İqtisadçıdan Mərkəzi Banka sərt sözlər: “İqtisadiyyatı məhv etməyin!”
05.03.2020 11:04Mətbuatda yayılan informasiyaya görə, hazırda ölkədə fəaliyyət göstərən banklar dollar almaqdan imtina edir. Bankların isə bu addımı atmasının əsas səbəbini manatın dollara nisbətdə məzənnəsinin möhkəmlənməsi ilə əlaqələndiriblər.
Об этом сообщает Руспрес
Bankların dollardan imtina etməsinin səbəbi nədir?
Bu sualı A24.Az-a iqtisadçı ekspert Natiq Cəfərli şərh edib.
Tanınmış iqtisadçı ekspert Natiq Cəfərli banklarda manat çatışmazlığı ilə bağlı deyilənlərin doğru olduğunu diqqətə çatdırdı:
“Hazırda banklarda manat çatışmazlığı müşahidə olunur. Nə manatla düzəməlli kredit verə, nə də verdikləri krediti toplaya bilirlər. Bu da iqtisadi aktivliyi kifayət qədər aşağı salır. Mərkəzi Bank həftəlik keçirdiyi hərraclardan banklarda 14,9%-lə manat kütləsini toplayır. Sonra da bankların əlində olan əlavə manat kütləsi qalmadığından dollar ala bilmirlər. Çünki manat ehtiyatları yoxdur. Banklar ona görə imtina etmir ki, dollara güvən yoxdur, sadəcə bankların dollar almağa manat kütləsi yoxdur. Bu da çox böyük problem yaradacaq. Hətta artıq yaratmağa da başlayıb”.
Ekspert bunun səbəbini dünyada baş verən proseslərlə Azərbaycanda baş verən proseslərin paralel getməməsi ilə əlaqələndirib:
“Paralel getmədiyinə görə də Azərbaycanda baş verən proseslərin süni olduğu ortalığa çıxır. Yəni Mərkəzi Bankın apardığı siyasət sadəcə müvəqqəti də olsa manatın məzənnəsini möhkəmləndirmək, manat kütləsini toplamaq yolu ilə məzənnəni sabit saxlamaqdır. Bu, qısa müddətdə effekt verə bilər. Amma orta və uzun dövrdə iqtisadi aktivliyə çox mənfi təsir göstərəcək”.
İqtisadçı keçən illə müqayisədə manat kütləsinin 2 dəfəyə yaxın azaldığını bildirib:
“Manat kütləsinin azalması onsuz da aşağı olan iqtisadi aktivliyi daha da aşağı çəkir. İqtisadiyyatda pul kütləsi, yəni manat azaldıqca zəifləmə sürətlənir. Keçən illə müqayisədə iqtisadiyyatda manat kütləsi 2 dəfədən çox azalıb. Keçən il 12 milyard manat nağd dövriyyə var idi, indi isə 6 milyarddan bir az çoxdur. Problem yaradan əsas məsələ budur”.
“Təbii ki, bu uzun müddət belə davam edə bilməz. Çünki davam etsə, iqtisadi aktivlik daha da dibə vuracaq. Bu da işsizliyə, insanların gəlirlərinin azalmasına səbəb olacaq. Ona görə bir müddət sonra Mərkəzi Bank bununla bağlı başqa alətlərdən istifadə etməli olacaq. İqtisdiyyatın zəiflədiyini görüb, iqtisadi canlama yaratmağa çalışacaq”, – deyə N.Cəfərli əlavə edib.
Bu probemlərlə yanaşı iqtisadçı Neft Fondunun (NF) da büdcə qarşısında öhdəlikləri olduğunu xatırladıb:
“Əgər NF hərraclarda dollar satmasa, büdcəyə manat kütləsi hardan və necə alıb, keçirəcək? Məcbur olacaq əlində olan dolları manata çevirib, büdcəyə pul keçirsin. Büdcəni hesablayarkən də ortalama rəqəm 1.78 olub. Bu rəqəmi xarici ekspertlər də təsdiq edirlər. Yəni indi keçirilən hərraclarda dolları sata bilməyəcəksə, və yaxud da daha ucuz satacaqsa, deməli Mərkəzi Bankın ehtiyatları dollar ekvavalentində daha çox azalmağa və əriməyə başlayacaq. Bu da yaxşı hal deyil. Hökumətin əsas vəzifələrindən biri də ehtiyatları qorumaqdır. Bunu dəfələrlə bəyan ediblər. Bütün bu parametləri toplasaq, indiki prosesin süni və müvəqqəti olduğu söyləmək mümkündür”.
Qeyd edək ki, Mərkəzi Bankın dünən keçirdiyi valyuta hərracına 35 milyon dollar çıxarılıb. Həmin vəsaitin yalnız 1/5-i satılıb.
Orxan Aslanlı

