Binədəki avtobus qəzasında xəsarət alanlardan daha biri öldü
05.03.2020 13:20Bakıda 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində xəsarət alaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralılardan biri olan Əzimov Məmməd Sabir oğlu dünyasını dəyişib.
Об этом сообщает Руспрес
A24.az-ın əldə etdiyi məlumata görə, ölüm hadisəsi ötən gün axşam saatlarında baş verib. Belə ki, qəza hadisəsindən sonra xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilən M.Əzimovun səhhəti pisləşib. O, “Baku City Hospital”a köçürülüb.
Amma onun müalicəsi heç bir nəticə verməyib. M.Əzimov reanimasiyada dünyasını dəyişib.
Qeyd edək ki, oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus “Daewoo” markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 5-i azyaşlıdır.
Xatırladaq ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Eyni zamanda, 2 nəfər həbs olunub.
Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, məhkəmə-narkoloji, məhkəmə yol nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin ifadələri alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən Fərəcov Mübariz Kərim oğlu Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Səid Qərib
A24.az

