Azərbaycan radiolarında Ermənistan proqramları yayımlanır – MTRŞ-DAN AÇIQLAMA
05.03.2020 13:07Bir neçə gün bundan öncə 106.3 radiosunun efirində aparıcı Raqif Raufoğlu dinləyicilərin çoxsaylı şikayətləri ilə bağlı sensasison fikir səsləndirib. O bildirib ki, Şamaxı və Mərəzə ərazisində olan dinləyicilər 106.3 efirini dinləməkdə çətinlik çəkirlər. Çünki bəzi hallarda həmin tezlikdə Ermənistana məxsus radio FM-lərin proqramları yer alır. Bu da dinləyicilər arasında böyük çaşqınlıq yaratmaqla yanaşı ciddi narahatlıq yaradıb.
Об этом сообщает Руспрес
Məsələ ilə bağlı A24.az-a açıqlama verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov bildirib ki, bizim ərazimiz kiçik olduğundan müxtəlif ölkələrin televiziya və radio tezlikləri bizim ölkəyə daxil ola bilir: “Biz dəfələrlə bununla bağlı monitorinqlər aparmışıq və bizim ərazimizə daxil olan stansiyaları tapmışıq. Biz də çalışdığımız qədər elə tezliklər çəkirik ki, qonşu dövlətlərin tezlikləri ilə üst-üstə düşməsin. Məsləhət xarakterli rezolyusiyalar çıxarılır və orada bütün ölkələr imza atır. O cümlədən biz də imza atmışıq. Bu gün daha çox İran İslam Respublikasındakı stansiyalardan bizim radio və televiziya tezliklərinə müdaxilələr olunur. Təxminən, 200 km məsafəyə qədər radio tezliklərə müdaxilələr ola bilər. Təbii ki, Dağlıq Qarabağla Şamaxı rayonu arasındakı məsafə 200 km-dən çoxdur. Amma stansiyalar Ağsudan qoyulduğuna görə, maneələr daha tez-tez yaranır. Həmin tezliklər Şamaxıya da gələ bilər, Mərəzəyə də gələ bilər. Bu cür hallar çox nadir hallarda baş verir. Bu da bəzən hava şəraitindən asılı olur. Konkret olaraq bunlar hamısı texniki problemlərdir. Burada bir məsələni də qeyd edim ki, belə problemlərlə üzləşdikdə İranla danışıqlar apara bilirik, amma Ermənistanla bu danışıqları apara bilmirik”.
İ.Məmmədovun sözlərinə görə, troposferdə bəzən elə laylar yaranır ki, elektromaqnit dalğalarını uzağa ötürə bilir. Buna görə də Şamaxı və Mərəzə ərazilərində Ermənistana məxsus radio tezliklərin yayımlanması baş verə bilər: “Mən demirəm ki, Şuşadan yayımlanan stansiya həmişçə Şamaxıya gələ bilər. Xeyr. O, təxminən 100 km məsafə ərzində yayımlana bilər. Səthi və troposfer dalğaları deyə iki cür dalğa var. Səthi dalğalar eyni bir stansiyadan düz radigörmə istiqamətində gedir. Troposfer dalğaları isə troposferdəki layların dalğaları səpələnməsindən asılıdır. Bu dalğalar bəzən uzaq məsafələrə qədər səpələnə bilir. Şamaxı və Mərəzə ərazisində Ermənistana məxsus radio dalğaları ara-sıra yayımlana bilər. Bütövlükdə bunun qarşısını almaq mümkün deyil. Bəzi mütəxəssislər bununla bağlı öz təkliflərini irəli sürüblər. Amma məsələ burasındadır ki, dalğa uzunluğunun 1/4-i qədər yerini dəyişməklə burada kəskin dəyişikliklər yaranacaq. Ona görə də onu efirdə söndürmək mümkün deyil”.
İ.Məmmədov qeyd edib ki, Mingəçevir şəhəri ərazisində Gürcüstanın televiziyası yayımlanır: “Çünki Gürcüstanda stansiyadan baxanda Mingəçevir əlinin içi kimi görünür. O, öz dalğasının qarşısını istəsə də heç cür ala bilmir. Dağlıq Qarabağ ərazisindən Ermənistana məxsus radio dalğaları həmişə bizim ölkənin ərazisinə daxil olub. Yəni, bu, ilk deyil. Bəzi dalğalar Ermənistanın özündən də gələ bilər. Amma bu, yalnız cəbhəyani ərazilərə qədər gələ bilər. Bizim Ağsuda yerləşdirdiyimiz “Gülüstan” stansiyası Azərbaycanın ən güclü stansiyasıdır. Biz onu elə Ermənistanın televiziya və radiolarına qarşı düzəldib qoymuşuq. Həmin stansiya 15 rayonu əhatə edəcək gücə malikdir. Biz onu orada yerləşdirmişik ki, erməni televiziya və radioları bizim ərazilərimizi zəbt edə bilməsin. Bizim də bəzi televiziya və radio tezliklərimiz İran ərazisində yayımlanır. Amma Ermənistanda yayımlarımız barəsində xəbərimiz yoxdur. Olsa da, az olar”.

