Məktəblilərə vaxtı keçmiş məhsullar satılır
05.03.2020 11:22Artıq xeyli müddətdir ki, müvafiq qurumlar tərəfindən ticarət obyektlərində keyfiyyətsiz və vaxtı ötmüş məhsulların satışına qarşı mübarizə aparılır. Dəfələrlə ticarət obyektlərində aşkar edilən vaxtı keçmiş məhsullar satışdan çıxarılaraq məhv edilib. Amma təəssüf ki, bu mübarizə hələ də lazımi nəticələr verməyib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, müxtəlif satış mərkəzləri bu gün də vaxtı keçmiş qida məhsulları ilə doludur. Bildiyimiz kimi, vaxtı keçmiş və keyfiyyətsiz məhsulları satan mağazalara qarşı cərimələr tətbiq olunur. Hətta bir neçə dəfə cərimələrin miqdarı da artırılıb. Bir çox obyektlər cərimə olunsa da problemin həlli istiqamətində zəruri addımlar atmayıblar.
Paytaxtla yanaşı, bir çox rayon və qəsəbələrdə də bu hallara rast gəlmək mümkündür.
Şamaxı rayonu Mədrəsə qəsəbə sakini, 5 ci sinif şagirdi Arzu (ad şərtidir) evlərinin yaxınlığında yerləşən marketlərin birindən istifadə müddətinə diqqət etməyərək vaxtı keçmiş məhsul alıb.
Bu barədə A24.az-a şagirdin valideyni məlumat verib: “Bu ərazidə təxminən 5 market var. Onlardan əsasən ikisində istifadə müddəti bitmiş “kukruz”, “suxarik” kimi məhsullar satılır ki, onları da daha çox uşaqlar alır. Neçə dəfə tapşırsaq da uşaqlar məktəbə gedərkən bizdən xəbərsiz alıb yeyir və istehsal tarixinə diqqət etmirlər”.
Valideyn bildirib ki, digər məhsullardan da vaxtı keçmiş olanları olur, lakin bunu gördükdə geri qaytarırlar: “Elə market var ki, süd məhsullarını vaxtı keçib deyə kənara ayırır, satmır, ehtiyat edir. Bu sizə göndərdiyim şəkildəki “kukruz” un son istifadə müddəti dekabr ayı göstərilsə də, 2 ay boyu satışda olub. Uşaqlar zəhərlənsə bunun cavabını kim verəcək? Kənd yeridir, bir xəstəxanamız var, o da 24 saat işləmir, cəld mərkəzə aparmaq imkanı da olmur”.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsul şəxslərin məsələyə laqeyidliyindən narazıdır:
“Pafosla həmişə deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Bu yalançı şüarın arxasında isə uşaqların bizim gələcəyimiz olmadığını sübut edən əməllər durur. Masamın üzərində 15 gündür körpə uşaqların istifadə etdikləri “Kinder” şokolad durur. Bunu Azərbaycana gətirən distribitür şirkət var. Hengel şirkəti nümayəndəsinə də demişəm, vətəndaşın ərizəsi də var, bütün dövlət orqanlarına məlumat vermişəm ki, Bakı şəhərində filan yerdə satılır, gedin onu satışdan çıxarın. Heç biri bunu eləmir. Yəni biznes qurumlara yaradılmış toxunulmazlıq şəraitindən istifadə edir, istehlakçıların hüququ pozulur. Cox gecikmiş bir qərar meydana çıxıb ki, hələ 2018-ci ildə Qida Təhlükəsizliyinə dair Agentlik yaradılacaq. Bununla bağlı İşçi qrupunun rəhbəri Əli Əhmədova rəsmi məktub göndərdim, Nazirlər Kabinetində məni qəbul etdilər, onlarla beynəlxalq təşkilatın nümayəndəsi kimi söhbət elədim, gördüm heç bunların qida təhlükəsizliyindən xəbəri yoxdur. Yəni belə bir şəraitdə biznes qurumları istədiyini edir və heç bir dövlət orqanının icazəsi yoxdur, gedib onu ordan çıxarsın”.
Eyyub Hüseynov müəyyən dövlət orqanlarının bu məsələyə dırnaqarası yanaşdığını və bu səbəbdən insanların kütləvi zəhərlənməyə məruz qalma təhlükəsindən danışıb: “Əslində bu işlərə cavabdeh İqtisadiyyat Nazirliyidir. Guya 195-2-ə zəng vursanız, onlar gedib məhsulu satışdan çıxarıb, minimum 1500 manat cərimə tətbiq etməlidir. İnsanlar kütləvi zəhərlənməyə məruz qalır, bu orta ömrünün azalmasına gətirib çıxaracaq. Bir yandan cənab prezident səviyyəsində bildirilir ki, Azərbaycan brendi təşviq olunsun, lakin İqtisadiyyat Nazirliyinin apardığı yarıtmaz siyasət nəticəsində vəziyyət çox ağırdır. Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi hamısı boş yerə yalançı maaşlar alırlar. Yəni heç kəs gedib onu satışdan çıxarmayacaq. Əgər dövlət orqanları normal işləsələr, həmin müəssisələri minimum 1500 azn cərimə gözləyir”.
Sevinc Xan Qızı

