“Rejissorluq qadın sənəti deyil” – QALMAQALLI SORĞU
05.03.2020 11:59Fiziki qüvvə tələb edən sahələr istisna olmaqla, digər sənət və peşələrdə kişilərlə yanaşı qadınların da fəaliyyət göstərməsi normaldır.
Lakin incəsənətin elə sahələri var ki, orada qadınlara nadir hallarda rast gəlinir. Məsələn: Rejissorluq. Aktyorlarla müqayisədə aktrisların sayı bəlkə də üstünlük təşkil edir. Belə olduğu halda qadın rejissorların az olmasının səbəbi maraqlı görünür.
A24.Az bir sıra peşə sahiblərinin bu yöndə fikirlərini öyrənib.
Об этом сообщает Футляр от виолончели
Cavid Təvəkkül (rejissor): Əgər Azərbaycanı nəzərdə tutursunuzsa bəli, oralardan fərqli olaraq kişi rejissorlarla nisbətdə bizdə xanım rejissorlar azdır, amma bu o demək deyil ki, olmayıb, yaxud yoxdur. Olub və indi də var, amma azdır bəli, razıyam. Az olmasının da səbəbləri müxtəlif ola bilər. Bəlkə də yaşadığımız çox da uzaq olmayan keçmişdə xanımlarımızı bu peşəylə məşğul olmağa yasaq, qadağa edən mental və milli xüsusiyyətlərimiz, yazılmamış ailə qanunları olub. Bəlkə də neçə – neçə istedadlı xanımlarımız ürəklərindəki bu arzuyla yaşayırlar hələ də.
Şəxsən mənim anam deyərdi ki, gənclik illərində rejissor olmaq istəyirmiş. Fikirləşmirəm ki, rejissorluğu da cinsiyətə bölmək olar. Aslanın erkəyi dişisi olmur. Kino da aslan ürəyi olanları sevir. Kira Muratova həmin o aslan ürəkli insanlardandır. Filmlərindən onun nə qədər cəsarətli, nə qədər müdrik olduğunu hiss etmək olar. Kinoda böyük mükafatlara sahib olan Ceyn Kempion var ki onun filmlərinə baxsan deyə bilmərsən ki, bunu xanım çəkib ya kişi. İndi hər şey başqa cürdür. İndi nə qədər istedadlı xanımlar film çəkirlər. İstər məmləkətimizdə istərsə sərhədlərimizdən kənarda… Düşünürəm ki, hələ çox xanımlarımız gözəl filmləriylə bizləri təəccübləndirəcəklər. Bir də nə fərqi var ki, kim çəkib filmi, xanım ya kişi – əsas odur ki, mən filmə baxıb dərindən bir ah çəkib deyim ki, hə, bu kinodur.
Şərif Ağayar (yazar): Gender bərabərsizliyi təkcə kino sahəsində deyil, hər sahədə müşahidə olunur və məncə, cəmiyyətimizin qapalılığı ilə bağlıdır. Bizdə qadın rejissor deyəndə Gülbəniz Əzimzadə, Mehriban Ələkbərzadə yadıma düşdü. Bir də ən çox sevdiyim filmlərimizdən olan “Şərikli çörək”in ssenari müəllifini xatırladım: Alla Axundova… O cür gözəl kino duyumu kimdə var? Dünyada da rejissor sənətində gender bərabərsizliyi qabarıqdır. Viskonti, Antonioni, Fellini, Tarkovski, Qodarla adı yanaşı çəkilən qadın rejissor varmı? Eləcə də rəssamlıqda, musiqidə, elmdə və s. Görünür, başqa səbəblər də var və deyəsən bu səbəblər heç də az deyil.
Fehruz Şamıyev (rejissor): Qadın rejissorların azlığı daha çox qadınların yaranışı ilə bağlıdır.
Qadın rejissorların azlığı həm də kino sahəsinin ağır olduğundan irəli gəlir. Burada fiziki və mənəvi təpkilər çoxdur. Buna duruş gətirmək çox çətindir. Azından çəkiliş məkanında çətinliklər, bəzən dayanmadan günlərlə çəkiliş aparmaq çox ağır prosesdir. Bu çətinliklərə qadınların tab gətirməsi çətin olur.
Rejissorluğu həm yaradıcı, həm də istehsal prosesi baxımdan qadın sənəti saymıram. Qadın rejissorların filmlərini demək olar ki, izləməmişəm. Bir neçə ilə öncə Bakıda təşkil etdiyimiz START Gənclərin Beynəlxalq Film Festivalına münsif olaraq İranın məşhur rejissoru Təhminə Milanini dəvət etmişdik. Bir onun, bir də “Oskar” almış Ketrin Biqelonun filmini izləmişəm.
Rəbiqə Nazimqızı (yazar): Ümumiyyətlə, qadınlar bir çox sənət sahələrindən kənarda qalıblar, səbəblər adətən eynidir – cəmiyyətin yüklədiyi qadın obrazı var axı. Məsələn, qadın ən yaxşı halda 09.00-18.00 rejimi ilə çalışır, uşaqlara baxır, evin qayğılarını çəkir. Dünyanın hər yerində belə qəbul olunub, məsələ təkcə Azərbaycanla bağlı deyil. Deyə bilərsiniz ki, aktrisa da qadındır. Amma görkəmi və cəsarəti sayəsində aktrisa ola bilir, amma rejissor yox. Çünki rejissor (kişi) – seçəndir, qadın (seçilən). Kişi bir qayda olaraq qadının bədəninə, üzünə, ən yaxşı halda, gözlərinə baxır, səsini sevir, ağlını isə qəbul eləmək istəmir. Qəlbi-ruhu da onun üçün az maraqlıdır. Buna görə də qadın rejissorun məşhurlaşma, film çəkmək üçün vəsait tapma imkanları azdır.
Qan Turalı (yazar): Qadının hissləri kişilərdən də güclüdür. Bunu elə bayaq Kieslovskinin kitabından oxudum. Rejissor insan sənətidir. Bizim Gülbəniz Əzimzadə kimi rejissorumuz olub. Dostum Səidə Haqverdiyevanın “Ər quyusu” filmi bu yaxınlarda nümayiş olundu. Qadın rejissorlar bizə lazımdır. Mən hamıdan çox Sevda Sultanovaya inanıram. O çox böyük bir rejissor olacaq.
Ömər Xəyyam (yazar): Bir çox qadın rejissor var.
Məsələn, Alice Guy, Mira Nair, Sofia Coppola, Nora Ephron, Samirə Məhmalbalf, Jacqueline Audry, Mərzəndiyyə Mahmalbaf və sair.
Ümumiyyətlə bu sual doğru qoyulmayıb. Sənətin cinsiyyəti olmur.
Əgər yerli kino sənətindən söhbət gedirsə, kişi rejissorlarımız da bir o qədər çox deyil.
İki, ya üç…
Mən yaxşı kinoman kimi deyə bilərəm ki, Samirə Mahmalbafın filmlərindəki psixoloji gərginlik, stixiya, obrazların reaksiyaları əsl kişi xarakteridi, rejissorun adını çəkməsəm, deyərəsən ki, bəs bunu filan kişi rejissor çəkib. Amma o qadın kimi kişinin daxili dünyasını dəqiqliklə ekranlaşdıra bilir.
Qadın rejissorların sayı ona görə azdı ki, qadınlar adətən imitasiya formasında yaşayan canlılardı, onların öz yaşantısı bir-iki ssenarilikdi.
Kamal Yaşar (rejissor): Bu yaradılışın qanunu kimi bir şeydir. Bineyi-qədimdən qadın rejissorlar az olub. Ümumiyyətlə sənətin digər sferalarında, ədəbiyyatda qadınlar arxa planda olub. Bilmirəm, bu onların fizionomiyası, bioloji yaranışı ilə bağlıdırmı… Səbəbdən asıllı olmayaraq nəticə budur ki, kişi ədəbiyyata, kinoya daha həssas olub. Yaradıcılıq, istehsal baxımdan kişilər daha öndə olub. Qadınlar isə həmişə daha çox tamaşaçı, bəhrələnən obrazında olublar.
Amma istisnalar həmişə var. Və mən düşünmürəm ki, qadından rejissor, sənətkar ola bilməz. Təsadüfi deyil ki, bu il Berlin Film Festivalının qalibi də qadın rejissor oldu.
Mənim filmini bəyəndiyim qadın rejissor yoxdur. Amma teatr tamaşalarını bəyəndiyim müasirim Pantomima teatrının rejissorlarından Leyla Atayevanın adını çəkə bilərəm.
Mir Bağır (rejissor): Mən bilən elm qadın və kişinin əqli bacarıqlarında fərqi görsədə biləcək bir qənaətə gəlməyib. Sadəcə qadına tarix boyu özünü ifadə etməyə məhdudiyyətlər qoyublar. Əminəm ki, eyni şərait və imkanlar qadınlarda da olsaydı, indi biz kişilərə bərabər sayda qadın rejissorlar da görərdik.
Sənətlərin cinslərə görə təsnif olunduğundan xəbərim yoxdur.
Sevdiyim qadın rejissorlar çoxdur. Kira Muratova, Pelin Esmer, Anyes Varda, Doqmanın ən yaxşı qadın rejissorlarından olan Lone Şerfiq. Düzdür, sonradan Hollivuda gedib işin zibilini çıxardı. Koppolanın qızı Sofiya da yaxşı filmlər çəkib. 93-də Palma budağını qazanmış Djeyn Kempion var. Elə “Sən Həmişə Mənimləsən” film-tamaşanı çəkən rejissor da qadındır – Gülcahan Güləhmədova-Martınova. Çox sevdiyimi teletamaşalardan biridir. Hələ Samirə Məhməlbalfı demirəm.
Ayxan Ayvaz (yazar): Məncə, bu bölgü doğru deyil. Qadın və kişini ayırmaq seksist düşüncədir. Sevdiyim çox rejissor var, onlardan biri də Samirə Mahmalbafdır. Əsas sənətdir, bunu qadın yaratsın, ya kişi, fərq etmir.
Ülviyyə Heydərova (yazar): Rejissor əslində idarə edəndir. Filmin, tamaşanın hər xırda detalına cavabdeh odur. Çünki sənət əsəri elə onun adıyla bağlı olur. İdarəçilik isə hər bir sahədə olduğu kimi teatr və kinoda da daha çox kişilərin üzərinə düşür. Fikir verin, kişilərlə müqayisədə dünyada nə qədər qadın rəhbər var? Düzdür, deyirlər aslanın erkəyi, dişisi olmaz. Amma qadın nə qədər olmasa, zərif məxluqdur. Ziddiyyətli xarakterli aktyorların öhdəsindən elə kişilər yaxşı gəlir. Hər halda mən bu cür düşünürəm. O ki, qaldı qadın rejissorlara. Dünyada Sofia Koppolanın yaradıcılığı mənə maraqlı gəlir. Bir də Julia Loktev. Onun “Ən yalnız planet” filmini sevirəm. Azərbaycanda isə sözsüz ki, Gülbəniz Əzimzadə və Cənnət Səlimova. Gülbəniz xanımın ruhu şad olsun. Cənnət xanıma isə can sağlığı arzulayıram. Yeri gəlmişkən, bir zamanlar Cənnət xanımın mühazirələrini dinləmişəm. Özümü onun tələbəsi hesab edə bilərəm.
Sərdar Amin

