Rəsul Rzanın repressiyaya təkan verən ŞOK MƏQALƏSİ: “Əhməd Cavad, Hüseyn Cavid kimi saxta… düşmən…”
05.03.2020 14:00“Kommunist” qəzetinin 1937-ci il, 17 may tarixli sayında dərc edilən və Azərbaycan ədiblərini kommunist ideyalarına uyğun yazmamaqda ittiham edən məqaləsi barədə yazmışdıq. “Kommunist”in ardınca “Ədəbiyyat qəzeti”ndə dərc olunan bu məqalədə bir neçə şəxs xüsusilə ittiham olunmuş və onların bu ittihamlara cavab verməsi tələb edilmişdi. Bu məqalədən sonra başlanan repressiya prosesi və proses əsnasında yazıçıların ittihamlara cavab verməsi, cavablar zamanı öz səhvlərini etiraf etməsi diqqət çəkirdi. Bu etiraflarda xalq düşməni kimi hədəfə götürülən şəxslərin baltalanması önəmli sayılırdı.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, “Ədəbiyat qəzeti”nin 1937-ci ilin iyununda dərc edilən 25 nömrəli sayında bir neçə şair və yazıçının bəraət yazıları yer alıb. Onlar içində xüsusilə diqqət çəkən məqalələr Səməd Vurğun və Rəsul Rzanın bəraətləridir.
Təsadüfi deyil ki, bu yazılara qədər repressiya olunacaq şəxslər arasında ən çox danışılanları elə Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza idi. Rəsul Rza qəzetin sözügedən sayında “Düşmənlərə qarşı amansız olalım” məqaləsində Əhməd Cavad, Hüseyn Cavid, Talıblı, Musaxanlı, Sanılı, Yusif Vəziri düşmən, saxta adlandırır. Bu ədiblərin yazıçılar ittifaqına qəbul olunmasında ittifaqın rəhbərliyini qınayan Rəsul Rza məsul şəxslərin əbləhlik xəstəliyinə tutulduğunu deyir:
“Əhməd Cavad, Hüseyn Cavid, Talıblı, Musaxanlı, Sanılı, Yusif Vəzir və bir sıra bunlar kibi hər zaman saxta deklorasiyalarla ortaya çıxıb, əsl həqiqətdə isə bir düşmən kibi ədəbiyyatımızda ziyançılıq aparan ünsürlərin ədəbi təşkilatımıza soxula bilmələri Yazıçılar İttifaqı rəhbərliyi və onun işinə məsul olan partiyalı, komsomolçu və partiyasız yoldaşların əbləhlik xəstəliyi olan qayğısızlığa tutulduqlarından iləri gəlmirmi?
Rəsul Rza ittiham məqaləsində tələb olunan özünütənqid məsələsini nəzərə alaraq yazır:
“Şübhəsiz ki, Əli Nazimlə apardığımız uzun və kəskin mübarizəyə baxmayaraq onun bir sınfi düşmən olduğunu son zamanlara qədər açıb göstərə bilməmək və bəzən onun etiraflarının “səmimiyyətinə” belə inanmaq revolyusyon sayıqlığımızın lazımınca olmadığını göstərir. (R.Rza, Süleyman Rüstəm, İ.Mirzə, S.Vurğun, Əfəndiyev H., H.M.Soltan və A.Faruqun, Nazimlə birlikdə imza etdikləri məqalə dediklərimizə bir sübut ola bilər). Bu məqalə Azərbaycan “Kommunist” qəzetəsinin 26 noyabr, 1931-ci il, 274, 275 nömrəsində çap olunmuşdur”.
Rəsul Rza məqalənin digər abzaslarında H.Mehdini, X.İbrahimi, Nəzərlini kəskin tənqid edir.
Təsadüfi deyil ki, bu və digər məqalə və fikirlərindən sonra Rəsul Rza “yuxarı”nın diqqətini çəkir. Mədəniyyətimizin ən keşməkeşli dönəmində (1936-38) yazıçılar ittifaqına rəhbərlik edən Seyfulla Şamilov rəhbərliyin tələblərinə uyğun davranmağa çalışsa da, “xalq düşmənləri”nin “ifşa”sına çalışsa da, bu cəhdləri uğurla bitmir və S. Şamilov da tənqid və təhqir etdiyi şəxsiyyətlərlə bərabər sürgün edilir. Rəsul Rza isə S. Şamilovdan sonra yazıçılar ittifaqının 3-cü sədri olur.
Qeyd edək ki, bu məqalə Azərbaycan ədəbiyyatında ad qazanmış şəxslərin nüfuzuna xələl gətirməyə hesablanmış fərdi əhəmiyyətli mətn deyil, repressiya dönəminin mədəni-ictimai mənzərəsinin sərgisidir. Silsilə davam etdiriləcək.

