Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yazarlarımız “Azerbaycan Edebiyat Antolojisi”ni kəskin tənqid etdi: “Bu tərcümə deyil, adamları təhqir etmək, məzələnməkdir”

05.03.2020 12:55

Ötən gün Bakıda “Azerbaycan Edebiyat Antolojisi”nin təqdimatı keçirildi. Antalogiyada 100-ə yaxın azərbaycanlı yazarın şeir və nəsr əsərləri tərcümə edilərək nəşr olunub.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, antalogiyada mətnləri dərc olunan əksər yazarlar antalogiyanı, tərcüməni kəskin tənqid edib. Yazarlar tərcümələrdəki böyük səhvlərdən, türk dilinə çevrilən şeirlərdəki gülünc ifadələrə görə təşkilatçıları qınayıb.

A24.Az günün ədəbi gündəminə çevrilən hadisə ilə bağlı antalogiyada mətnləri dərc olunan yazarların fikirlərini öyrənib:

Aqşin Evrən: Antologiya çıxan gün onlarla gəncimiz bunu paylaşaraq, şeirlərinin Türkiyədə çap olunmasını böyük sevinclə qeyd etdi. Azərbaycanın yaradıcı gəncləri son 10 ildə ilk dəfə idi ki, belə kütləvi şəkildə sevinirdi. O da gözlərindən gəldi.
Bu antologiyada mənim 2 şeirim çıxıb. Onlardan ikincini şair Elçin Aslangil tərcümə etmişdi. Təsəvvür edin, o vaxt həmin tərcüməni paylaşmışdım, hamı yazmışdı ki, şeirin tərcüməsi orijinalından daha təsirlidir. Elçin Aslangil Türkiyədə yaşayır, bu dili mənimsəyib. Ona müəyyən qədər qonorar verib, şeirlərin heç olmasa yarısını keyfiyyətli şəkildə tərcümə etdirmək olardı, amma “Quql transleyt” sağ olsun!
Təsəvvür edin, Azərbaycan gənci illər sonra ilk dəfə Türkiyəyə təqdim olunur, onda da bu şəkildə. Əlimi 6-cı sinif Ədəbiyyat kitabına basıb and içə bilərəm ki, bizim çağdaş poeziya türk poeziyasından qat-qat yüksəkdədir. Ancaq sanki bu tərcümə ilə poeziyamızı qardaş ölkədə gözdən salmaq istəyiblər.
Hər halda xarici ölkələrdə antologiyamızın nəşr olunması təqdirəlayiq haldır, bunu davam etdirmək lazımdır. Ancaq gələn dəfə bu qədər müəllifi antologiyaya doldurub aləmi qatmağa lüzum yoxdur. 100 müəllif nədir? Azərbaycanda sıxsan, 15-20 normal mətn yaza bilən gənc var. Elə onların mətnlərini keyfiyyətli şəkildə çıxarıb, dünyaya təqdim etmək lazımdır. Ümid edək ki, növbəti dəfə belə bir fəlakət yaşanmayacaq.

Qismət: Bu gün türkcə antologiya təqdim olunub. İçində mənim də şeirlərim var, öz mətnlərimi gördüm dəhşətə gəldim, bu tərcümə deyil, adamları təhqir etmək, onlarla məzələnməkdir. Tərcümələrdə hərf səhvləri doludur, bəzi misralarda sözlər yoxa çıxıb, bəzi hissələr elə gündədir ki, “google translate” bundan yaxşıdır. Zorla deyil ki, yolaverdi, başdansovdu işlər qanımıza işləyib. Yekə bir təəssüf…

Ömər Xəyyam: Belə bir antalogiya çıxardıblar, bu özü-özlüyündə yaxşı əməldir, mübarək işdir. Hərçənd mənim elə bir iddiam yoxdur ki, – hekayə ilən olsun, balaca bir roman ilən olsun, – ölkənin sərhədini aşım, gedib uzaqlarda, ya da elə qulağımızın dibindəcə – Türkiyədə dərc olunum, tirajlanım, amma bu sevda ilən alışıb-yanan, özünü oda-suya vuran qələmçi qızlar, kağız-kağız nazilən oğlanlar var. Ki, onlar haman antalogiyada özlərini görcək, əlləri əsdi, ağızları sulandı və bu antalogiyanı matah bir şey kimi tərifləməyə, səhifə-səhifə paylaşmağa başladılar. Sevindilər, şənləndilər. Əla! Dünən ki bu toplunun təqdimatı oldu, mən özüm də getdim, doğma simalar gördüm, bu doğma adamları, köhnə adamları görüncə də bir qəribə hala düşdüm, mən də sevindim, mən də şənləndim. Amma və lakin bir məchul adam qəfil elan verdi ki, bəs kitab qalmayıb, az idi, qurtardı. Ovqatım oldu təlx. O boyda yol gəl, bu boyda adamlar ilən üz-üzə dur, məcbur sifətinin orasını-burasını əy – indi də belə? Nəmənə şeydir 100 nəfərlik kitab? Mən elə ordaca barmağımı dişlədim. Öz-özümə pıçıldadım ki, Ömər, sən öl, bu ciddi işə oxşamır, nə qədər ki, tezdir, al ayaqlarını da əlinə, tüpür dabanına. Bu vaxt kimsə dedi ki, bu oğlan o məşhur “səni deyirlər”i yazan oğlandır, buna alqış, buna əhsən! Milli-demokratik hərəkatın himnini yazan rəngarəng köynəkli oğlan da çıxışının axırında bir-iki boğaz “səni dedi”.
Bir yekə “niyə” düyünlənib qaldı boğazımda – udqundum, keçmədi, tüpürdüm, düşmədi. Mən bütün bu olanları götürüb-qoyanda – görüm, qanına qəltan olsun onu – Elşən gəldi. Gəldi, əlində də haman bu antalogiyadan biri. Nə görsəm yaxşıdır? Nə oxusam sizin də xoşunuza gələr?
Ya da heç nə demirəm. Özünüz bilərsiniz. Qatar gəldi.

Rəşad Nağı Mustafa: “Azerbaycan Edebiyat Antolojisində” “İstanbul” şeirim türk dilində çap olunub. Şeirdə “qayıdacaqsan” sözü “kayıdacaksan” kimi tərcümə edilib. Tərcüməçidən Allaha sığınıram. Hələ də özümə “kayıda” bilmirəm. Kitab əldə edə bilmədim. İçində şeirim olan kitabı mənə nə verdilər, nə də satdılar, dedilər ki, yoxdu. Mən belə başa düşdüm ki, Türkiyədən gələn bu kitabları bizim gömrükdən buraxmayıblar. Mən öz şeirimi Sərdar Aminin əlindəki kitabdan oxudum. Sərdar da kimdənsə baxmaq üçün alıb. O kimsə də başqa kimsədən, o başqa kimsə də, ayrı kimsədən. O ayrı kimsənin də sən demə Gömrükdə day-dayı var ondan alıb.
Bunları deyirəm, eyni vaxtı fikirləşirəm ki, məni bu fikirlərimə görə qınayacaqlar. Deyəcəklər ki, adamın şeirini tərcümə eləmişik, antalogiyaya salmışıq, əvəzində bizi tənqid eləyir.
O məsəl var e, 5 dəfə imama ağlayanda, 1 dəfə də yezidə ağla, boş söhbətdi. Nə o vaxtki Yezidlər, nə də indiki Yezidlər ağlanılası deyil. Amma adamın üstə Allah var, tədbir çox maraqlı keçdi, tədbirdən təmir olunmuş ev iyi, artırılmış balkon iyi, alçipan iyi gəlirdi, 14 dəqiqə oturdum. Dünən maşına müştəri qismində Afaq Aslan minmişdi. Afaq Aslan bu günki tədbirdən maraqlı idi.
Ümumiyyətlə Afaq Aslan indiki ədəbiyyatdan maraqlıdı.

Günel Eyvazlı: Antologiya ilə bağlı öncə söyləyim ki, əziyyət çəkən hər kəsə öz minnətdarlığımı bildirirəm. Yazıları toplayanlara, redaktə edənlərə, dil uyğunlaşması aparanlara, bizi – 100 gənci bir kitab çətirinin altında toplayan İLESAM rəhbərliyinə minnətdarlığımı bildirirəm.
İstənilən işin gözəl tərəfləri olduğu kimi, qüsurları da olur. Bu, qaçılmazdır. Bir də görürsən öz kitabına görə korrektora bir ətək para verirsən, kitab əlinə çatır, yenə də səhvlərdən qaça bilməmisən.
Qüsurlar var. Məsələn, niyə görə soyadım Eyvazlı yox, Ayvazlı kimi qeyd edilib. Çox kobud səhvdir. Eyvaz ayrı, Ayvaz ayrı. Bioqrafiyanın önünə Ayvazlı yazıblar, bioqrafiyanın açılışında Eyvazlı gedib. Mətnlərin sırf türk dilinə çevrilməsini hiss etmədim. Sadəcə uyğunlaşdırma aparılıb. Dünən gözəyarı nəzər salmışam. Amma bir-bir oxuyacam.
Mənə digər məsələ həm də maraqlıdır. Kitab Türkiyədə çap edilib və Azərbaycana gətirilib. Çox gözəl. Kitabı lap 40 ədəd Amerikada da çap edib çamadana yığıb gətirmək mümkündür. Mehmet bəyin müsahibəsində oxudum ki, antologiya Azərbaycanda bütün kitabxanalara paylanılacaq. Bəs Türkiyədə? Türkiyədə paylaşım olacaqmı? Tanıtım olacaqmı? Söhbət çap makinasından, yerdən, yurddan getmir axı. Məsələnin məğzi tanıtımdır. Bizim yazılarımız Türkiyə ictimaiyyətinə çatdırılacaqmı?

Ayxan Ayvaz: Sevinirdik ki, Türkiyədə hekayəmiz çap olunub, artıq dünyaya çıxırıq. Amma eyvah! Hekayəmin ən yaxşı hissəsi bilmirəm hansı səbəbdənsə tərcümə olunmayıb, sonluğu da qatıb qarışdırıblar. Hələ mənimki yaxşıdı, o biri yazarların tərcüməsi lap bərbaddı. Bir də 100 gənc müəllifin antologiyaya salınmağı nə deməkdir? Qardaş, heç Azərbaycan ədəbiyyatını başdan-ayağa hesablasaq 100 ciddi imza yoxdur. Heç nə. Nöqtə, nöqtə və nöqtə…

Ramil Əhməd: Neçə gündü dostlar antalogiyada çap olunan mətnlərini həvəslə paylaşıb dünyaya çıxmaqdan danışırlar. Az əvvəl mənim də şeirimi göndərdilər. Üzr istəyirəm, Türk Dili və Ədəbiyyatı bölümündə Doktorantura təhsili alan biri kimi bu sözləri anlamadım: “hemişe, başa düşerlerdi, gizletirlerdi, nisgilde kaldı, kaça kaçta”… Sonra dostların mətnlərinə baxdım, yenə biabırçılıq! Yanlış anlaşılmasın, akademik meyarlardan dəm vurmuram – ki bu prizmadan gözucuyla baxmaq belə mümkün deyil –sadəcə “Qarabağda qaldının” tərcümədə necə “nisgildə qaldığı”nı, bu mətnlərin hansı “kaça kaçta” tərcümə olunduğunu “başa düşmeye” çalışıram. Və bilmirəm bu kitabda əməyi keçən o xeyirxah insanlara qəzəblənim, ya bunu uğur kimi paylaşan gənc dostlarıma!
Elave olaraq: 1897-ci ildə Ahmet Mithatın başlatdığı “Klasikler Tartışması”nda əsas məsələlərdən biri də klassiklərin necə tərcümə olunması, tərcümənin estetik meyarları, ölçüləridir… Bu gün də deyəsən, 16 oktyabr 2018-ci ildi.

Həsən Kür: Gənclərə göstərilən diqqət yaxşı idi, heç mənim xəbərim olmadan şeirlərimi götürüblər, sağ olsunlar, amma sözün əsl mənasında “yola veriblər”. “Google translate” etməkdənsə, deyərdilər, özümüz tərcümə edib onlara göndərərdik. Bu daha yaxşı və səliqəli olardı, nəinki belə. Ən maraqlısı isə şeirimdəki “Yiyəsini axtarar” sözünü “iyesini axtarar” kimi tərcümə ediblər. Sağ olsunlar.