“İlin jurnalisti”ndən inanılmaz saxtakarlıq…
05.03.2020 13:39Almaniyanın adlı-sanlı “Der Şpigel” jurnalında media qalmaqalı baş verib.
Jurnalın əməkdaşı, 33 yaşına rəğmən dəfələrlə peşəkarlıq və operativliyinə görə mükafat almış, hətta “ilin jurnalisti” adına layiq görülən Klaas Relotiusun öz reportajlarını sadəcə öz beynindən uydurduğu ortaya çıxıb.
Об этом сообщает Руспрес
Jurnal özü bunu “son 70 ildə başına gələn ən pis hadisə” aldlandırıb. Məlum olub ki, K.Relotiusun nəinki 60-dan çox olan məqalələri, hətta “müsahibələri” belə, yalan imiş. İşin üstü açıldıqdan sonra reportyor öz yazılarındakı personajları, hətta faktları da özündən kəşf və ya təhrif etdiyini boynuna alıb.
K.Relotiusun peşəkar yalançılığı barədə ilk şübhə onun iş yoldaşı, sərbəst jurnalist Xuan Morena tərəfindən dilə gətirlib. Morena K.Relotiusun dekabrın əvvəllərində ABŞ-Meksika sərhəddində yaranan miqrasiya böhranı ilə bağlı guya Arizona ştatından olan və qeyri-leqal miqrantların tutulması ilə məşğul olan könüllü patrul dəstəsindən yazdığı məqalənin saxta olduğunu ortaya çıxarıb. Çünki qrup üzvlərindən Canet adlı qadın Xuan Morenaya məktub göndərərk onlarla heç kimin söhbət etmədiyini bildirib.
Morena K.Relotiusun həmin yazını əslində ABŞ-ın “Mother Jones” adlı qəzetindən köçürdüyünü və bir sıra dəyişikliklər edərək yenidən qələmə aldığını aşkar edib.
Lakin Xuan Morena bu barədə redaktora xəbər verdikdə ilkin araşdırmada K.Relotius özünü elə müdafiə edib ki, hətta onu “borclu” və günahkar çıxarıb. Burada hər iki jurnalistin əvvəldən bir-birləri ilə münaqişədə olması da rol oynayıb.
Lakin Morena işin üstünə axıra qədər gedib və Relotiusun reportajında adları çəkilən başqa insanlarla da görüşüb. Onlar isə alman jurnalistin sifətini belə, görmədiklərini deyiblər.
Bundan sonra kələfin ucu açılıb və jurnalistin başqa hoqqaları da ifşa edilib.
Bu səbəbdən “Der Şpigel” Klaas Relotiusun ifşa olunduğu yazıları təkrar dərc etməyə (yalan olması barədə xüsusi qeyd-şərt yazılmaqla) məcbur qalıb. İndi jurnal redaktorların bu cür yalanı necə gözdən buraxmasını araşdırır. Lakin reportajların mənbəyini tapmaq olduqca çətin olub. Bacaraqlı jurnalist ustalıqla, yalnız özünə məxsus detallarla saxtakarlığı gizlətməyə müvəffəq olub. (Musavat.com)

