Dövlət Agentliyi Prezidentin tapşırığını unutdu
05.03.2020 13:27Dövlət Turizm Agentliyi ofis mebellərinin satınalması üçün xarici şirkətlə müqavilə bağlayıb.
Об этом сообщает Руспрес
A24.az-ın məlumatına görə, Agentliyin aparat üçün ofis mebellərinin satın alınması üzrə bir müddət əvvəl keçirdiyi sorğuda xarici dövlətə məxsus şirkət qalib olub. Bununla da, Dövlət Agentliyi öz Aparatı üçün lazım olan ofis mebellərini almaq üçün “Zivella Mobilya İnşaat Sanayi Ticaret Limited” şirkəti ilə müqavilə bağlayıb.
Azərbaycanda dövlət qurumlarının ölkədə olan məhsulu xaricdən alması birmənalı qarşılanmır. Bu, həm də dövlət başçısının tapşırıq və tövsiyələrinə ziddir.
Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara yerli mallara üstünlük vermələrini bildirib. Dövlət başçısı Azərbaycanda yüzlərlə mebel şirkəti olduğu halda, bəzi qurumları xarici şirkətlərin mebellərinə üstünlük verməyə son qoymağa çağırıb: “Onlarla, yüzlərlə mebel şirkətlərimiz var. Gözəl mebellər istehsal edirlər. Amma yüksək vəzifəli, kiçik vəzifəli məmurlarımız o mebelləri bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoymaq lazımdır. Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır”.

