Odlar Yurdu Universiteti “kabluk” qadağası ilə bağlı AÇIQLAMA YAYDI
05.03.2020 12:57Azərbaycanın Odlar Yurdu Universiteti tələbə və müəllimlərin dikdaban ayaqqabı geyinmələrinə tətbiq edilən qadağa ilə bağlı açıqlama yayıb.
Об этом сообщает Роспрес
Bu barədə Odlar Yurdu Universitetindən A24.az-ın redaksiyasına daxil olan məlumatda deyilir.
Məlumatda bildirilir ki, hündürdaban ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər avtomatik olaraq dərs prosesini pozduğu üçün belə bir qadağa qüvvəyə minib: “Bu mənada tələbələrə ciddi məlumat verilib. Hesab edirik ki, tələbələr buna etiraz etməməlidir. Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, bu da tələbələrin xeyrinədir. Tələbə, müəllim hər zaman səliqəliliyi, nizam-intizamlılığı ilə seçilməlidir. Pedaqoji etika və estetika normalarına uyğun olmayan geyimlərdə onsuz da heç bir tələbə və ya müəllim dərsə gəlmir. Bu qayda illərdir ki, universitetimizdə tətbiq olunur və həm tələbələrimiz, həm də universitetin əməkdaşları tərəfindən müsbət qarşılanır”.
“Bu gün xarici universitetlərin əksəriyyətində işgüzar geyim qaydaları mövcuddur. Bu, bütün dünyada qəbul olunan işgüzar geyim standartına uyğunlaşdırılır. Korporativ geyim üslubu hər bir iş mühitində müəyyən qədər peşəkarlığı əks etdirməlidir. Hər bir işçinin, tələbənin geyimi də, çalışdığı, oxuduğu ali təhsil müəssisəsinin vizual imicini formalaşdırır. Sənin geyimin sənin həmsöhbətinə, görüşdüyün şəxsə bir mesaj vermək imkanına malikdir. Belə olan halda, nə üçün verdiyimiz o mesajla peşəkar təsir bağışlanmamalıdır? Toyun, ziyafətin öz geyimi var, ali təhsil müəssisəsinin də öz geyimi. Hər bir tələbə zövqünə uyğun geyim geyinməkdə sərbəstdir, lakin bu geyim təsdiq olunmuş standartın qeyd edilən tələblərinə uyğun gəlməlidir. Bütün bu normalar dünyanın nüfuzlu şirkətlərində, o cümlədən xarici universitetlərdə artıq uzun illərdir ki, tətbiq edilir. Bizim standartlar da tətbiq olunanda həmin təcrübələr öyrənilmişdir” – deyə, OYU-nun mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, Azərbaycanın Odlar Yurdu Universitetində xanım tələbələrə və müəllimələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb.
Bununla əlaqədar olaraq, “Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” – deyə, universitet binasının foyesində məlumat da yerləşdirilib.
Səid Qərib
A24.az

