyini bildirir. Genetik olaraq bizə nə qədər yaxın olan kimsə varsa, ona yaxşılıq etməyə çalışırıq. Riçard Dokkins belə bir sual verib: qatar gəlir və iki yol var, yolun bir ucunda 10 nəfər insan, digər ucunda isə bir nəfərdən ibarət sənin qohumundur. Sən qatarı hansı tərəfə istiqamətləndirərsən? Əlbəttə ki, 10 nəfərin üstünə. Bu da genetik yaxınlıqdan irəli gəlir. Niyə biz daha çox insanlara yaxşılıq edirik. Çünki insan geni bizə yaxındır, heyvanlar deyil. Biz Amerikaya düşsək və orda azərbaycanlı birisini görsək içimizdə ona qarşı xüsusi sevgi, sevinc olur. Niyə? Çünki azərbaycanlı şəxs genetik olaraq bizə daha yaxındır.

-Sizə görə hansı dinin sahibi əxlaqlıdır?

-Ümumiyyətlə, mən əxlaqı dinlərinə görə deyil, şəxslərə görə ayırıram. Bilirsiniz ki, elə dindar insanlar var elə əxlaqsız hərəkətlər eləyirlər, və yaxud elə dinsiz şəxslər var elə əxlaqlı hərəkətlər eləyirlər. Amma sırf əxlaq qaydalarını qoymaq baxımından islam dini daha yaxşıdır, məqsədəuyğundur. İslam dini daha çox əxlaqa çağırır.

-Dindən danışıb, əxlaqı yerində olmayan dindarlarla çox rastlaşmısınız?

-Ətrafımızda olan insanların 99 faizi belədir. Əgər yalnız Azərbaycandan söhbət gedirsə, məni ateist olaraq qınayan dindarlar görmüşəm ki, içki də içir, zina da edir, yəni nə desən edir. Amma mənə gələndə, qarşılaşdığımız zaman məni seçimimə görə danlayır.

-Dini olmayan bir şəxs kimi sən zina etməmək üçün hisslərini,  fikirlərini necə tənzimləyə bilərsən?

-Ümumiyyətlə, kişilər üçün şəhvət məsələsi həddən artıq çətin məsələdir. Yəni doğurdanda bunu kişidə nizamlamaq dəhşət çətin problemdir. Hətta Tolstoy özünün “İblis” əsərində də bu məsələyə toxunur, kişi evlənəndən sonra əvvəllər münasibətdə olduğu qadını görür və ona qarşı hissləri oyanır. Və həyat yoldaşına xəyanət etsinmi, etməsinmi deyə daxilində mübarizə gedir. Tolstoyun qəhrəmanı əsər boyu daxilində baş qaldıran bu mübarizə ilə gedir və sonda özünü öldürür. Mən gələcəkdə istəmərəm ki, həyat yoldaşıma  xəyanət edim, bunu qətiyyən qəbul eləmərəm. Amma “eləməyəcəm” deyə bir söz də deyə bilmirəm. Bunu həyat praktikamda görmüşəm. Amma həqiqətən də çox çətin məsələdir. Ən son məqamda dini olmayan biri kimi ailə müqəddəsliyini əsas gətirərək xəyanət etməməyə çalışaram.

– Quranı oxumusunuz?

-Əlbəttə, amma neçə dəfə oxuduğumu deyə bilmərəm. Çünki Quranı digər kitablar kimi qarşıma qoyub başdan ayağa oxumuram, qarşıma sual çıxdıqca təfsirlərlə oxumağa çalışıram. Hətta elə ayələr olur ki, onları dəfələrlə oxumuşam. Amma tanışlarımdan da görürəm ki, insanların əksəriyyəti Quranı yalnış istiqamətdə oxuyurlar. Müasir ateistlər girirlər Quran.az saytının axtarış bölməsinə və ora “öldürün” yazırlar. Axtarışa verəndən sonra bir-bir “öldürün” ayələri gəlir. Onlardan biri də “Haram aylarda kafirləri harda görsəniz öldürün” ayəsidir. Bu ayə ilə ateistlər “islam radikaldır, islam kafiri öldür” deyərək etiraz edir. Görürsən, bu insan həqiqətən Quranı oxumayıb, oxusa görər ki, Tövbə 4-də “sizinlə saziş bağlayanlar xaric” kəlməsi işlənib. Yəni ayə sırf müharibə ilə bağlı yazılan ayədir. Səninlə sülh bağlayıbsa, münaqişə olmasın deyə. Bu müharibəyə aiddir ki, sənə kimsə hücum etsə, sən də kafirləri öldür. Ona görə də 5 dəfə, 10 dəfə Quran oxumuşam deyənlərin çoxu boş danışanlardır. Quran bu gün oturub başdan sonuna qədər oxudum deməklə öyrənilmir. Quranı oxuyan zaman içərisində anlaşılmayan ayələr olur. İbn-Kəsirdən, Təbəridən, Əl-Mizandan, təfsirlərdən baxarsan və araşdırarsan. Mən özüm oxuyanda elə olur ki, 5 dəfə təfsirə baxmışam, amma elə ayələr var ki, hələ də beynimdə yaranan suallara cavab tapa bilmirəm. Bəqərə surəsi 36-cı ayədə “Adəmi etdiyi günaha görə Cənnətdən Yer üzünə endirdik”. Bu fikir təkamül nəzəriyyəsi ilə zidddir və indiyə qədər cavab tapa bilmirəm. Sualıma cavab tapmaq üçün müraciət etdiyim insanlar da mənə elə oxuduğum təfsir kitablarından deyəcək. Lakin Azərbaycanda yaşayan ilahiyyatçı Elşad Mirini təbrik edirəm ki, bu bataqlıqdan çıxıb, çünki o, təkamül nəzəriyyəsini qəbul edir. Lakin ilahiyyatçının bu qədər əqidə dəyişdirməsi şübhə yaradır. Müsəlmanlar demişkən, günahına girməyim, amma bir növ publikaya oynayırmış kimi görünür. Kənardan belə görünür. Çünki Harunçu oldu, Sələfiliyə çox yaxın addım olan əhli-sünnə oldu…Nəysə

-Ola bilərmi ki, nə vaxtsa hansısa dinə ibadət edəsiniz? Bildiyimiz kimi sizdə İrana və Xomeyniyə rəğbət var. Səbəbi nədir?

-Bir din olaraq islamı çox sevirəm. Ateist olsam da, məndə Xomeyniyə qarşı hədsiz sevgi, simpatiya var. Əgər gələcəkdə bir inanc da seçsəm, düşünmədən şiə olaram. Mən Səfəvilərin dövründən deyil, Muhamməd peyğəmbərin ölümündən sonra gələn şiəliyi qəbul edirəm. Mənə görə də bu gün islamı ən düzgün yaşadan həqiqətən İran və Livandır. Bunu nəyə əsasən deyirəm? Bu gün terrorizm İslama ziddir. Əhli-sünnə ölkələrinə baxanda Səudiyyə, Qətər, Küveyt, Türkiyənin özü hamısı birbaşa terrorizmə dəstək verir. Amma İran bu gün hansı terror qruplaşmasını dəstəkləyir? Heç birini… Bircə Hizbullahdır ki, o da qətiyyən terror qruplaşması deyil. Çünki Hizbullahın bu vaxta qədər terror aktı törətdiyini deyə bilmərik. Rəsmi səviyyədə Amerika və Amerikanın müstəmləkəsi olan Avropa ölkələri Hizbullahı terror qruplaşması kimi tanıyır. Nəyə görə? Çünki Hizbullah onalara, İsrailə qarşı mübarizə aparır, Livanı İsrailin əlindən xilas elədi. Ona görə də barmağımızı qatlayıb Hizbullahın terror aktı törətdiyini deyə bilmərik. Hizbullah bir dənə də olsun sivil insan öldürməyib.

Hətta mənim Xomeyni ilə bağlı bir statusum da var. Yazılmışdı ki, “Amerika İranı bir gündə dağıdar”. Mən də statusa qarşılıq yazdım ki, “Amerika onsuz da bir dəfə 1979-cu ildə İrana məğlub olmuşdu. Helikopterlərlə hücum edəndə qəzaya uğrayıb geri qayıtdılar. Və orda Xomeyninin sözü kimi bir sloqan yazdım ki, “Xomeyni belə demişdi” Mən demədim “Allah gəldi,  Allah qum fırtınası elədi” və sair. Amma mənim dediklərim sadəcə Xomeyniyə olan daxili simpatiyamdan irəli gəlmir və söylədiklərim tarixi sənədlərdən kənara çıxmır.

-Xomeyni hakimiyyətə gəlməzdən əvvəl solçulara vədlər vermişdi, lakin hakimiyyətə gələndən sonra onların əksəriyyətini asdı. Bunu necə şərh edərdiniz?

-İranda nə zamandan edamlar başladı? Xomeyni 1979-cu ildə hakimiyyətə gəldi və bir müddətdən sonra edamlar başladı. Niyə? Mürtəza Mütəhərri, Məhəmməd Beheşti öldürüldü, Ayətullah Xomenei üçün maqnitafonun içərisində bomba qoydular. Yəni gördülər ki, burda hətta prezident də öldürüldü. Toplantı zamanı bomba partladıldı və 70-dən çox insan həmin hadisədə öldürüldü, Xomeyni də gördü ki, bunları yığıb yığışdırmaq olmur. Çünki bunları eləyənlər solçu terrorçular idilər. Odur ki, bundan sonra edamlara başladı. Ümumiyyətlə, hər bir inqilabın kökündə edam var. Edam olmayan inqilab uğursuz inqilabdır. Bir sözlə inqilab varsa, edam mütləq olmalıdır.

-Yəqin ki, Xomeyninin hakimiyyətə gələndən sonra orda yaşayan azərbaycanlıların vəziyyətini görürsünüz? İranda azərbaycanlılar türk dilində danışa bilmir.

-Azərbaycanlılar haqqında danışanda, sizə adi bir misal çəkim: Seyid Əli Xamanei kimdir? Azərbaycanlıdır, dini liderdir. Bir azərbaycanlı Xomeynidən sonra yüksəyə qalxıb. Şahın dövründə hansı azərbaycanlı yüksək səviyyəyə qalxa bilərdi? Heç kim… Yəni ölkəni idarə edə biləcək səviyyəyə qalxa bilməzdi. Hətta İranda “Səhər” kanalında türk dilində danışılır, İranın türk dilində danışan kanalları var. Sadəcə bircə təhsil məsələsidir ki, orda həqiqətən azərbaycanlılar sıxışdırılır. Bu da ya dövlətin ərazi bütövlüyünə təhlükə olduğu üçün ola bilər, və ya vahid təhsil dili olmasına görə ola bilər. Lakin siyasi baxımdan “niyə İran belə ayrı-seçkilik edir?” sualına cavab verə bilmərəm.

-Ola bilərmi ki, siz nə vaxtsa dininizi dəyişəsiniz?

-Şübhəsiz! Amma şiəlikdən başqa heç bir inancı qəbul etmərəm.

-Hətta sizin o istiqamətə doğru yaxınlaşdığınızı görmək olur.

– Hərdən dost tanış arasında deyirəm ki, şiəliklə aramda bir tanrı qədər məsafə var. Sadəcə bir tanrı çatmır, tanrı da olsa mən şiəyəm. 5-6 ildir ki, bu mövzunu araşdırıram, dini kitablar, hədislər, elmi kitablar oxuyuram. Amma həqiqətən oxuduğum dinlərin içərisində insana daha yaxın olan, həyatı bütünlüyü ilə əhatə eləyən şiəlik qədər elə bir inanc görməmişəm. Şiəlik qədər həyatı əhatə eləsin, tanrı anlayışını formalaşdırsın, daha bir ideal şeylər yaratsın, başqa dinlərdə bunu görməmişəm. Nə bilim, bəlkə mənim gözümdən qaçıb, amma rastıma çıxmayıb. Şiəlik o qədər mükəmməldir ki, tanrı inancından tutmuş həyat praktikasına qədər hər şey həddindən artıq mükəmməl nizamlanıb. Düzdür, bəzi qəbul eləmədiyim məsələlər var. Məsələn, şiə olsam təvəssül eləmərəm, yəni “Ey Allah, Həzrəti Əli xatirinə məni bağışla” və ya “”Ey Allah, Əbülfəz Abbasa xatir mənə kömək elə” deyilir və Allahla sənin aranda vasitəçi olub, səndən yüksək məqamda olduğu üçün o, Allahdan xahiş edir və Allah da qəbul edir. Mən qətiyyən bunun yanlış olduğunu demirəm. Çünki təvəssül şiəliyin təməllərindən biridir. Hətta Buxaridə belə bu məsələ keçir: Hz.Ömərin Peyğəmbərin əmisinə təvəssül elədiyi, onun adını çəkərək yağış duası eləməsi var. Bu doğru da ola bilər, amma məntiqimə sığmır deyə, şiə olsam da bunu eləmərəm, əksinə bundan qaçaram.

-Hazırda müsəlmanlarda baxıb güldüyünüz, bəyənmədiyiniz hansı məqamlar var?

-Açıq danışsam, ziyarət məsələlərində… Yəni bir insan, pir sənə necə kömək edə bilər? Həcc məsələsinə gələndə isə Kəbə kimə görəsə bütpərəstlik ola bilər, amma İslam nöqteyi nəzərindən baxanda Hz. Muhamməd bunu deyibsə, artıq orda büt söhbəti gedə bilməz. Çünki bu Allahdən gələn bir şeydir ki, həcci Muhamməd Peyğəmbərə fərz buyurub. Mənim Həcclə heç bir problemim yoxdur, bu müsəlmanların bir araya toplanması üçün ritualdır.

-Hazırda şiələr iddia edir ki, Kərbəla Həccdən üstündür.

-Bəziləri bunu məqamına görə deyir. Bu gün Həcc kimlərin əlindədir? Sələfilərin əlindədir. Məkkədə elə şərait yaradılıb, elə otellər tikilib ki, bu, İslama ziddir. Amma Kərbəlada belə şeylər daha azdır. Bir də Kərbəlanın əsas üstünlüyünü Kərbəla müsibətlərinə görə deyirlər ki, orda Hz.Hüseyn, Əbülfəz Abbas ölüb. Yəni Kəbə belə şəhidlər verməyib. Bir sual da ortaya çıxır: Niyə Kərbəla bütün döyüşlərdən üstündür? Çünki şiə inancına görə, Kərbəla hadisəsi islamın qurtuluşudur. O dövrdə Yezid hakimiyyətdə idi və İslamı o, ağlına görə dəyişib, ürəyi nə istəyirdisə onu da edirdi və ortaya tam fərqli bir İslam çıxardırdı. Həzrəti Hüseynin gəlib Kərbəlada şəhid olması, ondan sonra üsyanların qalxması İslamın qurtuluşuna, İslama yeni nəfəsin gəlməsinə təsiri oldu. Bəlkə də qalib gəlib çıxıb getsəydi bugünkü İslam yox idi. Bu gün xristinalıq kimi sadəcə adı qalacaqdı. Ona görə də Kərbəla hadisəsi daha çox işıqlandırılır.

Mənə görə, bu gün Səudiyyə Ərəbistanı İslamın ən böyük problemidir. Quranın heç bir ayəsində hücum hadisəsi, “hücum et və onu tut” deyə bir şey yoxdur. Sadəcə Quranda keçir ki, “sizinlə döyüşənlərlə siz də döyüşün, həddi aşmayın”. Lakin bu gün biz əhli-sünnə və əhli-şiələrə baxanda xəlifələrdən Əbu Bəkir, Ömər, Osman, Əlini hər birimiz bilirik. Hədislərdən də görürük ki, Həzrəti Muhamməd bir dəfə belə olsun hücum etməyib, əksinə hücumlar yalnız ona edilib. Etdiyi hücumlar hansılar olub? Muhamməd bir dəfə xəbərdarlıq edib, iki dəfə xəbərdarlıq edib, artıq onlar özlərinə gəlməyəndə hücum etməyə başlayıb. Əbubəkirin hakimiyyəti illərinə baxanda, hücumlar başladı, Ömər İrana qədər gəlib çıxdı, Osmanlı hücumları olub. Lakin  Əlinin hakimiyyətinə nəzər yetirəndə bir torpaq belə işğal etməyib. Bu məsələlərdən dolayı yola çıxanda həqiqi islamı şiəlikdə görürəm.

-Ateistlər iddia edir ki, Quran Allah tərəfindən göndərilməyib, Muhamməd Peyğəmbər tərəfindən yazılıb. Siz bu iddia ilə razısınız?

-Ortalıqda bir kitab var. Bu kitabın necə yazılması bir az şübhəlidir. Burda 3 əsas amil var: birincisi, deyildiyi kimi, Quran tanrı tərəfindən gələ bilər. İkincisi, Muhamməd Peyğəmbər özü yaza bilər, üçüncüsü də başqa kimsə onun adından yaza bilər, hansı ki, daha bilgili biri… Bunu dəqiqliklə bilmək çox çətin məsələdir. Çünki o dövrə gedib çıxmaq və bunu aydınlaşdırmaq hardasa mümkün deyil. Amma bəzi məsələlər var ki, baxanda görmək olur. Bəlkə də hardansa Qurana bir keçid var?! Bunu nəyə əsasən deyirəm?! Quranda yunan filosoflarından həddən artıq qatqı var. Bu gün elmi möcüzə dediyimiz şeylər ki var bunların hamısını yunan filosofları deyib. Burda ortalığa bir məsələ çıxır ki, yunan filosoflarının dediklərini Ərəbistanda yaşayan Həzrəti Muhamməd hardan bildi? Lakin bunun cavabı çox rahatdır. Həzrəti Muhamməddən 50 il əvvəl Suriyada Suriyalı Sergius adlı biri yaşayırdı. Bu şəxs o dövrdə həddən artıq ciddi tərcümələr edirdi. Aristotelin külliyatını, yunan filosoflarının əsərlərini tərcümə eləyib. Və həmin dövrdə yunan fəlsəfəsi Suriyada o qədər aktual mövzu idi ki, Hz. Muhamməd də tacirin həyat yoldaşı olaraq (Xədicənin) onun ticarət yolu Suriya idi. İslam peyğəmbəri mütəmadi olaraq Suriyaya tez-tez gedib gəlirdi. Suriyanın tacirləri də Məkkəyə gəlib-gedirdilər. Və ola bilər ki, oxuma və yazması olmayan Həzrəti Muhamməd sadəcə qulaq yaddaşı ilə, kimlərinsə danışığı ilə yunan fəlsəfəsindən, xristianlıqdan və yaxud yəhudilikdən bir çox şeyləri beynində saxlayıb insanlara çatdırma ehtimalı var. Çünki baxanda sual yaranır ki, niyə məhz 50 il əvvəl yaşayan suriyalı Sergiusun etdiyi tərcümələr Qurana keçid edib? Adicə dənizlərin qarışmaması hələ Qurandan 600 il əvvəl romalıların Premius əsərində yazılıb. Yəni hardansa Qurana nəfəsin keçdiyini düşünürəm. Din elə dolaşıq məsələdir ki, içindən çıxmaq mümkün deyil.

-Dini inancı olan insanlar adətən ruh düşkünlüyü yaşayanda onların ümüd bəsləyəcəyi bir yer olur. Bəs dini inancı olmayan biri kimi sizin ümid yeriniz nədir?

-Mən təbiət etibarı ilə pozitiv insanam, həyatda heç bir halda ruh düşkünlüyü yaşamıram. Nihilistəm və həyatın mənasız olduğunu qəbul edirəm. Bu reallıqdır, yəni həyatda heç bir məna yoxdur. Həyat mənasızdır, amma mənasızlıqla mübaribə aparıb ona məna qata bilərik. Kamyu özü də mənasızlıqdan qurtuluş yolunu 3 yerə bölüb: birincisi, cismi intihar növüdür, yəni insan özünü öldürərək mənasızlıqdan xilas olur. İkinci, fəlsəfi intihardır. Hər hansı bir dini və tanrını qəbul edib mənasızlıqdan xilas olur. Üçüncü, Kamyuya görə ən ideal yol mənasızlıqla mübarizə aparmaq, yəni mənasızlığa inad yaşamaqdır. Bu artıq bir mənadır, mən mənasızlıqla üz-üzə yaşayıram. Amma təbii ki, həyata bağlanmaq məsələsində din daha idealdır. Belə deyək də dinin rəqibi yoxdur. Dində işlədilən bir cümlə var insana nə qədər motivasiya verir, özüm də həmin cümləni çox sevirəm: “Tanrı insana qaldıra bilməyəcəyi yükü vermir”. Yəni bu yükü tanrı veribsə, mütləq altından çıxacam. Bu cümlənin çox güclü motivasiyası var.

-İslam ölkələri hansı halda Avropa kimi inkişaf edib xilas ola bilər?

-Əla! Bəyəndim bu sualı. Ümumiyyətlə, bütün dinlərin, inancların məhv olmasının səbəbi nədir? Elmlə qarşı-qarşıya durmaları… Yunan mifologiyası da yunan filosoflarına qarşı çıxıldığı üçün məhv oldu. Sokratı Allahsızsan deyib edam etdilər, çünki görürdülər ki, Sokrat düzgün deyir. Beləcə Yunan mifologiyası yoxa çıxdı. Bu gün xristianlıq da var, amma yoxmuş kimidir. Bu gün Avropada heç kim xristianlığı yaşamır, niyə? Çünki kilsə inkvizisiyası, edamlar başladı. Bir müddət keçəndən sonra Qalileyin dediklərinin düzgün olduğunu gördülər. Din də Qalileylə qarş-qarşıya gəlibsə, deməli Qalileyin dedikləri səhvdir. İslam ölkələrinin də bu gün ən böyük problemi, onu məhv edən səbəb elmlə başa-baş gəlmələridir. Diqqət edin hinduizm, buddizim ən qədim din olsa da necə inkişaf edib. Çünki açıq-aşkar bildiriblər ki, dinlə elm qarşı-qarşıya gəlsə, mən elmi seçərəm. Ona görə də onların dinində və elmi inkişafında heç bir problem yoxdur, çox rahat şəkildə meditasiyalarını edirlər. Lakin xristianlıqda, yəhudilikdə həddən artıq qırılmalar oldu. İslam dini də bu yoluna “uğurla” davam edir, amma məhv olmağa doğru. Nəyə görə İslam dinini təkamül nəzəriyyəsi ilə qarşı-qarşıya qoyurlar?! Deyəcəksiniz, yenə İrana qayıtdım, amma bir daha qeyd edirəm ki, bu günləri həqiqi islam İranda yaşanır. Çünki İran heç bir elmi kəşfi inkar etmir və ya dinlə qarşı-qarşıya qoymur. Əksinə insanlar təkamül haqqında kitab yazıblar ki, Quranla ziddir. Nə gözəl…

– İslam dini ən çox Şərq fəlsəfəsinə aiddir. Səncə, Qərblə Şərq fəlsəfəsi arasındakı fərqin inkişafa təsiri var? Çünki Qərb sırf elmə bağlıdır, Şərq fəlsəfəsi isə ruhanidir.

-Bunları köklü şəkildə ayıran Qərb fəlsəfəsi rassionaldır, emossionallığı qəbul eləmir, Şərq fəlsəfəsi isə emossionladır, rassionallığı qəbul eləmir. Qərb hər şeyi praktikasında sınaqdan keçirib deyə daha çox inkişafa meyillidir. Amma Şərqə baxanda orda hər şey emossionladır. Ona görə də Şərqdə yaşayanların praktikasında heç nəyləri yoxdur. Bu da onların inkişafına çox təsir edir.

-Yenidən Şərq məsələsinə qayıdacam. Bildiyimiz kimi Şərq patriarx üzərində qurulub. Amma Qərb bunu bir qədər tarazladı. Hazırda Qərb fəlsəfəsinə baxanda rassional olduğu üçün orda heç vaxt kişiyə üstünlük verilmir. Müharibələrin, savaşların, terrorizmin təməli patriarxdır.

-Patriarxlıqda bəzən problem ola bilər, amma Şərq dəyərləri ailə dəyərləri üzərində qurulur. Şərqdə ailə önəmlidir, Qərbdə fərd önəmlidir. Bu gün Şərqlə Qərb ailələrinə baxsaq, düşünürəm ki, Şərq ailələri ailə olaraq daha xoşbəxtdirlər. Amma Qərb ailələri yox. Qərbdə ata-ana dəyəri yoxdur, ər-arvad dəyəri yoxdur. Yəni kişi istədi getdi başqası ilə oldu və ya qadın istədi getdi başqası ilə eşq yaşadı. Oğulun 18 yaşı oldu, bilmirlər hardadır. Ona görə də ailədə mütləq nizamlayıcı bir qüvvə olmalıdır. Yəni ölkədə bir başçı olmasa anarxiya olub gedər, hər şey dağılar.  Şərqin patriarx olması normaldır. Amma o da baxır hara qədər?! Bəzən bunun çox ziddinə gedirlər, bu isə problemlər yaradır. Məncə, patriarxal problem deyil. Çünki hər bir fərdin öz fünksiyası olmalıdır. Qadınla kişi tam bərabər ola bilməz, fərqlidirlər. Adi bir misal: uşaq dünyaya gəldi, uşağa kim baxmalıdır? Bu qadının missiyasıdır, bu tarixən belə olub. Onsuz da feminizmə qarşıyam. Kişinin də üzərində bir yük var. Şərq ölkələrində kişi qadına demir ki, “get işlə və məni saxla”. Patriarx və ya diktatura demir ki, “mən oturum evdə, sən get işlə”. Əsla! Kişinin də öz borcu var, bütün günü işləməli və necə olursa olsun ailəsini saxlamalıdır. Qadının da evdə öz funksiyası var: evdə yemək bişirməli, uşaqlara baxmalıdır. Patriarx nizamlayıcı olaraq çox yaxşıdır.

-Niyə ateistlər özlərini “ateistəm” deyib çox biruzə verirlər?

-Ziqmun Freydin belə bir fikri var: “insanda üstünlük kompleksi” deyə bir şey var. Hər insan özünü hansısa bir xüsusiyyətinə görə, üstün göstərərək cəmiyyətdə fərqlənməyə çalışır. Bu həddən artıq dindar olan insanlarda da var. Çünki hər kəs nəsə bir şey ortaya qoyaraq özünü üstün göstərməyə, insanların nəzərində saxlamağa çalışır ki, hər zaman aktual qalsın. Həmçinin Azərbaycanda dindarlar çoxdur, amma ateistlər azdır. Atesitlər də bizim üçün fərqli insan sayılır. Onlar da bunu biruzə verərək özlərini üstün göstərməyə çalışırlar. Bu, bizim hər birimizdə var. Üstünlük kompleksi ilə əlaqədardır.

-Sizcə, qadın islamdakı geriliyi dəyişə bilər?

-Dəyişə bilər, amma ortaya saxta islam çıxar. Çünki İslamda idarəçi kişidir. Qadın idarəçi olsa, qadının reformları ortaya saxta islamı çıxardacaq. Ümumiyyətlə, qadının idarəçiliyinə inanmıram. Çünki qadın və ya xanım necə idarə edə bilər? Qadın emossional varlıqdır, daha çox hissləri ilə hərəkət edir. Bütün hərəkətlərinə hissləri ilə qərar verir. Amma kişi rassionaldır. Adi küçədə kiminsə ürəyi getsin, yıxılsın həmin anda qadın və kişinin hərəkətinə baxın. O zaman kişi daha soyuqqanlı və sakit yanaşmağa çalışacaq. Ona görə də qadının idarəetmə funksiyası kişiyə görə daha zəifdir.

-Bütün dinlərin öz simvolu var. Bəs, siz öz inancınızı necə simvolizə edərdiniz?

-Kitab… Kitab oxumaq lazımdır. Nəyi oxuyursansa oxu, ordan mütləq bir cümlə götürəcəksən. Amma bir kitab yox, çoxlu kitab. Çünki tək kitablı insan həmişə problemdir. Yəni həmişə bir kitaba əsaslanmaq olmaz, mütləq digərlərini də oxuyub onlara da əsaslanmalısan.

Müsahibədə əməyi keçənlər:

Həsən Fətəliyev

Fərid Orucov

Firuzə Alimova