“Söyülmək bəzi insanların xoşuna gəlir” – Kamil Zeynallı ilə VİDEOMÜSAHİBƏ
05.03.2020 12:17Hər bir sözü, hərəkəti ilə sosial media fenomeninə çevrilən Kamil Zeynallı bu həftə GoldNews.Az-ın qonağı olub. O, sosial mediada haqqında çıxan xəbərlərə aydınlıq gətirib.
Об этом сообщает Футляр от виолончели
A24.az idmançının müsahibəsini sizə təqdim edir:
– Salam, Kamil bəy!
– Salam.
– Hamı sizi həm idmançı, həm də sosial media fenomeni kimi tanıyır, yəni sosial şəbəkədə aktiv birisiniz və haqqınızda yazılan statuslara, deyilən sözlərə sərt reaksiya verirsiniz. Olmaz ki, görməzdən gələsiniz?
– Həyatda elə hadisələr, yaxud sözlər olur ki, insan onları görməzdən gəlir, amma bəzilərinə reaksiya verməlisən, onu görməlisən. Yəni insana dostu, qardaşı, ən yaxını pis davranış nümayiş etdirə bilər, bunu görməzdən gəlmək, özünü bilməməzliyə vurmaq mümkündür. Amma elə sözlər, hadisələr olur ki, cəmiyyət içində, sosial şəbəkədə demək olmaz. Həmçinin mən sadəcə “İnstagram” da varam. İşlərimlə əlaqədar çox vaxtım olmur. “İnstagram”da hər bir sözüm insanlar tərəfindən günlərlə müzakirə olunur. Bəzən düşünürəm ki, mən digər sosial şəbəkələrdən istifadə etsəm, onda necə olardı? Hətta bilirəm ki, bu müsahibədən sonra belə, insanlar yenə məni əsəbiləşdirməyə çalışacaqlar. Hətta son çıxışıma anam da əsəbiləşdi. Buna baxmayaraq, ailəm məni dəstəklədi. Çünki onların söylədikləri təhqiramiz sözləri sadəcə mən yox, heç bir kişi götürməz. Dünyada mənim üçün iki müqəddəs varlıq var: göydə Allah, yerdə ailəm. Məkanından asılı olmayaraq, harada olsam, bu sözə mən bu cür reaksiya verərdim, hətta qarşımda olsaydı, bəlkə də o insan yer üzündən yox olardı. Mən özümə haqq qazandırıram. Hətta öz-özümə deyirəm ki, az söymüşəm.
– Bəs cəmiyyətdə sizə qarşı olan aqressiyanın səbəbi nədir?
– Bəli, mənim həyat tərzim insanların çoxunu qıcıqlandırır, gözləri götürmür.
– Niyə belə olduğunu düşünürsünüz?
– Bunun səbəbini mən də bilmirəm. Sadəcə, hər kəsin özünə uyğun düşüncə tərzi var. Xarici ölkələrə səyahət edən, bahalı restoranlarda günlərini keçirən, mənim maşınıma bənzər maşını olan, imkanlı dostlarımız var. Mənim nəyim varsa, hamısı göz qabağındadır. Bu da insanların çoxunu qıcıqlandırır. Onlarda aqressiyaya səbəb olur. Adi canlı yayım açıram, yenə də nəsə qulp qoymağa çalışırlar.
– Bu təkcə sizə qarşı belədir?
– Bunu siz daha yaxşı görürsünüz. İnsanlar mənə qarşı daha sərtdirlər. Bunun bir səbəbi də o ola bilər ki, mən sıfırdan həyatımı özüm qurmuşam və bu səviyyəyə gətirmişəm. Əfsuslar olsun ki, buna illərini sərf edən, lakin həyatda istədikləri mövqeyə çata bilməyən insanlar var. Mən bəzilərindən fərqli olaraq, publika üçün işləmirəm. Buna görə də bəzi insanlar məni sevir, digərləri isə yox.
– Bəlkə bu, insanların sosial problemlərinin həddindən artıq çoxluğu ilə əlaqədardır?
– Düşünürəm ki, hər bir insanın özünə görə bir problemi var. Mən də uzaqdan problemsiz görünə bilərəm. Düşünürlər ki, əylənir, gəzir, dolaşır, ailəsi, işi var. Elə bir insan yoxdur ki, onun problemi olmasın. Artıq o, insanın həyata baxış bucağından irəli gəlir. Bizim cəmiyyətin bir problemi var ki, bir az qabağa gedənin ayağından tutub çəkməyi sevirlər. Lakin onlar unudurlar ki, mən kimsənin adamı deyiləm, sadəcə öz gücümə görə bu həyatımı qazanmışam. İnsanları qıcıqlandırmağım mənə də xoş təsir bəxş etmir, yəni mən təhqirlərimlə yox, işimlə gündəmdə olmaq istəyərəm. Sadəcə biz insanların ən mənfi xüsusiyyəti paxıllıqdır. İnsanların mənə bu cür yaxınlaşması sadəcə paxıllıqdan ibarətdir. Amma məndə elə bir hiss yoxdur. Deyirlər, qurd ağacı içindən yeyər. Bizim də bu gün ən qlobal problemimiz budur. Ona görə də mənim bu həyat tərzim çox insanı qıcıqlandırır və bu da mənə xoş təsir bağışlayır. İnsanların mənə bu cür reaksiyası məni daha da gücləndirir və yüksəlməyimə səbəb olur. Onlara sözümü deməyimə rəğmən, üzə çıxan tapılmır.
Təbii ki, mən də məni təhqir edəni tapıb, təhqir etmək, döymək istəyirəm. İçki məsələsinə gələndə isə düzdür, Məhərrəm ayıdır. Bu ayda içki içmək müsəlman üçün günahdır. Amma bir şeyi düşünmək lazımdır ki, digər dünyada hərə öz ayağından asılacaq və öz günahlarına cavabdeh olacaq. Bəs necə olur ki, yaxşılıq edəndə deyirlər Allah qəbul etsin, Allah balasını saxlasın, Allah sənə can sağlığı versin? Bunu deyən insanlar bir səhv edən kimi təhqir edirlər. Mən dostlarımla ayda bir dəfə içirəm, gülürəm, əylənirəm, bu o demək deyil ki, mən hər gün bu vəziyyətdə oluram. Onda da hamı deyir ki, Kamil içir. İnsanlar düşünmürlər ki, bu, mənim günahımdır, mənə görə, ay ana, ay bacı, niyə narahat olursunuz ki? Qınayan insanların nəslində guya bu müqəddəs ayda spirtli içkilər qəbul edən insanlar yoxdur? Mən də insanam və mənim də savablarım, günahlarım var. Qoyun günah da, savab da qazanaq.
– Sizin valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkdiyiniz, yardım etdiyiniz çoxlarına məlumdur. Kamil Zeynallı mütəmadi olaraq bu işlə məşğuldur?
– Mənim bu hərəkətimə görə, neçə uşaq valideyn himayəsinə götürülüb.
– Bəs siz özünüz hansısa uşağı himayəyə götürmək barədə düşünmüsünüz?
– Yox, belə bir şey heç vaxt istəməmişəm. Lakin əlimdən gəldiyi qədər kömək etməyə çalışmışam. “İnstagram” səhifəmdə bu barədə paylaşdığım videolar, fotolar sayəsində insanların belə bir problemə daha diqqətcil olmasına şərait yaratmışam. Bunu da yozurlar ki, Kamil özünü reklam edir. Əgər bacarırsansa, sən də elə. Mən burada sadəcə vasitəçi qismində çıxış edirəm. Hər bir insan bunu edə bilər. Gündəlik qazancınızdan qırağa atsaz, bir gününüzü qəlyansız keçirsəz, siz də mənim kimi edə bilərsiniz. Mən bu hərəkətimlə yatmış insanlara səslənirəm, onları oyatmağa çalışıram. Şükür edirəm ki, istəyimə də nail olmuşam. Biz də deyirlər ki, sağ əlin verdiyini, sol əl bilməz. Amma mən də tanınmış insanlardan biriyəm və biz cəmiyyətə nümunə olmalıyıq. Məsələn, sentyabr ayının əvvəlində 30 məktəbliyə kömək etmişəm. Bu onu göstərmir ki, mən varlıyam, imkanlıyam. Sadəcə qazancım bir az artıq olanda köməyə ehtiyacı olanlara əl tutmağa çalışıram. Amma özümün bu gün problemlərim var. Evimi 3-4 aydır ki, təmir edib bitirə bilmirəm. Yenə də xeyriyyəçilik etməyə çalışıram.
– Kamil bəy, sizin jurnalistlərlə heç də ürək açan olmayan münasibətinizi bilirik. Media nümayəndələri ilə aranızda tez-tez qalmaqallar olur. Bunun səbəbi nədir?
– Xeyr, məni başa düşən insanları çox sevirəm. Hətta onlar mənim bacım, qardaşımdır. Başa düşürəm ki, bu, onların işidir. Amma sadəcə onlardan yazarkən diqqətli olmalarını istəyirəm. Məsələn, “Kamil Qarabağ təyyarəsinə buraxılmadı”, “Kamil Qarabağın təyyarəsi ilə getdi, bəzi jurnalistlər isə gedə bilmədi”, “Kamilin niyə Qarabağın prezidenti ilə dostluğu var?”, “Kamil niyə bunları edir, biz edə bilmirik?” kimi yalandan yazılmış xəbərləri nəzərdə tuturam. Bəziləri işini görmək naminə, digərləri isə sadəcə mənim onları təhqir eməyim üçün bunu edirlər. Axı mən onları təhqir etsəm, məşhurlaşacaqlar. Necə ki, bəziləri artıq olunur, bu da onlara xoşdur.
– Kamil bəy, bu aqresivliyin, səbirsizliyin sizə zərər gətirə biləcəyindən qorxmursunuz?
– Xeyr, əgər haqlıyamsa, heç nədən qorxmuram. Azərbaycanın rəhbəri var. Burada dərəbəylik deyil ki, yerindən duran ürəyi istədiyi kimi hərəkət etsin. Bəlkə 20-30 il bundan qabaq mümkün olardı. Amma indi bizim ölkəmizin qanunları, rəhbərləri var. Mənim artıq bir hərəkət etməyə ixtiyarım yoxdur. Sadəcə, hamının şəxsiyyəti var. Heç kəs şəxsiyyətinin təhqir olunmasına, alçaldılmasına dözə bilməz.
– Səhv etmirəmsə, 5 ay məhbəs həyatınız olub. Son günlər sosial mediada ən çox müzakirə olunan mövzulardan biri avtoritetlər, onların həyatıdır. Bəs sizin əhatənizdə kriminal aləmə mənsub insanlar varmı?
– Mən 5 aydan çox məhkumluq yaşamışam və ətrafımda hər cür insan, eləcə də avtoritetlər olub. Bu, insanların öz həyatıdır, hər kəs mübarizəsini fərqli şəkildə davam etdirir. Mən onların getdiyi yolu getmirəm ki. Onların öz yolu, mənim də öz yolum var. Sadəcə, həkim, molla, idmançı ilə olduğu kimi mən onlarla da görüşə, danışa, dostlaşa bilərəm. Mənim hər yerdə dostum, tanışım var. Əgər insanın niyyəti təmizdirsə, heç kim ona təsir edə bilməz.
– Sizi vətənpərvər insan kimi də tanıyırıq. Bu hissi ailədə qızınıza da təbliğ edirsinizmi?
– Lələ Təpə alınanada hərbi biletimi götürüb vuruşmaq istədiyimi bildirdim. Lakin mənə kifayət qədər döyüşçümüzün olduğunu bildirdilər. Heç bir azərbaycanlı istəməz ki, öz balasını torpağa tapşırsın, şəhid versin. Buna görə də haqq, sülh yolu ilə torpaqlarımızı qaytarmaq istəyərik. Ancaq qarşı tərəfi başa sala bilmədikdə, müharibə etmək lazımdır. Bunu da biz özbaşına yox, ölkəmizin Ali Baş Komandanının əmri ilə yerinə yetirə bilərik. Vətən uğrunda ölməyə və yaşamağa hazıram.
Əlbəttə, mənim qızım himnimizi oxuyur, Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı tanıyır. Bir də, bəzi uşaqlarımızda bu hissin zəif olmasına səbəb təhsilimizdə olan problemlərdir. Cavanlarımızın, gənclərimizin irəli getməsi, uğur qazanması təhsilimizdən asılıdır. Buna görə onları qınamaq lazım deyil. Çünki bütün bunları təbliğ edən bizim kifayət qədər mənbəmiz var. Sadəcə bunu ortaya çıxaran təhsilimiz yoxdur.
– Kamil bəy, sizcə əsl Azərbaycan kişisi necə olmalıdır?
– Deyə bilmərəm ki, hər bir kişi idealdır. İdeal olan yeganə varlıq var ki, o da Allahdır. Mənim fikrimcə, ideal insan özünü necə görmək istəyirsə, elə ola bilən insandır. Kişi kimi əziyyət çəkmək, pul qazanmaq, ailəsi üzərində dayanmaq, məncə, bu cür kişilər Azərbaycan kişisi nümunəsidir.
– Bəs əsl Azərbaycan qadınında nələri görmək istəməzsiniz?
– Azərbaycan qadınını təsvir etmək mənə görə deyil. Çünki hər kəs insandır və hər yerin yaxşısı da, pisi də var. Kişilər var ki, siqaret çəkir, bədəninin yarısı döymədir, lakin kişilikdən xəbərləri yoxdur. Kişilər var ki, kişiyə xas olan xüsusiyyətləri daşıyır, lakin mənliyi yoxdur. Məsələn, qadının qəlyan çəkməyi onun simasını təsvir etmir. O da insandır və nəfsi çəkə bilər. Bu zaman onun xanımlığı, düzgünlüyü, sədaqətliliyi itmir. Bunlarla insanı qınamaq düzgün deyil. İnsanın daxili aləmini bilmədən onu qınaq obyektinə çevirmək olmaz.
– Siz bir vaxtlar həyat yoldaşınızın klipində rol almısınız. Bəs hazırda belə bir təklif gəlsə, qəbul edərsiniz?
– Əvvəlcə bu barədə yoldaşımla məsləhətləşərəm. Çünki ailəmizdə nəsə iz qoyacaq bir hərəkət barəsində mən təkbaşına qərar vermirəm. Düzdür, deyirlər ki, evdə son sözü kişi deyər. Çünki qadın deyir ki, belə olmalıdır, kişi də deyir baş üstə (gülür).
– Kamil bəy, Gülay xanımı çox ağır təbiətli, oturuşuna-duruşuna, geyiminə fikir verən qadın kimi tanıyırıq. Bəs sizin bunda müəyyən təsiriniz varmı?
– Tutalım, mən bu gün onun yanındayam və onun geyiminə, oturuşuna-duruşuna qarışdım. Bəs sabah yanında olmasam necə? Hər şey insanın özündən aslıdır. Bu xüsusiyyətlər gərək insanın qanında, canında olsun.
– Bəs evdə ən ciddi mübahisəniz hansı səbəbdən yaranır?
– Elə ev yoxdur ki, orada söz-söhbət olmasın.
– Yəni işinizlə bağlı aranızda problem yaranırmı?
-Xeyr, mən həyat yoldaşımın gördüyü işdən razıyam.
– Son günlər mediada bu fikirlərlə tez-tez qarşılaşırıq: ”Müğənni qızla evlənmək olmaz, müğənni gəlinim olsun istəmirəm”. Bəs, sizcə, müğənni ilə evli olmaq çətindir?
– Bu düşüncə insanın özündən, gördüklərindən aslıdır. Məsələn, mənim anam da hər hansısa bir peşə sahəsi ilə məşğul olan gəlin istəməz. Ona görə də bu ifadələri işlədənləri qınamıram. Çünki insanlar müasir dövrdə şou-biznesin vəziyyətini, müğənnilərin özünü aparma qabiliyyətlərini görür və bu cür qiymətləndirirlər. Lakin unutmaq olmaz ki, sevginin gözü kordur. Mən şükür edirəm ki, bu sənətdə tək-tük nümunə ola bilən insanlardan biri də mənim yoldaşımdır, ailəmdir.

