Odun içində övladının paltosunu qoruyan ananın ürəkdağlayan hekayəti
05.03.2020 13:52A24.Az İlham Əzizin “Zümrüdü palto” hekayəsini təqdim edir:
Об этом сообщает Футляр от виолончели
“Metroya qaça-qaça, uça-uça gedirdi.
O günü elə gözləyirdi ki… Deyərdin, bu qız anası bu gün təzədən doğulacaq, təzədən gəncləşəcək, gözəlləşəcək…
Bu iyirmi – iyirmi beş dəqiqəlik məsafə dönüb olmuşdu min illik yol. O da səbirsizlənir, portmanatını tez-tez açıb bağlayır, ürəyi portmanatın içində – yeməyindən, geyimindən, yuxusundan kəsib qızının nişan paltarı üçün topladığı pulların arasında döyünürdü.
Birdəncə hamı yaxşı olmuşdu, hamı üçün dua edirdi.
Aliyə də işdən icazə almışdı, metroya tələsirdi. Sevincdən az qala, ayaqları yerə dəymirdi, fəqət metroya çatanda ürəyi düşdü.
Qırıq-qırıq sözlər, rabitəsiz cümlələr… Ağlayışlar, çığırtı…toz duman, vay-həşir. Ümid, göz yaşı, çarəsizlik…
Dedilər ki, Ulduz metrostansiyasında partlayış olub…
Nə içəri girmək olur, nə qayıtmaq. Bir yandan da quduz külək…
**
Bir palto vardı… Zümrüdü… Gah anası geyinirdi, dah da özü… Növbələşib, bir qışdan çıxmışdılar, bu qış da səbrli olsa idilər, Aliyəyə bir iş söz vermişdilər.
Tərs kimi, o paltonu da anası geyinmişdi bu gün. Bir yandan da quduz külək…
Aliyə onsuz da cansız, cılız bəstəboy idi. İndi bir az da büzüşmüşdü, bir yumağa dönmüşdü… Eləcə səssizcə hıçqırır, bir məchul boşluqda ölüb-ölüb dirilirdi…
**
Xəstəxana-xəstəxana gəzdi, anasını axtardı, axtardı, amma tapmadı.
Siyahılarda anasının adını görmədikcə sevinirdi, sevinib “bəlkə”lərin içərisinə düşürdü…
İkinci gecə… Aliyə ilk dəfə idi ki, anasız, böyüksüz, sirdaşsız qalmışdı.
**
1 saylı Xəstəxananın morqunu görsən, deyərsən, bu, yer üzündə qurulmuş cəhənnəmdir.
Morqun qapısındakı bir əlcə kağız Aliyənin gözünə kəfən oldu, dünya bu kağıza büründü, alışıb ürəyinə od saldı.
İndi onu əbədi ayrılıqla bu nimdaş, üzü üzlər görmüş qapı ayırırdı. Bu sirat körpüsünü keçməli, bu ölü damında anasıyla vidalaşmalı idi…
Tüstüdən boğulmuş, odda yanmış adamlar hamı bir-birinə oxşayır…
İlahi! Nə qədər ocaq sönmüş…
Təhminə küncdə: əlləri sinəsində çarpaz, başı sinəsinə əyili…
Bədəni qap-qara… Kömür…
Qucağında zümrüdü palto… Zümrüdü…”

