İdmançılarımız niyə bayrağımızın altından qaçır?
05.03.2020 10:59Ötən gün sərbəst güləş üzrə millimizin üzvü, olimpiya çempionu Toğrul Əsgərovun Azərbaycan yığmasından imtina edib Türkmənistan yığmasının heyətində çıxış edəcəyi ilə bağlı məlumat yayılmışdı.
Об этом сообщает Руспрес
Bu iddia ətrafında müxtəlif fikirlər səsləndirilir. Bir çox səbəblər göstərilir.
Eyni zamanda Toğrulun milli komandadan ayrılması Azərbaycan idmanının böyük itkisi kimi qiymətləndirilir.
Toğruldan öncə də ölkəmizi beynəlxalq yarışlarda təmsil edən, bayrağımızı idman arenalarında ucaldan, böyük uğurlar qazandıran bir çox idmançıların Azərbaycanı başqa ölkələrə dəyişməsinin şahidi olmuşuq.
Bu idmançıların Azərbaycanı deyil, digər bir ölkəni təmsil etməyi seçmələrinin səbəbləri maraqlıdır. Onları bu addımı atmağa vadar edən nədir?
İdman yazarı Natiq Muxtarlı A24.Az-a açıqlmasında bildirib ki, idmançılarımızı itirməyimizə əsas səbəb müxtəlif idman federasiyalarında yaşanan maliyyə problemləridir.
“Azərbaycanda bir sıra idman federasiyalarında maliyyə problemləri yaşanır. Yüngül və ağır atletika kimi idman növlərində çox ağır dönəm yaşandı. Ağır atletimiz Nicat Rəhimovun Qazaxıstanı, Yüngül atletika üzrə istedadlı idmançımız Ramil Quliyevin Türkiyəni seçməsi təsadüfi deyildi. Onlar çox istedadlı idmançılardır və özlərini sübut etmək üçün başqa ölkə seçmək məcburiyyətində qaldılar. Bizim federasiyalar onlara sahib çıxa bilmədi”.
Toğrulun Azərbaycan millisindən ayrılmasına gəlincə isə, N.Muxtarlı bunun maliyyə səbəbindən olmadığını düşünür:
“Azərbaycan Güləş Federasiyasında hər hansı bir maliyyə probleminin olmasına inanmıram. Bilirsiniz ki, AGF-də kifayət qədər legionerlər var və təbii ki, bu legionerlər bura havayı gəlmirlər. Onların Azərbaycanı təmsil etməsi üçün külli miqdarda pul ödənir. Bu da o deməkdir ki, bu federasiya maliyyə cəhətdən heç bir korluq çəkmir. Ona görə də T.Əsgərovun məsələsində maliyyə tərəfinin olacağını düşünmürəm. Məncə, federasiya daxilində baş verən problemlər, məşqçi-idmançı arasında yaranan hər hansı bir narazılıq Toğrulun gedişinə səbəb ola bilər. Düşünürəm ki, arada bir küskünlük yaşanıb və Toğrul bu addımı atıb. Millinin baş məşqçisi də bu məsələ ilə bağlı açıqlama verib. Ehvam vurulub ki, Toğrul bəzi cərəyanlara qoşulub. Ümumiyyətlə, Azərbaycanın bəzi idmançıları hansısa dini cərəyanların üzvüdür. Bu da idmanda müəyyən problemlər yaradır. Çox böyük ehimalla mən hesab edirəm ki, Toğrul da hansısa dini cərəyana qoşulduğuna görə federasiya ilə arasında problem yaranıb.
Həm də nəzərə alaq ki, Toğrul Hindistanda keçirilən kommersiya xarakterli turnirdə zədə alıb. İndi o əməliyyat olunmalıdır. Əməliyyat isə çoxlu pul tələb edir. Federasiya bu pulu ödəməkdən imtina edir. Ümumiyyətlə, belə bir şey var ki, əgər idmançı kommersiya məqsədli yarışda zədələnibsə, o, öz hesabına müalicə olunmalıdır. Federasiya ona hər hansı bir yardım göstərməli deyil. Ola bilər ki, bununla bağlı narazılıq yaranıb. Yəni burada ehtimallar həddindən artıq çoxdur.
Üstəlik Toğrul Əsgərov dopinqdə də ilişib. Dopinqdə ilişən idmançı yarışlara qatılmır və bu müddət ərzində ona hər hansı maliyyə ayrılması qeyri-realdır”.
Xatırladaq ki, bir müddət öncə T.Əsgərovun qanında dopinq aşkarlanıb. Onun higenamin preparatından istifadə etdiyi məlum olub. Buna görə də güləşçimiz 1 il müddətinə cəza alıb və bütün yarışlardan kənarlaşdırılıb.

