Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya xofu artır, ermənilərə külli miqdarda silah göndərilir – Regionda nələr baş verir? – MÜSAHİBƏ

05.03.2020 12:03

Son zamanlar Rusiyanın Azərbaycana təzyiqi artıb. Bu, özünü müxtəlif formada göstərir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi, Rusiya Xarici İşlər Nazirinin sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi qərəzli fikirlər, Rusiyanın açıq-aşkar işğalçı Ermənistanı silahlandırması və bu kimi digər faktlar münasibətlərdə kifayət qədər gərginlik yaradıb.

Об этом сообщает Футляр от виолончели

İki ölkə arasındakı münasibətləri və atılan addımları təhlil edən politoloq Elxan Şahinoğlu A24.Az-a müsahibəsində maraqlı faktlar açıqlayıb.

-Bu haqda danışarkən müəyyən məsələlər var ki, onlara xüsusi diqqət çəkmək istərdim: Rusiyanın Ermənistanı silahlandırması, orada hərbi bazalarını genişləndirməsi və son illərdə Ermənistandakı bütün fabrik və zavodları özəlləşdirməsi və s. Yəni, bütün bunlar bir daha göstərir ki, Ermənistan faktiki olaraq Rusiyanın vassalıdır.

Rusiya Ermənistana silahı pulsuz verir, biz isə silah almaq üçün onlara 4-5 milyard pul veririk. Həmçinin, ötən il Rusiya və Ermənistanın hərbi qoşun birlikləri yaradıldı. Bu, bizim rəsmilərdə narahatlıq yaratdı. Rusiya tərəfi isə bildirdi ki, bu, Ermənistanın təhlükəsizliyi üçün atılmış bir addımdır və heç bir halda üçüncü dövlətə qarşı yönələ bilməz. Amma həmin hərbi qoşun birliklərinə rəhbərlik edən erməni general açıq şəkildə bildirdi ki, Rusiya-Ermənistan qoşun birlikləri Dağlıq Qarabağ ərazisində Azərbaycana qarşı döyüşə bilər. Bu, nə deməkdir? Biz Rusiyadan reaksiya eşitmək istəyirdik. Amma reaksiya gəlmədi. Sanki belə də olmalı idi. Mən Rusiyanın regional siyasətini tənqid edəndə bəzi dostlarım deyir ki, sən Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirə bilərsən. Onsuzda bilirik ki, Rusiya Ermənistanın müttəfiqidir. Biz nə edə bilərik ki? Mən bu yanaşmaları doğru hesab etmirəm. Bəli, Rusiya Azərbaycanın qonşusudur. Normal münasibətlərimiz olmalıdır. Tərəfdaşlıq, iqtisadi əməkdaşlıq inkişaf etməlidir. Biz Rusiyadan hərbi texnika alırıq və almağa da davam edəcəyik. O cümlədən, Rusiyada milyonlarla soydaşımız yaşayır. Mən bütün bu amilləri nəzərə alıram. Amma Rusiyanın işğalçı dövlətə birbaşa yardımını görəndə susa bilmirəm, müəyyən mövqe ortaya qoyuram.

-Bu münasibəti sərgiləyən dövlətin eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində öhdəlik götürmüş bir qurumun  – ATƏT-in Minsk qrupunun həmsədri olması da ortaya çox böyük bir təzad çıxarır.

-Bəli, çox təəssüf ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. ABŞ və Fransadan fərqli olaraq, Rusiyanın Ermənistana təsir etmək imkanı var, amma bu imkandan istifadə etmir.  Ona görə də bu bizdə haqlı suallar yaradır. Lakin biz bu məsələdə Rusiya ilə toqquşa bilmərik. Düzdür, mən bir müstəqil politoloq kimi deyə bilərəm ki, bəli, Rusiya münaqişənin həllində mənfi rol oynayır. Amma təəssüf ki, rəmi səviyyədə Rusiyanın Minsk qrupundakı fəaliyyətinin əlehinə getmək və onun Minsk qrupundan getməsi kimi kəskin şərt irəli sürmək münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarar. Sonrakı mərhələni də düşünmək lazımdır. Çünki biz bilmirik ki, Rusiya Azərbaycan qarşı hansı növ təxribatlar edə bilər. Rusiya əlindən gələni edəcək ki, Azərbaycanı zəiflətsin. 90-cı illərdə Rusiya ilə münasibətlərdə soyuqluq baş verdi, nəticədə biz əldə etdiyimiz torpaqları yenidən itirdik. Şimal və cənubda separatçı hərakatlar baş verdi. Təbii ki, bunlar Rusiyanın əli ilə oldu. 2008-ci il Rusiya-Gürcüstan savaşını yada salaq. Rusiya Gürcüstana müdaxilə etdi. Tanklar Tiflisə qədər gəlmişdi. Rusiyada işləyən gürcülər təyyarə ilə deportasiya edildi. Mən demirəm ki, Rusiyadan qorxmalıyıq, çəkinməliyik. Və ya Gürcüstana edilənlər bizə də edilə bilər. Amma hər halda Rusiyanın regiondakı həlledici rolunu nəzərə almaq lazımdır. Ona görə də biz Gürcüstan və Ukrayna kimi Rusiya ilə münasibətlərin gərginləşməsinə gedə bilmərik. Bu, Rusiyanın Azərbaycanda destruktiv fəaliyyətinə yol aça bilər.

-Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir. Ermənistanı silahlandırı. Ekspertlər hesab edir ki, bu proses hələ 2049-cu ilədək davam edəcək. Bu, hər hansı bir hazırlıq məqsədi güdür? Nə gözləyir bizi?

-Rusiya Ermənistanda hərbi bazasını genişləndirir. Biz buna heç nə deyə bilmirik. Çünki öz bazasıdır, hərbi texnikasını modernləşdirə bilər. Halbuki, orada da müəyyən suallar doğuran məqamlar var. Bəzən elə hərbi texnikalar yerləşdirirlər ki, onun heç müdafiə funksiyası yoxdur, sırf hücum əməliyyatları üçün nəzərdə tutulub. Məsələn, “İsgəndər-M” raketləri…

Ermənistanın qonşuları ilə guya Rusiyanın normal münasibətləri var. İranla, Azərbaycanla, Türkiyə ilə tərəfdaşdır. Əgər elədirsə, onda niyə Ermənistanda İsgəndər raket kompleksini yerləşdirir? Bizim qorxumuz var ki, bir gün o raketlər Qarabağda da peyda ola bilər. Kim zəmanət verə bilər ki, İsgəndər raketləri Dağlıq Qarabağda yerləşdirilməyəcək?  Rusiya bizə belə bir zəmanət vermir. Heç bir Rusiya rəsmisi indiyədək deməyib ki, o raketlər sərhəddən kənara çıxmayaq.  Rusiyada müəyyən qüvvələr var ki, Dağlıq Qarabağ münaqişəsinin həllini prosesini uzatmaqla həm Ermənistanı əlində saxlayır, həm də Azərbaycana təsir imkanını əldən vermir. Bu silanlandırma prosesi də həmin məqsədə xidmət edir. Sülh sazişi bağlanarsa, nə baş verər? Azərbaycan-Ermənistan münasibətləri normallaşar. Ermənistanın Türkiyə ilə münasibətləri normallaşmağa başlayar.  Ermənistan Türkiyə ilə sərhəddi açar. Və bir gün Ermənistan cəmiyyəti sual verməyə başlayar ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qaydasına düşüb, biz niyə Rusiyadan asılı qalmışıq. Rusiya qorxur ki, sonuncu imkanı – Ermənistanı da itirə bilər.

-Bir neçə gün öncə bir qrup soydaşımızın Rusiyadan deportasiya edilməsi ilə bağlı xəbərlər yayılmışdı. Onlar bildirirlər ki, heç bir səbəb olmadan ölkədən çıxarılıblar. ÜAK-ın ləğvindən sonra bu da azərbaycanlılara qarşı atılan daha bir sıxışdırıcı addım kimi qiymətləndirilir.

-Rusiyada miqrantlara qarşı qanunlar zaman-zaman sərtləşir. İnamıram ki, bu, təkcə azərbaycanlılara qarşıdır. Ola bilsin, başqa millətlərin nümayəndələrinə qarşı da bu sərt addımlar atılır. Adi bir faktı diqqətinizə çatdırım. Tacikistan Rusiyanın dostu, tərəfdaşı və hətta müttəfiqi sayılır. Amma biz görürük ki, taciklər də sıxışdırılır  və deportasiya edilir. Yəni, bu, sırf azərbaycanlılara qarşı yönələn bir siyasət deyil. Azərbaycanlıların digər millətlərdən fərqli, müsbət cəhəti ondan ibarətdir ki, onlar Rusiyaya uyğunlaşıblar. İqtisadiyyatda mühüm yer tuturlar və onların deportasiyası üçün bəhanə tapmaq biraz çətindir. Rusiyada onlara ehtiyac var. Rusiya bazarlarında əsas qüvvə bizim soydaşlarımızdır. Əslində onların bizə ehtiyacı var. Rusiya vətəndaşlarının çoxu səhər saat 06:00-da durub gecə 23:00-ə kimi işləməzlər. Onlar öz istirahətlərini fikirləşirlər. Amma bizimkilər bütün gün ailəsi üçün çalışır. Və onlar Rusiya büdcəsinə də pul verir. Ona görə də bizə minnət qoymasınlar. Əgər əvvəl azərbaycanlılar bazarlarda çalışıb, meyvə-tərəvəz alveri ilə məşğul idilərsə, indi böyük supermarketlərə, şirkətlərə sahib soydaşlarımız da var orda. Belə azərbaycanlıları sıxışdırmaq Rusiya üçün çətindir. Amma hər halda təhlükə yenə də var. Əgər ÜAK-ın qeydiyyatı ləğv olunursa, belə bir təhlükəli addımı da gözləyə bilərik.

Bu günlərdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin yerli mətbuata müsahibəsində bir cümlə diqqətimi çəkdi: “Bu gün Rusiya-Azərbaycan münasibətləri nə deməkdir? Bu, ilk növbədə yüz minlərlə, bəlkə də milyonlarla Rusiyada işləyən azərbaycanlılardır. Oradan gələn gəlirlərin hesabına yaşayan çoxsaylı Azərbaycan ailələridir”. Bununla o, sanki bizi şantaj etdi. Yəni, demək istəyir ki, “özünüzü yaxşı aparın, yoxsa onları geri göndərərik və sizin iqtisadi-sosial vəziyyətiniz gərginləşəcək”. Ona görə də bununla bağlı bir təhlükə olduğunu istisna edə bilmərəm.

V.Doroxindən söz düşmüşkən onu da deyim ki, o, Dilqəm Əsgərovun məsələsinin Lapşinin məsələsindən fərqli olduğunu deyib. Bilirsiniz ki, Rusiya vətəndaşı Aleksandr Lapşin haqlı olaraq həbs olunub.  Azərbaycana ekstradisiya olunub.  Rusiya bizdən onun azad olunmasını tələb edir.  Vətəndaşını qoruyur. Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır. Amma ona sahib çıxmırlar. Bəs onun haqlarını niyə qorumurlar? V.Doroxin buna belə əsas gətirir ki, guya onun əlində silah olub və qeyri-qanuni sərhəddi keçib. Məgər, Lapşin qeyri-qanuni keçməyib sərhəddi? Bizim icazəmizmi var idi o Qarabağa gedəndə? Qarabağdan qayıdıb bizi lağa qoyurdu ki, indi də başqa bir pasportla Bakıya daxil oldum. Bunlar qeyri-qanuni deyilmi?

-Bu cür ədalətsizliklərin qarşısını almaq üçün hansı addımlar atmalıyıq?

-Biz Rusiya ilə açıq dialoqa girməliyik. Narahatlığımızı qəti şəkildə bildirməliyik. Boşluq buraxmaq olmaz. Biz susduqca o boşluğu ermənilər və Rusiyadakı erməni lobbisi öz xeyrinə doduracaq. Bu işdə bizi təmsil edən qurumların, səfirliklərin üzərinə böyük yük düşür. Çünki son vaxtlar Rusiyada Azərbaycan əlehinə çalışan müəyyən qüvvələr daha da fəallaşıb. Anti-Azərbaycan təbliğatı güclənir. Amma ədalət naminə demək lazımdır ki, Rusiyada müəyyən  ekspertlər var ki, ölkəmizin haqlı mövqeyini müdafiə edir. Dağlıq Qarabağla bağlı məsələdə Ermənistanın mövqeyini tənqid edirlər. Onlardan biri də O.Kuznetsovdur. O, “Xocalı soyqırımı” ilə bağlı petisiya hazılayıb Dövlət dumasına təqdim etmək üçün imza toplamaqla məşğuldur. Amma təəssüf ki, bir neçə gün öncə eşitdiyim xəbər məni çox narahat etdi. Belə bir məlumat eşitdim ki, Oleq Kuznetsov ilə bizim Rusiyadakı səfirimiz  Polad Bülbüloğlu arasında gərginlik yaşanır və O.Kuznetsov bizim səfirlikdə faktiki arzuolunmaz şəxs” elan edilib. Bununla bağlı mətbuatda mənim açıqlamam yer aldı və ondan sonra mənə zəng gəldi. Sən demə, O.Kuznetsov Bakıda imiş. Və mənimlə görüşmək istəyirmiş. Mən onunla görüşdüm. O, mənim yazdıqlarımın həqiqət olduğunu bildirdi. Onun özünə də aydın deyil ki, P.Bülbüloğlu niyə belə münasibət göstərir. Onun Bakıdakı konfransda iştirak etməməsinə dair məktublar da göndərib. O.Kuznetsov bir çox başqa fikirlər də səsləndi. Bilinmir bu, paxıllıq hissidir, ya nədir… Bu, mənə bilirsiniz, nəyi xatırlatdı? P.Bülbüloğlu ilə Müslüm Moqamayev arasındakı ixtilafı. Müslüm Moqamayev Dünyada tanınmış bir müğənnidir. P.Bülbüloğlu onunla niyə konfiliktə girirdi, mənə hələ də aydın deyil. M.Moqomayev son müsahibəsində də deyir ki, Polad onun gənclik dostudur. Amma ona qarşı o qədər paxıllıq edib, o qədər sıxışdırıb ki, səbəbini özü də anlamıyıb. Açığını demək lazımdır ki, M.Moqamayevin səsi P.Bülbüloğunun səsindən qat-qat güclüdür, gözəldir. Bir şeyi də xatırladım ki, həmin bu səfirimiz Mədəniyyət naziri işləyəndə qoymurdu ki, Filip Kirkorov gəlib Bakıda konsert versin. Deyirdi ki, onun erməni qarışığı var. Birincisi, F.Kirkorov bolqar mənşəlidir. İkincisi, Soso Povliaşvilidən fərqli olaraq, Qarabağa qeyri-qanuni səfər edib konsert verməyib. Üçüncüsü, hər zaman da vurğulayır ki,  Azərbaycanı və azərbaycanlıları sevir. Belə bir adamı Bakıya niyə buraxmırdı ki? Amma sonradan bu problem həll olundu, Kirkorov gəlib Bakıda festivalda iştirak etdi, konsert də verdi. Yəni, mən səfirimizin buna bənzər bəzi addımlarına məna verə bilmirəm, anlamıram.

Bir həyəcanverici xəbəri də sizin diqqətinizə çatdırım ki, O.Kuznetsovla söhbətimdən belə başa düşdüm ki, çox təəssüf ki, Xocalı Soyqırımı ilə bağlı lazım olan 200 min imzanı da toplaya bilməyəcəyik.  Çünki hələ cəmi 21 min imza toplanıb. Bizim çox az vaxtımız qalıb. Rusiya vətəndaşı olan xeyli azərbaycanlı var, elə onların imzasını toplasaq, bəs edər. Belə məqamda səfirdən soruşmaq istərdim ki, bu işdə niyə O.Kuznetsova dəstək vermir? Əksinə, ona qarşı soyuq münasibət göstərir. Belə münasibət bizə 2 qat zərbə ola bilər. Rusiyada ən böyük diaspor təşilatımızın ləğv olunmasına görə, düşünürəm ki, səfirimiz də məsuliyyət daşıyır.

-Bir müddət öncə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü oldu. 3 ölkənin birgə təlimlər keçirməyi planlaşdırdığı bildirildi. Məsələni şərh edən ekspertlər belə fikirdədirlər ki, Azərbaycan-Türkiyə-Gürcüstan bloku Rusiya-Ermənistan ittifaqına qarşı yaradılmış bir blokdur. Bəs siz necə qiymətləndirirsiniz bu məsələni?

-Mən bu addımı təqdir edirəm. 3 ölkə arasında hərbi ittifaqın güclənməsi çox gözəl bir təşəbbüsdür. Bizim ayrıca üctərəfli formatımız var. Bilirsiniz ki, Azərbaycan bir çox üçtərəfli formatda iştirak edir.  Azərbaycan-Türiyə-Gürcüstan,  Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Rusiya-İran. Bunlardan ən güclüsü, məncə, Azərbaycan-Türkiyə-Gürcüstan  üçlüsüdür. Bu üç dövləti böyük iqtisadi layihələr birləşdirir. Bu dövlətlərin ortaq sərhəddi var.  Ona görə də əməkdaşlıq daha da gücləndirilməlidir. Müdafiə nazirləri tez-tez görüşür. Türkiyə NATO üzvüdür, Gürcüstan NATO-ya üzv olamağa çalışır. Azərbaycan isə öz ordusunu NATO standartlarına yaxınlaşdırır. Bu məqamda 3 ölkə arasında əməkdaşlıq çox vacibdir.Mən deməzdim ki, Azərbaycan-Türkiyə-Gürcüstan bloku Rusiya-Ermənistan ittifaqına qarşı yaradılmış bir blokdur. Amma biz görürüksə, bölgədə Rusiya-Ermənistan birliyi kimi bir təhlükə var, ona qarşı bir alternativ lazımdır. Mən bir təklif də irəli sürərdim ki,  Azərbaycan-Türkiyə ittifaqı da yaradılsın. Türkiyə ilə hərbi əməkdaşlıq genişləndirilsin. Türkiyənin Azərbaycanda ən azı 2 hərbi bazası yaradılsın.  Və biri də mütləq Naxçıvanda olsun. Bir faktı da deyim ki, əgər müharibə başlasa, cəbhədə vəziyyət gərginləşsə, bu, təkcə Dağlıq Qarabağı əhatə etməyəcək. İşğalçılar çalışacaq ki,  Naxçıvan, Tovuz-Qazax istiqamətindən də zərbələr vursunlar. Fikir verin, niyə tez-tez Tovuz-Qazax istiqamətində atəşkəs pozulur? Çünki biz Qarabağda işğalçını sıxışdıranda onlar bizə ordan mesaj verirlər ki, biz burdan da nəsə əks hücum edə bilərlər. Biz də bir cavab versək, onda Rusiya-Ermənistan hərbi ittifaqı işə düşəcək. Ona görə də düşünürəm ki, Naxçıvanın təhlükəsizliyi üçün orada Türkiyə hərbi qüvvələri yerləşdirilməlidir.

-Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, bu il Azərbaycan və Rusiya prezidentlərinin bir neçə görüşü olacaq. Onlardan birincisi iyunun 8-9-da Astanada keçiriləcək. Bu görüşlərdə hansı mövzular müzakirə olunacaq?

Rusiya və Azərbaycan prezidentləri tez-tez görüşür. Hiss olunur ki, onların arasında dostluq münasibəti var. Amma çox təəssüf ki, bu görüşlər ənənəvi xarakter daşıyır. Vladimir Putin münaqişənin həlli üçün əlində olan imkanlardan istifadə etmir. Bizim münaqişənin həlli ilə bağlı tələblərimizə reaksiya vermir. Bir faktı xatırladım ki, V.Putin 2000-ci ildə ilk dəfə prezident seçiləndə ilk  xarici səfərini Azərbaycana etmişdi. Mərhum dövlət başçısı Heydər Əliyevlə görüşmüşdü. O zaman Rusiya bizi ittiham edirdi ki, guya biz çeçenlərə kömək edirik, dəstək veririk. Silahlar Azərbaycan ərazisindən keçir. Onda onun istəyi o oldu ki, Azərbaycan çeçen mücahidlərinə heç bir halda dəstək verməsin. Xatırlayıram ki, 1999-cu ildə mən jurnalist kimi fəaliyyət göstərirdim, ATƏT-in İstanbul sammitini işıqlandırırdım. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu o zaman Fövqəladə Hallar naziri idi və ATƏT sammiti çərçivəsində mətbuat konfransı keçirirdi. O zaman mən ona suallar verməyə başladım. O, mənə əsəbləşdi və barmağını silkələyərək dedi: “Siz çeçenlərə silah verirsiz, kömək edirsiniz”. Hətta bizim orada mübahisəmiz yarandı onunla. Rəsmi səviyyədə onsuzda belə bir hal yox idi. Amma yenə də bizim rəsmilərimiz Rusiya tərəfinin bütün istəklərini, Putinin xahişini yerinə yetirdilər. Bakıda çeçenlərin nümayəndəliyi var idi, onu belə bağlatdılar. Amma Azərbaycanın da istəyi var idi ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirin. Qarşı tərəf də razılaşdı. Amma üstündən 17 il keçib vədlərini yerinə yetirməyiblər.

Bir neçə il öncə Putin mətbuat konfransı keçirirdi. Yüzlərlə jurnalistin iştirak etdiyi konfransda Azərbaycan jurnalisti əlini qaldırıb ona sual vermək istədi. Mətbuat konfransı bitənədək həmin jurnalistin əli göydə idi. Axırda konfrans bitəndə Putin ona baxdı və dedi: “Hə, Azərbaycan? Yenə də Qarabağdan sual verəcəksiniz?. Elə bu ifadə ilə demək istədi ki, Qarabağ məsələsi onun üçün maraqlı deyil. Düzdür, keçən il aprel döyüşlərindən sonra təcili olaraq, Azərbaycan və Ermənistan prezidentlərini çağırıb bir görüş keçirdi. Amma o görüşdən də heç bir real nəticə çıxmadı. Putin son vaxtlar hansı dövlət başçısı ilə görüşür? – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla.  Hər ay, az qala, bir dəfə görüşürlər.  Guya hər dəfə hər şey həll olunur.  Amma görüş bitir, sonra məlum olur ki, yenə də hansısa problemlər qalıb. Yəni, bu görüşlər simvolik xarakter daşıyır. Mövcud problemin həllini sürətləndirmir. Çox güman ki, yenə də prezidentlər iqtisadi əlaqələrin indiki vəziyyətini, ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər. Yəni formal, növbətçi görüşlərdən olacaq.

Xəyalə Bünyatova // A24.Az