Şeyx adları spirtli içkilərdə – “NİZAMİ” və “ŞAH İSMAYIL”ın adlarının konyaka verilməsi doğrudurmu?
05.03.2020 12:13Tovuz şərab zavodunda Azərbaycan şeyxlərinin, irfan nümayəndələrinin adına konyaklar istehsal olunub. “Nizami”, “Şah İsmayıl” konyaklarının fotoları sosial şəbəkələrdə paylaşıldıqdan sonra bu adda spirtli içkilərin olması cəmiyyət tərəfindən birmənalı olaraq pislənib.
A24.Az bu adlarla spirtli içkilərin istehsalının düzgün addım olub-olmadığını araşdırıb.
Об этом сообщает Роспрес
Millət vəkili, yazıçı Aqil Abbas məsələyə sərt təpki verdi. Yazıçının fikrincə bu addımlar birmənalı olaraq qəbuledilməzdir. “Mən ümumiyyətlə qatı dindar olmasam da, Allahımı, Peyğəmbərimi tanıyan adamam. Belə məsələlərə çox həssas yanaşmaq lazımdır. Məsələn, götürüb arağın üstünə halal yazırlar; “Halal vodka”. “Vodka”nın halalımı olur? Şah İsmayılın, Nizaminin adını konyakın üstünə yazmaq qəbulolunmaz bir şeydir. Azərbaycanda o qədər yeyib içən şair var ki, götürüb Qazaxın gözəl şairi Vəli Xramçaylının adını yazın. Adam qəhətdir ölkədə? “Göygöl”, “Abşeron” və digər şərab, konyaklarımız olub. Ermənilərin konyakından həm baha idi, həm də keyfiyyətli.
İndi Nizaminin, Xətainin hüquqları qoruyan bir qurumumuz yoxdur deyə, məsələ belə qalmalı deyil. Qafqaz Müsəlmanlar İdarəsi, Dini Məsələlərlə İş Üzrə Dövlət Komitəsi, lap elə Azərbaycan Yazıçılar Birliyi bunlara deməlidir ki, o adlar silinsin. Belə müqəddəslərə toxunmaq olmaz”.
Xalq şairi, AYB-nin I katibi Fikrət Qoca da məsələni birmənalı olaraq tənqid etdi:
“Bu əməli heç düzgün saymıram. Xətai, Nizami o qədər ucuz adamlardır ki, onun adını götürüb spirtli içkilərə qoyurlar. Qoy sübut etsinlər, əsaslandırsınlar ki, hansı səbəbə görə bu adları konyaka qoyublar. Onlar öz uşaqlarına ad qoyanda yəqin ki, böyüklərilə məsləhətləşirlər. Bəs bu adları seçəndə kiminləsə məsləhətləşiblərmi?”
Şair Murad Köhnəqala isə məsələyə ayrı prizmadan münasibət bildirdi. Şairin fikrincə burada qeyri adi heçnə yoxdur. “Mən konyak içmirəm. Meyvə araqlarımın da hamısının adı “Nizami”dir. Nizaminin, Xətainin adına küçə ola bilər, amma bir araq, konyak ola bilməz? Burada pis nə var ki? Yaxşı olardı ki, konyakın adını “Şeyx Sənan” qoyaydılar. İni Nizaminin yiyəsi yoxdur, götürüb qoyublar. Yəqin ki, onlar Nizamidən birincilik, böyüklük mənasında istifadə ediblər. Yəni “bu konyak, konyakların ən yaxşısıdır” demək istəyiblər. İstənilən halda burada pis heçnə yoxdur. Mən bunu normal qəbul edirəm”.
Məsələyə münasibət öyrənmək üçün “Nizami” və “Şah İsmayıl” konyaklarını istehsal edən zavodun rəhbərliyi ilə əlaqə saxladıq. Zavodun rəhbəri Naib adlı şəxs sualımıza ümumiyyətlə cavab verə bilmədi. “Bu barədə danışmaq istəmirəm. Xahiş edirəm. Mən heçnə deyə bilmərəm. Sonra danışarıq bu barədə”.
SSRİ- dönəmində 1922-ci ildə Gəncədə yaradılan şərab zavodu Nizami Gəncəvinin adını daşıyırdı. Təbii ki, bu addım dünyaca məşhur şairin şöhrətinə deyil, adının şərab və spirtli içkilərlə asossasiya olunmasına hesablanmış addım idi. Amma indiki zamanda Azərbaycanda ilahi, dini düşüncələrilə seçilən şeyx və mürşidlərə qarşı belə addımların atılmasının səbəbi çox güman ki, fərqlidir. Şərab zavodunun rəhbərliyi yəqin ki, bu yöndə xarici praktikadan bəhrələnib. Təəssüf ki, bu zaman şairlərin yaşadığı dönəm, onların həyat dərzi, əsərlərində bəhs etdikləri ideallar və dəyərlər nəzərə alınmayıb. Bir şərab şüşəsinin üzərində “Mopassan”, “Fitscerald”, “Napoleon”adlarını görmək təəccüblü deyil, lakin əsərlərində dərin əxlaqi, dini, ilahi dəyərlərdən bəhs edən, peyğəmbəri, Allahı vəsf edən insanların spirtli içki brendinə çevrilməsi ən azından təzadlı görüntü yaradır.
Sərdar Amin

