Faciəvi şəkildə dünyasını dəyişmiş gənc şair haqqında kitab təqdim edildi
05.03.2020 10:45Şair Fərhad Mete haqqında yazılmış kitabın təqdimatı keçirilib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, “Ömür – doğum günü hədiyyəmiz” adlı kitabın müəllifi Fərid Hüseyndir. Kitaba müəllifin Fərhad Mete gündəliyindən parçalar, haqqında deyilən fikirlər, şeirləri toplanıb.
Təqdimat mərasiminə qatılan qələm adamları – Səlim Babullaoğlu, Əyyub Qiyas, İbrahim İlyas və digərləri Fərhad Metenin şeirlərindən, haqqındakı xatirələrdən danışıb.
Torpaq olacam…
(Fərhad Mete)
Mən bir şəhid meyitiyəm,
könüllü getdiyim yolu könülsüz qayıdıram,
üstümdə saç yolacaq boyalı qadınlar
və ağlayacaq qorxaq kişilər
məni aparmayın evimizə, nə olar, ruhum inciyər…
Üzüqara dönmək istəmirəm,
axı söz vermişdim o qıza qəhrəman olacam deyə,
elə buralarda basdırın məni,
yanıma qoyun silahımı, gülləmi,
yağış suyunu da qarışdırın qara torpağa
və çəkib doldurun üzümün cizgilərini,
bir az gülümsər, qayğısız görsənim…
Sonra üç rəngli bayrağıma sarın məni,
al qanım üstünə qırmızı rəngi düşsün,
saçlarını yolub rüzgara verməsin qadınlar,
və qorxmasın kişilər…
Mən uğrunda ölümdən gizlədiyiniz
bir ovuc torpaq olacam…
Qeyd edək ki, Fərhad Mete 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. 1984-1994-cü illərdə Sumqayıt şəhərindəki 4 saylı orta məktəbdə təhsil alıb. 2008-2009-cu illərdə Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsində təhsil alıb. 2009-cu ildə Akif Səməd adına ədəbi mükafata layiq görülmüşdü.
2009-cu il avqustun 13-də avtomobil qəzasında həlak olub.
Sərdar Amin

