Lütfi Zadə 3-5 tələbəyə təqaüd təşkil etməyibsə, onun ölkəyə hansı xeyri dəyib? – Dahi alimin Bakıda dəfn edilmək arzusu mübahisə yaratdı
05.03.2020 11:18Ötən gün Amerikada yaşayan azərbaycanlı alim Lüfti Zadənin oğluna vəsiyyəti bir çoxlarının sərt reaksiyasına səbəb olub. Alim vəsiyyətində bildirir ki, “məni Azərbaycanda dəfn edin!”
Об этом сообщает Роспрес
Vəsiyyətin bəzi şəxslər arasında sərtliklə qarşılanmasına səbəb isə Lüfti Zadənin Azərbaycanda doğulmasına baxmayaraq uzun illər Amerikada fəaliyyət göstərib, Vətəninə deyil, yad ölkəyə xidmət göstərməsi, öləndə isə Azərbaycanı qəbiristanlıq kimi seçməsidir. Yəni danışanlar alimin Azərbaycan və Qarabağ üçün heç bir şey etmədiyindən danışır, yazır, müzakirə edir.
Həmin müzakirlər arasında adı çəkilənlərdən biri də Yalçın İslamzadədir. Tanınmış fizik deyir ki, Lütfi Zadə 3-5 tələbəyə təqaüd təşkil etməyibsə, bir universitet kitabxanasına kitablar bağışlamayıbsa onun ölkəyə hansı xeyr dəyib?
“Lütfi Zadə Azərbaycanda dəfn olunmağı vəsiyyət edib. Ümid edək bunu şəxsi vəsaiti hesabına edəcək. Büdcə hesabına cənazəni gətirmək üçün təyyarə, fəxri xiyabanda yer, məzarüstü heykəl eyhamı deyil. Çünki biz yazıçı, şair, incəsənət xadiminin ən kiçik fürsətdə belə büdcədən ev, ev təmiri, torpaq sahəsi, bir medal, kiçik bir büst, yubiley gecəsi, fəxri ad qoparmağa çalışdığını görmüşük. Lütfi Zadə seminarlar verməyibsə, 3-5 tələbəyə təqaüd təşkil etməyibsə, bir universitet kitabxanasına kitablar bağışlamayıbsa onun ölkəyə hansı xeyr dəyib? “Bizim” deyib fəxr ediyimiz şəxslərin “bizə” bir az da faydası toxunmalı deyilmi?
“Ölməyə vətən yaxşı” deyib ölkəni qəbiristanlığa çeviriblər. Ölülərə edilən ehtiram, çəkilən xərc dirilərə layiq görülmür. Türkiyədə zəlzələ olanda Azərbaycanda işləyən Türkiyə vətəndaşları vəsait toplayıb Van şəhərində məktəb tikdilər”.
Millət vəkili Fazil Mustafa isə hər çıxışında Qarabağdan, Azərbaycandan danışmayan alimdən imtina etməyin yanlış fikir olduğunu bildirdi:
“Buna yanaşma məsələsində doğru olmayan mühakimələr yürüdülür: Qarabağ və təhsil məsələsində, idmana münasibətdə mühakiməmizin yanlışlığını müşahidə edirik. İnsanlar düşünürlər ki, mütləq dünya şöhrətli bir alim elə hər çıxışında Qarabağdan danışmalıdır, hər çıxışında Azərbaycanın adını çəkməlidir. Lutfi Zadə Amerika mühitində yetişmiş bir insandır. Sadəcə onun bir adı, reytinqi kifayət edir ki, Azərbaycanın müəyyən dərəcədə gündəmə gəlməsi, Azərbaycan haqqında təsəvvürlərin qəbul olunması mümkün olsun. Və biz “sən Qarabağdan danışmamısan, Azərbaycanın adını çəkməmisən” deyib azərbaycanlı olmağından imtina etməyimiz tamamilə yanlış yanaşmalardır.
Belə məsələlərdə məncə daha məhəlli çərçivəsindən problemlərə baxış doğru deyil. Bir az sərhədlərdən o tərəfə çıxmaq və dünyada nə baş verdiyini görmək lazımdır. Elmin zirvəsində olan insanlara sahib çıxmaqda, onların Azərbaycanla azacıq da olsa bağından imtina etmək yanlış bir addım olardı”.
Azərbaycanı təkbaşına bütün dünyada tanıdan Lütfi Zadənin Vətəndə ölmək haqqıdır deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu şərhində dövlətin yürütdüyü siyasətə də toxundu:
“Atalarımızın bir misalı var: Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı! Bu baxımdan hər bir adamın öz doğulduğu torpaqda ölmək hüququ var. Vətən yalnız Vətənə xeyir verənlər üçün deyil. Vətən xainləri də həmin torpaqlarda ölür, qəhrəmanları da… O Vətənə xeyir verməyib, Vətən də ona mükafat verməyib. Ona görə də Lütfi Zadə bu torpaqda doğulubsa, bu torpaqda da ölmək haqqı var. Allah tala deyir ki, siz yarandığınız qaydada, yəni insanın ruhu Ona, bədəni isə yarandığı torpağa qayıdır. O da deyir ki, mən Azərbaycan torpağından gəlmişəm, Azərbaycan torpağına qayıdıram. Burda qəribə və qınanılası bir şey yoxdur. Bu, məsələnin birinci tərəfi…
İkincisi, Lütfi Zadənin Azərbaycanı tərk etməsi müəyyən obyektiv səbəblərlə bağlı idi. O Azərbaycanı bəyənmədiyinə və ya sevmədiyinə görə tərk etməyib ki?!
Üçüncü və ən vacib məsələ, onun Azərbaycana xeyir verib-verməməsidir. Lütfi Zadənin adı və onun azərbaycanlı olması Azərbaycan üçün xeyirdir. Çünki o dünyada tanınmış ən məşhur alimlərdən biridir, onun bioqrafiyasında həmişə “azərbaycanlıdır” yazılır. Bu artıq reklamdır. Dövlət milyardlarla pul qoyub yarışlar keçirir və bəhanəsi də bu olur ki, Azərbaycanı dünyada tanıdırıq. Bu adam isə təkdir və dövlət ona pul qoymadan, bir qəpik xərcləmədən Azərbaycanı bütün dünyaya tanıdır, xüsusən də özünün tərcümeyi halı ilə… Ona görə də onun hamıdan çox öz Vətənində dəfn olunmaq haqqı var. Azərbaycanlılar sevinsinlər ki, belə bir şəxsiyyət və görkəmli alim ölüm üçün Azərbaycanı seçir. Lütfi Zadənin ölmək üçün Azərbaycanı seçməsi, o deməkdir ki, Azərbaycanı yaşadığı bütün ölkələrdən özü üçün üstün bir ölkə hesab edir. Bu da Azərbaycana başucalığı gətirər, nəinki əksi. Onu qınayan insanlar isə mənəvi cəhətdən naqis insanlardır”.
Firuzə Alimova / A24.az

