Mərkəzi Elmi Kitabxanada illik oxucu kartının qiyməti – 500 AZN – KİTAB OXUMAYAQ? – EKSPERTLƏR DANIŞIR
05.03.2020 11:23Azərbaycanda oxucuların sayı aşağı, cəmiyyət-kitab əlaqələri zəif olduğu zamanda yəqin ki, hər kəs dövlət orqanlarından, ictimaiyyət nümayəndələrindən, ziyalılardan bu durumun inkişafına hesablanmış addımlar gözləyir. Lakin bəzən durumun inkişafına deyil, əksinə, passivinə təsir edəcək hallarla rastlaşırıq.
Məsələn: İqtisadçı Qubad İbadoğlu Moskva şəhərində rastlaşdığı bir məqamı Azərbaycanın anoloji durumu ilə müqayisə etdikdə, biz sözügedən sahədə daha bir anlaşmazlıqla qarşı-qarşıya qalırıq.
İqtisadçi Rusiya Dövlət Kitabxanasında bir neçə dəqiqə ərzində pulsuz 5 illik oxucu kartı əldə etdiyi ilə bağlı məlumat yazıb. O, eyni situasiyanı Bakıda Mərkəzi Elmi Kitabxana ilə müqayisə edir və bildirir ki, eyni vəsiqəyə sahib olmaq üçün Bakıda 500 AZN ödəməli olacaqdı. İqtisadçı bu müqayisədən sonra belə instansiyaların elm adamlarına kommersiya gözü ilə baxmasından təəssüflənir.
A24.Az olaraq vəziyyətin mütaliəyə, elmə olan marağa təsirini araşdırmaq qərarına gəldik.
Об этом сообщает Руспрес
Təhsil üzrə ekspert Əjdər Ağayev belə bir məlumatı ilk dəfə eşitdiyini və olduqca təəssüfüləndiyini bildirdi:
“Mən bunu son dərəcə ziyanlı bir addım sayıram. Hətta 19-cu əsrdə belə insanlar kitabxanaları min bir əziyyətlə, ciddi madiyyat sərf edərək yaratdıqda ondan istifadəni pulsuz, təmənnasız edirdi. Belə bir mütərəqqi ənənəsi olan bir sahəni kitaba ehtiyacın olduqca böyük olduğu bir zamanda gəlir mənbəyinə çevirmək olmaz.
Bu addım kimlərinsə kitabxanaya yolunun kəsilməsi deməkdir. Çünki kitabxanalar cəmiyyətin zehninə axan bulaqdır. Bulağın qarşını kəsmək, ona mane olmaq çox pis hərəkətdir. Fərqi yoxdur, bu istər Milli Elmlər Akademiyasının kitabxanası olsun, istər ümumi, kütləvi şəhər kitabxanası, istərsə də kənd kitabxanası. Kitabxana kitabxanadır. Bir pedoqoji məlumatı da diqqətinizə çatdırım ki, ilk məktəblər kitabxanaların yanında yaradılıb. Yəni təhsili kitabxanasız təsəvvür etmək mümkün deyil. İnsanların hazırki maddi durumunu nəzərə alsaq, bu o deməkdir ki, bəzi insanlar oxucu kartı əldə edə bilməz, bu da o deməkdir ki, oxuya bilməyəcəklər. Mən bu qərara son dərəcə təəccüblənirəm”.
Kitab cəmiyyətimizin yaralı yeri olduğundan bu yöndə atılan hər səhv addıma ziyalılar yaralarını qaşıyırlarmış kimi reaksiya verir.
Naşir Müşfiq Xan da duruma sərt təpki verdi: “Məncə 100 manat çox azdır, heç olmasa 500 eləsinlər ki, xanımlarının geyinib-keçindikləri dublyonkaların, şubaların pulu çıxsın. Nə deyim, kitabxanaların elə məhz elmi kitabxanaların ödənişli olması elmimizin, təhsilimizin evini yıxır. Mən aspiranturada oxuyanda 90 manat təqaüd alırdım. Yalnız ehtiyacım olduğu kitablara sərf edirdim o pulu, yenə çatmırdı. Bəs bu gənc alim, tələbə nə yeyib-içməlidi? Nəqliyyata, heç olmasa bir dəst paltara necə pul çatdırmalıdı? Açığı bu barədə danışmağa xəcalət çəkirəm. Heyif bizim elmimizdən ki, 3-4 minə müdafiə edib fəlsəfə doktoru, 7-8 minə elmlər doktoru olurlar. Heyif, çox heyif… Azərbaycanda təkcə elmi yox, bütün kitabxanalar pulsuz olmalıdır. Ola bilər başqa ölkələrdə fərqlidi, amma bizdə pulsuz olmalıdır. Bu mövzuda dəyişməz düşüncəm budur. İnsanlarımızı, gənclərimizi, elm yolunda yürüyən təhsilli vətəndaşlarımızı kitabdan didərgin salmağa haqqımız çatmır. Bu ən yaxşı halda axmaqlıqdır, kor olmaqdır, gələcəyini görməməkdir”…
AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mübariz Göyüşlü A24.Az –a bildirib ki, əvvəllər Mərkəzi Elmi Kitabxana yalnız akademiya əməkdaşları üçün fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə 18 yaşdan yuxarı hər kəs kitabxananın xidmətlərindən yararlana bilir. 2017-ci ilədək Mərkəzi Elmi Kitabxananın istifadəçiləri aylıq oxucu kartı almaq üçün 5 AZN ödəməli olub. Yanvar ayından etibarən xidmətdən aylıq istifadə qiyməti 10 AZN-ə, illik istifadə isə 100 AZN -ə qaldırılıb. Lakin bu qiymət akademiya əməkdaşları, yaşı 75-dən yuxarı şəxslər, Qarabağ veteranları və digər imtiyazlı şəxslər üçün aylıq 5 AZN müəyyənləşdirilib.
Mübariz Göyüşlü qiymət artımını müasir standartalara uyğun xidmətə keçidlə əlaqələndirir. Şöbə rəhbəri bildirir ki, bu xidmətin hansısa ölkədə pulsuz olması həmin ölkənin öz işidir. “Bizdə belədir, onlarda elə. Biz onların işinə qarışa bilmərik. Qiymət artımından sonra kitabxanamıza maraq azalmayıb. Oxucu kartı sifariş edənlər yenə də var”.
Sonda Mübariz Göyüşlü mətbuat nümayəndələrini qiymət artımı və digər məqamları qabardıb, kitabxananın uğurları barədə yazmamaqda qınadı.
Sərdar A24.Az

