“Xaricdən Azərbaycana gətirilən bitkilər təbiətə ciddi ziyan vura bilər”

06.03.2020 09:38

“Xaricdən Azərbaycana ağac, gül və digər bitkilərin, xüsusən də ştillərin gətirilməsinə son qoyulmalıdır. Çünki həmin bitkilərdə ziyanverici həşaratların yumurtaları olar və bu da Azərbaycanın təbiətinə, torpağına, təsərrüfatına ciddi ziyan verə bilər. Hətta epidemik xəstəliklərin yayılmasına yol aça bilər”.

Об этом сообщает Футляр от виолончели

Bunu “a24.az”a açıqlamasında  Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Ekoloq qeyd edib ki, hər bölgənin özünəməxsus  iqlimi var və bitki əkilən zaman bu xüsusiyyətlər nəzərə alınmalıdır: “Məsələn, Abşeronun şəraitinə uyğun bitkilər əkilməlidir və bitki Azərbaycanda yetişdirilməlidir. Daha xaricdən ştil gətirib əkilməli deyil. Xaricdən alınan ağac ştillərininin üzərində həmin ölkələrin canlı aləminin, ziyanverici həşaratlarının yumurtaları gələr  ki, bu da Azərbaycanda problemlərə yol aça bilər. Deyək ki, həmin bitkilər Azərbaycanda əkilirsə, deməli, getdikcə yerli şəraitə uyğunlaşır.  Belə olduğu təqdirdə həmin yumurtalar formalaşaraq bizim təbiətə xas canlı aləmi məhv edər, torpağa ciddi ziyan verər və epidemik xəstəliklər yaya bilər. Hesab edirəm ki, əvvəla, belə bitkilər torpağa birbaşa əkilməməlidir. Xaricdən gətirilən bitkilər, ştillər əvvəlcə dendra parklarda əkilməli və 5-6 il reablitasiya keçəndən sonra başqa ərazilərə köçürülməlidir”.

“İndiyə kimi Azərbaycanda belə problemə rast gəlinibmi” sualımıza ekoloq belə cavab verib: ” Azərbaycanda belə fakta rast gəlməmişəm, amma xaricdə olub. Bu arada bir məsələni də xatırladım. Nikolay dövründə Rusiyada mal-qaranın yemlənməsi üçün qida az idi. Ona görə də ruslar Qafqaz dağlarından “bolşevik” adı verdikləri bitkini aparıb Leninqradda (indiki Sankt-Peterburq-A.S) əkiblər. Həmin bitki əkildiyi ərazidə digər bitkiləri  məhv edib. İndi Rusiya milyardlarla vəsait xərcləyir ki, “bolşevik” adlı bitkini ləğv etsin, amma yenə də alınmır. İstəmirəm ki, Azərbaycanda da belə bir vəziyyət yaransın”.

T.Zeynalov hesab edir ki, ümumiyyətlə, xaricdən Azərbaycana bitki gətirilməsinə qadağa qoyulmalıdir. Onun fikrincə,  bu məsələ Milli Məclisdə müzakirə edilməli və müvafiq qərar qəbul edilməlidir: “Əgər təbiətimizi məhv etmək niyyətində deyiliksə, xaricdən Azərbaycana ağaç ştilləri, bitki gətirilməsinə son qoyulmalıdır”.

Atif Sarıxanlı