Savadsız dəvət, elmsiz müsəlman və Quransız islam – Cəlil Cavanşir yazır…
05.03.2020 12:09Cəlil Cavanşir
Об этом сообщает Роспрес
Xeyli vaxtdır ki, islama olan münasibətim kökündən dəyişib. Xüsusilə Şərq reallığında bu dinə inananlarla, onun ehkamlarını müdafiə edənlərlə, məzhəbçilərlə dil tapmaq çox çətindir. Təbii ki, insanların seçimlərinə olan sonsuz sayğıma görə heç kəsi təhqir etmirəm, eyni zamanda imkanım olduqca islamla bağlı araşdırmalar aparan ciddi müəlliflərinin kitablarını və Quran tərcümələrini özünü müsəlman hesab edənlərdən daha çox oxuyuram. Oxuyuram ki, mənasız mübahisələrdən uzaq olum. Oxuyuram ki, inanclını da, inancsızı da söyüb təhqir etməyim. Araşdırıram ki, cəhalət təmsilçiləri qarşısında aciz-avara qalmayım.
Amma “müsəlmanam” deyib “sinəsinə döyənlər”in heç biri oxumur, araşdırmır. Onların işi gücü eşitdikləri yalan məlumatlarla silahlanıb başqalarına hücum etməkdir. Ateist olduğunu iddia edənlə, müsəlman olduğunu iddia edən arasında fərq yoxdur. Böyük əksəriyyət inancının mahiyyətini anlamır.
Sosial şəbəkələrdə ateistləri söyən müsəlmanlarla, müsəlmanları söyən ateistləri qətiyyən başa düşə bilmirəm. Məncə digərlərinin inancını(inancsızlığını) təhqir edən insanlar cahil və savadsız, üstəlik tərbiyəsizdir. Ateist və müsəlman olmasından asılı olmayaraq başqasını təhqir edən insan, həm seçimində, həm də əqidəsində sabitqədəm ola bilməz. Hərdən məni də yazılarıma görə təhqir edən, “ölübədirimə” yağlı söyüş göndərənlər olur. Sözsüz ki, belə adamlara qətiyyən baş qoşmuram və belələrini sadəcə görməzdən gəlirəm. Adətən özünü müsəlman hesab edən, hər kəlməsinə “böyük yaradanın” adıyla başlayan ağzı dualı “möminlərimiz” xurafat, məzhəbçilik əleyhinə yazılarımla rastlaşan kimi “şanlı məktub” yazırlar. Məktub söyüşlə, təhqirlə başlasa da, sonda islama dəvətlə yekunlaşır. Namaz qılmağı alayarımçıq öyrənənlər, bir-iki dua əzbərləyib, hansısa ayətullaha peyğəmbər kimi baxanlar üstümə hücuma keçəndə gözlə görünən hər şeyə peşimançılıq hissiylə baxıram. Axı bu qədər vəhşilik, tərbiyəsizlik, barbarlıq olmaz! Axı sizdən kim xahiş edib ki, məni islama dəvət edəsiniz? Bəlkə mən sizdən daha səmimi, daha inanclı müsəlmanam?
Din pərdəsi altında fırıldaqçılıq edənlərə, xurafatçılara, məzhəbçilərə qarşı yazdığım yazıların heç kəsə zərər vurmadığına əminəm. Bacardığım qədər doğru yolu göstərməyə çalışıram. Yəni heç bir ibadət əhlinin təqvasını, inancını zədələmirəm, onları təhqir etmirəm. Heç bir ateistə gəl müsəlman ol demirəm, heç bir müsəlmana dinindən imtina etməyi tövsiyə etmirəm.
Düşüncənin və seçimin azadlığına bu qədər qəddarcasına hücum etməyin kökündə nə dayanır? İslamı real təhlükə kimi qəbul edənlər bu aqressiyanın islamın özündən qaynaqlandığını düşünür. Amma mən bilirəm ki, islam əl kəsməyi, daşqalaq etməyi, asmağı, qan tökməyi əmr etmir. İslam hər şeydən əvvəl oxumağı və sevgini öyrədir. İslamdan yetərincə xəbəri olanlar, bilir ki, “Qurani-Kərim”in nazil olan ilk ayəsi “Oxu” əmridir. Amma islamın bu gözəlliklərindən xəbərsiz olan, İran Ayətullahlarına və Səudiyyə Ərəbistanın şeyxlərinə könül verən “dəliqanlılarımız” islamı saqqal saxlamaqda, məhlə uşaqlarına “qardaş” “əxi” deyə müraciət etməkdə, dinə inanmayanı qətiyyətlə kafir elan etməkdə görürlər.
Neyləyək ki, bizdə islam deyəndə “Qadın saçını toppuz şəklində yığa bilərmi?”, “Sevgililər bir-birinə necə müraciət etməlidir” tipli videolar hazırlayan mömin qardaşlar gəlir.
İslam adı altında düşüncəsizliyi, xurafatı, cəhaləti, elimsizliyi qəbul etmirəm. Bəlkə də buna görə səmimi, inanclı və elmli müsəlman görəndə sevinirəm.
Əxlaqlı və nümunəvi düşüncə sahiblərinin varlığı insana toxtaqlıq versə də, vəziyyət o qədər də yaxşı deyil.
Söyüşlərdən, təhqirlərdən sığortalanmaq üçün mühafizəkar dindarları dostluğuma qəbul etmirəm. Çünki savadsız dəvət, elmsiz müsəlman və Quransız islam təhlükə mənbəyidir. Aqressiv, cahil, xurafatçı müsəlman isə hər gün kamikadze və ya terrorçu ola bilər.

