Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə Gümrünü Ermənistana vermədi, İrəvanı Azərbaycandan qopartdılar – NƏSİMAN YAQUBLU İLƏ MÜSAHİBƏ

05.03.2020 12:29

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına çox böyük və xüsusi hadisə kimi əbədi daxil olub. Bu tarixi əlamətdar edən Azərbaycanın tarixində ilk Parlamentli respublikanın, eyni zamanda, bütün Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsinin yaranması idi.

Об этом сообщает Руспрес

A24.Az olaraq, dövlətçilik tariximizdə misilsiz rol oynamış və bu günümüz üçün də xüsusi önəm daşıyan AXC tarixinə tarixçi-alim Nəsiman Yaqublu ilə yenidən nəzər salacağıq.

– AXC necə yarandı? Həmin dövrdə siyasi şərait necə idi?

– AXC dövrü Azərbaycan tarixinin ən şərəfli dövrüdür. Bütün situasiyalardan nəzər salsaq, Azərbaycanın dövlətçiliyi baxımından burada çox dəyərli nümunələr görə bilərik. İlk dəfə olaraq, bir coğrafi bölgədə Azərbaycan adlı dövlət qurmuşuq. Bu günə qədər qurulan dövlətlər müəyyən sülalələrlə bağlı olub. Məsələn, Şəddadilər, Qaraqoyunlular, Ağqoyunlular  və s.

Amma AXC ilə ilk dəfə idi ki, bir sülalə adı ilə deyil, hüquqi əsaslara söykənən  demokratik prinsiplərə söykənən bir dövlət quruldu. Bu baxımdan, çox əhəmiyyətli hadisə idi. İkincisi, qurulan bu dövlət parlamentli respublika idi. Azərbaycan parlamentində Azərbaycanda yaşayan bütün milli azlıqların nümayəndələri təmsil olunurdu. Digər tərəfdən, biz ilk dəfə olaraq, Azərbaycan ərazisində onun hüdudlarını müəyyənləşdirib 114 min kvadrat kilometr olduğunu təsdiqlədik.

Ən böyük hadisə isə 1920-ci ilin yanvar ayının 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması oldu. 23-ə qədər dövlət  Azərbaycanı müstəqil dövlət kimi qəbul etdi. Bu dövrdə çox böyük işlər görüldü. Milli Ordumuz yaradıldı, mətbuat üzərindən senzura götürüldü, azad mətbuat yaradıldı. 60-a yaxın qəzet və jurnal nəşr edilməyə başladı. Dövlət himnimiz yazıldı. Üçrəngli bayrağımız haqda qərar qəbul edildi. Bütün atributlarımız müəyyən olundu. Müstəqil bir dövlət üçün vacib olan hər şeyə nail olduq. Bunun özü böyük bir hadisə idi.

– Bu dövlətin qurulması ilə biz nə əldə etdik? AXC olmasaydı, nə olardı?

– Mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycanda demokratik hüquqi dövlətin əsası qoyuldu. Qanunçuluğun əsası olan qanunverici orqan parlament yaradıldı. Çünki 1918-ci ilə qədər Azərbaycanda hüquqi dövlət olmayıb. Bu gün dünyada hər bir dövlətin göstəricisi onun qanunverici orqanının olmasıdır.

AXC-nin müstəqil demokratik dövlət kimi, 23 aylıq mövcudluğu 1922-ci ildə SSRİ yaradılanda onları məcbur etdi ki,  Azərbaycanı müstəqil bir dövlət kimi SSRİ-nin tərkibinə qatsınlar. Yəni, bir az da geciksə idik, indi Çeçenistan, Kabardin-Balkar, Mordoviya kimi muxtar respublika olaraq, Rusiyanın tərkibinə qatılardıq. Bizim müstəqil dövlət olmağımız, 23-ə qədər dövlətin “Versal” sülh müqaviləsi ilə AXC-ni tanıması ruslara imkan vermədi ki, Azərbaycanı parçalayıb Rusiyanın tərkibinə qatsınlar. Bir sözlə, Məhəmməd Əmin Rəsulzadənin ideoloji əsasları ilə qurulan bu dövlət sonrakı taleyimizdə çox mühüm rol oynadı. Baxmayaraq ki, indi bəziləri M.Ə.Rəsulzadənin bu rolunu danır. Bəzi hallarda ayrı-ayrı şəxsiyyətlərlə Rəsulzadəni qarşı-qarşıya qoymaq istəyirlər. Onu arxa plana çəkib, Əlimərdan bəy Topçubaşovu, Fətəli xan Xoyskini önə çıxarmağa çalışır.

– Bu, nə ilə bağlıdır? Nəyə görə M.Ə.Rəsulzadəni yox, Ə.Topçubaşovu önə çıxarmaq istəyirlər?

– Bu, tarixi bilməməklə bağlıdır. Bunu edən adamların tarixdən xəbəri yoxdur. Nə olsun ki professordur, akademikdir. Amma kitab oxumayıb, arxiv sənədlərindən xəbəri yoxdur. Dövrdən xəbəri yoxdur, amma akademik kimi söz deyir və ictimaiyyəti çaşdırır. Birincisi, bu şəxsiyyətləri bir-birinə qarşı qoymaq olmaz. Çünki onların hər biri Azərbaycan xalqının yetişdirdiyi dəyərli şəxsiyyətlərdir. Hər birinin Azərbaycan tarixində çox önəmli rolu olub və bu xidmətləri danmaq olmaz.

Bu gün Azərbaycan Respublikasının başçısı kimdir? –  İlham Əliyev! Artur Rasizadə deyil ki. Ona görə də, bu adamları sıraya düzməyi bacarmaq lazımdır. O dövrdə də dövlətin başçısı M.Ə.Rəsulzadə olub. Hətta o dövrdə dövlət qurucularının sırasında 1-ci yerdə M.Ə.Rəsulzadənin şəkli qoyulmuşdu. Daha sonra Ə.Topçubaşov, F.Xoyski və s. “Azərbaycan” qəzetinin 1918-ci il 28 may nömrəsinə də baxsaq, bunu görə bilərik. Əgər orda bir problem olsaydı, özləri buna etiraz edərdilər. Yox, əgər etiraz etməyiblərsə, demək ki, özləri də bunu qəbul ediblər.

M.Ə.Rəsulzadə bu dövlətin ideoloqu idi, ideoloji əsaslarını hazırlamış bir şəxsiyyət idi. Və Azərbaycanın müstəqilliyi uğrunda axıra qədər mübarizə aparıb.

Bir şeyi də qeyd edim ki, o dövlətdə təmsil edilən insanların bəziləri Azərbaycanın müstəqil olmağına inanmırdılar. Şübhə ilə yanaşırdılar. İndi bir çoxları Ə.Topçubaşovu M.Ə.Rəsulzadədən öndə tutub, dövlətin əsas qurucusu kimi qələmə vermək istəyirlər. Əslində isə Ə.Topçubaşov  1917-ci ilə qədər “Kadetlər partiyası”nın üzvü idi. Heç Azərbaycanın müstəqilliyi haqqında düşünmürdü. Partiyasının proqramı isə bundan ibarət idi ki, monarxiyalı  Rusiyanı devirib, konstitusiyalı Rusiya qursunlar. Və Ə.Topçubaşov da bunun tərəfdarı idi. O, müstəqil Azərbaycan uğrunda mübarizə aparmırdı. Müstəqillik uğrunda mübarizəni 1917-ci ilin “Oktyabr inqilabı”ndan sonra aparmağa başladı. Gördü ki, artıq Rusiyada hakimiyyətə gəlmiş bolşeviklər konstitusiyalı qanuni dövlət yox, özlərinə uyğun bir dövlət qururlar. Ondan sonra başladı müstəqil dövlət haqda düşünməyə.

Amma onların heç birinin əməyini heçə saymaq olmaz. Onların hər biri AXC-nin dünyaya tanıdılmasında əvəzsiz rol oynayıb. Heç biri düşünmürdü ki, filankəs çox iş görüb, digəri az. Hər biri əlindən gələni edir. Eləcə də Ə.Topçubaşov. O da digərləri kimi bütün həyatını Azərbaycanın azadlığına həsr edib. Sadəcə M.Ə.Rəsulzadənin müstəqillik uğrunda mübarizəsinin tarixi daha dərinlərə gedib çıxır. M.Ə.Rəsulzadə hələ 1917-ci ilin aprel ayında Qafqaz müsəlmanlarına müxtariyyət verilməsi təklifini irəli sürmüşdü. Bununla tədricən Rusiyadan aralanmaq olardı.

– Bakının azad edilməsində xüsusi rolu olan Nuru Paşaya da münasibət birmənalı  deyil. Bu, nədən irəli gəlir?

– Nuru Paşa hərbçi idi. O gəlib, kiməsə “başına dönüm” deyib dilə tutmayacaqdı ki. O, qəti şəkildə sözünü dedi, bildirdi döyüşməyə gəlib. Nuru Paşanın bu hərbçi xasiyyəti bəzilərinin xoşuna gəlmirdi. Hər halda əsas nəticəyə baxmaq lazımdır. Yəni, Nuru Paşa gəldi və Bakını azad etdi. O təkcə Bakını yox, Gəncədən başlayaraq, Bakıya qədər bütün ərazini düşməndən təmizlədi. Hərbçi nizam-intizamı yaratdı. Bir şeyi də qeyd edim ki, həmin dövrdə 1896-1897-ci il təvəllüdlü gəncləri orduya çağırmışdılar. Səhəri gün anaları gəlib, ağlaşıb uşaqları apardılar ki, biz istəmirik uşağımız gedib döyüşsün. Bunu görən Nuru Paşa başa düşür ki, bunlarla meydana girmək olmaz.  Ona görə də Türkiyədən 10 minlik qoşun gətirdi. Bizdən cəmi 100-150 nəfər azərbaycanlı könüllü qoşulmuşdu döyüşə. Axı 100-150 nəfərlə nəyəsə nail olmaq olmazdı. Bəziləri deyir ki, guya onda “Bakı qoçuları” döyüşüb. Amma Bakı qoçusu üçün Vətən anlayışı yox idi. Onlar öz evlərini qoruyurdular. Öz evindən o tərəfə onları maraqlandırmırdı. Qoruyan idilərsə, 1918-ci ildə 31 martda 15 min azərbaycanlı öldü, onda qoruyardılar da Vətəni. Bəs harda idi o qoçular? Demək, bu, qoçuluq məsələ deyildi də. Ona görə də Nuru Paşa haqqında nə desələr, boş söhbətdir, yalandır. 1918-ci il 15 sentyabrda “Qafqaz İslam Ordusu”, başda Nuru Paşa olmaqla, misilsiz hünər göstərdi, 1000 nəfər türk əsgəri canını fəda etdi.  Biz Nuru Paşaya həmişə minnətdar olmalıyıq.  Onun Azərbaycan xalqı üçün çox böyük xidmətləri olub.

– Bəziləri İrəvanın Ermənistana verilməsini AXC-nin məğlubiyyəti, səhvi kimi qiymətləndirilir…

– Bu sözü deyənlər başa düşmürlər ki, o vaxt heç Bakı bizim əlimizdə deyildi. Dövlətin qurucuları Bakıya girə bilmirdilər, Gəncədə qalmışdılar və arabada yol gedə-gedə dövlət qururdular. Qarşılarında 14 minlik silahlı qüvvə dayanmışdı. Bakı ilə yanaşı, Kürdəmir, Hacıqabul, Şamaxı, Göyçay da onların əlində idi. 1918-ci il 15 sentabrda təkcə Bakını yox, bütün bu ərazilər düşməndən azad olundu. Bəs bunu kim etdi? Əlbəttə ki, M.Ə.Rəsulzadə! O, Türkiyə ilə danışıqlar aparırdı kömək almaq üçün. Həmin günlərdə Türkiyənin özündə də vəziyyət ağır idi. Ona görə də Ənvər Paşa qoşun göndərmək istəmirdi. Amma M.Ə.Rəsulzadənin hörməti o qədər böyük idi ki, o,  türk qoşunlarını Azərbaycana gətirməyə nail oldu və Bakı azad olundu.

İrəvanın Ermənistana verilməsinə gəldikdə isə, İrəvanı AXC verməyib. İrəvan böyük dövlətlərin maraq dairəsində olan bir bölgə idi. Həmin vaxt Ermənistana  paytaxt verilməsi məsələsi müzakirə olunurdu. Türkiyə Gümrünü Ermənistana verməyəcəyini bildirdi və belə qərara gəldilər ki, İrəvan verilsin Ermənistana.

Belə olan halda nə etmək olardı? Bizim üçün Bakı daha vacib idi, yoxsa İrəvan? Əlbəttə, Bakı! Bizim heç ordumuz yox idi, bunun üçün mübarizə aparaq. Hələ o vaxt ermənilərin və rusların planında Bakını ətraf kəndlərlə birlikdə quberniya kimi ermənilərin idarəçiliyinə vermək istəyirdilər. Amma Bakının azad edilməsi onların bu mənfur planını pozdu. Ona görə də strateji baxımdan olduqca əhəmiyyətli olan Bakının azad edilməsi xüsusi önəm daşıyır. M.Ə.Rəsulzadə də bu haqda yazıb ki, AXC tarixində 1918-ci il 28 may tarixi nə qədər əhəmiyyətlidirsə, həmin ilin 15 sentyabr tarixi də bir o qədər əhəmiyyət daşıyır. Demək istəyirəm ki, AXC o dövr üçün mümkün olan hər şeyi edib. Ona görə də ittiham edərkən real şəraiti nəzərə almaq lazımdır. Obyektiv yanaşmaq lazımdır.

– Bir il sonra AXC-nin 100 illik yubileyini qeyd edəcəyik. Bu haqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev artıq Sərəncam da imzalayıb. Bəs, siz necə düşünürsüz, bununla bağlı nə kimi tədbirlər görmək faydalı olar?

– Düşünürəm ki, AXC-nin 100 illik yubileyi ən yüksək səviyyədə keçirilməlidir. Bununla bağlı sənədli filmlər çəkilməlidir, kitablar nəşr edilməlidir, beynəlxalq səviyyəli konfranslar təşkil olunmalıdır. Bilirsiniz, bu, bizim üçün böyük bir şansdır. Biz demokratik dövlət qurmağa qadir olan güclü bir xalq olduğumuzu bir daha bütün dünyaya sübut edə bilərik.

Xəyalə Bünyatova // A24.Az