Sonda zibil qutularına atılan aksiz markalarında gerbimizin və Allah sözünün olması düzgündürmü? – ARAŞDIRMA
05.03.2020 12:17Azərbaycanın aksiz markasında Azərbaycan Respublikasının Dövlət gerbi və digər elementlər yer alıb. Gerb dövlətin milli atributlarından biri kimi hər bir vətəndaşın son dərəcə hörmətlə və sevgilə yanaşmalı olduğu müqəddəs rəmzdir. Eyni zamanda gerbimnizin üzərindəki alov dilimləri ilə “Allah” sözü yazılıb. Azərbaycanda demək olar ki, yalnız spirtli içkilər və tütün məmulatları aksiz markası ilə markalanır. Hamıya məlum olduğu kimi siqaret qutularını və spirtli içki şüşələri boşaldıqdan sonra zibil qutularına atılır. Eyni zamanda küçələrdə hər gün minlələrə aksiz markası olan qutular tapdalanır. Üzərində dövlət atributu və Allah sözü olan qutuların ayaq altında əzilməsi nə dərəcədə düzgündür? Daha doğrusu zibil qutularına, ayaq altına atılan qutuların üzərinə yapışdırılan aksiz markalarında gerbimizin və Allah sözünün olması nə qədər doğru addımdır?
A24.Az məsələyə aydınlıq gətirmək üçün öncə gerbimizin rəssamı rəssam-dizayner Rafiq Məmmədovla əlaqə saxlayıb. Rafiq Məmmədov müasir Azərbaycan gerbinin 1920-ci ildə qəbul edilmiş gerbin üzərində dəyişikliklər edilmiş forması olduğunu bildirdi: “Azərbaycanın ikinci dəfə müstəqillik qazandıqdan sonra gerbimiz Milli Məclisə təqdim olundu. Köhnə gerbdə forma etibarı ilə bir sıra çatışmazlıqlar var idi. Məsələn üzərindəki alov dilimləri süpürgəyə oxşayırdı. Bildiyimiz kimi gerbimizdə olan yaşıl rəng İslamın rəmzidir. Biz düşündük ki, eyni gerbdə İslam rəmzi olan yaşıl rəng və atəşpərəstlik rəmzi olan alov ola bilməz. Ona görə də mən alov dilimləri ilə gerbimizdə ərəbcə “Allah” sözünü yazdım. Və bu günkü gerbimizdəki alov “Allah yazısıdır.
Об этом сообщает Руспрес
Rəssam aksiz markalarında gerbimizin həkk olunması və nəticədə gerbimizin və Allah sözünün markayla birlikdə zibil qutularına atılmasına, tapdanmasına da münasibət bildirdi:
“Mən bu məsələyə heç düzgün baxmıram. Gerbin aksiz markasına vurulması düzgün deyil. Aksiz markası olan məhsulların qutuları zibilliyə atılır. Yaxşı olar ki, aksiz markaların üzərində daha uyğun, başqa yöndən əhəmiyyətli bir işarə qeyd olunsun. Rusiyada və digər ölkələrdə bu işə baxan xüsusi qurum var – Geraldika. Onlar ümumilikdə rəmzlərə, yazılara, işarələrə nəzarət edir, buna görə cavabdehlik daşıyır. Azərbaycanda isə belə bir qurum yoxdur. Ona görə bu sahədə çox ciddi boşluqlar var. Onların arasında danışdığımız bu məsələ də olduqca ciddi boşluqdan xəbər verir”.
Millət vəkili Fazil Mustafa isə məsələyə fərqli yöndən münasibət bildirdi. Deputatın fikrincə gerbə, bayrağa düşünülmüş şəkildə hörmətsizlik olunarsa, bu məsələnin üstünə getmək olar. Əks təqdirdə belə mövzulara problem kimi yanaşmaq düzgün deyil: “Məsələn, bütün möhürlərdə də gerb simvolumuz var. Möhür vurulmuş bir vərəq zibil qutusuna düşürsə, bu məsələyə gerbə hörmətsizlik kimi yanaşmaq düzgün deyil. Və ya bir yerə bayraq vurula bilər, hansı ki, o bayrağa yağış, palçıq dəyə bilər. Əgər bu düşünülmüş şəkildə edilmirsə, burda narahatedici məqam yoxdur. Bu məsələdə alt qatlara enməyin tərəfdarı deyiləm”.
Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək üçün öncə ləğv olunmuş Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin yerinə yaradılmış Maliyyə Bazarına Nəzarət Palatası ilə əlaqə qurduq. Palatadan aksiz markaları ilə bağlı məsələlərə Maliyyə Nazirliyinin şöbəsi olduğunu bildirildi. Ardınca nazirliyin mətbuat xidmətindən bu barədə məlumat əldə etməyə çalışdıq. Xidmətdən bizə bu nazirliyə elektron məktub göndərməyimizi, məktubun qısa müddətdə cavablandırılacağı bildirildi. Məktubla müraciətimizin üstnüdən bir neçə gün ötməsinə baxmayaraq nazirlikdən bu barədə açıqlama ala bilmədik.

