Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Təkamül bir təbiət qanunudur – Taryel Abdullayevlə müsahibə

05.03.2020 12:23

A24.az sosial şəbəkələrdə elmi fəaliyyəti ilə tanınan, gənc blogger Taryel Abdullayevlə elm, Təkamül mövzusunda müsahibə edib. Həmin müsahibəni təqdim edirik:

Об этом сообщает Роспрес

– İlk olaraq, İslamla bağlı fikirlərinizi soruşum, sizcə İslam dini bir insan üçün nələri məhdudlaşdırır?

⁃ Mən özümü daha çox aqnostik adlandırıram. Sualınıza gəldikdə, əsas İslam coğrafiyasına baxmaq lazımdır. Ümumi olaraq bu gün islam ölkələrindən nümunə göstərə bilərsinizmi ki, onlarda demokratiya hakimdir? Deyil. İslam ölkələrinə baxsaq görərik ki, çoxunda ancaq diktatura hakimdir. Yəni tək adam düşüncəsinin ölkədə hakim olması. Ümumiyyətlə, əgər dini inanclara baxsaq, xüsusilə də İslam inancına baxsaq, qadınların azadlıqları, və ya insanların müəyyən şeylərdə azadlıqları var ki inanc bunları məhdudlaşdırır. Məsələn, götürək son zamanlar aqressiv qarşılanan homoseksuallığı. Bu, tamamilə təbiətdə olan bir şeydir. Yəni təkcə insan növündə deyil, digər canlı növlərində də var. İslama və İslam ölkələrinə baxsaq, məsələn İran, Səudiyyə Ərəbistan, Əfqanıstan kimi ölkələrdə bunun hansı hallarla nəticələnəcəyini görə bilərik. Ən azından yüzlərlə, minlərlə homoseksual insan qaçaraq Avropadan sığınacaq alırlar. Homofobiya ən çox elə islam ölkələrində geniş füsət alıb. Çünki bu ölkələrin insanları mühafizəkralaşdırılıb və bir növ steriotiplərlə yaşayırlar. Belə olduğu halda insanlara hər hansı bir seçim azadlığı və ya istədiyi azadlığı yaşamağa imkan vermir. Bu elə azadlığın məhdudlaşdırılmasıdır. Mənə görə, bizim cəmiyyətdə İslami təfəkkür, İslami düşüncəsi hakim ola bilməz. Dünya ölkələrinə, cəmiyyətlərinə baxsaq, demokratik, plüralist dəyərlərlə gələcəyə doğru irəliləyirlər. Onun üçün də hər hansı məcbur edilmiş qaydalar həyat üçün çox əhəmiyyətsiz olmasıyla yanaşı, həm də insanlıq üçün təhlükəli bir şeydir.

– Yazdığınız statusların birində qeyd etmişdiniz ki, homoseksuallıq yayılmasa, daha yaxşı olar. Bəs bunu necə izah edərdiniz?

– Buna fərqli cavab vermək istərdim. Təbiətdə ən azı 350 fərqli növdə homoseksuallığın konkret müəyyənləşdirildiyi bilinir. Günümüzdə hələ də homoseksuallığın genetik səbəblərinin açıqlaması tapılmış deyil, amma araşdırmalar davam edir. Yenə qeyd edirəm ki, homoseksuallıq xəstəlik deyil. Ümumiyyətlə, təbiət bizim istəklərimizə görə işləmir. Genetik pozulma, genlərdə və xromosomlarda müşahidə edilən anomaliyalar nəticəsində ortaya çıxan vəziyyətlər var. Təxminən, 4.000 genetik pozulmalar olduğu bilinir və hər gün yeniləri ortaya çıxır. Məsələn daş adam sindromu, diprosopus, progeriya, daun sindromu və sair yüzlərlə belə doğumlar gerçəkləşir. İndi biz daun sindromlu doğulmuş bir insana qarşı çıxaq? Onu lənətləyib, haram olduğun adlandıraq? Xeyr, bunu edə bilmərik. Homoseksuallar isə hər hansısa xəstəlik deyil. Yəni homoseksuallıq canlının həyatı üçün təhlükə yaratmır. O insanlar uzun ömürlü yaşaya, cəmiyyətə faydaları dəyə və ya bir Alan Türinq də ola bilərlər. Hazırda da tanınmış və dünya siyasətində yer alan insanlar var ki, homoseksualdırlar. Mən homoseksuallıq yayılmasa, daha yaxşı olar, ona görə demişdim ki,bunun kütləviləşməsinin tərəfdarı deyiləm. Lakin bu cür insanlara qarşı aqressiya sərgiləmirəm və deyirəm ki, kütləviləşməsin,lakin onlar artıq varsa, onun bir insan kimi seçiminə, yaşayışına sadəcə hörmət etməliyik.

– Qurandakı elmi nəzəriyyələr haqda nə deyə bilərsiz?

– Türkiyədə Caner Taslaman, Harun Yəhya və digərləri və bir çoxları var, ortaya çıxıb Qurandakı elmi nəzəriyyələrdən danışırlar. Bu bir söz manipulyasıyasıdır. Yəni onlar bu kitabda nəyisə taparq göstərməyə çalışsınlar ki, bu gerçəkdir. Və yaxudda, əgər yadınıza gəlirsə, Armstronqun Ayada azan səsi eşitdi iddası vardı. Qərb dünyası Aya çıxır bunlar oturub burda Aya çıxan birinin azan səsi eşitdi iddasıyla özlərini sübut eləmək istəyirdilər. Halbuki vaakumlu sahədə kənar səs eşidilə bilməzdi. Bu kimi şeyləri idda etməklə öz dinini sübut eləmək məncə acizlikdir. Qaldı ki, elmi nəzəriyyələrin dini kitablarda olması, çox absurddur.
Baxın, din mütləq bir həqiqət anlayışına sahibdir. Yəni ki, Qurani Kərim 7-ci ərsdə də mütləq həqiqət idi, 21-ci əsrdə də mütləq həqiqətdir. Bundan sonra da müsəlmanlıq neçə müddət davam eləyəcəksə, yenə mütləq həqiqət kimi qalacaq. Amma elm mütləq həqiqət üzərində qurulmur. Elmin ən gözəl xüsusiyyəti odur ki, dəyişsin,inkişaf etsin. Məsələn, əgər Nyuton fizikasına baxsaq, Nyuton kosmosla zamanın ayrı olduğunu düşünürdü və bütün hesablamalarında elə buna görə etmişdi. Lakin Albert Eynşteyn ortaya çıxıb sübut elədi ki, kosmosla zaman eyni bir şeydir. Yəni bunlar fərqli bir şeylər deyil. O bunu elmi (nisbilik) nəzəriyyəsi ilə sübut elədi və klassik fizikanın önünə nisbilik fizikası keçdi. Buna bir növ Nyutonun yanlışlandığı da demək olar. Və ya bir zamanlar sabit kainat modelinə inanırdıq.Ancaq kainatın genişləndiyi bizə aşkar olandan sonra , “bigbang” nəzəriyyəsindən sonra başa düşdük ki, sabit kainat modeli tamamilə yalnışdır. Ona görə də elm dəyişən, inkişaf eləyən bir sruktura sahibdir. Din isə dəyişə bilməz axı. Quranda “bigbang” nəzəriyyəsi ilə bağlı yazıların olduğunu iddia edənlər var. Axı “bigbang” nəzəriyyəsi kainatı izah eləyən yeganə bir nəzəriyyə deyil. Məsələn, 5-10 il sonra elm adamları sübut eləsə ki, əslində kainatın bir başlanğıcı yoxdu və kainat əslində dörd-ölçülü dağılmanın nəticəsidir o zaman nə deyəcəklər? Deyəcəklər quranda səhv yazılıb, yoxsa biz uydurmuşduq? Yəni bunu söz oyunları oynayaraq, müəyyən kütləni inandırmaqla heç bir nəticə əldə edə bilməzlər. Məncə dini elmlə əlaqələndirmək doğru deyildir. Çünki predmetləri fərqlidi.

– Bəs siz Quran oxumusunuz?

– Bilirsiniz, mənim heç Quran oxumağa ehtiyacım yoxdur. Eləcə də Tövratı oxumağa da ehtiyacım yoxdur. Və ya dünyada olan yüzlərlə inancın ruhani həyatından bəhz edən mətinləri də oxumağa ehtiyacım yoxdu. Onların mənim üçün adi bir kitabdan heç bir fərqi yoxdur. Ümumiyyətlə, dini kitablar haqqında müəyyən qədər anlayışım var.

– Sizcə, əsl islam nədir?

– İslam dininə baxsaq, biz onlarla məzhəb, və yaxud firqələr və 500-ə qədər qollara ayrılır. Bunların hərəsinin özünün Quranı qavramaq şəkli və ya onu izah eləmək şəkli, ruhani həyatın yaşanması, ibadətləri belə bir-birindən tamamilə fərqlidir. Bu, bütün dinlərdə var: xristianlıqda da, iudaizmdə də var, buddizimdə də var. Bu onu göstərir ki, kimlərsə necə qavrayırsa, o cür də dinini yaşamağa çalışırlar. Bəs əslində ümumi reallıq nədir? Yəni əsl İslam anlayışı ki, var onun kökündə yatan bir şey odur ki, mənim qolum, firqəm və ya məzhəbim nədirsə, əsil İslam elə odur. Yəni siz əgər bu günləri İranda sərgilədiyi dindən arqumentlər göstərsəniz, digər məzhəbin üzvlərindən, məsələn, Ərəbistan və ya Türkiyə kimi ölkələrdə hənəfi, sələfi firqəsindən olan biri qalxıb deyə bilər ki, İranda olan din əsl İslam deyil. Eynisini Ərəbistana aid etsək, İrandan olan şiə tərəfdarı deyəcək ki, o, əsil İslam deyil. Niyə? Çünki onun əsil İslam adlandırdığı öz məzhəbidir.

– Fizik Yalçın İslamzadə dərsliklərdə Qurandan ayələrin dərc edilməsimə etiraz etdi. Buna siz də etiraz etdiniz. Bu haqda nə fikirləşirsiniz? Sizcə məktəblərdə bu kimi dərsliklər olmalıdır?

⁃ Məktəblərdə dini tədris eləmək olar, daha doğrusu dinlər tarixini… Bu normaldır. Burda söhbət islam və ya dinlər tarixindən getmir. Dünyada yüzlərlə inanc sistemi var, bunların hamısını dinlər tarixi kimi tədris etmək mümkündür. Ancaq coğrafiya, kimya, fizika və yaxudda ki, dəqiq fənlərin, təbiət fənlərinin içərisinə siz gəlib dini düşüncəni qoya bilməzsiniz. Coğrafiya dərsliyinə Adnan Oktar kimi tanınan Harun Yəhyanın “Quran möcüzələri” adlanan kitabından “kainatın genişlənməsini” salmışdılar. Bu doğru deyil, çünki coğrafiya elmdir. Elmin özünün metodu, işləmə prinsipləri var. Buna söykənərək biz ortaya bir elm qoyuruq və gətirib Qurani – Kərimdən izahlar vermək doğru deyil. Çünki bu, uşaqları gələcəkdə mühafizakar eləyə, onları real düşüncədən ayıra bilər. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Siz Avropa məktəblərinə gedib coğrafiya və ya fizika dərsində İncil, Tövrat oxuya bilməzsiniz. Yox əgər gedib coğrafiya dərsində Quran oxuyacaqsınızsa o zaman məktəbi mədrəsəyə çevirək, dərsliyə nə ehtiyac var ki?!

– Adını çəkmişkən, bu məsələyə də toxunmaq istərdik. Son zamanlar Azərbaycanda Adnan Oktar şəbəkəsi geniş yayılmağa başlayıb. Bir neçə dəfə onların sizə, sizin də onlara qarşı yazılarınız olub. Onlar sizə qarşı irəli sürdükləri iddialarında sizi ateist adlandırıblar, homoseksualizmi müdafiə etməkdə günahlandırıblar. Eyni zamanda orta məktəb dərsliklərində olan dini mövzulara müdaxiləsi, sizcə bu şəbəkə faydalıdır?

– Onlar kreasionistlərdi. Kreasionizm Amerikada yaranmış və elə ordan da maliyyələşir. Türkiyədə Harun Yəhya vəqfini yaratmışlar və o da müəyyən müsəlman ölkələrində öz təsirini göstərmək üçün belə qurumlar yaratdı. Onlara çox güclü maliyə dəstəyi verilir. Fəaliyyətlərinə baxsanız ən yaxşı, bahalı otellərdə seminarlar, konfranslar təşkil etmək, əllərində olmayan saxta fosil sərgiləri təşkil eləmək, Universitetlərə girmək şansları var. Artıq “Təhsil” TV və ya “Cırtdan” TV kimi kanallara ayaq açıblar. Və artıq orta məktəb dərsliyimizə kimi girdilər. Təkcə bu şəbəkə deyil, Fətullah Gülən şəbəkəsi də aktivdir. Məsələn, Həkimoğlu İslamyılın uşaq ensiklopediyası tirajlanır. Mən Həkimoğlu İsmayılı və onun kitablarını Çağ Öyrətimdə oxuduğum zamanlardan oxumuşam.

Mən bununla bağlı prezident administrasiyasına və dini komitəyə yazdım. Düzdür ordan mənə cavab gəldi, məsələ ilə bağlı məni dindirdilər. Ondan sonra orta məktəb dərsliyinin coğrafiya kitabından həmin yazıları çıxartdılar. Bunlar çalışırlar ki, həmin bu Kreasionizm nəzəriyyəsini (yəni yaradılış nəzəriyyəsi), bizim təhsil sistemimizə yeritsinlər. Buna nəzəriyyə də deməyək, hipotez deyək, çünki təcrübəsi , müşahidəsi olmadığına görə biz bunu elmi nəzəriyyə hesab edə bilmərik. Elmi nəzəriyyə o zaman olur ki, siz həmi nəzəriyyəni daim yenilənən, dəyişilən bir şeylərə əsaslanaraq eləyəsiniz, təcrübəsi və müşahidəsi olsun. Yoxsa filan şeyi Allah yaratdı və ya Tanrı yaratdı, bunu müşahidə eləyə bilərsənmi? Obyektiv bir reallığa gətirə bilmərsənsə, deməli hipotezdir, yəni bir düşüncədir, fərziyyədir. Amma bunlar ölkədə bunu tətbiq eləmək istəyirlər. Bu da elmlə ziddir. Nə qədər desələr ki, elmdir, xeyir elmə ziddir. Onlar “Təkamül” nəzəriyyəsi kimi bir nəzəriyəyə qarşı çıxırlar. “Təkamül” nəzəriyyəsi dünyada atom, qravitasiya, hüceyrə nəzəriyyəsi kimi ən böyük nəzəriyyələrlə eynilik təşkil edir. Təkamül bir təbiət qanunudur, “Təkamül” nəzəriyyəsi isə bu qanunun necə baş verdiyini izah eləyən bir nəzəriyyədir. “Təkamül” nəzəriyyəsi bu günləri Harvard, Oxford kimi Universitetlərdə orta təkamül şöbələri var, araşıdrma fakultələri, laboratoriyaları var, həmin şöbələrdə işlər gedir.

– Millət Vəkili Fazil Mustafa bu yaxınlarda təkamül nəzəriyyəsi haqqında nəzəriyyənin öz təsdiqini tapmadığını deyib

⁃ Düz deyir, tapmadı, amma hardan tapmadığına dair mən ona cavab olaraq bildirmişdim və hətta Elşad Miri də bununla bağlı video çıxış hazırlamışdı. İranda, Əfqanıstanda, Yəməndə, Suriyada, Liviyada, Azərbaycanda, hətta Türkiyədə Təkamül Nəzəriyyəsi öz təsdiqini tapmaya bilər. Bu ölkələrdə normaldır da, çünki onların hamısının ümumi olaraq, bir dənə Oxfordu, bir dənə Kembrici yoxdur. Amma deyə bilərəm ki, İngiltərədə, İsveçrə, Almaniyada, Amerikada tapmaya bilərmi? Xeyir, çünki orda şöbələri, araşdırma institutları var. Bu gün dünyanın aparıcı jurnallarına baxsaq, orda hamısı təkamül nəzəriyyəsi haqda elmi məqalələr yazılır. Təkamülə dair edilən araşdırmaların nəticələri dərc edilir. Hətta bu yaxınlarda Mərakeşdə qazıntılar zamanı Homo Sapiensin 300 min il əvvəl yaşadığını sübut edən qalıqlar tapıldı. Amma bu tarixən fərqli idi, bugünə qədər biz elə bilirdik ki, növümüzün yaşı 200 min ildir. Bax görürsünüz, elmin dəyişkənliyi bax burda yaranır. Amma yeni bir bir fosil çıxdı, 200 min illik gerçəyi sildi, 300-350 min il olduğu təyin edildi. Elm belə işləyir, mütləq qəbul ediən həqiqətlə dəyişən həqiqəti uyunlaşdırmaq, sintez etmək mümkün deyil.

– Bu yaxınlarda Türkiyədə təkamül nəzəriyyəsini dərslikdən çıxartdılar. Amma Azərbaycanda isə hazırda nisbətən də olsa tarix, biologiya fənlərində keçirilir. Təkamül nəzəriyyəsi sizin üçün nədir, sizə nə üçün lazımdır, niyə faydalıdır?

⁃ Təkamül nəzəriyyəsinə baxsaq növlərin zamanla dəyişərək ətraf mühitə uyğunlaşmasını hansı yollarla baş verdiyini, 20-dən çox mexanizmlə izah eləyən elmi nəzəriyyədir. Təkamül nəzəriyyəsi tibbin əsasıdır. Bu gün dərman preparatları istehsal olunursa, məhz insanın təkamül nəzəriyyəsi ilə əldə edilir. Baxın, keçən il qrip əleyhinə aldığımız antibiotik bu il yenilənir. Çünki qrip hüceyrələrdə o qədər tez yenilənir ki, yeni dərman preparatı lazımdır ki, hüceyrələr reaksiya versin. Əks halda həmin antibiotiki vurduğunuz zaman reaksiya vermir, hüceyrəni tanıyır və ona uyğunlaşır. Yəni yeni bir preparat hazırlamalısınız ki, qripə təsiri olsun. Təkamül nəzəriyyəsi inkişaf etmiş ölkələrin hamısında tədris olunur. Bu, ətrafını, canlı aləmi, bitkiləri, insanın özünü belə öyrənməyə əsas verir. Sadəcə təkamül nəzəriyyəsində əsas problem insan və meymun problemidir. Mən bunu burdan açıq aydın deyirəm. Təbiətdə üstün bir anlayışı yoxdur. Yəni bir bakteriya ilə bir insan növünün heç bir fərqi yoxdur. Misal üçün, zəlzələlərdə insan növü daha acizdir, nəinki quşlar. Onlar uçaraq özlərini xilas eləyə bilərlər, amma zəlzələdə insan özünü xilas edə bilməz. Sunamidə siçovullar qaçıb canını qurtara bilər, amma insan özünü qurtara bilməyəcəkdi. Yəni bu məsələyə fərqli tərəfdən baxmaq lazımdır. İnsanın digər canlılardan fərqli bir özəlliyi var, o, onun ağlıdır, düşüncəsidir ki, bu onu üstün bir varlıq halına gətirib çıxardıb. Amma digər növlərdə olan xüsusiyyətlər də var, məsələn, biz ikimizdə eynək taxmışıq, amma bizim gözlərimiz qartal qədər iti deyil. Qartalın iti gözləri bizdən üstün sayılmadığına görə, bizim də zəkamızın olması onlardan üstün varlıq eləyə bilməz. Çünki bu xüsusiyyətlər canlının özünü təbiətdə, həyatda qalmaq, valığını davam elətdirmək üçün özündə inkişaf elətdirdiyi bir xüsusiyyətdir. Deyək ki, hepard yaxşı qaça bildiyi üçün bir ceyranı ovlayıb həyatda qala bilərdi, bəs insan neyləyə bilərdi? İnsan da zəkasını inkişaf elətdirə bilərdi ki, bu da bizi zamanla bu canlı halına gətirib çıxartdı. Amma bioloji olaraq taksonomiyaya görə, insan meymun növüdür. Millət vəkili Fazil Mustafa da müsahibəsinə qeyd edirdi ki, heyvan çevrilib insan ola bilməz. Bilirsiniz necədir? Bu məsələni bilməməkdən yararlanır. Heyvan çevrilib insan növü oldu nə deməkdir axı? İnsan özü bioloji olaraq heyvan növüdür. Açıb bütün kitablara baxsın görsün ki, niyə mən məməlilərin içindəyəm? Niyə mən primatlardayam? Bunun hamısını axtarsın və izah eləməyə başlasın ki, nəyə görə mən bu dəstələrin arasındayam? Əgər insan xüsusi bir varlıq, canlıdırsa, onu biologiyadan çıxarıb kənara qoysunlar. Bunu subyektiv eləmək lazım deyil. Bunu genetik, zülal strukturları, anatomik qruluşu, bioloji, fizioloji və bütün xüsusiyyətlərinə görə sübut eləməlisiniz ki, bizim heç bir canlılarla əlaqəmiz yoxdur, biz üstün bir varlığıq. Bu isə mümkün deyil çünki insan özü meymun növüdür. Kim istəyir bunu qəbul eləsin, kim istəyir qəbul etməsin.

– Paylaşdığınızın statusların birində belə bir sual vermisiniz ki, bu günləri Neandertal, Homo Sapiens, Densovalılar dünyada yaşasaydı, necə olardı?

– Ümumiyyətlə biologiyada bütün canlıların öz adı var. Bizdən əlavə insan növləri olubdur. Adını çəkdiyiniz Neandertallar, Denisovalılar, Homo Sapiens və sair – bunların hamısı insan növü idi. Amma müəyyən mənada bir-birimizdən ayrılırdıq. Beyin quruluşlarına, fiziki görünüşlərinə görə bir-birimizdən fərqli idik. Amma ümumilikdə hamısı HOMO – insan növü idi. Bunu Hararı də öz kitabında izah eləyib ki, onlar bir yerdə yaşasaydı necə olardı. Mən onu təsəvvür eləyə bilmirəm ki, bu necə bir şey olardı? Amma bu günləri Afrikada sivilizasiyadan geridə qalmış tayfaları həmin insanlarla müqayisə etmək olar. Təsəvvür edin həmin insanlar Nyu – Yorkda sizin qonşularınızdır. “Body” qəbiləsi var, onlar qanla qidalanırlar, təsəvvür edin həmin qəbilə ilə qonşusunuz, sizin uşaqlarınız yaxşı bir kollecdə oxuyur, amma onlar hələ də əllərində balıq ovlamağa gedirlər.

– Axı bu günləri inkişafdan geri qalan tayfalar var və az deyil. Bəs onlar niyə inkişaf etmədi?

– Amazonda olan qəbilələrin üzvlərini bir anda Nyu-Yorkda uyğunlaşdırıb bir ofisdə menecer işlədə bilməzsiniz, mümkün deyil. Çünki təfəkkürü, zəkası o dərəcədə deyil. Zamanla özü bu inkişafa gəlməlidir. Ona görə də onlara müdaxilə etmək olmur. Müdaxilə etmək həmin o qəbilələri məhv edə bilər. Bütün sahələrə baxsaq əgər, bir anda ideal olan cəmiyyətin dəyərlərini ideal olmayan cəmiyyətə tətbiq etməyə çalısanız həmin cəmiyyətdə xaos yaranacaq. Bu, zamanla adaptasiya, uyğunlaşma olunmalıdır. Necə ki, bizim hələ Avropa mədəniyyətinə gəlməyimiz üçün uzun illərin qaldığı kimi…

– Bəs adını çəkdiyiniz insan növləri arasında qarşıdurma yarana bilməz? Çünki bu günləri dünyada eyni növdə olan bütün insanlar bir-birini öldürməyə, zərər verməyə çalışır.

– Düşünürəm ki, onlar bir yerdə olsaydı, əlbəttə ki, qarşıdurma olardı. Nəinki onlar, biz hamımız eyni növün üzvüyük və bir-birimizi qırmırıq məyər? Neandertalları Homo Sapienslər öldürüb nəslini kəsdi kimi fikirlər də var. Bu, antropoloqların fikridir. Yəni homosapienslərlə savaşda neandertalların kökü kəsilib. Əlbəttə, bu qarşıdurmalar olacaqdı. Hazırda dünyada ərzaq qıtlığı yaşanmaqdadır. Dünya əhalisinin sayı artdıqca bu qarşıdurmalar da artacaq.

– Sizi fəaliyyət göstərdiyini bir qrup var – “Yaşıl Elm”. Bu haqda danışmağınızı istərdik. Fəaliyyətiniz nədən ibarətdir, necə işləyirsiniz?

– “Yaşıl Elm”i dostum İlkin Cəfərov qurdu və hazırda da birlikdə fəaliyyət göstəririk. Hazırda özümüzün tərtib etdiyimiz “Təkamülə giriş” adlı bir kitabımızı çapa hazırlayırıq. Həmin kitabda təkamül nəzəriyyəsini insanların başa düşəcəyi bir dildə izah etməyə çalışırıq. Bununla yanaşı, populyar elmi kitabların tərcümə olunmasına çalışırıq. Hətta astrofizik Taysonun “Tələsən insanlar üçün astrofizika” kitabını hazırlamışıq. Artıq hazırdır, redaktəsi gedir. Nəyə görə biz elmi kütləviləşdirməklə məşğuluq? Bunun səbəbi, məqsədimiz nədir? Cəmiyyətimizə baxsanız, müəyyən şeylərdə çatışmazlıqlar var. Amma kütlənin çoxu həmin qaranlıqdan, çatışmazlıqlardan şikayət etməklə kifayətlənir. Biz həmişə çalışmışıq ki, həmin qaranlıqları qabardaq, danışaq, şikayətlənək. Məsələn, ancaq pisləyək ki, orta məktəblərdə təhsil pisdir, səhiyyəmiz pisdir. Biz ancaq şikayətçi ədəbiyyatın adamlarına çevrilmişik. İnsanlar başa düşmür ki, qaranlıqdan şikayət eləməklə aydınlığa çıxa bilməzlər. Əgər siz ora bir işıq yandırmasanız, inkişaf mümkün olmayacaqdır. Onun üçün də biz cəmiyyətdə çatışmayan, belə deyək də, insanların daha çox spirtüalist, mistik və yaxudda ki, qeyri-real düşüncələrinə qarşı, rasional olmağa çalışırıq. Qərbdə, elm dünyasında baş verən hadisələri qavramaqları üçün də elmi kütləviləşdirməyi qarşımıza qoyub populyar elmlə məşğul olmağa başladıq. Bu elə çıxış yoludur. Mən düşünürəm ki, şikayətçi ədəbiyyatın birdəfəlik kökünü kəsmək lazımdır.

– Bir dəfə sizinlə müzakirəmizdə olmuşdu. “BigBang” nəzəriyyəsi haqqında. Siz demişdiniz ki, hazırda qəbul olunmuş əsas “BingBang”dır.

– Kainatın genişlənməsi haqda ilk fikir rus riyaziyyatçı Aleksandr Friedmann və belçikalı fizik keşiş Georges Lemaitre tərəfindən ortaya atılmışdı ki, bunlar da Albert Eynşteynin tənliklərinə əsaslanaraq bu fikri ortaya atmışdılar. Amma bunu sübut etmək Edvin Hablın müşahidələrinə dayanır. Habl Andromediya qalaktikasını müşahidə elədiyi zaman bir şeyə şahid olur. Uzaq qalaktikalardan gələn işıq qırmızıya doğru sürüşür. Və bunu doppler effektinə görə reallaşdığını deyirik. Doppler effekti, işığın və ya səsin, yəni bir dalğanın uzaqlaşdıqca dalğa boyunun böyüməsi, yaxınlaşdıqca kiçilməsidir. Belə ki, bir işıq sizdən uzaqlaşırsa, işığın gedərək qırmızılaşdığını, yaxınlaşırsa, maviləşdiyini görərə bilərsiniz. Yəni işıq ondan uzaqlaşdıqca qırmızıya doğru, yaxınlaşdıqca maviyə doğru dəyişməyə başlayır. Daha sonra kainatı habl sabiti ilə bütün istiqamətlər eyni genişləməsini hesabladılar. Bundan belə bir nəticəyə gəldilər ki, əgər kainat bütün tərəflərə genişlənirsə, demeəli o nə zamansa bir nöqtədən başlayıbdır. Bununla paralel inflyasiya nəzəriyyəsi var ki, o da “bigBang” nəzəriyyəsinə zidd deyil. Amma onun üzərində işləməyə hələ ki, daha çox var.

– Antropik qanun haqqında nə danışa bilərsiniz?

– Antropik qanun kainatın ancaq saman yolundan ibarət olduğunu düşündüyümüz zaman ortaya atılıb. Yer planeti mərkəzdədir və bütün ulduzlar, planetlər, hər bir şey Yerin ətrafında dolanır. Onlar fikirləşirlər ki, hər şey insanlıq üçündür. O vaxtları bunu nə üçün belə deyirdilər? Ona görə ki, bizim o vaxt kainat haqda geniş məlumatıarımız yox idi. Buna görə də özlərinə görə haqlı ola bilərdilər. Amma biz sonradan kiçik qalaktikalarla birlikdə tirlyonlarla qalaktikaların olduğunu bildik. Və hər qalaktikada ortalama 350-400 milyarda yaxın ulduz varsa, artıq bizim “yer mərkəzçi” düşüncəmiz iflas elədi. Bu günləri də antropik qanunlara inamını davam etdirən insanlar var. Lakin bu çox əsassızdır.

– İncə nizam sistemi haqda nə deyərdiniz?

İncə nizam sistemi Avropada da, hazırda Türkiyədə də istifadə olunur. Bu yanaşmaya görə dünyanın, həyatın, xüsusilə də şüurlu canlıların meydana gələ bilməsi üçün bəzi təməl fiziki sabitlərin incə şəkildə nizamlanması lazımdır. Çünki onların dəyəri indikindən azacıq fərqlənsə, həyatın yaranması mümkün olmayacaqdı. Məsələn birində deyirlər ki, kainatın 4 fundamental qaydası var. Zəif, kiçik nüvə qüvvələri, cazibə qüvvəsi, elektromaqnetizm. Zəif qüvvə ölçülərdə bir az cazibədən bir balaca kiçik olsaydı, kainatda helium daha çox olardı, yaşayış üçün mümkün olmazdı. Amma bunlar başa düşmürlər ki, əgər 4 fundamental fiziki qanunlarından birini dəyişsək, bütün hamısı dəyişəcəkdir. Çünki onlar bir tarazlıq halındadır. Onlardan biri dəyişsə, tamam fərqli bir kainat ortaya çıxacaqdır.

– Yerin forması haqda uzun illər müxtəlif fərziyyələr olub. Bildiyiniz kimi, Yerin quruluşu haqda konkret bir fikir yoxdur. Bunu çox vaxt geoid adlandırırlar. Hətta “Düzdüyaçılar” var, Yerin düz olmasına inanırlar. Sizcə, Yerin quruluşu haqda səsləndirilən iddialardan hansı düzgündür?

– Dediyiniz “düzdünyaçılar” Avropadan tutmuş dünyanın hər yerində var. Fikir versəniz, onların ancaq Yer planeti haqqında iddiaları var. Digər planetlər haqqında iddiaları yoxdur. Çünki biz teleskopu götürüb birbaşa müşahidə edərik və görərik ki, bunlar yalan danışırlar. Amma onlar ancaq Yerdən danışırlar. Çünki biz öz yaşadığımız planeti birbaşa müşahidə edə bilmirik. Yeri hər hansı bir yerdə müşahidə edə bilmədiyimizə görə, bunu iddia edə bilirlər. Onlar heç bir fiziki və riyazi qanunlara əsaslanmırlar. Ümumiyyətlə, elmi əsaslara görə Yerin düz olması mümkün deyil. Çünki cazibə qüvvəsi hər şeyi mərkəzə doğru çəkir. Yerin düz olması ilə bağlı gərək Qalileyin müşahidələrini, Kepler qaydaların, Nyutonun tənliklərini çürütmək lazımdır. Bu isə mümkün deyil, çünki düz dünyaçıların fikirləri heç bir riyazi, fiziki əsaslara dayanmır, hamısı subyektiv fikirlərdir.

– Rondo Berrin “Secret” kitabı haqqında nə düşünürsünüz?

– Freyd deyirdi ki, insanlar reallığıa inanmaq istəmir, onlar illüziya ilə yaşamaq istəyirlər. Yəni qeyri-adi bir hadisə baş verəcək və mənim həyatım dəyişəcək fikrindədirlər. Doğurdan da bu belədir. Keçmişə baxsaq falçı yanına getmək, özünə dualar yazıdırıb, boynuna asıb nəyinsə dəyişəcəyinə inanan insanlar bu günləri azalıb. İndi digər şeylərə keçiblər. Belə ki, insanlar nəyisə əldə etmək üçün asan yollar axtarışındadır. Mən Kvant fizikası haqqında kitab və ya məqalələr oxuduğum zaman fizikanın bu sahəsini tam dərk edə bilmirəm. Çünki məntiqimə görə deyil. Bununla yanaşı Kvant fizikasını inkişaf elətdirənlərdən Maks Plank, Albert Eynşteyn, Nils Bor, Louis De Broglie, Ervin Şrödinger, Verner Heyzenberq, Paul Adrian Maurica Dirac və Wolfgang Pauli kimi elm adamları heç vaxt Kvant şüuru, Kvant düşüncəsi deyə bir şeydən danışmayıblar. Lakin bugün bəzi adamlar Kvant fizikasını mistizmə çeviriblər. Onlar düşünürlər ki, düşüncə hadisələrə təsir eləyə bilər və bununla müəyyən bir şeyləri əldə etmək olar. Amma bu yanlışdır. Ronda Berrinin “Sirr” kitablnda deyilir ki, yaşadığınız reallıq sizin düşüncələrinizin əksidir. Yəni siz nə düşüsəniz o qismətiniz olacaq. O zaman məsələn, Suriyada 3 yaşında öldürülən uşaq bunu özü istəmişdi? Və ya Rusiyada zorlanan azyaşlı qız olsun. Bəyəm o özü üçün bunu istəyirdi ki, başına da gəlsin? Motivasiya xarakterli bir kitabdır, bir növ insanların təfəkkürün reallıqdan ayırıb işğal edib. İnsanlar bu kitablarla həyatını dəyişib yaxşı bir həyata qovuşmaq əldə edib oxuyurlar. Lakin burda qazanan Ronda Berrinin özüdü. O kitablar tirajlanır, milyonlarla nüsxə satılar və yaxşı gəlir əldə edilir.

– Rövşən Abdullaoğlu təkamül nəzəriyyəsini boş adlandırmışdı

– Rövşən Abdullaoğlu – yazıçı, fəlsəfəçi, psixoloq və sair. Tam yaxşı tanımıram. Təkamüldə boşluq iddia etmək üçün onu doldurmaq lazımdır. Məsələn, Eynşteyn ortaya çıxıb deyir ki, Nyuton fizikasında boşluq var. Bu boşluğunda səbəbi budur. iddiasını riyazi olaraq sübut elədi və göstərdi ki, doğurdan da Nyuton fizikasında boşluq var idi. Kimsə ki, iddia edirsə ki, təkamül nəzəriyyəsində elmi boşluqlar var, buyursun, Albert Eynşteyn kimi ortaya çıxsın və akademik səviyyədə bunları izah etsin, boşluqları doldursun, biz də doğurdan da sevinək ki elmi nəzəriyyədə boşluqları yazıçımız tapıb və onu doldurub. Mən buna sadəcə sevinərəm.

– Sosial şəbəkələrdə elmi fəaliyyətlə ən çox məşğul olan qrup sizsiniz. Həm xarici, həm də yerli elm adamlarından kimlərin kitablarını oxumalarını gənclərimizı məsləhət görərdiniz? Öyrənmək istəyənlər hansı səhifələri izləsinlər?

– Facebookda şəhifəmiz “Yaşıl Elm” səhifəsidir. “YouTube” kanalımız da var. Bununla yanaşı Yalçın İslamzadə, Rövşən Əliyev, Vasif İsmayılov, Ruslan Köçərli kimi insanların fikirlərini və yazılarını oxuya bilərlər. Bunlar çox dəyərli insanlardır. Xarici adamlardan məsləhətlər verərdim ki, bildikləri xarici dildə elmi populyar kitablar əldə edib oxusunlar və aldadıcı motivasiya xarakterli kitabları oxumağı bitirsinlər. Bu kitablar gələcəkdə onlara heç nə verməyəcək, biraz da reallığa baxmağa, təbiəti,canlılar aləmini və kainatı tanımağa çalışsınlar. Elmi populyar kitablardan Karl Saqan, Tayson, Holkinin, Dokinsin kitablarını oxumaq olar. Bununla yanaşı digər ədəbiyyatlar da oxuya bilərlər. Məsələn, son zamanlar Volteri oxuyuram, halbuki əvvəllər bəyənməzdim.

Müsahibədə əməyi keçənlər: 

Firuzə Alimova

Nərmin Kərim

Həsən Fətəliyev