Şəkər xəstələrinin sayı açıqlandı – HƏYƏCANLI STATİSTİKA
05.03.2020 12:10“Azərbaycanda şəkərli diabet xəstələrinin sayı durmadan artır. Amma şəkərli diabet xəstələrinin sayının artması tendensiyası təkcə ölkəmizdə deyil, bütün dünyada belədir. Bu ilin birinci rübünə olan məlumata görə, Azərbaycanda 246 min şəkərli diabet xəstəsi qeydiyyatdadır”.
Об этом сообщает Футляр от виолончели
Bu barədə “a24.az”a açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktoru Yusif İsmizadə deyib.
Diabet xəstələrinin 409 nəfəri azyaşlıdır
Yusif İsmizadənin sözlərinə görə, qeydiyyatda olan 246 min şəkərli diabet xəstəsindən 409 nəfəri azyaşlı, yəni 18 yaşına qədər olanlardır. Ümumlikdə isə, 246 min şəkər xəstəsinin 62 mini 1-ci tipə (autoimmun şəkərli diabet və idiopatik şəkərli diabet), 184 mini isə 2-ci tipə (əmələ gəlmə səbəbləri-irsi meylilik və xarici faktorlar) aiddir.
Mərkəz direktoru deyib ki, ilin birinci rübü ərzində qeydiyyata alınanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Onun fikirincə, şəkərli diabetin yaranmasının kökündə stress və düzgün qidalanmamaq durur.
İndiyədək 90 uşağa “pompa” qoyulub
“Həmin “pompa” çox bahalıdır, ona görə də onu hamı üçün tətbiq etmək olmur”
Y.İsmizadə deyib ki, şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülüb və proses davam etməkdədir. Bütün bu tədbirlər “2011-2015-ci illərdə şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Onun sözlərinə görə, proqram çərçivəsində şəkərli diabet xəstələrinə çox sayda pulsuz dərman vasitələri, şəkəri təyin etmək üçün aparat verilib: “Bunlar çox önəmli və eyni zamanda bahalı işdir. Bu işləri dövlət öz üzərinə götürüb və buna böyük həcmdə maliyyə vəsaiti xərclənir”.
Şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi üçün hər il təxmini nə qədər vəsaitin ayrılması barədə məlumata malik olmadığını deyən Y.İsmizadə yalnız onu deyib ki, bu sahəyə kifayət qədər böyük maliyyə vəsaiti ayrılır və sərf edilir: “Dövlət Proqramı çərçivəsində, həmçinin indiyədək 90 uşağa “pompa” (inusilin vurmaq üçün bədənə yerləşdirilir) qoyulub. Həmin “pompa” çox bahalıdır, ona görə də onu hamı üçün tətbiq etmək olmur. Bundan başqa, proqram çərçivəsində şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsi genişləndirilib, yerlərdə maarifləndirmə tədbirləri həyata keçirilib, xarici ölkələrin müvafiq qurumları və mütəxəssisləri ilə qarşılıqlı təcrübə mübadiləsi aparılıb”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə şəkərli diabetin profilaktikasına ayrılan maddi vəsait onun gələcəkdə fəsadlarının aradan qaldırılmasına qoyulan xərclərdən dəfələrlə azdır.
Şəkərli diabet üzrə yeni Dövlət Proqramı hazırlanacaq
Yusif İsmizadə onu da deyib ki, “2011-2015-ci illərdə şəkərli diabet üzrə Dövlət Proqramı”nın icrası bu il başa çatır. Onun sözlərinə görə, hazırda həmin proqramda nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir: “Bu il ərzində növbəti, 2020-ci ilə qədər dövrü əhatə edən şəkərli diabet üzrə Dövlət Proqramı hazırlanacaq. Gələn ildən isə yeni proqramın icrasına başlanılacaq”.
Son 7 ildə şəkər xəstələrinin sayı 180 minə kimi artıb
Qeyd edək ki, keçən ilin statistik göstəricilərinə əsasən Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı 200 minə yaxın idi. Ümumiyyətlə, son 10 il ərzində ölkəmizdə şəkərli diabet xəstələrinin sayı təxminən 7 dəfə artıb. Təkcə 2008-ci ildə Azərbaycanda 72 min şəkərli diabet xəstəsi qeydiyyatda olduğu halda, hazırda onların sayı 250 minə yaxınlaşır.
Təcili tədbirlər görülməsə, bu xəstəlikdən vəfat edənlərin sayı 50 faizə qədər artacaq
Onu da bildirək ki, son araşdırmalara görə, dünyada 240 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Hər il dünyada vəfat edən insanların 5 faizi məhz bu xəstəlik nəticəsində dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə 50 faizə qədər artacağı ehtimal olunur. Məlumatlara görə, ölkədən asılı olaraq əhalinin 2-10 faizi şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır.
ÜST 2006-cı ildə xüsusi bəyannamə qəbul edərək şəkərli diabeti “ağır xroniki xəstəlik” kimi səciyyələndirib. Şəkərli diabet xəstəliyi şəkərin qanda xroniki artımı ilə bağlıdır.
Tibb elminə görə, şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır.
Atif Sarıxanlı

