“İnsanlar verilən pensiya ilə dolana bilmədikləri üçün işləmək istəyirlər, bunu anlamaq çox çətindir?” – MÜTƏXƏSSİSLƏR ÇOX NARAZIDIR
05.03.2020 11:03Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, təklif edilən qanun layihəsində göstərilib ki, kişilər üçün pensiya yaşının həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq. Müzakirə edilən qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Milli Məclisinin “Əmək və sosial siyasət komitəsi” sədri Hadi Rəcəblinin sözlərinə görə, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur:
“İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir. Müəllimlər, həkimlər qırğın edirlər ki, “gümrahıq, işləyə bilərik. Amma siz bizi pensiyaya çıxarırsınız”.
Pensiya yaşının artırılmasının iqtisadi və sosial tərəflərini, eləcə də millət vəkilinin bu fikirlərini A24.Az-a iqtisadçı ekspert Natiq Cəfərli, sabiq millət vəkili İqbal Ağazadə və sosial psixoloq Nail Cəlil şərh ediblər.
“Pensiya yaşının artırılmasında müəllimləri, həkimləri bəhanə etmək doğru deyil. Əsas məqsəd büdcə vəsaitinə qənaət etməkdir” – Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli A24.Az-a açıqlamasında pensiya yaşının artılmasının büdcəyə qənaət edilməsinə hesablanmış addım olduğunu vurğuladı:
“Pensiya yaşının artırılması qənaət rejimini həyata keçirməyə, daha geniş pensiya ödənişlərinin həyata keçirilməsinə başlanılmasına imkan verir. Bu nöqteyi nəzərdən bu addım büdcəyə qənaət etmək yollarından biridir. O ki qaldı müəllimlərə və həkimlərə, bu günə qədər normal təqaüd sistemi qurulsaydı, həmin müəllimlərə və həkimlər işlədikləri dövrdə pensiyanın yığım, baza hissəsinə yığdıqları təqaüd hesabına maaşları qədər ən azından təqaüd almalı idilər. Bu sistem belə çalışmalı idi. O zaman müəllimin və həkimin marağı olmalı deyildi ki, daha gec təqaüdə çıxsın və maaşını almaqda davam etsin. Bununla yanaşı, burdan belə çıxır ki, müəllim və həkimlərin kənarda gəlirləri var deyə, işləyərkən onlar təqaüddən daha çox vəsait əldə edirlər. Ona görə də maraqları var ki, bir neçə il daha çox işləsinlər. Bu məsələdə də ona görə şəxsi maraqları var. Bu baxımdan deputatların müəllim və həkimlərə görə pensiya yaşının artırılmalı olduğunu deməsi məntiqli deyil. Dünyanın hər yerində- normal şəkildə təqaüd sistemi oturuşmuş ölkələrdə əksinə, təqaüd yaşının artırılması ilk növbədə müəllimlərin və həkimlərin etirazına səbəb olur. Çünki onların işlədiləri dövrdə təqaüd fondları ilə bağladıqları müqavilələr təqaüdə çıxdıqdan sonra maaşları qədər pul almalarına imkan yaradır. Azərbaycanda bu sistem olmadığından əsasən də dövlət işində çalışan məmurlar, büdcədən maliyyələşən şəxslər (918 min büdcədən maaş alan vətəndaşlarımız var) daha çox vəsait əldə etdiklərinə görə, daha gec pensiyaya çıxmağa çalışırlar. İnsanlar daha gec pensiyaya çıxaraq daha çox vəsait qazana bilirlər. Bu, əslində Azərbaycanda təqaüd sisteminin normal şəkildə olmadığının bariz nümunəsidir. Pensiya yaşının artırılmasında müəllimləri, həkimləri bəhanə etmək doğru deyil. Əsas məqsəd büdcə vəsaitinə qənaət etməkdir”.
Xarici ölkələrdə vətəndaşlar uzun müddət çalışdıqdan sonra pensiya fonduna yatırdıqları vəsaiti təqaüd yaşına çatdıqda götürə bilirlər. Bəs Azərbaycanda bu praktika varmı?
İqtisadçı belə bir praktikanın mexanizmlərinin Azərbaycanda olmadığını bildirir:
“Əslində qanunvericilikdə bunun qarşını alan heç bir sədd yoxdur. Hələ onun mexanizmləri işlənib, hazırlanmayıb. Bundan əlavə, Azərbaycanda rəqabətli mühit yoxdur. Dediyiniz məsələ ilə bağlı xarici ölkələrdə kifayət qədər təqaüd fondları var. Əsasən də özəl təqaüd fondaları… Dövlətdən lisenziya alıb, dövlətin nəzarətində fəaliyyət göstərsə də, özəl fondlardır. Onlar müqavilə şərtlərini daha sərfəli etməklə daha çox müştəri qazanmaq istəyirlər. Bu baxımdan həm rəqabətli mühit, həm də vətəndaşların seçim imkanı yaranır. Vətəndaşlar da seçim imkanından istifadə edərək, kim daha yaxşı şərtlər təqdim edirsə, bu şərtlər çərçivəsində müqavilə imzalamaq istəyirsə, o fondlarla müqavilə imzalayır. Vətəndaş o pulu birdəfəlik və ya aylara bölərək götürə bilər. Bu, müqavilə şərtlərindən asılı olan məsələdir. Azərbaycanda dövlət bu sahədə yeganədir, yəni başqa şirkətlər yoxdur. Nə xarici, nə də yerli şirkətlər yoxdur ki, rəqabətli mühit yaransın. Vətəndaşın da seçim imkanı olsun ki, ya dövlət, ya da özəl fondlarla müqavilə bağlasın. Belə bir seçim imkanının olmaması və pensiya yaşının dəyişirilməsində (son 10 ildə 3 dəfə pensiya yaşı ilə bağlı qərar dəyişilib) belə ciddi problemlər yaranır. Bir sözlə, oturuşmuş sistemin yaranmasına imkan vermir”, – deyə N.Cəfərli əlavə edib.
Bu hansı məntiqə sığır? – İqbal Ağazadə
Sabiq deputat İqbal Ağazadə A24.Az-a açıqlamasında müəllim və həkimlər barəsində səsləndirilən bu arqumentlərin boş və cəfəng olduğunu deyib:
“Ümumilikdə Azəbaycanda məktəb və ali məktəb müəllimlərinin sayı 184 min nəfərdir. Tibb işçilərinin (yuxarı,orta, aşağı tibb personalı) sayı isə 96 min nəfərdir. Bu da əhalinin ümumi 3 faizini təşkil edir. Deputatların müəllim və həkimlərlə bağlı dediyi arqumentlər “doğru”dur. Adamlar işdən çıxmaq istəmirlər. 60 və yaxud 65 yaşlarında daha çox işləmək istəyirlər. Amma belə sual verən varmı ki, bu insanlar niyə istirahət etmək istəmir, işləmək istəyir?. Ona görə ki, verdikləri pensiya o adamların yarım aylıq xərclərini belə ödəmir. Bu səbəbdən də bunlar pensiyaya çıxmaq istəmirlər. Əgər o adam pensiya ilə dolanıb, ailəsini saxlaya biləcəksə, pensiya yaşını həsrətlə gözləyəcək. Sən adama pensiyaya çıxanda 150 manat pul ver, de ki, get yaşa. Bu pulla dolanmaq olar? Bunu düşünməlidirlər. O arqument deyil ki, pensiyaya çıxmaq istəmirlər, ona görə yaşı qaldırıb 65 edirik.
Bundan başqa Azərbaycanda kişilər üçün orta yaş 67,5, qadınlar üçün 71 yaş hesablanıb. Bu rəqəmlər də şişirdilmiş yaşdır. Adamlar cəmi 2 il yarım orta yaş həddinin statistikasına görə, pensiya almalıdırlar? Bu hansı məntiqə sığır? Normal avropa ölkələrində, hətta potsovet ölkələrində belə pensiya yaşı ilə orta yaş həddi arasındakı fərq ən azı 8.5 – 9 ilə bərabərdir. Ona görə də səsləndirilən arqumentlər boş, cəfəngdir”.
“Azərbaycanda təəssüf ki, bu praktika yoxdur. Dünyanın əksər ölkələrində insanlar işlədikləri müddət ərzində pensiya fonduna maaşlarından nə qədər pul ödəyirlərsə, o pulun geri alınmasını hətta illərə bölərək özləri müəyyən edə bilirlər. Təəssüf ki, Azərbaycanda bu tipli şeylər tətbiq olunmur. Nə tibbi sığorta tətbiq olumur, nə pensiya fondunda düzgün qanun tətbiqi yoxdur, o cümlədən 12 illik staj məsələsinin ləğv edilməsi və.s. Adamlar illər boyu bundan ötrü pul ödəyiblər. O pullarını da almağa ixtiyarları çatır. Bu adamlar o pulları sanki banka depozit kimi qoyublar. Vaxtı çatanda da götürmək haqqları çatır”, – deyə İ.Ağazadə bildirib.
“Çox təəssüf ki, Milli Məclis təmsilçiləri ancaq pensiya yaşını artırmaqla məşğuldur” – Nail Cəlil
Sosial-psixoloq Nail Cəlil A24.Az-a açıqlamasında pensiya yaşının artırılmasının cəmiyyətdə heç də birmənalı qarşılanmadığına diqqət çəkib:
“Milli Məclis bu məsələ ilə bağlı qərar qəbul edərkən müəyyən qədər ictimai maraqları nəzərə almalı, bir qədər tələskənliyə yol verilməməli idi. İstənilən halda qərar qəbul olunubsa, bu qərarın icrası ilə bağlı mexanizm elə qurulmalıdır ki, insanlar bundan zərər çəkməsinlər. Məndə olan məlumata görə, pensiya yaşının artırılması mərhələli şəkildə 2027-ci ilə qədər davam edəcək. İndiki vəziyyətdə bu, məqsədə uyğun atılmış addım deyil. Amma mərhələli şəkildə həyata keçirilərsə, əhalinin orta ömür həddi, yaşayış səviyyəsi yaxşı olarsa, bu addımı anlayışla qəbul etmək olardı. Amma indiki şəraitdə doğru addım deyildi. İstər-istəməz cəmiyyətdə kəskin narazılıq da doğuracaq. Elə insanlar var ki, uzun müddət pensiya yaşına çatmağı gözləyirlər və bu qanun da hər il onları 6 ay geriyə salır. Bu baxımdan narazılıqlar çox olacaq. Cəmiyyətin mənfi reaksiyası təbii və gözləniləndir”.
Nail Cəlil əlavə edib ki, istənilən halda pensiya məsələsi ilə bağlı dərin təsnifatlaşdırmanın tərəfdarıyıq:
“Yəni elə insan var ki, uzun müddət yüksək maaşlı işdə çalışır, amma pensiyaya çıxanda az təqaüd alır. Elə insanlar da var ki, dövlət büdcəsinə köçürmələri, sosial sığortaları elə də yüksək deyil, sadəcə müxtəlif yollarla təşkil edib, aldıqları pensiyalar daha yüksək olur. Bu baxımdan müəyyən şəffaflıq mexanizminin yaradılması yaş senzinin artırılmasından daha məqsədə uyğun addımdır. Yəni kimə hansı məbləğdə, hansı ölçüdə pensiya verilməlidir. Bu məsələyə diqqət yetirmək lazımdır. Çox təəssüf ki, Milli Məclis təmsilçiləri ancaq pensiya yaşını artırmaqla məşğuldur. Qanunun bu formada qoyuluşu bilvasitə “Əmək və sosial siyasət komitəsi”nin öz funksiyasını yerinə yetirmədiyini göstərir. Belə təklif verilərkən sosial mütəxəssisləri, sosioloq, sosial-psixoloqları cəlb edib, onların fikirlərini və ictimai maraqları öyrənmək üçün bir sorğu keçirilib, ictimai fikir öyrənilə bilərdi. Amma belə görünür ki, Milli Məclis əyləşənlər üçün bu elə də maraqlı deyil. İnsanların qanunlara, dövlətə tabe olmasından müəyyən mənada istifadə edib, belə spekulyativ addımların atılmasına yol açılır. Biz başa düşürük, dövlət büdcəsinə hardasa bu addımın müəyyən müsbət təsiri ola bilər, müəyyən qədər büdcəyə qənatədir. Amma hər halda pensiya yaşının artırılması sosial təminat hüququnun bu və ya digər formada pozulub, məhdudlaşdırılması deməkdir”, – deyə sosial-psixoloq bildirib.
Orxan Aslanlı

