Niyə yaddaş problemi yaşayırıq?
05.03.2020 11:37Çoxumuz gündəlik həyatda yaddaş problemi yaşayırıq. Məsələn, hansısa əşyanı hardasa unuduruq, hətta bəzən tanıdığımız adamın adını xatırlamaqda çətinlik çəkirik və sair. Yəni kökündə yaddaş problemi olan bu kimi halları çox sadalamaq olar.
Об этом сообщает Футляр от виолончели
Bəs yaddaş probleminin kökündə nə dayanır? Başqa sözlə, niyə yaddaş problemi yaşayırıq?
Bu suala cavab verən tibb elmləri doktoru, professor Adil Qeybulla problemi ətraflı şərh edib.
Yaddaş probleminin yaranması daha çox stresslə bağlıdır
Alim, “a24.az”a açıqlamasında deyib ki, yaddaş probleminin yaranması daha çox stresslə bağlıdır: “İnsanların çoxu fikirli, qayğılı, əsəbi durumda, stress vəziyyətindədir. Nəzərə alaq ki, hazırda Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Bundan başqa, 3 milyon azərbaycanlı miqrasiya durumundadır, onlar xarici ölkələrə – Rusiyaya, Türkiyəyə və dünyanın müxtəlif ölkələrinə işləmək üçün gediblər. Belə vəziyyətdə yaşayan ailələrin strukturu pozulub. Həmçinin, insanlar arasında ünsiyyət xeyli azalıb. Əvvəllər qohumlar bir-birinə gedər, dərdlərini bölüşər, bir sözlə, səmimi ünsiyyət yaradardılar. Amma indi insanlar arasında bu cür münasibət demək olar ki, yox səviyyəsindədir. Odur ki, insanlar qayğılarını kiminləsə bölüşə bilmirlər. Eyni zamanda qarşı tərəfin də qayğıları var. Bax bu kimi hallar sinir sistemində öz əksini tapır və əmələ gələn stress yaddaşa çox ciddi təsir edir”.
Stress diqqəti yayındırır
A.Qeybulla əlavə edib ki, insanlarda yaranan stress diqqəti yayındırır: “Yəni stress hansısa bir nöqtəyə, hadisəyə, situasiyaya diqqəti, vizual müşahidə elementlərini xeyli azaldır ki, bu da yaddaşa təsir edir. Bundan başqa, yaddaş problemi beyində neyronlar arasında assosiativ əlaqələrlə bağlıdır. Yəni beyində neyronlar arasında assosiativ əlaqə, məsələn, keçmişdə baş verən hər hansı hadisəni indiki ilə uzlaşdırmağa kömək edir, yaxud nə vaxtsa gördüyümüz adamı hansısa parametrə görə tanımağa imkan verir. Odur ki, bu kimi assosiativ əlaqələr normal işləməyəndə yaddaşda da ciddi dəyişikliklər baş verir”.
Problemə səbəb olan digər faktor qidalanmadır
“Gündəlik qəbul etdiyimiz qidaların əksəriyyəti keyfiyyət parametrlərinə cavab vermir”
Professor yaddaş probleminə səbəb olan digər faktorun qidalanma olduğunu söyləyib: “Gündəlik qəbul etdiyimiz qidaların əksəriyyəti keyfiyyət parametrlərinə cavab vermir. Qidaların tərkibində orqanizmdə istehsal edilməyən, yəni çatışmayan plastik maddələr, əvəz olunmayan amin turşusu, doymamış sianid turşusu və sair maddələr yoxdur. Bu maddələr orqanizmə kənardan daxil olunmalıdır. Odur ki, qidaların tərkibində bu kimi maddələrin çatışmazlığı insanların sinir sisteminin fəaliyyətinə mənfi təsir edir. Ümumiyyətlə, qida maddələrinin tərkibində təbii qidaların xüsusi çəkisi xeyli aşağıdır. Məsələn, marketdən aldığınız hansısa məhsulun tərkibini dəqiq təhlil etsəniz görəcəksiniz ki, məhsulun tərkibinin həm texniki parametri pozulub, həm də təbiilikdən xeyli uzaq ərzaqdır. İş orasındadır ki, insanlar belə ərzaqlardan gündəlik istifadə edirlər. Odur ki, belə ərzaq məhsulları ilə qidalanma, həm ümmun sisteminə, həm də orqanizmin möhkəmlənməsinə, təzələnməsinə mənfi təsir göstərir, orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur. Beləliklə, gündəlik həyat tərzimizdə qidalanmamız bizim yaddaşımızın bugünkü durumunu şərtləndirir”.
Bəs nə etməli…
Onun sözlərinə görə, yaddaş probleminə səbəb olan digər amil azhərəkətlik, kökəlmə, şəkərli diabetdir.
“Bəs yaddaş problemini yaşamamaq üçün nə edilməlidir”sualına A.Qeybulla belə cavab verib: “Hesab edirəm ki, insanlar kütləvi şəkildə idman etməli, gündəlik həyatlarında azhərəkətliliyi aradan qaldırmalıdırlar. Yəni avtomobildən az istifadə edilməlidir. Sağlam qidalanmaya çalışmalıdırlar. Dövlət həm kütləvi idmanın inkişafı, həm də ərzaq təhlükəsizliyi ilə bağlı geniş tədbirlər həyata keçirməlidir. Ekoloji təmiz olmayan, mənşəyi bilinməyən, müəmmalı olan qidaların Azərbaycanda istehsalına yol verilməməlidir. Bəzi məhsulların, xüsusən də gündəlik istehlak mallarının Azərbaycanda istehsalına şərait yaradılmalıdır. Yəni kompleks tədbirlər həyata keçirilməlidir ki, insan sağlamlığına neqativ təsir edə biləcək hallar aradan qalxsın”.
A.Qeybulla əlavə edib ki, hazırda əksər insanlar yaddaş problemi yaşayır. O, müşahidələrinə əsaslanaraq qeyd edir ki, mütləq əksəriyyət daxilən gərgindir.
Atif Sarıxanlı

