Təcili tibbi yardım pullu olacaq? – RƏSMİ AÇIQLAMA
05.03.2020 12:22İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkə ərazisində təcili tibbi yardımın pullu olacağı barədə yayılan məlumatlara aydınlıq gətirib. Agentlikdən A24.Az-a verilən məlumata görə, baza zərfində göstərilən xidmətlərin ödənişini Agentlik pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar üçün tibb müəssisələrinə edəcək.
Об этом сообщает Руспрес
Təcili və Təxirəsalınmaz Tibbi Yardım və ilkin səhiyyə xidmətlərindən pilot ərazilərdə – Yevlax rayonunda və Mingəçevir şəhərində rəsmi qeydiyyatı olan və olmayan bütün vətəndaşlar PULSUZ istifadə edə bilərlər. İcbari tibbi sığortanın ambulator və stasionar üzrə təqdim etdiyi tibbi xidmətlərdən isə yalnız pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar pulsuz istifadə edə bilərlər. Bütün tibbi xidmətlərin dəyərini Agentlik tibb müəssisələrinə ödəyir.
Baza zərfində Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri üçün göstərilən tarifləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinə ödəyir.
Məlumat üçün bildirək ki, yanvar ayında Mingəçevir şəhəri üzrə 3955 nəfər, Yevlax rayonu üzrə 924 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətindən istifadə edib.
Pilot ərazilərdəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin təkmilləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdə bir sıra addımlar atmaqdadır. Pilot ərazilərin ən müasir və tibbi avadanlıqla tam təchiz edilmiş 6 ambulans avtomobili ilə təminatı və bir sıra müasir, yüksək texnoloji avadanlıqlarla təmin edilməsi buna misal ola bilər.
Qeyd edək ki, ötən gün yerli mətbuatda ambulator və stasionar tibb müəssisələrinə hər bir xidmət üçün müəyyən edilən qiymətlərə uyğun olaraq ödənişlərin edilməsi, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə hər xidmətə görə ödənişin həyata keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat yayılıb.
Hesabatda qeyd olunub ki, epidemioloji-demoqrafik göstəricilər, tibbi xidmətlərdən istifadə tezliyi, tibbi xidmət növlərinin həyati vacibliyi, səhiyyə sisteminin mövcud maddi-texniki imkanları, tibbi xidmətlərin qiyməti və səfərbər ediləcək maliyyə resursları nəzərə alınmaqla baza (əsas xidmətlər) zərfi tərtib edilib. Tibbi xidmətlər zərfi sığorta olunanlar üçün ilkin səhiyyə xidmətləri, ambulator və stasionar tibbi xidmətlər, o cümlədən yüksək vəsait tələb edən bir sıra müalicə və cərrahi əməliyyatlar üzrə təminatları nəzərdə tutur.
Vüsalə Əlövsətqızı

