Rusiya təzyiqi tam artırdı, cəbhədə qanlı olaylar yaşana bilər
05.03.2020 12:03Hərbi ekspert Üzeyir Cəfərov son günlər Rusiya və digər böyük dövlətlərin Azərbaycana qarşı münasibətilə bağlı maraqlı açıqlama edib.
Об этом сообщает Руспрес
Hərbi ekspert bu barədə fikirlərini A24.Az-la bölüşüb:
“Son günlər müşahidə etdiyim bir önəmli məsələ ilə bağlı sizlərlə bəzi narahatçılıqlarımı bölüşməyə qərar verdim. Diqqətli oxucular və izləyicilər yəqin ki, yaxın bir neçə həftədə ölkəmizə qarşı böyük dövlətlərin, xüsusən də Rusiya Federasiyasının, həmçinin ATƏT-in Minsk qrupunun adından cəbhədəki son hadisələrlə bağlı verilmiş qərəzli bəyanat, ardıycan rus-erməni təhlilçi, politoloq, ekspertlərinin bir-birini tamamlayan hədyan dolu, hər birimizi qıcıqlandıran açıqlamaları onu deməyə əsas verir ki, vəziyyət heç də düşündüyümüz kimi sadə deyildir. Rusiyadakı həmvətənlərimizin ən böyük təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) açıq-aydın sifarişlə ləğvindən sonra hiss olunur ki, gərginlik bir az da artmaqdadır. Bu və digər məsələlər ilə bağlı fikir mübadiləsi aparmaq üçün xarici ölkələrin Azərbaycandakı səfirliklərinin bəzi siyasi və hərbi nümayəndəlikləri ilə keçirdiyimiz ənənəvi müzakirələrdən birindən bir qədər əvvəl qayıtmışam. Və orada eşitdiyim və sizlərin diqqətinizə çatdırmaq istədiyim mühüm açıqlamanı da, mən dostlarımızın icazəsi ilə diqqətinizə çatdırmağı lazım bildim. Bəri başdan onu deyim ki, həmin xarici ölkələrin nümayəndələri Azərbaycana qarşı son dərəcə isti və mehriban münasibəti olan dövlətlərin nümayəndələridirlər. Beləliklə, xarici dostlarımız da o fikirlə tam razıdırlar ki, Qarabağ münaqişəsinin həllini əngəlləyən ən böyük faktor Rusiya Federasiyasının Ermənistanı himayə etməsi və ona həm iqtisadi-siyasi, həm də hərbi-siyasi dəstəyi davamlı şəkildə davam etdirməsi və onu açıq və gizli müdafiə etməsidir. Müzakirələrdən çıxartdığım ən böyük nəticə isə Qarabağ münaqişəsi ilə bağlı son vaxtlar ATƏT-in Minsk qrupu adından verilən əksər bəyanat və açıqlamaların MƏTNİNİN məhz MOSKVADA hazırlanması və sonradan isə həmsədr ölkələrə razılaşdırmaq üçün göndərilməsidir. Əslinə qalsa, bunun belə olmasını zatən son vaxtlar biz özümüz də hiss edirik. Dəfələrlə olub ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti ard-arda həm Rusiya Federasiyası XİN-nin, daha sonra isə demək olar ki, eyni istiqamətdə və eyni mövzuda ATƏT-in Minsk qrupunun qərəzli, ədalətsiz mövqeyi ilə bağlı ölkəmizin narahatçılığını, narazılığını dilə gətirməli olub. Sonuncu dəfə, eyni gündə əvvəl Rusiya XİN rəsmisi cəbhə xəttində işğalçı qüvvələrə məxsus “OSA” zenit-raket kompleksini tam qanuni surətdə məhv edən Azərbaycanı faktiki, atəşkəsi pozmaqda suçladı. Ardınca isə, demək olar ki. eyni məzmun və eyni ittiham ATƏT-in Minsk qrupunun adından verilmiş bəyanatda nöqtəsinə, vergülünə toxunmadan ölkəmizi təmas xəttinin o biri tərəfindəki hərbi obyekti atəşə məruz qoyması ittihamında yer almışdı. İndi gəl sən xarici dostlarımızın bir qədər əvvəl yuxarıda qeyd etdiyim həmən “rus barmağı” məsələsinə inanma. Həqiqətən də, son illər Qarabağ məsələsi sanki ABŞ və Fransa ilə razılaşdırılmış şəkildə Rusiyanın kurasiyasına verilmiş bir özəl məsələ statusu alıb. 2016-ci ilin məlum aprel hadisələri zamanı cənfəşanlıq edən və erməniləri rüsvayçı durumdan qurtarmaq üçün başda prezident Putin olmaqla, nazirlər Lavrov, Şoyqu az qala telefonda “sallanmış vəziyyətdə” qalmışdılar. Və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ermənistanlı həmkarının görüşünü də rusların ordu generalı Valeriy Gerasimov təşkil etmişdi. Və həmən ruslar da bizə xəyanət edərək Ermənistanı başa salmaq əvəzinə, onlara ən ağır silah və sursatları, çoxsaylı hərbi texnikanı verdilər. İndi də, iki gündən bir gah İrəvandan, gah da Moskvadan biz müxtəlif səviyyəli hədələr, təhdidlər eşidirik. Və ən təəccüblüsü odur ki, bir müddət bundan oncə rəsmi Moskva Qarabağla bağlı guya bu məsələnin bizim daxili işimiz olmaması ilə bağlı sərsəm açıqlamasına nə Amerikadan, nə Fransadan, nə də ATƏT-in Minsk qrupundan heç bir reaksiya gəlmədi. Bir bu qədər də üst-üstə düşən təsadüfi hadisələr olmur axı. Deməli, həqiqətən də, Qarabağla bağlı bütün məsələlər Rusiya Federasiyasının sırf kurasiyasına verilib. Və biz də Rusiyanın Qarabağ məsələsini necə “ədalətli, obyektiv həll edəcəyini” indidən görür və hiss edirik. Ona görə də, nə qədər gec deyil, biz çox operativ şəkildə bir sıra məsələləri həll etməliyik. Necə və hansı yollarla, mənə elə gəlir ki, ölkə rəhbərliyi bunu daha yaxşı edə bilər və inşallah ümid edək ki, edəcəkdir. Tanrı Azərbaycanı qorusun!”

