Repressiyalardan, yanğınlardan qurtulan “Quran” kitabları – SƏRGİDƏN FOTOREPORTAJ
05.03.2020 12:001920-ci ildən başlayaraq Azərbaycanda təkcə milli, islami, düşüncədə olan ziyalılara qarşı deyil, xanəgahlara, məscidlərə, dini əmanətlərə qarşı da repressiya başlayıb. Repressiya özünü daha çox 1930-cu illərdə göstərib. Bu dönəmdə Azərbaycanda həm müqəddəs yerlərdə, həm də fərdlərin şəxsi mülklərində olan minlərlə “Qurani-Kərim” kitabları, dini əşyalar, əmanətlər məhv edilib. Bu zaman bəzi uzaqgörən ziyalılar özləri qurban getsə də, müqəddəs kitabları divarlarına hörərək repressiyadan gizlədib. Üzərindən bir əsrə yaxın vaxt ötməsinə baxmayaraq həmin kitabların, əşyaların bəziləri divarlarına hörüldüyü evlərin yanması, dağılması səbəbindən üzə çıxıb və bu gün yenidən açılışı olan, İçərişəhərdə yerləşən “Bəylər” məscidində sərgilənir.
Об этом сообщает Руспрес
A24.Az “Bəylər” məscidində nümayiş olunan dini-tarixi sərgidən fotoreportajı təqdim edir.
Müxtəlif mədəniyyətlərə, dinlərə vətən olan Azərbaycan təbii ki, bu mədəniyyətlərdən çox şey qazanıb. IX-X əsrlərdən başlayaraq burada bərqərar olan İslam mədəniyyətini ən çox ehtiva edən şəhərlərimizdən biri Bakıdır. Bu şəhərdə İslam mədəniyyətinə aid müxtəlif memarlıq abidələri, məscidlər, təkyələr inşa edilib. 1895-ci ildə tikilən “Bəylər” məscidi 2015-ci ildə yenidən bərpa edilərək təyinatı üzrə muzey kimi istifadəyə verilib. 2016-cı ilin dekabr ayından etibarən məsciddə “Müqəddəs əmanətlər” ekspozisiyası yaradılıb. Ekspozisiyada müxtəlif illərə aid yüzlərlə müqəddəs kitab sərgilənir.
Sərgidə yüzlərlə yaşı olan qədim “Qurani-Kərim” kitabları, zamanın və repressiyanın təsiri ilə formasını dəyişsə də, özünü bu günədək qoruyub saxlayan qədim dini əşyalar yer alır. Məsələn, yaşı 300 il olan bu “Qırxaçar” və digər dua qabları kimi.
Torpağa təkcə ölənlər, məhv olanlar gömülmür. Toxum , fidan torpağa basdırılarkən dirilir, doğulur. Yaşı 300 ildən artıq olan bu “Quran” kitabı kimi… Dərbənd məscidində məhv edilmək ərəfəsində ikən imam kitabı divara gömərək ona həyat verib. Bu gün kitab muzeyə Dərbənddən gətirilib.
Kitab imam tərəfindən köçürülüb və vərəqləri adi kağızdan deyil, papirusdandır.
Muzeydə son illər Qarabağda, Cəlilabadda fərdi evlərdə baş verən yanğınlar zamanı alovdan qurtulan kitablar da nümayiş olunur. Kənarları qaralmış bu vərəqlərin yanıb külə dönməməsinə bəzi insanlar möcüzə, bəziləri isə təsadüf deyir. Biz isə həmin vərəqləri sizə təqdim edirik:
Kompozisiyanın bir bucağında isə Qurani-Kərimin cüzləri nümayiş olunur. Qeyd edək ki, “cüz” İslam terminidir, Quran kitabının hər 20 səhifəsinə verilən addır.
Sərgidə diqqət çəkən detallardan biri də “Miniatür Quran kitabları”dır. Ən kiçiyi 3x2sm ölçüdə olan bu miniatür kitablar XIX-XX əsrlərə aiddir. Ən kiçik kitab dəst şəklindədir. Dəstə kitabın müxtəlif naxışlarla bəzədilmiş “kif” qovluğu, dəri üzlüyü və rahat oxunması üçün əlavə olunan lupa daxildir.
“Bəylər” muzeyində hazırkı dini-tarixi materiallar fevral ayının 21-dək sərgilənəcək. Ardınca kitablar və əşyalar yeni tarixi materiallarla əvəzlənəcək. Beləcə sərgi davam edəcək.
Sərdar Amin

