Fazil Mustafa: “Azyaşlı uşaqları dini mərasimlərə daşımaq nadanlıqdır”
05.03.2020 10:45“Azyaşlı uşaqları dini mərasimlərə daşımaq nadanlıqdır, bunun faydalı iş olduğunu əsaslandırmaq isə həyasızlıqdır”
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, Aşura günü ilə bağlı mərasimlərə azyaşlı uşaqların aparılmasının düzgün olmadığını bildirib.
“Üzülərək oxudum, oxuyaraq üzüldüm! Bəzi şəxslər əsaslandırmağa çalışırlar ki, azyaşlı uşaqların dini mərəsimlərdə iştirakında heç bir qəbahət yoxdur. Əlbəttə, bu da bir mövqedir, demokratik cəmiyyətin tələbidir ki, hər kəs düşündüyünü söyləsin. Kimin inancı nədir, mən buna qarışmıram. Bizimki maarifçilikdir, aydınlatmadır, modern dünya nədir, İslam dininin mahiyyətində nələr var, uydurulan dinlə endirilən dinin fərqi nədir və İslam adı ilə yaşanan iyrəncliklər bu gözəl əxlaq dininin daşıyıcılarını necə dünyanın ikinci növ adamına çevirib, töhmət altına salıb və başqa bu qəbildən olan məsələləri izah etməyə çalışırıq. Ancaq bir məsələ var ki, onu gələcəyimiz üçün böyük bir təhlükə olaraq gördüyümdən ona sərt münasibət bildirməyə borcluyam. Azyaşlı uşaqları şadlıq evlərində axşam vaxtı kefli insanları əyləndirməyə aparmaq abırsızlıqdır, azyaşlı uşaqları dini mərasimlərə daşımaq nadanlıqdır, bunun faydalı iş olduğunu əsaslandırmaq isə həyasızlıqdır!!! Uşaqları təhsil ocaqlarına aparanlar, idman zallarına aparanlar, musiqi, peşə, xarici dil öyrədənlər, sağlam həyata, bilgi mühitinə alışdıranlar ləyaqətli insanlardır, millətin gələcəyini düşünən insanlardır!”
Millət vəkili adiyyatı qurumları bu məsələyə həssas yanaşmağa çağırıb və uşaqların bu cür istismarının qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini tələb edib:
“Ombudsman, hüquq-mühafizə orqanlarının rəhbərləri, səlahiyyətli dövlət rəsmiləri! Buyurun, din adı altında tərtib olunan və qonşu ölkələrdən idarə olunan mərasimlərdə uşaqların istismar olunmasına açıq mövqe bildirin, kimliyindən asılı olmayaraq bu nadanlığın, gerizəkalılığın tərtibatçılarına qarşı qanununun gücünü göstərinn. Əks təqdirdə, illər sonra modern dəyərlərin daşıyıcısı olan dünyəvi Azərbaycan dövlətindən əsər-əlamət qalmayacaq!”
Qeyd edək ki, Aşura günü ilə bağlı müxtəlif məscidlərdə keçirilmiş mərasimlərdə iştirak edən azyaşlı uşaqların fotoları son iki gündə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bəziləri uşaqların dini mərasimlərdə iştirakına haqq qazandırsa da, digərləri bunu birmənalı olaraq pisləyib.

