Müəllim şagirdlərinin görüntülərini çəkib bu cür istifadə edə bilərmi?
05.03.2020 11:31Son zamanlar sosial şəbəkə və elektron mediada şagirdləri ilə selfi çəkən, foto və video paylaşan müəllimlər artıb. Əlimizə keçən videodakı görüntülər isə ötən gün ermənilərlə barışmağı şagirdlərinə aşılayan ingilis dili müəllimi Rövşən Əzizovun çəkdikləri haqda düşünməyə vadar edir. Videolarda qız uşaqlarının əyninə “Qalatasaray” futbol klubunun köynəyini geyindirib danışdırır, oynadır. Bu kimi videolar adıçəkilən şəxsin “YouTube” kanalında çoxdur.
Об этом сообщает Роспрес
Bəs bir müəllimin şagirdi olan azyaşlının görüntülərini çəkib sosial şəbəkələrdə paylaşmasına kim icazə verir? Rəhbərlik, direktor, valideynlər buna necə icazə verir, etibar edir? Ümumiyyətlə, qanunla bu necə tənzimlənir?
Tanınmış hüquqşunas Tahir Əlirzayev son zamanlar müəllimlərin yaydıqları görüntüləri birmanəalı şəkildə pislədi:
“Məsələyə ümumi yanaşsaq, sözsüz ki, arzuolunan hal deyil. Bizim dövrümüzdə müəllim ən hörmətli, ən yaxşı yaşayan, ən nüfuzlu şəxs idi. İstər tələbələrin, istər şagirdlərin, istərsə də cəmiyyətin gözündə müəllim çox hörmətli sayılırdı. Amma hazırkı kapitalizm quruluşunda müəllim həmin titullarından məhrum olunub. Müqayisə aparsaq, görərik ki, o dövrdə təminatlı olan müəllim, bu gün ehtiyac içində yaşayır. Yəni müəllim nə müəllimliyi haqqında fikirləşə bilir, nə də onun nüfuzu ilə bağlı…
Müəllim dərsdə gülüb oynamaz, çünki məktəbdə müəllimin proqramı var. Müəllim o proqramdan kənara çıxmamalıdır. Yəni müəllim 45 dəqiqə ərzində o qədər sürətlə proqramı şagirdlərinə mənimsədir ki, oturub hələ bir onlarla deyib-gülür, rəqs eləyir?! Deməli, o, müəllim yerində deyil.
Qanunla azyaşlıların görüntülərinin sosial şəbəkələrdə yayılmasına gəldikdə, ümumiyyətlə, konstitutsiyaya görə, kimsənin xəbəri olmadan kimsə haqqında gizlin video, foto və digər görüntüləri çəkib şəxsin razılığı olmadan yaymaq konstitutsiyada qadağandır. Eyni zamanda, bu, Cinayət Məcəlləsində də şəxs barəsində məlumatların toplanması, yayılması qadağan edilir. Amma azyaşlıların iştirakı və istəyi ilə çəkilirsə, burda zərərçəkən və zərərvuran axtarmağa ehtiyac qalmır. Çünki bunlar bir-birinin qarşılıqlı razılığı ilə həyata keçirilən bir prosesdir”.
Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. “A24.az”a açıqlamasında o bu hərəkətlərin heç bir qanuna, nizamnaməyə, müəllim metodikasına uyğun gəlmədiyini od püskürərək söylədi:
“Təəssüflər olsun ki, son illər baş verən inkişaf bəzi xoşagəlməz məqamlarla da yadda qalır. Son 5 ilə baxdıqda görürük ki, təhsilin inkişafı üçün müəllimlərin bilik və bacarığının, peşəkarlığın artırılması üçün kifayət qədər ciddi layihələr həyata keçirilir. Amma buna baxmayaraq, bəzi müəllimlər müəllim metodikasına uyğun gəlməyən, ümumilikdə tədris pedaqoqikasından kənar üsul və vasitələrdən istifadə eləyib tədris prosesi qururlar.
İlk növbədə xatırlatmaq istəyirəm ki, orta ümumtəhsil məktəblərində bütün tədris 2009-cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Təhsil haqqında qanunun, 2011-ci ildə qəbul edilmiş Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi, 2014-cü ildə qəbul edilmiş “müəllimlərin etik davranış qaydaları” kodeksində həyata keçirilməlidir. Yəni müəllimlərin həyata keçirdikləri tədris prosesi dövlət standartlarından və dövlətin tələblərindən kənara çıxmamalıdır. Biz Avropa və dünya təhsilində görürük ki, müəllimlər müəyyən qədər rollu oyunlarla elmi şagirdlərə daha rahat şəkildə öyrədirlər. Bu heç də o demək deyil ki, kimsə özündən hansısa üsulla vasitələr müəyyən eləyib təris həyata keçirsin.
Birincisi, tədris prosesində, necə ki, biz şagirdlərdən telefondan istifadəni qadağan etmişiksə, bu proses eyniylə müəllimlərə də aiddir. Onda belə çıxır ki, istənilən müəllim dərs prosesində çəkiliş edə bilərsə, şagird də bunu eləyə bilər. Bəs nəyə görə biz bəzi müəllimlərin şagirdlərə qarşı zorakılığı zamanı onların telefondan istifadəsini pisləyirik, amma bunu müəllimlərə icazə veririk?! Əgər Təhsil Nazirliyi tərəfindən hər bir fənn üçün təsdiq edilmiş proqramlarda rollu oyunlar, bu və ya digər üsul və vasitələrlə tədris prosesinin qurulması qaydası yoxdursa, heç bir müəllimin ixtiyarı yoxdur ki, öncədən planlaşdırılmış və metodşura tərəfindən qəbul edilməmiş bunu tətbiq eləsin. Bilirsiniz, müəllimin dərsdə görəcəyi işlə bağlı gündəliyi, planlaşma jurnalı var. O tədris prosesində dərsdə hansı addımı atacaqsa, məktəbin direktor müavini, direktorla razılaşmalıdır.
Bizim cənub bölgəmizdə müəllimlər dərsi replə deyirlər, yəni bunu etdilər. Olmaz! Bu gün replə dərs deyən müəllimin şagirdləri böyüyər Anar Nağılbazın yolunu davam etdirər. Bizə döyüşkən ruhlu, mübariz gənclər lazımdır. Bizə müğənni lazım deyil. Biz müharibə şəraitində yaşayırıq. Müəllimə heç kim ixtiyar verməyib ki, şagirdi özünüzün istədiyi alət kimi tədris prosesində istifadə eləsin. Baxın, bunu bir çoxları bəyəndi, yüksək qiymətləndirdi. Əgər bu addımı Təhsil Nazirliyi atsaydı, hamı pisləyəcəkdi və deyəcəkdilər ki, “Təhsil Nazirliyinin işinə-gücünə bax, dərsləri bazara çevirib”. Amma mütəxəssis olaraq mən sizə deyirəm ki, tədris prosesinin gedişində hansısa razılıq əldə edilmədən videoçəkilişlərin edilməsi, bunun kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə paylaşılması Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanununa, Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə və daxili nizamnamənin tələblərinə ziddir. Hətta jurnalistlər belə məktəblərdə çəkiliş aparmaq istəsələr bunun üçün ilk növbədə yuxarı orqanın icazəsini almalıdırlar. Çünki məktəb dövlət müəssəsidir, dövlərt sirridir, ordakı informasiyalar, şəxslər haqqında məlumatlar kənara sızmamalıdır. Məktəbin quruluşu, məktəb haqqında müəyyən informasiya xarici kəşfiyyat orqanlarının əllərinə keçə bilər. Biz icazəsiz çəkilişlər etməklə, şagirdlərin sayı, yaş kateqoriyası, psixi durumu ilə bağlı məlumatları aşılamış oluruq. Belə çıxır ki, məktəblərin rəhbərliyi işləmir. Mən tam səmimi deyirəm. İnzibati Xətalar məcəlləsinə görə, müəllimlərlə etik davranış qaydalarına görə, başda həmin müəllimlər olmaq şərti ilə məktəbin direktoru, zauçu həmin rayonun təhsil şöbəsini, bütün kollektivini bu çəkilişlərə görə birmənalı olaraq Əmək Məcəlləsinin 70.c bəndi ilə, bir daha təhsil sistemində işləməmək şərti ilə işdən azad edilməlidirlər.
Bilirsiniz, bu yaxşı hal ola bilər, amma siz o “yaxşını” ayrıca kurs açın, tədris mərkəzi açıb eləyin. Uşaqlar sizin köləniz və qulunuz deyil ki, özünüzün videoçarxlarınızda reklam kimi istifadə eləyəsiniz?! Dövlətin müəyyən etdiyi tədris və təlim standartları var. Dövlətin təsdiq etdiyi təlim standartlarında kifayət qədər rollu oyunlar var. Müəllimlərin heç biri, sizə əminliklə deyirəm, müəllim üçün hazırlanmış metodik vəsaitdən istifadə etmir. Orda tədris prosesinin qurulması üçün onlarla, 20-yə, 30-a yaxın oyunlar, vasitələr göstərmişik, kitabları oxumurlar.
Avropa, Amerika təhsili bizə kinolarda göstərildiyi kimi deyil. Kinolarda bizə təqdim edilənlər odur ki, bizim dərin tariximiz, mənəvi dəyərlərimiz məhv olsun. Sanki dərsdə hamı hər şeyi istədiyi kimi eləyə bilir. Xeyr, dövlətin partası, stulu və bir də lövhəsi var. Bu o deməkdir ki, siz parta arxasında 45 dəqiqə ərzində dövlətin verdiyi dərsi keçməlisiniz. Əgər bunu keçə bilmirsinizsə, zəhmət olmasa, ərizənizi yazıb çıxın gedin. Aktyorluq, klonluq elədiyinizə görə dövlət sizə pul vermir. Siz müəllimsiniz, müəllimlik edin. Müğənnisinizsə, gedin şou-biznesə qatılın. Azərbaycanın təhsilində onsuz da kifayət qədər problem var, siz əlavə problemlər yaratmayın”.
-Bununla bağlı müəllimlərə dövlət tərəfindən hansısa xəbərdarlıq edilmir?
-2003-cü ildən bəri təhsilin içərisindəyəm. Kanadandan tutmuş Avstraliyaya kimi 201 dövlətin təhsilini ibtidai sinifdən, bağçasından tutmuş son doktaranturasına kimi araşdırmışam. Belə oyun çıxartmaqla dərs keçmək heç yanda yoxdur.
Təəssüflər olsun ki, dövlət sosial şəbəkələrdə və ictimaiyyət tərəfindən müsbət qarşılanan məsələlərə reaksiya verə bilmir. Çünki o zaman qınaq obyekti nazirlik olacaq.Dövlət tərəfindən bununla bağlı hər hansı addım atılarsa, hamı Təhsil Nazirliyini qınayacaq.
Hesab edirəm ki, kütləvi şəkildə tədris prosesinə kənar müdaxilə eləyən müəllimlər, həmin məktəbin rəhbərliyi, rayon təhsil şöbəsinin işçiləri işindən uzaqlaşdırılmalıdır. Təhsil Nazirliyindən cəsarətli addım gözləyirəm ki, heç bir ictimai qınaqdan çəkinmədən rahat şəkildə həmin müəllimlərə töhmət versinlər və tutduqları vəzifələrindən azad etsinlər. Çünki bu kütləvi hal ala və bütün müəllimlərə pis örnək ola bilər”.
Firuzə Alimova / A24.az

