Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv edilir? – POLİTOLOQLAR və KOMİTƏDƏN AÇIQLAMA
05.03.2020 12:34“Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi məsələsində Rusiya Federal Kəşfiyyat idarəinin təşəbbüskar olduğu bildirilir”
Об этом сообщает Руспрес
Bunu A24.Az-a açıqlamasında politoloq Qabil Hüseynov Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etmə məsələsini şərh edərkən deyib.
Politoloq bildirib ki, son günlər mətbuatda belə bir söz söhbət gəzir:
“Bu məsələdə Rusiya Federal Kəşfiyyat İdarəsinin təşəbbüskar olduğu bildirilir. Ermənilərin şikayəti nəticəsində millətlərarası münasibətlərin pozulması ilə bağlı uydurma və qondorma iddialarla məsələni əsaslandırmağa çalışırlar. Bu sırf ictimai şəkilatdır. Orada azərbaycanlıların milli-mədəni hüquqlarının qorunmasında iştirak edir və Rusiyanın mövcud qanunları çərçivəsində hərəkət edir. Xüsusi ilə qeyd edim ki, bu təşkilat yaradılarkən onun açılışında Putinin özü də şəxsən iştirak edib. Və uzun illərdir ki, həmin təşkilat problemsiz fəaliyyət göstərir. Azərbaycanla yanaşı Ermənistan və Gürcüstanın da bir neçə təşkilatı orada fəaliyyət göstərir. Bu təşkilat əslində Rusiyanın dövlət idarəçiliynə köməkdir. Çünki bu təşkilat (Ümumrusiya Azərbaycanlıları Konqresi) vasitəsilə azərbaycanlılar səfərbər edilir və həmçinin Rusiyanın yeritdiyi daxili siyasəti dəstəkləyir. Məsələn, Putinin prezident seçkilərində təşkilat həmişə yaxından iştirak edib. İndi isə belə bir məsələnin gündəmə gəlməsi təəccüb doğurur. Hər halda inanmıram ki, qeydiyyatı ləğv etsinlər. Ümid edirəm ki, bu baş verməyəcək. Amma yay aylarından gedən söz söhbətlər onu göstərir ki, Rusiya Azərbaycana növbəti dəfə təzyiq etmək istəyir. Və bu təzyiqin də arxasında ermənilərin məkrli niyyətləri dayanıb”.
Siyasi şərhçi rusların azərbaycanlılara qarşı ayrıseçkilik etdiklərini də xüsusi qeyd edib:
“Rusiyadan fərqli olaraq, Azərbaycanda yaşayan ruslar üçün hər bir şərait yaradılıb. Azərbaycandakı Rusiya icmasının başçısı millət vəkilidir. Bu icma üçün dövlət tərəfindən xüsusi ofis ayrılıb. Ancaq bizim Rusiyadakı Ümumrusiya Azərbaycanlıları Konqresi icarə yolu ilə özlərinə bina tutublar. Bundan başqa, Azərbaycanda rus dili kifayət qədər yayılıb və bu dildən də geniş şəkildə istifadə edirlər. Demək olar ki, rus məktəblərindən heç biri bağlanmayıb. Bütün ali məktəblərdə rus dilində bölmələr var. Azərbaycan Rusiya ilə mühum starteji əməkdaşlıq həyata keçirir. Həştərxan və eləcə də digər vilayətlərlə mədəni dostluq əlaqələri həyata keçirirlər. Bu nöqteyi nəzərdən əgər ləğv etmə baş verərsə, bunu izah etmək çox çətin olacaq. Belə bir şey Azərbaycan-Rusiya dostluğuna, hüquqi əməkdaşlığa ciddi zərər vuracaq. Zənnimcə, Azərbaycan tərəfi hərəkətə keçməlidir, bəlkə də artıq müəyyən işlər görürlər. Bu məsələni önləmək üçün lazımı addımlar atılacaq”.
“Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə seyrçi qala bilməz, bu halda Kremllə münasibətlərin strategiyasına yenidən göz gəzdirilməlidir” – Elxan Şahinoğlu
Məsələyə münasibət bildirən “Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunun tək Moskvadakı erməni lobbisi və onun təsiri altındakı yerli qrupların işi olmadığını bildirib:
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir tərəfdən deyir ki, Azərbaycan Moskvanın strateji tərəfdaşıdır, iki ölkə arasındakı əməkdaşlığa önəm verirlər, digər tərəfdən xəbər yayılır ki, Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi məsələsinə baxacaq. Fikrimcə, bu tək Moskvadakı erməni lobbisi və onun təsiri altındakı yerli qrupların işi deyil. Moskvada anti-Azərbaycan bloku formalaşıb, onlar hər yerdə var. Kremlin dəhlizlərindən tutmuş, Rusiyanın aparıcı televiziya kanallarındakı əsas şərhçilərə qədər olan simalar Ermənistan hakimiyyətini və Dağlıq Qarabağın işğalını dəstəkləyirlər. Bu mənada Rusiya-Azərbaycan münasibətlərinə də zərər vurmağa çalışırlar”.
Siyasi şərhçi əlavə edib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi də sıradan bir qurum deyil:
“Birincisi, həmin təşkilat mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. İkincisi, bu təşkilatda Rusiyada yaşayan ən tanınmış azərbaycanlılar yer alıblar. Rəsmi Bakı hadisəyə birbaşa reaksiya verməsə də, hiss olunur ki, narahatdır. Təsadüfi deyil ki, gün ərzində bu, medianın başlıca xəbəri idi və məsələyə münasibət bildirənlər arasında hakim partiyanın deputatları da var idi. Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə seyrçi qala bilməz, bu halda Kremllə münasibətlərin strategiyasına yenidən göz gəzdirilməlidir. Elə neçə vaxtdır Azərbaycanın kənd təssərrüfatı məhsullarına da Rusiya bazarı qapalıdır, sərhəddə böyük növbə yaranıb. Bu qədər təsadüf olmaz..”
Qeyd edək ki, mətbuatda yayılan informasiyalara görə, Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı məsələsinə aprelin 11-də baxacağı və müvafiq qərar çıxaracağı gözlənilir.
Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsinə dair məlumatlarla bağlı açıqlama yayıb.
Komitədən A24.Az-a verilən məlumata görə, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılmış məlumat Azərbaycan ictimaiyyətinin, eyni zamanda Rusiyadakı çoxmilyonluq Azərbaycan diasporunun ciddi narahatlığına səbəb olub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış ÜAK ötən müddət ərzində Rusiya Federasiyasında yaşayan azərbaycanlıların bir-biri ilə mədəni-mənəvi əlaqələrinin qurulması, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və iki ölkə arasında münasibətlərin inkişafı sahəsində mühüm işlər görmüşdür. ÜAK Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin tanıdılması, soydaşlarımız arasında milli həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir sıra uğurlu layihələrə imza atıb.
Azərbaycan və Rusiyanın müvafiq dövlət orqanları ilə qarşılıqlı etimada dayanan səmərəli əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olan ÜAK-ın fəaliyyəti xalqlarımızı birləşdirən çoxəsrlik dostluq ənənələrinə əsaslanmış, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verməyə xidmət etmişdir. Təsadüfi deyildir ki, ÜAK-ın II qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin iştirak edərək, geniş nitq söyləmiş, təşkilatın fəaliyyətinin əhəmiyyətini və iki ölkə arasında əlaqələrin inkişafında rolunu yüksək qiymətləndirmişlər. Bu, hər iki dövlətin ÜAK-ın fəaliyyətinə verdiyi yüksək dəyərin bariz ifadəsidir.
ÜAK daim fəaliyyətini Rusiya Federasiyasının qanunları çərçivəsində qurmağa çalışmış, ölkədə mövcud olan dini və etnik tolerantlığın möhkəmlənməsinə, millətlərarası dostluğun, mədəniyyətlərarası dialoqun dərinləşməsinə öz töhfəsini verməyə səy göstərmiş, zəruri məqamlarda iqtisadi tərəqqinin, ictimai-siyasi sabitliyin tərəfdarı kimi prinsipial və ardıcıl mövqe nümayiş etdirmişdir. Rusiyanın milli və dövlət maraqları təşkilatın fəaliyyətinin əsas və dəyişilməz prioriteti olmuşdur.
Bütün bunlar, dünyada və regionda mürəkkəb, ziddiyyətli proseslərin getdiyi indiki şəraitdə ÜAK-ın fəaliyyətinin dayandırılmasının heç də iki ölkənin maraqlarına xidmət etmədiyini çox aydın şəkildə nümayiş etdirir. ÜAK-ın ləğv olunması, yaxud onun ictimai nüfuzunun zədələnməsinə yönəlmiş təşəbbüslər xalqlarımız arasında qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluq ənənələrinin, habelə Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və bu münasibətlərin inkişafında maraqlı olmayan qüvvələrin mənafelərinə xidmət edə bilər.
Azərbaycan ictimaiyyəti, eyni zamanda Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ümid edir ki, Rusiya Federasiyasının müvafiq qurumları obyektiv, ədalətli, iki ölkənin milli maraqlarına uyğun qərar qəbul edəcək və Rusiya azərbaycanlılarını öz ətrafında birləşdirən ÜAK bundan sonra da həmvətənlərimiz arasında mədəni- mənəvi birliyin və bütövlükdə Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsində, ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik bir təşkilat kimi uğurla fəaliyyət göstərəcək”.
Azərbaycan Xarici İşlər Nazirliyi isə məsələ ilə əlaqədar heç bir bəyanat verməyib.
Orxan Aslanlı

