Uşaqların icbari dispanserizasiyası ilə bağlı seminar keçirilib
05.03.2020 13:12Azərbaycanda uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsində rast gəlinən problemlər və perspektivlərin müzakirəsi, həlli yollarının araşdırılması məqsədilə bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) seminar təşkil keçirilib.
Об этом сообщает Руспрес
İSİM-dən “a24.az”a verilən məlumata görə, seminarda uşaqların icbari dispanserizasiyadan keçirilməsi işinin təşkili və aparılmasında bilavasitə iştirak edən həkim-pediatrlar, uşaq poliklinikaları və mərkəzi uşaq xəstəxanalarının baş həkimləri, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak edib.
Seminarı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov uşaqların icbari dispanserizasiyanın həyata keçirilməsində rəhbərlik etdiyi qurumun fəaliyyətdən söhbət açıb: “Keçən il İSİM-in mütəxəssisləri tərəfindən Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə “Uşaqların icbari dispanserizasiyası və uşaq xəstəliklərinin erkən aşkarlanması və profilaktikası” mövzusunda təlim kursu keçirilib. Həmçinin uşaqların icbari dispanserizasiyasının monitorinqi məqsədi ilə sorğu aparılıb. Hazırkı seminarda dispanserizasiya prosesinin təkmilləşdirilməsi məqsədilə hazırlanacaq tövsiyələr paketi Səhiyyə Nazirliyinə təqdim olunacaq.”
Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev dövlət tərəfindən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə həyata keçirilən davamlı tədbirlərdən bəhs etdi: “Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilirlər”.
Uşaqların icbari dispanserizasiyasının məqsəd və vəzifələri, Dövlət Proqramının mahiyyəti və əsas hədəfləri barədə İSİM-in Səhiyyə Siyasəti və İslahatlar Şöbəsinin müdiri Töhfə Cəmilova təqdimat edib. Məruzəçi icbari dispanserizasiyanın keçirilməsində məktəb və poliklinikaların rolundan və vəzifələrindən söhbət açdı. Eyni zamanda diqqəti uşaqların icbari dispanserizasiyasının keçirilməsində dövlət nəzarətinə, kəmiyyət və keyfiyyətin monitorinqi və qiymətləndirilməsinə yönəltdi.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin mütəxəssisi Nabil Seyidov Uşaqların icbari dispanserizasiyasının monitorinqi və qiymətləndirilməsi məqsədi ilə aparılmış tədqiqatın nəticələrini diqqətə çatdırdı: “Tədqiqat İSİM tərəfindən Bakının 11 rayonu üzrə 50 tam orta məktəbin 6-10-cu sinif şagirdləri, valideynlər və pediatrlar arasında aparılıb. Tədqiqat vasitəsilə uşaqların xüsusilə sağlamlıq vəziyyəti, fiziki aktivlik səviyyəsi, qida və nutriyentlərin qəbuluna dair vərdişləri, reproduktiv sağlamlıq məsələlərinə dair məlumatlılığı və biliyi qiymətləndirilib. Tədqiqat vasitəsilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” barədə əhalinin məlumatlılıq səviyyəsi, habelə dispanserizasiyanın aparılmasına mane olan amillər də öyrənilib.”
“İcbari dispanserizasiyanın təşkili və qaydaları”ndan İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova bəhs etdi. “Uşaqların sağlamlığının qorunmasında səhiyyə kommunikasiyalarının rolu” mövzusunda isə İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova məruzə etdi. Məruzələrdə dispanserizasiya çərçivəsində uşaqlar, onların valideynləri və həkimlərlə məsləhət işinin təşkili, səmərəli kommunikasiyanın aparılması prinsiplərinə nəzər salındı.
Seminarın praktik hissəsində işçi qruplara ayrılan iştirakçılar dispanserizasiyanın təşkili zamanı yaranan problem və çətinliklər, 2014-cü ildə dispanserizasiyanın keyfiyyət göstəricilərinin təhlili mövzularını müzakirə etdilər. Qrup işlərinin nəticələri əsasında 2015-ci il üçün icbari dispanserizasiya prosesinin təkmilləşdirilməsi məqsədilə tövsiyələr paketi hazırlandı.
Seminarda həmçinin iştirakçılara İSİM tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə hazırlanmış “Uşaqların icbari dispanserizasiyasına dair normativ-hüquqi aktlar” adlı metodiki vəsait və bukletlər paylanıldı.
Qeyd edək ki, 2013-2017-ci illəri əhatə edən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən dispanserizasiya tədbirləri çərçivəsində uşaqlara göstərilən tibbi xidmətlər üzrə klinik protokolların və müvafiq təlimatların hazırlanması, ilkin səhiyyə işçiləri üçün təlimlərin keçirilməsi, uşaqların icbari dispanserizasiyasının monitorinqi və qiymətləndirilmə mexanizminin hazırlanması Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.

