“Ginnesin Rekordlar Kitabı”na düşməkdən imtina edən azərbaycanlı alim: “Dırnağını uzadan da ordadı, saqqalını uzadan da…” – MÜSAHİBƏ
05.03.2020 10:50Azərbaycanda elə insanlar, ziyalılar var ki, onlarla internet portallarında, qəzetlərdə, televiziyalarda demək olar ki, rastlaşmırıq. Günlərin bir günü xarici ölkələrdə olanda o adamların adı ilə qarşılaşır, xarici vətəndaşların bizim ziyalımız haqqında ağız dolusu danışdığını görərik.
Tofiq Karayev də belə ziyalılarımızdandır.
A24.Az Tofiq Karayevlə müsahibəni təqdim edir.
Об этом сообщает Руспрес
Tofiq müəllim, yəqin sorağınıza bizim kimi sizi yaxından tanımadan gələn insanlar çox olur. Hansı ki, bu otaqda sizinlə qarşı-qarşıya oturanda utandığımızdan susuruq.
Bəli. Bir dəfə məni Parisdə beynəlxalq simpoziuma dəvət etmişdilər. Malakofauna sərgim keçirilirdi. Bu zaman zala böyük bir turist heyəti ilə bələdçilər daxil oldu. Fransız təqdimatçısının sözlərini tursitlər üçün rus dilinə tərcümə edirdilər. Bələdçi məni təqdim edəndə “Azərbaycan”, dedi. Sonra turistlər mənə yaxınlaşıb azərbaycanca soruşdular ki, “Tofiq müəllim, Fransa necə yerdir? Nə vaxtdan burada yaşayırsız?”. Elə bilirdilər mən Fransada yaşayan azərbaycanlıyam. Dedim, “qızım, mən də 5-6 gündür buralardayam. Azərbaycanda yaşayıram”.
Belə çıxır ki, sizi dünyada daha çox tanıyırlar, nəinki Azərbaycanda. Buyurun, sizdən danışaq, bəlkə jurnalist kimi günahlarımızı qismən yuduq.
Oğlum, nə deyim, onu görürsən, (bir zamanlar 3-4 idman növü üzrə ölkəmi birinci edən, indi isə 82-ci baharını yaşadığından əsməyə başlayan əli ilə Bayıldakı evinin geniş pəncərəsindən dalğalanan Azərbaycan bayrağını göstərir) artıq 21-ci dəfədir ki, şərəfimə Azərbaycanda beynəlxalq turnir keçiririlir; “Yeniyetmə üçnövçülük üzrə Respublika və beynəlxalq turnir”. Təvazökarlıqdan uzaq olsa da, deyim, hələ dünyada ikinci adam yoxdur ki, sağlığında onun adına bu sayda yarış keçirilsin. Şərəfimə o bayraq 21 dəfə qaldırılıb, 21 dəfə himn çalınıb. 4 ölkə mənə vətəndaşlıq təklif edir. Bu gün də qəbul edə bilərəm. Bu həyatımla razıyam. Sadə yaşayıram. İnanın, hər kəslə də belə söhbət etmirəm.
Tofiq müəllim, sizə XX əsrin idman ulduzu deyirlər. Azərbaycanın yeganə dünya rekordçusu, ölkə və Zaqafqaziya çempionusunuz. Qəribə olan tərəfi isə budur ki, siz bunu nailiyyətləri bir neçə idman növü üzrə qazanmısınız; üzgücülük, voleybol, yüngül atletika və s. Təəssüf ki, bura gələnə qədər haqqınızda internet resurslarında, KİV-lərdə məlumatlarla demək olar ki, rast gəlmək olmur. Bu səbəbdən haqqınızda bir də sizdən eşidək.
Bəli. Mən avimodel idmanı üzrə dünya rekordçusu, yüngül atletika üzrə SSRİ rekordçusu, voleybol üzrə Zaqafqaziya çempionu, yüngül atletika və avarçəkmə üzrə Azərbaycan çempionu, “Əsrin üzgüçüsü” yarışının mükafatçısı – Nargin adasından Bakıya qədər üzmüşdüm, yarışda 2-ci olmuşdum – beynəlxalq dərəcəli hakiməm, Moskva Dövlət Universitetinə müsabiqəsiz qəbul olmuşam, Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının Dövlət Attestasiyası Komissiyasının sədri, Azərbaycan Yüngül Atletika Federasiyasının vitse-prezidentiyəm, Milli Olimpiya Akademiyasının vitse-prezidentiyəm, 1970-ci ildə Ukrayna Elmlər Akademiyasında geologiya-mineralogiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişəm. 40 ildən çox Azərbaycan Elmlər Akademiyasında Geologiya İnstitutunda aparıcı elmi işçi işləmişəm, 80-dən çox elmi iş, 3 monoqrafiyam, ixtiralarım var.
Malakofaunanın yeni nəsil və növlərini müəyyən etmisiniz.
Azərbaycan malakofaunasını səkkiz krio termokompleksini ayırıb, onları Şərqi və Qərbi Avropanın 2-3 milyon il əvvəl paleoiqlim hadisələri ilə əlaqələndirmişəm. Qazıntı materiallarının ən yeni işləmə metodunu təklif etmişəm. Hazırda paleontolgiya və arxeologiyada bu bu metod geniş istifadə olunur. Əvvəllər Azərbaycanda məlum olmayan 15 nəsili müəyyən etmişəm. Malakofaunanın yeni nəsil və növlərini ilk dəfə müəyyən edib elmi-bioloji sistemə daxil etmiş və onları monoqrafik cəhətdən təsvir etmişəm.
Təbitəşünas alimlər malakofaunanın yeni növlərini ixtira edərkən onlara Ploton, Edison, Lomonosov və digər bu kimi dahilərin, Vaşinqton, Vilhelm kimi siyasi xadimlərin adı ilə adlandırırlar. Mən də bu ənənəyə sadiq qalaraq geologiya, palentologiya, təbiətşünaslıq səhaəsində görkəmli siyasi xadim Heydər Əliyevin adını əbədiləşdirmək məqsədilə malakofaunanın putomida nəslindən olan yeni növünü müəyyənləşdirib, monoqrafik təsvirini verərək onu “Heydəri” adlandırmışam.
Siz həm də “Ginnesin Rekordlar Kitabı”ndan gələn təklifi rədd etməklə diqqət çəkirsiz. Başqa insanların bu kitaba düşmək üçün son dərəcə təhlükəli addımlar atdıqları halda, sizə gəlmiş hazır təklifi qəbul etməmisiniz. Niyə?
Hə. Bu məsələdən mənim xəbərim yox idi. Heç bilmirəm onlara məni kim tanıdıb. Bir də gördüm mənə sorğu gəlib. Hansı ki, o sorğudakı müddəaları doldurmalı idim ki, məni Ginnesin kitabına salsınlar. Məni İdman, Elm və Mədəniyət – 3 ayrı sahədə qazandığım beynəlxalq uğurların sayına görə bu kitaba salmaq istəyirdilər. Mən açdım “Ginnesin Rekordlar Kitabı”na, baxdım, xoşum gəlmədi. Nə bilim, ən uzağa tüpürən də, ən çox sosiska yeyən də, hamısı bu kitabdadır. Dırnağını uzadan da, saqqalını uzadan da, bir ayaq üstə dayanan da… İstəmədim onlarla bir kitabda olum. Buna görə Ginnesdən imtina etdim.
Dünyanın heç yerində olmayan bir muzeyin yaradıcısısınız. “Rinay” Malakofauna Muzeyi. Bu muzeyi yaratmaq fikrinə necə düşdünüz? Bir də, bilmək istərdim, “Rinay” nə deməkdir?
Mənim övladlarımın adı Riyad və Nailədir. Onların adlarına uyğun olaraq “Rinay” adını seçdik. Mənim işimə yaxın sahədir. Malakofauna malyuskalardır. Bunlar okeanın dibində yaşayırlar. Çox maraqlı canlılardır. 4 mindən çox malyuska və dəniz canlıları sərgilənir muzeydə. Bu ilk şəxsi Azərbaycan muzeyidir. Eyni zamanda dünyada öz profili üzrə ilk və hələki yeganədir. Mən işimlə bağlı müxtəlif ölkələrə, sərgilərə gedirəm. Hər səfərim təxminən 10-15 gün xarici ölkələrdə oluram. Bu zaman dünyanın 3 okenanına aid malyuskalar, malakofauna nümunələri toplayıram. Sakit, Hind, Atlantik okeanları… Şimal buzlu okenanında isə belə canlılar araşdırılmır. Bunları toplamaq çox çətin prosesdir.
Tofiq, müəllim, o zaman gəlin biz muzey barədə növbəti reportajda söhbət açaq. Çünki, mənim hazırda gördüyüm bu malyuskalar o qədər maraqlıdır ki, bu muzeydən epizodik danışmaq haqsızlıq olar.
Oldu, yaxşı fikirdir.
Söhbətləşdi: Sərdar Amin

