Əflatun Amaşov: “Onun yoxluğunu qəbul etmək son dərəcə çətindir”

06.03.2020 09:38

Jurnalist Zöhrab Əmirxanlının vəfatı xəbərindən çox sarsıldım. Hesab edirəm ki, jurnalistikamız, eləcə də publisistikamız özünün dəyərli imzasını itirdi. Bu itki son dərəcə ağırdır.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov jurnalist Zöhrab Əmirxanlının vəfatı ilə bağlı başsağlığı verərkən deyib.

Şura sədrinin sözlərinə görə, Zöhrab iliyinə qədər jurnalist idi:

“O, yaddaşımda peşənin təəssübünü çəkməsi ilə qalacaq. Təkcə ona görə yox ki, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmişdi. Həyatda elə dəyərlər var ki, onları insana heç bir ali təhsil aşılamır. Zöhrab dəyərləri, prinsipləri rəhbər tutan və peşəni də bu xüsusiyyətlərinə görə sevdirən biri idi. Hansı sahədə çalışsaydı, mahiyyət dəyişməz qalacaqdı. Nə yaxşı ki, Zöhrab jurnalist oldu”.

Deputat qeyd edib ki, Zöhrab Əmirxanlı hadisə və proseslərə məxsusi yanaşma tərzi ilə seçilirdi:

“Bu tərzə emosiya, duyum, həssaslıq hakim kəsilmişdi. Bəzənsə kompromissizlik, barışmazlıq, hətta mürəkkəblik qabarıq görsənirdi. Ancaq bütün bunlar Zöhrabı sevdirirdi. Çünki onun bütün çılğınlıqlarında səmimilik, təmənnasızlıq var idi ki, bu da Zöhrab Əmirxanlı obrazını tamamlayır, bütövləşdirirdi”.

“Bir daha deyim ki, Zöhrab Əmirxanlının vafatından çox üzüldüm. Onun yoxluğunu qəbul etmək son dərəcə çətindir. Allahdan Zöhraba rəhmət diləməkdən başqa çarəmiz də qalmır. Doğmalarına, əzizlərinə, onu tanıyanların hər birinə dərin hüznlə başsağlığı verirəm”, – deyə Ə.Amaşov əlavə edib.

 

Новости