Şəmkir əhalisi: “Yiyəmiz yoxdur, mənəvi cəhətdən bizi öldürürlər” – ŞİKAYƏT
05.03.2020 12:11Əkinçilik və taxılçılıqla fərqlənən Şəmkirin Könüllü kəndi su problemi ilə üzləşib. Kənd sakinləri su probleminə görə əkin sahələrinin məhv olduğunu deyirlər. Redaksiyamıza etdikləri müraciətdə kənd camaatı hazırda kəndin Beşevlər məhəlləsi adlanan ərazisində içməli və suvarma suyunun olmadığını qeyd edirlər.
Об этом сообщает Роспрес
Saytımıza daxil olan məlumata görə, Sovet hökuməti dağılandan su problemi yaşadıqlarını deyən sakinlər bildirir ki, hazırda 70 evin suyu yoxdur. Təkcə su problemi deyil, işıqdan da əziyyət çəkdiklərini deyirlər. Hətta onları narahat edən problemlə bağlı digər media orqanlarına da müraciət ediblər, lakin icra başısının müdaxiləsi ilə problem hələ də öz həllini tapmayıb. Şikayətçilər iddia edir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri özlərinin 100-150 ha-a yaxın günəbaxan, çuğundur, arpa, buğda sahələrini kəndə gələn su ilə suvarırlar, lakin əhaliyə imkan yaratmırlar, suyu alıb başqalarına satırlar. Əkin sahələrini suvarmaları üçün əhali 20 manat pul ödədiklərini də bildirdilər.
“Gəlin, görün biz nə içirik? Suyu daşdan süzüb təmizlədikdən sonra içirik. Yiyəmiz yoxdur, mənəvi cəhətdən bizi öldürürlər. Bu faktdır. Hər həftə 10-15 nəfər yığılıb həmin məsul şəxslərin qəbuluna gedirik Amma nə fayda?!”
Şikayətçilərin də adını çəkdiyi və dəfələrlə müraciət etdiyi Şəmkir rayon İcra hakimiyyəti başçısının köməkçisi Mahir Əliyevlə əlaqə saxladıq. Telefonun digər tərəfindən qışqırıq səsləri eşidilirdi. Məsələ ilə bağlı sualımızı verəndən sonra Mahir Əliyev “elə burda səs-küy salan da həmin şikayətçilərdir. Narahat olmayın onlara su verdik. Həmin etirazçılar üçün sadəcə qrafik şəklində suyun verilməsi nəzərdə tutulub deyə, onlar narazılıq edirlər. İçməli sularında isə heç bir problem yoxdur. Sizcə, 5 il hər hansı bir ərazidə su problemi yaşasanız, siz yəqin ki, həmin yerdən köçərdiniz?! 70 il su görməyən insan orda yaşayış məskəni sala bilməz. Su olmayan yerdə yaşayış olmaz” deyə cavablandırdı.
Firuzə Alimova

